“Bakıda olanda qonaqpərvərliyinizə,
yüksək mədəniyyətinizə heyrət eləmişdim”
QIRĞIZISTANIN
MƏDƏNİYYƏT, İNFORMASİYA VƏ TURİZM
NAZİRİNİN BİRİNCİ MÜAVİNİ
AKİMBEK TEKEŞOV: “ÜMİD EDİRƏM Kİ,
XALQLARIMIZ ARASINDA DOSTLUQ ƏBƏDİ DAVAM EDƏCƏK”
Bu il martın 4-də Azərbaycanın
Qırğızıstandakı Səfirliyi və bu ölkənin
Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet
Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar ilə görüş
keçirilib. Görüşdən sonra
Qırğızıstan Mədəniyyət, informasiya və
turizm nazirinin birinci müavini Akimbek Tekeşov qəzetimizin əməkdaşı
Pərvinin suallarını cavablandırıb.
Pərvin:
Hörmətli Akimbek Anarbekoviç, ötən il Azərbaycanda Qırğız ədəbiyyatının
böyük yazıçısı Çingiz Aytmatovun
yubileyi qeyd olundu. Bu gün Bişkekdə Azərbaycanın
Xalq yazıçısı Anarla görüş
keçirildi. Bu cür tədbirləri necə
dəyərləndirirsiniz?
Akimbek
Tekeşov: Biz iki qardaş
xalqı həmişə eyni dünyaduyumu, eyni ədəbiyyat,
incəsənət, mədəniyyət və baxışlar birləşdirib.
Sizlərin Çingiz Aytmatova necə hörmətlə,
sayğıyla yanaşdığınızı bilirik. Bizim üçün isə Anar kimi şəxsiyyətlə,
böyük yazıçı ilə oxucuları, mədəniyyət
xadimlərini görüşdürmək, ümumiyyətlə,
bu tədbiri keçirmək qürurlu idi.
Pərvin:
Bu gün tədbirdə də səsləndi ki,
görüşün rejissorluğu, ssenarisi ilə şəxsən
özünüz məşğul olmusunuz...
Akimbek
Tekeşov: Bəli, bu mənim vəfa borcum idi. Bilirsiz, mən
ötən il nümayəndə heyəti
ilə Bakıda olanda, Çingiz Törəquloviç
Aytmatovun yubileyində iştirak edəndə sizlərin qonaqpərvərliyinizə,
yüksək mədəniyyətinizə sadəcə, heyrət
eləmişdim. Hələ onda Anar müəllimlə
şəxsən söhbət edəndə ondakı dərin
zəkaya, incə yumora heyran oldum. Onun
Çingiz Törəquloviç haqda danışdığı
xatirələri də həmişə yaddaşımdadı.
Və məhz bu minnətdarlıq hissi Anar
müəllimlə görüşün təşkilatını,
rejissor işlərini başqasına həvalə etməyə
imkan vermədi. Özüm məşğul
oldum bununla.
Pərvin:
Bəs, nəticədən necə, razı
qaldınızmı?
Akimbek Tekeşov:
Əlbəttə, çox çalışmışdıq,
işləmişdik və nəticə də
arzuladığımız kimi oldu. Anar müəllimi
Çingiz Aytmatovu kiçik qardaşı hesab edirdi. Bizim Xalq yazıçımız Mar Bayciyevlə Anar
Moskvada ssenari kurslarında bərabər oxuyublar. Ona görə elə tədbirin də aparıcılığın
Mar Bayciyevə həvalə etdik. Demək
istəyirəm ki, biz bu tədbiri başqa bir xalqın
yazıçısının görüşü kimi təşkil
etməmişdik. Bizə doğma, yaxın
olan insanla görüşə
hazırlaşmışdıq. Əslində,
ölkələr arasında əlaqələr də məhz
belə möhkəmlənir, insanlar, ayrı-ayrı sənət
adamları arasında dostluq, mehribanlıq duyğuları ilə.
Bütün bunlar mədəniyyətlərimizi
də yaxınlaşdırır.
Pərvin:
Bu gün sizin sənətçilər Üzeyir Hacıbəylinin
romanslarını, “Arşın mal alan”dan
ariyaları ifa edəndə o mədəniyyətlər
arasındakı yaxınlıq daha çox duyulurdu.
Çünki yadlıq hissi qətiyyən yox idi...
Akimbek
Tekeşov: Çox doğru müşahidədir. Biz hələ məşqlərə
başlamamış mən artistlərimizlə söhbət
etdim, onlara vəziyyəti anlatdım. İzah
elədim ki, bu, elə-belə sıradan bir görüş
deyil, bizim qardaşlarımız qonaq gəlirlər və biz
hər şeyi duyaraq, anlayaraq, sevə-sevə nümayiş
etdirməliyik. “Arşın mal alan”
bizim opera teatrının repertuarında çoxdan var və həmişə
maraqla izlənir. Amma
hər halda Üzeyir Hacıbəyli musiqisinə çox məsuliyyətlə,
ciddi yanaşdıq və dediyiniz kimi uğurlu alındı.
Pərvin:
Çıxışınızda söylədiniz ki, hərbi
xidmətiniz Azərbaycanda olub. Ötən il
Bakıya səfəriniz oldu. Hansı hissləri
keçirdiniz? Yəqin hansısa nostalji hisslər də
oldu, nələrsə yadınıza düşdü...
Akimbek
Tekeşov: Elədir, o zaman Kirovabad adlanan şəhərdə
keçib hərbi xidmətim. Amma tez-tez
Bakıya da gedirdik. Ondan sonra uzun illər
idi Bakıya getmirdim. Bu dəfə səfərdə
sadəcə, heyrət elədim. Şəhər
tamamilə dəyişib, Avropa şəhərlərindən
geri qalmır. Bulvar, şəhərin mərkəzi
əsrarəngizdir. Baxdıqca doymursan.
Ancaq çox maraqlıdır ki, insanları
heç dəyişilməyib şəhərin. O gənclik
illərində üzlərində hansı səmimiyyəti,
qonaqpərvərliyi görürdümsə, indi də eyni
münasibəti gördüm. Hətta bir xatirəmi də
danışdım orada: Mənim xidmət etdiyim hərbi hissəyə
yaxın bir meyvə-tərəvəz mağazası vardı.
Satıcı da yaşlı bir kişi idi.
Bir dəfə nəsə alanda soruşdu, mən də
qırğız olduğumu dedim. Bundan sonra o adam
hər dəfə məni görəndə
çağırıb qonaq edir, hələ dostlarım
üçün də pay göndərirdi. Mən
də gənc idim, utandığımdan yolumu dəyişirəm
ki, satıcı məni görməsin. Bir
dəfə çağırdı və lap öz atam, babam
kimi danladı məni. Biz qardaşıq, bir də yolunu
dəyişmə, gəl meyvə apar burdan, dedi. Heç vaxt unutmuram o adamı. Bax
bu, bizi birləşdirən məqamdı.
Pərvin:
30-cu illərdə represiyya olunmuş azərbaycanlılara da
qırğızlar xeyli qayğı, köməklik göstəriblər.
Yəqin bu xarakter eyni kökdən gəlir...
Akimbek
Tekeşov: Bəli, o zaman millət çox kasıb
yaşayırdı. Amma burda olan bir çox azərilər
danışırlar ki, qırğızlar süfrə
açıb bizi qonaq çağırırdılar,
axırıncı tikələrini də
bölüşürdülər. Bu
faktlarla yalnız qürur duymalıyıq. Axı bizi faktiki olaraq heç nə ayırmır.
Məişətdən tutmuş mədəniyyətə,
ədəbiyyata, sənətə kimi hər şey bənzərdir.
Pərvin:
Amma hər halda bütün bu ortaq dəyərlərimizə
baxmayaraq, ədəbi, mədəni əlaqələrimizin
çoxşaxəli olduğunu deyə bilmərik... Sizcə, hansı işlərin görülməsinə
ehtiyac var?
Akimbek
Tekeşov: Bugünkü kimi görüşlər tez-tez
keçirilməlidir. Əvvəllər, Sovet
dövründə bizim çox sıx əlaqələrimiz, əməkdaşlığımız
olub. Amma sonralar nədənsə zəifləyib.
İndi Azərbaycanın
Qırğızıstandakı səfiri cənab Hidayət
Orucovun sayəsində bərpa olunur. Hazırda
Qırğızıstanın və Azərbaycanın Mədəniyyət
nazirlikləri arasında bir razılaşma var artıq. Aprel ayında görüşüb tədbirlər
planını müəyyənləşdirəcəyik.
Bişkekdə Azərbaycan Mədəniyyət
günləri, Bakıda isə Qırğızıstan Mədəniyyət
günləri keçirməyi nəzərdə tutmuşuq.
Adətən, belə günlər sadəcə
konsertlərlə məhdudlaşdırılır. Amma biz bu dəfə daha geniş formatda keçirməyi
nəzərdə tuturuq. Yəni kino, teatr,
ədəbiyyat, musiqi hamısının təqdimatı
olmalıdır.
Pərvin:
Qırğızıstanda gənclərə qayğı,
onlara dəstək hansı səviyyədədir? Gənclərin inkişaf etməsi,
istedadlarını realizə etməsi üçün
hansısa layihələr varmı?
Akimbek
Tekeşov: Mən Bakıda olarkən Azərbaycanda gənclərə
yaradılmış şəraitdən, təqaüdlərdən,
pul mükafatlarından danışdılar mənə. Doğrusu xeyli sevindim. Bizdə təəssüf
ki, maddi yardım, pul mükafatları çox azdır. Amma yaradıcılıq təşkilatları hər
biri öz sahəsində olan gənclərə köməklik
göstərirlər. Ən vacib şərt
onlara azadlıq verməkdir. Məsələn,
biz şərait yaradırıq, imkan veririk hansısa
istedadlı gənc “Manas” dastanını öz bildiyi,
anladığı kimi təqdim eləsin. İndi
qoy o milli musiqini cazla, replə sintez edib anlasın, zamanı
çatanda klassika olaraq, yəni dəyişmədən də
sevəcək. Əsas odur öyrənsin,
tənbəllik etməsin. Mənim pedaqoji
fəaliyyətim də var və tələbələrimlə
də əsas prinsipim budur.
Pərvin: Ümumiyyətlə, gənclərlə dialoq necə alınır? Sizin nəsillə çağdaş gənclərin həyat ritmi xeyli fərqlidir...
Akimbek Tekeşov: Pedaqoji fəaliyyətim məni də ritmlə yaşamağa, işləməyə sövq edir. Bəzən gəncləri heyrət içində müşahidə edirəm. Onların baxışları, hadisələrə yanaşmaları tamam fərqlidir. Birdən elə keçidlər, elə dönüşlər hiss edirsən ki, düşünürsən bunlardan geri qalmaq olmaz. Çünki belə olsa maraqsızlaşarsan, yaradıcılığın primitiv görünər. Amma eyni zamanda gəncləri də öz ritmimizə, dünyamıza çəkməyə ehtiyac var. Məsələn, mən bəzən övladlarımı valideynlərimgilə göndərirəm, bir neçə gün onlarla qalırlar. Onlar evə qayıdanda effekti dərhal hiss edirəm. Sanki, onlar bir az da böyüyür, təmkinli, müdrik olurlar.
Pərvin: Həm pedaqoji fəaliyyətiniz, həm nazir müavini kimi işləriniz zamanın çox hissəsini alır yəqin ki... Bəs, bədii yaradıcılığa, rejissor fəaliyyətinə necə zaman ayırırsız?
Akimbek Tekeşov: Çox çətin
sualdır. Bəzən heç vaxt ayıra bilmirəm. Məsələn,
rejissor kimi sonuncu quruluşum iki il öncə olub. İki ildi
zamanım olmur buna. Hərdən bu, məni çox kədərləndirir.
Amma yalnız onunla təsəlli tapıram ki, heç olmasa
ssenarilər yazıram. Biz bəzən nazirimiz Sultan
Akimoviçlə söhbət edirik, işlərimizi
müzakirə edirik və birdən bir-birimizə sual veririk
ki, bəs yaradıcılıqla nə zaman məşğul
olacağıq? Amma bilirsiz, istedad, narahatlıq elə bir hissdir ki, hər
an sənin içində? Elə bil hər an
kimsə sual verir, niyə susursan, niyə yazmırsan, niyə
danışmırsan deyə. Balaca bir vaxt tapan
kimi o yanğını, o ehtiyacı susdurmağa
çalışırsan. Bu yaxınlarda
Sultan Akimoviçin yeni romanı işıq üzü
gördü. Düzü çox təəccüblənmişdim,
sonra öyrəndim ki, gecələr yazırmış. Yəni, yaratmaq eşqi varsa, başqa işlərə
məhəl qoymayacaqsan.
Pərvin:
Maraqlı söhbətə görə təşəkkür
edirəm, Akimbek Anarbekoviç. Gələcək
işlərinizdə uğurlar diləyirəm.
Akimbek
Tekeşov: Mən də sizə təşəkkür edirəm.
Ümid edirəm ki, xalqlarımız arasında
dostluq əbədi davam edəcək və ədəbi, mədəni
əlaqələrimiz daha da möhkəmlənəcək.
525-ci qəzet.-
2014.- 15 mart.- S.14.