Dost, tost, yaxud qafiyə
qohumluğu...
Azər Mustafazadənin
75 illiyinə
Azər
müəllimi 1974-cü ildən tanıyıram, hesablayanda
qırx il eləyir – bir igidin
ömrüdü, sizə zarafat gəlməsin. Yəqin
ki, tanışlığımızın, sonralar dostluğa
çevrilən münasibətimizin tarixi mənə də mənəvi
haqq verir ki, onun barəsində ürək sözlərimi
dilimə gətirim. Ən vacibi də odur
ki, bu haqqın halallığını mənə Azər
Mustafazadənin özü verib. Buna görə əziz
dostuma qırx illik təşəkkürlərim...
Əzizim
Azər!
Romanlarımdan birində yazmışam ki, dünyada
doğulmayanların sayı doğulanların sayından
milyardlarla dəfə çoxdur və doğulmaq
üçün öz növbəsini gözləyənlərin
sayını-hesabını bilən yoxdu – Allahdan başqa. Sən isə
doğulanların siyahısında olmusan və doğulmusan.
Böyük Yaradan istəkli bəndələrini
dünyaya növbədənkənar gətirmək hüququna
da malikdir və onun bu hüququ bütün Varlıq tərəfindən
tanınır və qorunur.
Əzizim
Azər!
Düz
yetmiş beş il bundan qabaq, mart ayının iyirmi yeddisində
dünyaya gələndə tale qonşusu olduğumuz kimi,
qapıbir qonşu olsaydıq və mən səndən on-on
beş yaş böyük olsaydım deyərdim ki, “Sən bu
dünyaya xoş gəlmisən”.
Ancaq üzürlü səbəbdən
bunu eləyə bilməmişəm. Çünki
səkkiz yaş Səndən kiçiyəm. Ona görə
də müdrik dostum kimi səndən xahiş edirəm ki, cəmi-cümlətani
yetmiş beş il gecikmiş bu “xoşgəldin”imi
qəbul edəsən...
Belə
bir deyim və deyimdən doğan anlam da var ki, dost dostunu
üzünə qarşı tərifləməz. Bəri
başdan deyim ki, kökündən yanlışdır və
heç vaxt naxış ola bilməyəcək
bir zaddır. Əslində isə mən səni tərifləmirəm,
qırx il müddətində necə
görmüşəmsə eləcə təqdim etməyə
çalışıram, baxmayaraq ki, buna ehtiyac da yoxdur. Bir də ki, İnsanı İnsanın özündən
sərrast və dəqiq heç kəs təqdim eliyə bilməz.
Bu mənada mənə elə gəlir ki, ən
möhtəşəm Azər Mustafazadəşünas elə
Azər Mustafazadənin özüdür. Çünki mənim
əzizim Azər özu özünü təşkil eləyib
və özu özünü təşkil eliyənlərin
Özünütəqdimat ömür mərasimi son dərəcə
yüksək səviyyədə olur... Və Azər Mustafazadənin
timsalında bu gün də bu məntiqin, bu əxlaqın təntənəsini
görürük...
Əsl
insanın – adam balasının ətrafa
olan münasibəti elə Özünə olan münasibətidi.
Bu mənada Azər Mustafazadə Özünə
qarşı son dərəcə sədaqətli bir şəxsiyyətdir.
Məkan və məkanın mənəvi-əxlaqi, ziddiyyətli
keyfiyyətləri, Zaman və zamanın qəliz və qeyri-qəliz
xasiyyətnaməsi Ona öz varlığının prinsiplərini,
hikkə və ədasını diktə eləyəndə də
O, özünə, sədaqətinə, nəticədə
öz həqiqətinə heç vaxt xəyanət eləməyib.
Çünki bu həssas və müdrik vücud yaxşı
bilir ki, özünəxəyanət əvvəl-axır
özünüiflasa gətirib çıxardır – nəticədə
İnsan boyda bir varlıq çökür...
Yusif Səmədoğlunun
ədəbi nəslindən tutmuş son illərə qədər,
çox az sayda yazıçı, şair
tapılar ki, mənim doğulduğum Füzuli (Qarabulaq)
rayonundakı evimizdə qonaq olmasın. Onların
adlarını sadalamağın yeri yoxdu, çooox uzun bir
siyahı alınar. Onların içində
təpədən-dırnağa söz adamı olan Azər
Mustafazadə də var – o da ata yurdumun köynəyindən
keçib, o yurdun mərhəm övladlarından birinə
çevrilib. Sözümün canı var.
Azər Mustafazadə sayılıb-seçilən –
böyük vəzifələrdə işləyib. Və onu tanıyanların hamısı bilir ki, onun
tutduğu yüksək dövlət postlarının
hamısı ədəbiyyat, mədəniyyət və
sözlə bağlı olub. Bu mənada biz həm də
qohumuq, çünki ikimiz də sözün belindən gəlmişik
– Sözün beli isə heç vaxt boşalmır...
Azər Mustafazadə ömrünün əlli ilini Azərbaycan
sözünə – ədəbiyyatına həsr eləyib. Belə götürəndə
yerdə na qalır ki? Yetmiş beşdən
əllini çıxanda qalır iyirmi beş.
Əlli il Azərbaycan ədəbiyyatının halal
xoşu olsun!
İyirmi
beş il Azər Mustafazadənin halal
xoşu olsun!
Elə
yetmiş beş il də Azər Mustafazadənin
halal xoşu olsun!
Azər Mustafazadənin Azərbaycan ədəbiyyatından
rus dilinə elədiyi tərcümələrin misli yoxdu. Bu
yaxınlarda Moskvanın “Sovetskiy pisatel” nəşriyyatında
40 il qabaq çap olunmuş “Yamacda nişanə” (“Sled na
xolme”) kitabını rus dilində onun tərcüməsində
oxudum. Mənə elə gəldi ki, bu kitab
elə əvvəldən rusca yazılıb, sonra Azərbaycan
dilinə tərcümə olunub – sözə münasibətin
səviyyəsi də bu yerdə idi.
Mənim aləmimdə İnsan sözünün bir mənası
da ummaq, umacaq deməkdir. Yer üzündə yaşayanların
hamısı kimi Azər Mustafazadənin də dünyadan umacağı
çox böyükdür. Bu
umacağın adı Ünsiyyətdir; insanlarla
qaynayıb-qarışmaq, bütün hallarda Özünü
onların yerinə qoymağı bacarmaq şansından bəhrələnmək.
Və bu yerdə, yerinə düşər desəm ki, mənim
onunla yaxın olduğum qırx il müddətində
bir dəfə də görmədim ki, o, Azərbaycan
xalqının ona elədiyi tövsiyyəyə əməl
etsin: uman yerdən küsərlər. O, heç vaxt uman yerdən
küsməyib, inciyib və elə olub ki, bu incikliyi onun
özündən başqa heç kəs bilməyib...
Bir az qəliz
da olsa, deyəcəm.
Əgər Zamanı əraziyə çevirmək
mümkündürsə, Azər Mustafazadə mənim tərcümeyi
–halımın böyük bir ərazisini öz səmimiyyəti,
istiqanlılığı və ərki ilə “işğal”
etmiş mərhəm fatehlərdəndir. İndiki dillə
desək, bu ərazinin bütün sənədləri
qaydasındadır, “kupçisi” də var...
Azər
Mustafazadə Moskvada, Azərbaycan ədəbiyyatı üzrə
məsləhətçi işlədiyi illərdə
böyük hörmət və nüfuz sahibi olub. O vaxt
SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda təhsil alan istedadlı gənclərimizin
özlərini bu qərib və soyuq şəhərdə rahat
hiss eləmələri üçün əlindən gələni
də, bəzi hallarda isə özünü dağa-daşa
çırpıb əlindən gəlməyəni də eləyib.
O, həm də uzun illər bu institutda dərs deyib və ən
yüksək dövlət postlarında işləyəndə
də, həmişə, mütəmadi olaraq əsl sənəti
– tərcümə ilə məşğul olub. Onların bir çoxu bu gün də ədəbiyyatımızda
külüng vurur və dağ boyda kişilərdəndir.
Əgər, belə deyək də, Azər
Mustafazadənin vaxtında Moskvada təhsil alanların onun
xeyirxahlığı haqqında dediklərini toplayıb
çap eliyən olsa, böyük bir kitab meydana
çıxar. Bu da ədəbiyyatımıza,
böyük mənada isə insana xidmətdir.
Azər Mustafazadəni tanıdığım gündən
sözün bütün mənalarında həmişə onu
Diri görmüşəm – Diri adamdı. Təəssüf
ki, insanların yaşı illərlə
ölçülür və bəzən insanların
yaşı həm də xasiyyətin yaşı kimi göstərilir.
Bu da kökündən yanlışdır.
Çünki xasiyyətin yaşı olmur –
xasiyyət həmişə cavandır. Heç
eşitmisiniz deyələr ki, filankəsin xasiyyətinin iyirmi
beş və yaxud yetmiş beş
yaşı var? Eşidə bilməzsiniz... Bu mənada əzizim
Azər də özünü tam şəkildə
doğrultmuş və təsdiq etmişdir; doğrultmaqda və
təsdiq etməkdə də davam edir – davamlı olsun...
Azər Mustafazadənin tanışlarına,
dostlarına münasibəti həmişə sabitqədəm
olub. O mənada
ki, onun mərdliyi – kişiliyi heç vaxt mövsümi
xarakter daşımayıb. Sənin
düşdüyün vəziyyətdən, həyati
durumundan, qəfil gələn xoşbəxtlikdən və bədbəxtlikdən
asılı olmayaraq heç vaxt dəyişməyib.
Günümüzdə – insan münasibətləri şəbəkəsinin
kökündə, mayasında təmənnanın ac qurd kimi
ulayıb tüğyan elədiyi, nəfsin mərd Murtuza
Əlinin qılıncından iti olduğu, baş girləməyin
həyat tərzinə çevrildiyi, doğmaların belə
sözünün bir-birinin boğazından çətin
keçdiyi və yaxud heç keçmədiyi bir vaxtda
insanlara Azər Mustafazadə yanaşması gərəklidir,
vacibdir, nümunədir. Çünki günümüzün ən
böyük ehtiyacı elə budur...
Azər Mustafazadə Dünyanın ən rahat
adamlarından biridir. Onun dünyaya baxışı çox
gen-boldur, səmimidir, təcrübəlidir,
ağıllıdır. Yəqin elə
buna görə də onunla ünsiyyət insana bir gen-bolluq,
ağayanalıq və rahatlıq gətirir.
Dostluq haqqında mənim də öz
anlamım var və mən buna çox möhkəm
inanıram. Dostlarım azdı, şəxsən
tanıdığım, çörək kəsdiyim
tanışlarım isə həddindən artıq
çoxdur. Bu dairəmdə, bu ətrafda ən müxtəlif
adamları görmək olar. Onlarla oturub-dururam,
qarşılıqlı olaraq xeyir-şər məclislərimizdə
birlikdə oluruq, bəzən karıxandamı, ya
darıxandamı bir-birimiz haqqında “o mənim dostumdur” da
deyirik. Deyirik də... Burda pis şey də yoxdu... Azər
Mustafazadə Moskvadan Bakıya köçəndən sonra
ikimizin arasında çöldən-çölə olan
münasibət ailəvi dostluğa çevrildi. Balalarımız
da bir-birini tanıdılar, bir-birimizin evinə get-gəl elədik. Bütün bunlardan sonra bu
qərara gəldim və ona da möhkəm inandım ki, iki nəfərin
çöldən-çölə dostluğu da gözəldir
və nə qədər gözəl olsa da... iki nəfərin
səmimi münasibətləri gələcəkdə ailəvi
dost olmaq üçün baş məşq kimi bir şeydir,
yəni mənim üçün ailəvi dostluga çevrilməyən
dostluq yarı yolda qalmış bir münasibətdir, tam və
mükəmməl deyil, yarımçıqdır. Əlbəttə,
bu mənim fikrimdir və əgər sizə mübahisəli
görünsə, dərinə getməyin...
Əzizim
Azər!
Sən yazda doğulmusan, martın iyirmi yeddisində. Elə məni
də yazda dünyaya gətiriblər. Martın
iyirmi üçündə. Ay hesabı ilə
götürəndə mən səndən dörd gün
böyüyəm, il hesabı götürəndə
sən məndən səkkiz yaş böyüksən. Dostluğun yaşı olmadığı kimi,
dostların da böyüyü, kiçiyi olmur – bütün
dostlar yaşıddır – ekizdilər.
Əzizim
Azər!
İnsan həyatında
xoş, yaddaqalan günlər çox olur. Ancaq
dünyada insan üçün iki müqəddəs gün
var: doğum və ölüm; bu iki müqəddəsin arasında
nə varsa ona da ömür deyirlər. İnşaallah, hələ
uzun illər sağlam davam eliyəcək ömrünü kişi kimi, mərdi-mərdanə
yaşamısan və yaşayacaqsan. Sənin kimi yaşamaq
insandan böyük enerji tələb eləyir və əgər
sənin sərf elədiyin bu enerjini elektrik enerjisinə
çevirə bilsəydik çox böyük bir mahalı
işıqlandırmaq olardı – buna elə inanıram ki...
Əzizim
Azər!
Və
sonda... Mən bu yazını yazanda elə
bilirdim ki, səninlə üzbəüz oturub, gözlərinin
içinə baxa-baxa bu sözləri sənə deyirəm – əsla
yazmıram. Xahiş edirəm mənim bu sözlərimi
həm də bir tost kimi qəbul elə...
Dost –
Tost!
Qafiyədir.
Azər
Mustafazadə – Seyran Səxavət!
Bunlar da
qafiyədir... İnanan inansın, inanmayan da nə qədər
gec deyil gedib özünə bir çarə qılsın...
Sağlam ömür arzusu ilə...
Seyran Səxavət
525-ci qəzet.- 2014.-
15 mart.- S.19.