Dünyanı rənglərlə boyayan adam

 

 

Sənət adamları çox danışmağı sevmir, danışan onun əsərləridir. Onunla görüşən hər kəsdə belə bir təəssürat yaranır. İlk dəfə tanış olan zaman məndə yaranan duyğular kimi. Dedim ola bilər bəlkə ilk görüşün susqunluğudur. İllər ötdü görüşlərimiz çoxaldı, artdı, amma  yenə hər görüşdən-görüşə onun əsərləri danışdı, özü isə susdu. Soruşanda deyir :” ... rəssam məgər danışmalıdır, onun özü yox, rəsmləri daha yaxşı həmsöhbətdir”. Deyəsən  adını çəkməyi unutdum. Bu yaradıcı insanlar arasında çox zaman fərqli yaradıcılıq üslubuna görə müzakirə edilən özünəməxsus düşüncə tərzi ilə seçilən sözün həqiqi mənasında SƏNƏTKAR – Əməkdar Rəssam Qəyyurdur .....

Qəyyur Yunus 1948-ci ildə Bakıda anadan olub. 1971 –ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini  bitirib, daha sonra Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Azərbaycanda müxtəlif xarici ölkələrdə 10-dan çox fərdi sərgi keçirib. Rəssamın işləri Almaniya , Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm şəxsi kolleksiyalarda saxlanılır.

...  Qəyyurun sərgisində çox olmuşam . Elə ki, onun sənət dünyasına qədəm qoydun, bu aləm səni çəkib aparır dərinliklərə... İstər-istəməz onun qəribə qərib dünyasının həm seyrçisinə, həm sakininə çevrilirsən. Rəssamın rənglər dünyasına aparan yollar heç vaxt tükənmir, bitmir. Qəyyur Əmircanda doğulub. Səttar Bəhlulzadənin rəngli dünyasından çıxıb. Onu Səttar ilə yalnız qohumluq əlaqəsi deyil,  həm daxili mənəvi tellər bağlayır. İllər ötdükcə Qəyyur gördüklərini, hiss etdiklərini tabloya köçürə-köçürə  öz daxili aləmini yaradır. Onun əsərləri ruhunun ifadəsidir , onu tanıyanlar əsərlərinə  uzaqdan baxan kimi həmin tablolarda Qəyyurun özünü görür. O, qədim  şərq fəlsəfəsinə ,  şərqqərb rəssamlıq məktəbinin sirlərinə yaxşı bələd olan insandır. Şərq fəlsəfəsi  onun bütün yaradıcılığının ana xəttini təşkil edir. Sənətşünaslar  haqlı olaraq deyirlər: “ fırça ustasının yaradıcılığında Avropa ilə Şərqi birləşdirən üslub, cəlbedicilik özünü göstərir. Miniatür janrının zəiflədiyi bir zamanda Qacar məktəbinin ənənələrini Qəyyur Yunus yeni bir dönəmdə, fərqli, özünəməxsus şəkildə bərpa etdi. Fikrimizcə Qəyyurun portretlərinə baxanda ön planda Şərq dayanır , Qərb isə sadəcə  tamaşaçıdır. “Tac Mahal”, “Səttar”, “Ağabəyim ağa”, “Cahan şah”, “Heyran xanımkimi əsərlərində şərq koloriti, millilik daha çox güclüdür.  

Qəyyur poeziya vurğunudur. Ölməz şərq şeirinin poetikası, lirik ovqatı onun yaradıcılığında  silinməz izlər buraxıb, tablolarına poeziya ruhu hopub.  Füzuli  ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan, Azərbaycan və fars dillərində əsasən, aşiqanə şeirlər , qəzəllər yazan  Heyran xanımın şeiriyyatının təsirindən  yarananHeyran xanım “ tablosu əslində klassik şərq poeziyasının portretidir. Rəssamın yaradıcılığında müxtəlif səpkili mövzular, lirik lövhələr,  peyzaj və təbiət hadisələri yer alsa da, ona daha çox çəkdiyi portretlər şöhrət gətirib. Qəyyur Yunusun  portretlərində  gözəl şərq qadının bitkin obrazı diqqəti daha çox cəlb edir. “Azərbaycan gözəlləri”, “Xəzər gözəli”, “Cəhrayı evin sakinləri”, “Heyran xanım” və digər tablolardakı daxili süjet xəttində rəssam yaddaşımızın alt qatlarında gizlənmiş kövrək duyğularla birbaşa təmas yarada bilir. İstər-istəməz tamaşaçı bu tablolar ilə danışır, həmsöhbət olur. Onun qadın portretləri, qadın surətləri  sənətkarın fırçasından çıxmış nurani gözəlliyi ilə diqqəti cəlb edən Şərq Gözəlidir. Sənətkarın  işıqlı obrazlarının arxasında  heç şübhəsiz ki, böyük Yaradana olan sonsuz inam dayanır. Rəssamın Yaradana olan bu inamı onun bütün yaradıcılığını davamlı şəkildə rənglərlə müşayiət edir, insana inam və məhəbbət bəxş edir. “Həqiqət yolu”, “Zikr”, “Qədr gecəsi”, “Çərşənbə axşamı” və başqa əsərləri  şərq insanın ruhaniilahi dünyagörüşünün ifadəsidir.

Qəyyurun maraqlı rəng fəlsəfəsi  var. O, rənglərlə özünəməxsus şəkildə işləyir. Əslində Qəyyurun istifadə etdiyi rəngləri xəyalında yaratdığı obrazların ruhundan, yaşam tərzindən, dünya görüşündən və sifətlərinin cizgilərindən alır. Ona görə də usta rəssamın hər bir obrazı özünəməxsus rəngi ilə diqqəti cəlb edir. Qara rəngin təzadlı çalarlarından məharətlə istifadə edən Qəyyur bu rəngin  şərq folklorunda  mifologiyasında yaratdığı emosiyaları əsərlərində canlandırır. Onun tablolarında rənglər diridir, canlıdır, ruhludur. Bu əsərlər Azərbaycan insanının yaşam fəlsəfəsini, Azərbaycan təbiətinin sirrini , sehrini Bakının Əmircan kəndindən alıb aparır Xəzərin sahillərindən çox-çox uzaqlara-dünyanın o başına....

..... Qəyyurun yenə də sərgisi təşkil olunmuşdu. Hamı danışırdı.  Qəyyur sadəcə işlərini göstərirdi. Neçə il bundan əvvəlki kimi idi, sakit təmkinli. Amma bir qədər saçlarına qar yağmış idi, əziz dostum Qəyyurun.

 

Vahid Əzizağaoğlu

 525-ci qəzet.- 2014.- 15 mart.- S.16.