Yazıçılar Birliyində Əli bəy
Hüseynzadənin 150 illiyi qeyd olunub
Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli ictimai xadim, maarifçi və yazıçı-publisist Əli
bəy Hüseynzadənin
150 illik yubileyi qeyd edilib.
Milli Məclisin mədəniyyət
komitəsinin sədri,
Milli Elmlər Akademiyasının müxbir
üzvü Nizami Cəfərov Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi
haqqında” 2014-cü il
21 yanvar tarixli Sərəncamını ümumilikdə
Azərbaycan ziyalılığına
verilən qiymətin daha bir nümunəsi
kimi dəyərləndirib.
Görkəmli ictimai xadimin “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar” sözlərini diqqətə çatdıran N.Cəfərov deyib ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışı bilavasitə maarifçi dünyagörüşü üzərində bərqərar olub. Natiq türk xalqlarına və islami dəyərlərə edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldan Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə misilsiz xidmətləri olduğunu söyləyib.
AYB-nin sədri, Xalq yazıçısı Anar bildirib ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan və eyni zamanda, türk xalqlarına yol göstərən və müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. O, publisistikada böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək və ona yol göstərməkdə misilsiz tarixi sima olub.
Filologiya üzrə elmlər doktoru Nizaməddin Şəmsizadə, “Əli bəy Hüseynzadə” ensiklopedik kitabının müəllifi Azər Turan, AYB-nin katibi Arif Əmrahoğlu və başqaları Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, görkəmli mütəfəkkirin düşüncələri özünün sağlığında olduğu kimi, bu gün də aktualdır. Ə.Hüseynzadə ömrü boyu türk xalqlarının tərəqqisi naminə ümumtürk mənəvi dəyərlərini təbliğ edib, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının və onun rənglərinin formalaşmasında böyük rol oynayıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 15 mart.- S.17.