Bakıda “Gənc şairələrin II
beynəlxalq Forumu” keçirilib
Martın
14-də “Böyük İpək
Yolu” Beynəlxalq Gənclər İttifaqının
təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondu və AzərbaycanYazıçılar
Birliyinin dəstəyi
ilə Muğam Mərkəzində “Gənc
şairələrin II beynəlxalq
Forumu” gerçəkləşib.
Forumda 24
ölkənin gənc
şairələri iştirak
edib. Həmçinin bir sıra ziyalılar, mədəniyyət
xadimləri də bu tədbirə qatılıblar.
“Böyük İpək Yolu” BGİ-nin sədri, millət vəkili Fuad Muradov bildirib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əlaqələri inkişaf etdirməkdir. Millət vəkili vurğulayıb ki, ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğı onlara böyük stimul verir: “Məhz buna görə də ölkəmizdə gənclər siyasəti hər gün bir az daha inkişaf edir. Biz düşünürük ki, bu cür forumlar, görüşlər keçirməklə bir çox problemi həll etmək olar”.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Forum haqqında fikirlərini bölüşüb: “Deyə bilərəm ki, bu Forum artıq ənənəvi hal alıb. Çünki “Böyük İpək Yolu” BGİ tərəfindən ötən il “Gənc şairlərin I beynəlxalq Forumu” təşkil edilib. Forum böyük maraq və rezonansa səbəb olmuşdu. Mən inanıram ki, builki Forum da o cür olacaq və gənc şairələr üçün lazımi şərait yaradılacaq ki, onlar bizim paytaxtımızla, adət-ənənələrimizlə yaxından tanış olsunlar”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də gənc şairələrə uğurlar arzulayıb və ölkəmizin onların yaddaşında silinməz iz buraxacağını bildirib: “Uşaqlıqda şeirlərin sonunda onun yazılma tarixi, yeri mənə maraqlı gəlirdi. Mən inanıram ki, Bakının ab-havası, Xəzərin sahilləri gənc şairələrdə xoş ovqat yaradacaq. Və nə vaxtsa onların şeirini oxuyanda aşağıda “Bakı, 2014” sözləri yazılacaq”.
Xalq artisti Fəxrəddin Manafov və Monakonun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həmid də Forum haqqında fikirlərini bölüşüblər.
Beynəlxalq Forumun ikinci hissəsində “Şərq-Qərb mədəni müxtəlifliyi qadınların perspektivində”, “XXI əsrdə ədəbiyyatda yeni meyllər” və “Ədəbiyyatda sülhə çağırış meylləri” mövzularında seminar keçiriləcək. Bu tədbirlərə Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-publisist Günel Anarqızı və Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva moderatorluq edəcəklər.
RAMİL
525-ci qəzet.- 2014.- 15 mart.- S.17.