Yaşam boyu sürən dostluq (Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlu)
(davamı)
Türkiyə
Cümhuriyyətinin quruluşu ərəfəsində,
1923-cü il oktyabrın 13-də Ankara
paytaxt elan olunmuşdu. Cəmisi 70 min əhalisi
olan paytaxt əslində kiçik əyalət şəhərini
xatırladırdı. Lakin zamanla o,
yalnız siyasi və inzibati deyil, həm də beyin mərkəzi
olmalı idi. Bu da türk
intellektuallarının mühüm bir qisminin, xüsusən də
yeni dövlətin ideoloji əsaslarını
hazırlayanların Ankarada yaşayıb-işləmələrini
zərurətə çevirirdi. Onların arasında
Əli bəyi birincilər sırasında görən Əhməd
Ağaoğlu bu münasibətlə dostuna yazırdı: “Səni
buraya cəlb etmək fikrinə gəlincə şu fikir bundan
ibarətdir: Mütəfəkkir və alim arkadaşların
Ankarada birləşmələri arzu olunur. Bu məqsədlə
Ziya Göyalp bəy 75000 quruş maaşi-əsli ilə təlif
və tərcümə heyəti başına intixab edildi.
Martın sonuna doğru buraya gələcəkdir.
Bizim arzumuz səni də onun yanında görməkdir.
İnşallah, bu arzumuz ənqərib (ən
yaxın zamanlarda – V.Q.) hasil olur”.
Lakin
görünür yerdəyişmələrə, həm də
ekstremal şəraitdəki yerdəyişmələrə o qədər
də meylli olmayan, sakit və nizamlı həyatı daha üstün
tutan Əli bəy dostların entuziazmına çox da həvəslə
yanaşmamışdı. Bunu Əhməd Ağaoğlunun
növbəti məktubundakı aşağıdakı sətirlərdən
də sezmək mümkündür: “Fəqət əzizim! Həqiqətdə sən bizdən qaçırsan.
Ziya və mən səni burada görmək
iştiyaqı ilə möhtərisiz. Maarif
vəkaləti və digər zəvat nəzdində olan
müraciət yapıldı. İndi sənə
rəsmən yazmaq üçün səlahiyyəti-tamma
aldım. Maaşın əsli 6500-7500
quruş olmaq, yəni ayda cəmən 150 lirə olmaq üzərə
və eyni zamanda burada təəssüs edəcək fakültədə
bir kürsü işğal etmək üzərə bura gəlmək
istərmisin?”
Əli bəy bizə naməlum səbəblərdən
təklif olunan vəzifələri qəbul etmək və
Ankaraya köçmək istəməmişdi. Təbii ki, bu
İstanbuldakı həyatının tam bir düzən
içərisində olmasından irəli gəlmirdi. Çətinlik və ehtiyac orada da yetərincə
idi. Vəziyyəti belə
görən Əhməd Ağaoğlu bu dəfə dostuna
İstanbulda kömək yolları axtarmağa
başlamışdı: Ona ünvanlanan suallar da ilk növbədə
həmin məqsədə xidmət edirdi: “İstəmədiyin
halda sənin İstanbuldakı hini-məişətindən
mütəəssir olan arkadaşlarını bu izritabdan
qurtarmaq üçün nə kimi tədbirlərin
icrasını tövsiyə edirsən? Adnan bəyin
(məşhur türk yazıçısı Xalidə
Ədib Adıvarın əri, Türkiyənin
tanınmış siyasi və dövlət xadimi Adnan Adıvar
nəzərdə tutulur – V.Q.) təklifi nədən ibarətdir?
Əcəba, biz burada işin üsuluna
müavinət edəməzmiyiz? Bu xüsuslara aid səri
və səhih cavabına müntəzirəm”.
1926-cı ildə Atatürkə sui-qəsddə
iştirak ittihamı ilə İstiqlal Məhkəməsi
önünə çıxarılması hətta bəraət
alandan sonra da Əli bəyi inzivaya çəkilməyə məcbur
etmişdi.
Onun hansısa bir dövlət qurumunda, yaxud “beyin mərkəzində”
çalışması ideyası da beləcə gündəmdən
çıxmışdı.
Ötən əsrin 20-ci illərinin birinci yarısı
Türkiyənin ağır dövrü idi. Hər kəsin
həyatına öz möhürünü vuran
çeşidli çətinliklər iki dostun məktublarında
da tez-tez dərdli bir müzakirə mövzusuna çevrilirdi.
“İstanbulun halından və bəzi
tanıdıqlarımızın düşmüş
olduğu vəziyyətdən bəhs edirsiniz. Bu
çox ürək ağrıdan bir hadisədir...” – deyən
Əhməd Ağaoğlu Əli bəyi inadla dəvət
etdiyi Ankarada çətinliklərin birə beş
artıq olduğunu, fəlakət həddinə
çatdığını da gizlətmirdi: “Fəqət, əzizim,
viran və bərbad olmuş Anadolunu görsən, şəfqətinin
bir hissəsini də buraya xərcləyərsən. Məruz qaldığın
hücumun mən burada daha şiddətlisinin
qarşısındayam. Eyni zamanda da aciz bir
mövqedəyəm”.
Son sətirlərin bir qədər izahata ehtiyacı var.
Söhbət dostların məruz qaldığı hansı
hücumlardan gedir? Bəlli olduğu kimi, onların ikisi də
“İttihad və Tərəqqi” partiyasına
yaxınlıqları ilə seçilirdi. Bu partiyanın on illik hakimiyyəti isə Türkiyəni
bir dövlət kimi süqutun astanasına gətirib
çıxarmışdı. Artıq
ittihadçı liderlərin meydandan çəkildiyi bir
şəraitdə onların yanlış addımları,
yaramaz idarəçilikləri ilə bağlı bir sıra
ağır suallara Əhməd Ağaoğlu, Əli bəy
Hüseynzadə və digər ziyalılar cavab verməli
olurdular.
Əhməd bəyin övladlarının təhsil həyatında,
onların çağdaş türk gəncliyinin seçkin
nümayəndələri kimi yetişmələrində
Əli bəy Hüseynzadə ailəsinin mühüm rolu
olmuşdu. 1920-ci illərin başlanğıcında yeni paytaxt
Ankarada hələlik heç bir normal təhsil müəssisəsi
fəaliyyət göstərmədiyindən uşaqların
hamısını İstanbula göndərmək zərurəti
yaranmışdı. Səməd və
Əbdürrəhman yatılı (pansionat) sistemə malik Qalatarasaray
liseyində təhsil alırdılar. Artıq
İstanbul universiteti hüquq fakültəsinin ilk qız tələbəsi
olan Sürəyya və bacısı Təzəxanım (Teze)
isə Əli bəyin evində yaşayırdılar. Məktublarının
birində sonbeşik övladı istisna olmaqla
uşaqlarının hamısının qayğısını
Əli bəyin üzərinə yükləməsindən
söz açan Əhməd bəy xəfif bir yumor hissi ilə
yazırdı: “Oğlanlarımı göndərirəm. Qızlar da bir ay sonra gəlirlər və o zaman
şenlik bizdən sizə intiqal edir. Etiraf
et ki, bu təqsimdə sənə düşən hissə
dörd kərə ziyadədir”.
Qızlarının
təhsil həyatına başladığı vaxt isə
sonsuz təşəkkürlərini aşağıdakı
şəkildə bildirmişdi: “Sürəyya və Təzəxanımı
sənə övlad olmaq üzərə təvdi edirəm. Təhsillərini natamam buraxmamaq üçün
İstanbula göndərmək məcburiyyətində
qaldım və səndən başqa onları etimad edəcək
yer bulmadığım üçün sənə və
Əhdiyyə xanım əfəndiyə zəhmət vermək
istirarında qaldım. Onları qəbul
etmək kimi lütfdə bulunmağınız məni və
ailəmi şükranı ödənməyəcək qədər
minnətdar etdi”. Nəzərə alsaq ki,
Əli bəyin İstanbulda heç zaman öz evi
olmamışdı və Əhməd bəyin qızları
da onun kirayə tutduğu evdə yaşayırdılar, o zaman
dostunun övladlarına münasibətdə fədakarlığının
hüdudları daha aydın olar.
Təbii ki, Əhməd bəy uşaqlarının əsas
xərclərini qarşılayırdı. Lakin bununla belə işin ən
çətini – onların həqiqi türk vətəndaşı
və yeni cəmiyyətə yararlı insanlar kimi yetişmələrinə
nəzarət Əli bəyin üzərinə qoyulmuşdu:
“Artıq cocuqlar sənindir, – deyə Əhməd
Ağaoğlu özünün tərbiyə prinsiplərini
açıqlayaraq yazırdı: –Məni tanıyırsan. Mən insanda həsəb və nəsəbdən,
elm və irfandan ziyadə əxlaqa, mətanətə qiymət
verirəm. Mən türk
qızlarının sərbəst olmalarını, həyata
qarışmalarını və bütün fəaliyyəti-ictimaiyyədə
iştirak etmələrini arzu edirəm. Qızlarımın
da o yolda hazırlanmış olmalarını istəyirəm.
Fəqət hürriyyət və sərbəstliyi
şirrətlik, intizamsızlıq və xudsərlik şəklində
tələqqi edəməm. Onun
üçün də qızlarımdan da təvazö, iffət,
hicab və hörmət dairəsində sərbəstlik istərim.
İştə qardaşım, mənim əməlim
bu, artıq bilirsən. Hər cəhətdən
onların atası sənsən! Sənin əmr
və iradənə və kəza Ədhiyyə xanım ilə
böyük xanım əfəndiyə (Əli bəyin
qayınanası nəzərdə tutulur – V.Q.) tabeyyət və
itaətləri mütləq olacaqdır. Binaənəleyh,
Səidə, Feyzavər və Mehmet (Əli bəyin
övladları – V.Q.) haqqında necə hərəkət etsəniz,
onları da o surətdə tələqqi edəcəksiniz”.
Əli bəy və xanımı Ağaoğlu ailəsinin
övladlarını həqiqətən də öz
uşaqlarından fərqləndirməmişdilər. Onların
yalnız biliklərə deyil, həm də yüksək mədəniyyətə
və mənəviyyata yiyələnmələri
üçün əllərindən gələni etmişdilər.
Bütün bunları yaxşı bilən və yüksək
qiymətləndirən Əhməd Ağaoğlu dönə-dönə
üzərinə qayıtdığı bu məsələ ilə
bağlı başqa bir məktubunda yazırdı: “Cocuqlar
haqqında gərək sənin, gərək xanım əfəndilərin
ibzal buyurduğunuz asari-iltifat və nəzakət bizim cümləmizi
mütəşəkkir və minnətdar edir. Zavallılar
sizin haqqınızdakı təşəkkürlərini
söyləyə-söyləyə bitirəmirlər”.
Dövrün iki böyük fikir adamının səyləri
hədər getməmişdi. Türkiyənin ilk
qadın hüquqşünası, məşhur vəkil
Sürəyya Ağaoğlu (1903-1989) Beynəlxalq Qadın
Hüquqşünaslar Asossiasiyasının vitse-prezidenti
seçilmişdi. Tezer (Təzəxanım)
Taşqıran (1907-1979) təhsil təşkilatçısı,
filosof, psixoloq və yazıçı idi. 1940-50-ci illərdə üç dəfə TBMM
üzvü seçilmişdi. Strasburqda təhsil alan Səməd
Ağaoğlu (1909-1984) Türkiyənin demokratikləşdirilməsində
mühüm rolu olan
Demokrat Partiyasının qurucularından idi. 1950-60-cı illərdə Adnan Menderes hökumətində
baş nazirin müavini, sənaye naziri, iqtisadiyyat naziri vəzifələrini
tutmuşdu. O da atası və bacısı kimi
üç dəfə TBMM-ə seçilmişdi. Eyni zamanda XX əsr türk ədəbiyyatına
öz möhürünü vurmuşdur. Nəhayət,
Əbdürrəhman Ağaoğlu (1905-1954) Grenoblda ali mühəndislik təhsili almış,
Türkiyənn çağdaş elektrik şəbəkələrinin
qurulmasının pionerlərindən biri kimi
tanınmışdı.
lll
1923-cü ildə ikinci dönəm Türkiyə
Böyük Millət Məclisinə seçkilərdə
namizədlər siyahısına Əhməd Ağaoğlunun
da adı daxil edilmişdi. Rəhbərlik etdiyi Mətbuat və
İstihbarat Ümumi Müdirliyinin blankında “xüsusi” qrifi
ilə yazılmış 15 aprel tarixli məktubunda həyatında
gözlənilən mühüm dəyişikliklə
bağlı birincilər sırasında Əli bəyi məlumatlandırdığı
görünməkdədir:
“Bəzi tərəflərdən mənim İstanbul məbusluğuna
namizədliyim tövsiyə edilməkdədir. Paşa həzrətləri
də (Atatürk nəzərdə tutulur – V.Q.) bizzat bu fikri təsvib
buyururlar. Fəqət mən daha bir qərar
verəmədim”. Bu tərəddüd Məclisdə
təmsil olunmaqla deyil, namizədliyi haradan verməklə
bağlı idi. Əhməd bəy səbəb kimi
hazırda İstanbuldakı vəziyyətə kifayət qədər
bələd olmadığını, aradan keçən
dövr ərzində vəziyyətin və münasibətlərin
dəyişdiyini göstərirdi: “Zira İstanbulun indiki əhval-ruhiyyəsinə
vaqif olmadığım kimi əski İstanbuldan da məbus
çıxmayacağımı mühəqqəq olaraq
bildiyim üçün tərəddüd edir və əvvəlcədən
dostlarımın bu xüsusa dair fikirlərini almaq istərdim.
Nə deyirsiniz?”
Seçkiyə
qatılmağa qərar verdiyi təqdirdə Atatürkün
siyahısına daxil olacağını diqqətə
çatdıran Əhməd bəy İstanbulda müəyyən
əlaqələrə malik şəxs kimi dostundan məsələni
yerində araşdırmağı, habelə bəzi adamlarla
görüşərək onların rəyini öyrənməyi
xahiş edirdi: “Şans nə dərəcəyə
qədərdir? Namizədliyimi tövsiyə
etdiyiniz halda yardım, müavinət və müzahərət
edəcəyinizi vəd edirsinizmi?
Səmimi olaraq sorduğum suallara bütün şərait
nəzər diqqətə alınmaq şərti ilə səri
(tez – V.Q.), qəti və açıq cavablarınıza
intizar edərim. İxtiyari-zəhmət edib bizzat Kamal Bəyəfəndi
ilə (söhbət yuxarıda haqqında bəhs edilən
Qara Kamaldan gedir – V.Q.) görüşmənizi və onunla taəti-əfkar
(fikir mübadiləsi – V.Q.) edərək rəyini
almanızı bilxassə rica edərim. Kamal
bəyin namizədliyimi təsvib edib-etmədiyi və etdiyi
halda müavinətlərinə məzhər
olub-olmayacağım verəcəyim qərar üzərində
qəti bir amil olacaqdır”.
Görünür,
Əli bəy Hüseynzadənin və digər
xeyirxahlarının İstanbulla bağlı cavabı o qədər
də ümidverici olmadığından Əhməd
Ağaoğlu namizədliyini Azərbaycan türklərinin
kompakt halda yaşadıqları Qarsdan vermiş, həm II, həm
də III dönəm (1923-1931-ci illər) TBMM-də bu bölgəni təmsil
etmişdi.
Əhməd
Ağaoğlunun bir müddət Atatürkün yaxın
çevrəsinə daxil olması, hökumət və
parlamentdə təmsilçiliyi təbii ki, onu bir çox tanış və dostlarının, ilk növbədə
isə həmvətənlərinin güvənc yerinə
çevirirdi. Çətinliyə düşənlər,
hər hansı problemi həll etmək istəyənlər ilk
növbədə onu göz önünə gətirirdilər.
Azərbaycan Cümhuriyyətinin süqutundan
sonra belə müraciətlər xüsusi ilə
artmışdı. Coğrafiya, din, dil
baxımından yaxınlığı ilə seçilən
Türkiyəyə sığınan əksər aəzrbaycanlı
mühacirlər daha əvvəl bu ölkədə yerləşən
və müəyyən əlaqələrə malik olan
Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi
həmvətənlərinə üz tuturdular. Amma həmin dövrdə Türkiyədə
yaşanan dəhşətli vəziyyət çox vaxt ən
yaxın adamlara da yardım əli uzatmağa imkan vermirdi.
Məsələn, məlumdur ki, Əhməd
Ağaoğlu və Yusif Akçura bütün səylərinə
baxmayaraq şəhid baş nazir Nəsib bəy Yusifbəylinin
dul xanımı Şəfiqə Qasprinskayaya, habelə müəllimləri
saydıqları İsmayıl Qaspralının digər
övladlarına kömək edə bilməmişdilər.
Əhməd
Ağaoğlunun 14 iyul 1923-cü il tarixli məktubundan
bəlli olur ki, iş tapmaqla bağlı belə müraciətlərdən
birini də Əli bəy Hüseynzadədən
almışdı. O, müvəqqəti yanında yaşayan
yaxın qohumu (bəzi mənbələrə görə əmisi
oğlu), Azərbaycan Cümhuriyyəti daxili işlər
nazirinin müavini, məşhur şərqşünas və
general Sadıq bəy Ağabəyzadənin (1865-1944) çətin
durumda olduğunu bildirir, imkan daxilində ona işlə
bağlı kömək göstərməyi xahiş edirdi.
Təbii ki, Əhməd bəy S.Ağabəyzadəni həm
alim, həm hərbçi kimi yaxşı
tanıyırdı. Onun Cümhuriyyət ideallarına nə qədər
bağlı olduğuna, az müddət ərzində yeni
dövlətin əsas institutlarından birinin
yaradılmasındakı mühüm xidmətlərinə bələd idi. Lakin bununla belə
hətta belə parlaq şəxsiyyət üçün də
nə isə etməyin mümkünsüzlüyünü
dostunun diqqətinə çatdıraraq yazırdı:
“Əzizim Əli bəy! Hüseynqulu xanın oğlu
Sadıq Paşa və sair (söhbət dəmiryol mütəxəssisi
olan Xeyri bəy adlı
şəxsdən gedir – V.Q.) haqqında
yazdığın təfsilat məni həm mütəəssir,
həm də məhcub edir. Mütəəssir
oluram, çünki həmşəhərlilərim olan bu zəvatın
fəci vəziyyətlərinə laqeyd qalmaq mənim
üçün əlbəttə ki, mümkün deyildir.
Məhcub oluram, çünki bütün məsaimə
(çalışmağıma – V.Q.) rəğmən müsbət
bir nəticəyə vasil ola bilmirəm”.
Əslində,
hər şey Əli bəyin özünə də
yaxşı bəlli olduğu halda Əhməd Ağaoğlu
yenə də təfərrüata vararaq məmləkətin mənzərəsini
usta qələmlə bir daha göz önündə
canlandırırdı: “ Buradakı vəziyyəti
sənə qısaca tərif edim. Doqquz sənənin
yıxıcı, yaxıcı və hər şeyi pərişan
eləyən bir mücadiləsindən çıxmış
dövlət. Zatən cihazı və təşkilatı
ibtidai olan bu dövlət eyni zamanda da varidat və sərvəti-ümumiyyə
etibarı ilə də dünyanın ən fəqir bir
dövlətidir. İştə boylə bir dövlət
üzərinə və boylə bir zamanda bu tərəfdən
bütün dünyanın mali boykotları, digər tərəfdən
başdan-başa siyah bir torpaq yığını
halını almış bir məmləkətin yeni başdan
qurulması, üçüncü tərəfdən yarım
milyonluq bir mühacirət seylabının əndişəsi
və dördüncü tərəfdən yekunu yüz minlərə
varan mütəaid qeyri-fəal məmurunun şühəda
eytam və aramilinin (yetimlərinin və dul
qadınlarının – V.Q.) iaşəsi məsəleyi-müftəhisi.
İştə, əzizim, o fəqir, pərişan dövlətin
omuzlarına yüklənən müdhiş ağırlıq!..”
Və
bütün bunlardan sonra həmvətənləri
üçün qabağa düşməyin necə mənəvi
əzablar bahasına başa gəldiyini təsvir edirdi: “Səni
təmin edirəm ki, hər hansı bir vəkalətə hər
hansı azərbaycanlı haqqında müraciət etdiyim
zaman eşitdiyim söz budur: “Əhməd bəy, bu qədər
məmur, zabit açıqda ikən biz başqalarını
necə düşünək?” Bu söz
qarşısında cavab vermək üçün bir kəlmə
belə bula bilmirəm”.
Əhməd
Ağaoğlunun fikrincə, azərbaycanlılar Türkiyədə
“başqaları”
sırasına daxil edilməli deyildilər. Lakin belə düşüncənin mövcudluğu
fakt idi. “Onun üçün də bəzi
arzularınızı eynən icra etdirə bilmirəm. Məni
məzur görünüz” – deyə Əli bəy
qarşısında üzrxahlıq edirdi və eyni zamanda diqqəti
dostunun özünün üzləşdiyi soyuqluğa,
laqeydliyə yönəldirdi:
“Bu məmləkətə böyük xidmətlər
etmiş olduğu hər kəsə müsəlləm olan və
kəndisi də bu məmləkətin övladından
olduğu halda Əli bəy Hüseynzadəyə buradakı
fikir arkadaşları bütün məsailərinə rəğmən
indiyə qədər heç bir şey yapdırmağa
müvəffəq olmazlarsa o zaman düşün ki, artıq
nisbətən yabançı sayıla biləcək
başqaları haqqında nə qədər
müşkülat var!”
Əhməd
bəy hər şeyə rəğmən dara
düşmüş həmvətənlərinə
yardımdan kimi xeyirxah bir işdən yorulub usanmayacağını, təşəbbüslərindən
geri çəkilməyəcəyini bəyan edərək məktubunu
aşağıdakı sözlərlə bitirmişdi: “Pək
uzaq olmayan bir istiqbalda paşa üçün (Sadıq bəy
Ağabəyzadə– V.Q.) burada bir saheyi-fəaliyyət
bulacağına əmin ol. Zira artıq sülh əqd
edildikdən sonra burada böyük bir fəaliyyəti-iqtisadiyyə
başlayacaq və bir çox əcnəbi şirkətləri
Sadıq Paşa səviyyəsindəki zəvata ərzi-ehtiyac
eləyəcəklərdir. İştə
o zaman onu yerləşdirmək imkanı hasil olacaqdır”.
Digər
məktublarında da Sadıq bəyin işi üçün
çalışdığını vurğulayan Əhməd
Ağaoğlunun
binagüzarlıqları sonda müsbət nəticə
verməmişdi. General-şərqşünas Türkiyəyə
xidmət təklifinin cavabsız qaldığını
görüb 1925-ci ildə Parisə getmiş, iki il Sobonnada türk və ərəb dillərini
tədris etmişdi. 1927-ci ildə isə polyak şərqşünaslarının
dəvəti ilə Lvova köçərək yerli
universitetdə professor kürsüsü tutmuş, Lvov şərqşünaslıq
məktəbinin yaradıcısı kimi
tanınmışdı...
Bu kədərli mühit içərisində bəzən
sevinc çalarları da parlayırdı. Həm də
onlar özlərinin şəxsi uğurları, yaxud
övladları ilə bağlı deyildi. Hər
ikisinin həyatlarının ən gözəl illərini
verdiyi türkçülüklə, qurucusu olduqları
“Türk ocaqları” ilə, bütün basqılara rəğmən
onun ayaqda qalması ilə bağlı idi. 1922-ci ilə
aid məktublarının birində Əhməd Ağaoğlu
dostunu müjdələyərək xəbər verirdi:
“Mustafa Kamal Paşa Həzrətlərindən
İstanbul Türk Ocağı üçün üç
min lirə aldığımızı, əlbəttə ki, qəzetələrdən
oxudun. Müşarileyh qüvvətli bir
türkçüdür və indi felən bu cərəyanın
başına keçmişdir. Həmdullah (“Türk
ocaqları”nın başçısı,
tanınmış türk yazıçısı Həmdullah
Sübhi Tanrıövər – V.Q.) yaxında İstanbula,
Ocağın güşadı mərasimində iştirak niyyəti
ilə gedir. Mən də getmək arzusunda idim.
Fəqət indilik hökumət mənim buradan
ayrılmağıma bir türlü razı olmur”.
Əhməd Ağaoğlunun Əli bəyə
ünvanladığı məktublardan ikisi səmimiyyət
çalarlarının bolluğu ilə, ürək söhbəti
əhval-ruhiyyəsi ilə diqqəti daha çox çəkir. Onlardan 28 yanvar 1923-cü il tarixli məktub rəhbəri olduğu Mətbuat
və İstihbarat Ümumi Müdirliyinin blankında
yazılmışdır. Müəllif “Möhtərəm
qardaşım, əfəndim!” – deyə müraciət
etdiyi Əli bəyin 7 noyabr tarixli məktubunu
aldığını, “pək dadlı və uzun müqəddiməsini
böyük zövqlə oxuduğunu” xəbər verdikdən
sonra yenidən “Əzizim Əli
yoldaş”- deyə üz tutaraq
yazırdı:
“Sən qocalmırmışsan. Bunun sirrini bizə də
öyrədərsənmi? Əslinə
baxsan, bəyaz saçların elə bir əhəmiyyəti
yoxdur. Fəqət qəlb də bəyazlaşmağa
başlasa o zaman vay bizim halımıza! Nə
xoşbəxtsən ki, çox gözəl bir əlac bulmusan
– əndişə etməmək və gənclik
düşüncəsini hələm-hələm əldən
verməmək”.
Lakin
birinci əlacın – əndişə etməməyin,
heç nəyin fikrini çəkməməyin, hər
şeyə seyrçi və laqeyd yanaşmağın Əli
bəyin həssas təbiətinə yad olduğunu
yaxşı bildiyi üçün onun sözlərinə
inamsızlıqla yanaşır: “Amma zənn edirəm ki,
burada bir az sənətkarlıq göstərirsən. Əli Hüseynzadə əndişədən,
düşüncədən azadə mühitə laqeyd
yanaşa bilərmi?” – deyə
şübhələrini ortaya qoyurdu.
Digər tərəfdən, zamanla ayaqlaşmaq, yeni fikirləri,
düşüncələri paylaşa bilmək
üçün sağlamlığı, beyinin və qəlbin
gənclik təravətini hifz etməyi vacib
sayırdı: “Yeni məfkurələri
mənimsəməyə gəlincə, əzizim, bu məlun qəlb
yürüməyincə artıq o məfkurələr də
bir fayda vermir. Yataqdan əzik, qırıq,
öskürək, asqırıq, tısqırıq içində
qalxdığın zaman o məfkurələr də unudulur”.
Burada isə, fikrimcə, öz sözləri ilə desəm,
Əhməd Ağaoğlu “sənətkarlıq” göstərmişdi. Hər ikisinin ümumi dostu
Yusif Akçuranın aradan 7-8 il ötəndən
sonra Əli bəy Hüseynzadəyə məktublarındakı
aşağıdakı sətirlər Əhməd bəyin nəinki
həmin dövrdə, 1930-cu illərdə də gənclik
enerjisini, qeyri-adi iş qabiliyyətini qoruyub
saxladığını sübut etməkdədir: “Ahmet Bey
zinde ve çalışkan. Allah ona doğarken
bahş etmiş. Hiç durmadan çalışır,
konuşur, kavqa eder durur. Erkenden, daha
uyanmadan bilmerre onun emirlerini, adeta bir kumandan paşa kimi
şerefli emirlerini eşitirim” (23.Vİ.1931), yaxud: “Ahmet Bey hala burada. İşini takib ile
meşğuldur. Hemen yakaladim derken suda
balık gibi elinden kaçıyor. Haydi, bir kayret daha...
Fakat, Ahmet Beyin bu yaşda, bu enerjisine hayranım! Allah nazardan saxlasın!” (15.III.1932).
Ehtimal ki,
şikayətçi pozası almaqla Əhməd bəy bir qədər
vasvası, “səhərlər üzünü yuması bir
saat, geyinməsi iki saat çəkən” (S.Ağaoğlu) astagəl dostunun
heysiyyətini oxşamağa, yaşın gətirdiyi illərin
onları artıq bir-birlərinə
yaxınlaşdırdığını üzdə də
olsa, göstərməyə
çalışmışdı...
Nəhayət,
iki dostun dörddə bir əsrlik münasibətlərinə
xüsusi işıq salan 25 avqust 1923-cü il
tarixli məktub. Buradaca qeyd edim ki, Əli bəylə
Əhməd Ağaoğlunun qarşılıqlı
münasibətləri, əgər belə demək
mümkündürsə, fərdi xarakter
daşımırdı. Bu, bir çox məsələlərdə
oxşar mövqedə dayanan, oxşar dəyərləri
paylaşan iki ailənin dostluğu idi. Və
ona görə də, dövrün başlıca ünsiyyət
vasitəsi olan əksər məktublar ailə üzvlərinin
iştirakı ilə oxunur, bəzən hətta müzakirə
edilirdi. Məhz bu səbəbdən də Əhməd bəy
dostunun, təəssüf ki, mətni əlimizdə olmayan məktubundan
bəhs açaraq yazırdı: “Son məktubunu aldım və
bütün ailəcə böyük bir ləzzətlə
oxuduq. Hələ qızlar bir kaç kərə
oxuyaraq səni, o yüksək ruh və qəlbini təhəttür
etdilər və tam bir gecə səninlə yaşadıq”.
Hansı
hisslərin təsiri altında yazıldığı bilinməsə
də, bu məktub az qala bir sevgi
etirafıdır, səmimiyyətə və əməl
birliyinə, anlaşma və uyuma verilən böyük dəyərdir.
Eyni zamanda hər şeyin fövqündə
dayanan dostluq haqqında hərarətli himndir. Əhməd
Ağaoğlu yazırdı: “Əli bəy, bunca illər
keçdi, görürəm nə sən, nə də mən
dəyişdik. Təbiətlərimizdəki bir
çox təzadlara rəğmən bizi yek digərimizə yaxınlaşdıran
məhəbbətlər eynən baqidirlər. Sən o yüksək, heç bir zaman və həyatın
heç bir zərbəsi ilə bunalmayan hüzur və
sükunu mühafizə etdiyin kimi mən də içimdə
daşıdığım hərarəti eynən saxlamaqdayam.
Sən mənə gülərsən, mən sənə
qızaram, fəqət nəhayətdə ikimizin də eyni
mahiyyətdə insanlar olduğumuzu anlar və yenə birlikdə
gülərək, qızaraq yüyürürük”.
Birgə
yürüyüş Əhməd Ağaoğlunun həyatla
vidalaşdığı 1939-cu ilin may ayına qədər
eyni səmimiyyət və sədaqətlə davam etmişdi.
Bu birgəliyə şahidlik edən sənədlərin
– məktubların əksəriyyəti isə, təəssüf
ki, ədəbiyyat və mədəniyyət tariximiz
üçün həmişəlik itirilmişdir.
lll
Səməd
Ağaoğlu “Atamın dostları” kitabında atasının
öldüyü gün hamıdan çox sarsılan,
heç cür ovunmaq bilməyən Əli bəyin “göz
yaşları bəmbəyaz saqqalına axa-axa
anlatdığı” bir hekayəni xatırlamışdı:
“Əhməd bəylə birlikdə Batumda idik. İstanbulda anlaşma
(1918-ci il oktyabrın 31-də imzalanan
Mundros sazişi nəzərdə tutulur – V.Q.) elan edilmiş,
dövlət təslim olmuşdu. Bir gün eyni
otaqda, çarpayılarımızda uzanmışdıq.
Əhməd bəy məndən yanımda Hafiz
Şirazinin kitabının olub-olmadığını
soruşdu.
– Nəyinə
gərəkdir?
– Fala
baxmaq istəyirəm.
– Yoxdur. Ancaq Tarkvato Tassonun “Xilas edilmiş Qüds” kitabı
var. İkinci cilddir. Bir halda ki, fala baxmaq
istəyirsən, o da Hafiz Şirazi kimi böyük
insandır. Sən soruş, mən də
baxım.
Əhməd
bəy sualını verdi:
– Məmləkətin
gələcəyi necə olacaq?
Kitabın
hələ arası açılmamış səhifələrindən
birinə baxaraq gəlişi gözəl şeylər söyləməyə
başladım:
– Ey məndən
gələcəyin necə olacağını soruşan adam! Sən bilmirsənmi ki,
insanlar bunu kəşf etməyə qadir deyillər. Lakin keçmiş zamanların təcrübəsinə
əsaslanaraq deyə bilərəm ki, Şərqin ən
qaranlıq günlərində sarı saçlı bir qəhrəman
ortaya çıxacaq, milləti ətrafına toplayaraq
hürriyyətə, zəfərə aparacaq”.
Əhməd
bəy inanmadı:
–
Zarafatı burax!
– Nə
zarafat? Al özün bax.
Qısa müddətdən sonra qəribə bənzərliklə
həqiqətə çevrilən bu falı təsadüflərin
heyrətamiz misallarından biri saymaq olar”.
Əli bəyin münəccimliyi özünü
doğrultdu. Sarı saçlı qəhrəman – sonralar
Atatürk adını alacaq Mustafa Kamal Paşa məhvə
sürüklənən Türkiyəni xilas etdi, Osmanlı
imperiyasının xarabalıqları üzərində yeni,
sivil cümhuriyyət qurdu.
Doğrudur, o, Anadolu türklüyünə nicat yolu
göstərdi, amma bir ideya cərəyanı kimi
türkçülüyün beşiyi başında dayanan
iki azərbaycanlı müdriklə münasibətləri
heç də hər zaman səmimi, dürüst,
anlaşılan olmadı. Öz növbəsində
dostlardan biri – Əhməd Ağaoğlu da bütün zəhm
və nüfuzuna baxmayaraq Atatürklə fikir
qovğalarından çəkinmədi. Əli bəy isə
Cümhuriyyət dövründə də “pərdə
arxasındakı adam” olmağı daha
üstün tutdu.
Zaman-zaman ikisi də Atatürkün, daha çox isə
bu böyük insanın böyür-başına
toplananların əsassız iddia və iradlarına hədəf
oldular. Bütün həyatlarını türk birliyi
ideyasının gerçəkləşməsinə verdikləri
halda bəzən dünyaya Rusiya təbəələri kimi
göz açmalarına görə qınandılar,
Türkiyəyə sığınmaları, burada “boğaz
ortağı” kimi yaşamaları üzlərinə vuruldu.
Şiəlik ab-havası yaymaqda, hətta
Atatürkə qəsd etmək istəyənlərə rəğbətdə
təqsirləndirildilər.
1933-cü
il hər ikisinin həyatında daha
ağır dönəmin başlanğıcı oldu. Ölkədə
aparılan universitet islahatı ilə əlaqədar təhsil sistemindən
uzaqlaşdırıldılar: Əli bəy dəri xəstəlikləri
professoru, Əhməd Ağaoğlu isə konstitusiya professoru
(daha bir ziddiyyət!) vəzifəsini itirdi. “94 lirə aylıqla
təqaüdə göndərildim və fəal həyatın
qapıları üzümə bağlandı” – deyə sonuncu
müasirlərindən birinə göndərdiyi məktubda
acı-acı şikayətlənirdi. Doğrudur,
Əli bəyin təqaüdü nisbətən çox idi –
o, 134 lirə 50 quruş alırdı. Amma yenə də,
cəmiyyətlə, xüsusən də tələbə gəncliklə
əlaqələrini itirmək, guşənişin həyat
yaşamaq asan deyildi...
Yeganə təsəlli artıq fəal siyasət meydanından
uzaqlaşdırılan Əhməd bəyin 1933-cü ildə
köçüb İstanbula gəlməsi idi. İndi eyni
şəhərdə yaşadıqlarından ünsiyyət
saxlamağa, xatirələrlə baş-başa qalmağa daha
çox imkanları vardı. Əhməd
Ağaoğlunun evində təşkil edilən və siyasi
baxışlarına fərq qoymadan İstanbulun əksər
tanınmış ziyalılarını bir araya gətirən
“bazar ertəsi” toplantılarının hər zaman sevgi ilə
qarşılanan, maraqla dinlənən
iştirakçılarından biri də Əli bəy
Hüseynzadə idi... “Üzərinə
heç bir kölgə düşməyən dostluqları”
(Səməd Ağaoğlu) yaşın və təcrübənin
gətirdiyi müdrikliklə zənginləşmişdi.
Həyatlarının son dövrünün
başlıca sevinc qaynaqlarından biri Türkiyənin
artıq iztirab və sarsıntıları arxada qoyaraq
dirçəlməsi, dünya siyasətində öz
nüfuzunu və yerini tədricən bərpa etməsi idi. Bütün
bunlar isə iradəli, uzaqgörən lider kimi
Atatürkün qətiyyəti sayəsində mümkün
olmuşdu. Ona görə də şəxsi
yönlü inciklikləri, qovğaları bir kənara
buraxaraq Atatürkə böyük sayğı ilə
yanaşırdılar. Yaşca özlərindən
kiçik olsa da, onu böyük dostları sayırdılar....
P.S. Bu
yazını redaksiyaya göndərmək ərəfəsində
“525-ci qəzet”də çoxdan Türkiyədə yaşayan,
həm MEA Nizami adına Ədəbiyyat İnstitutu, həm də
XİN xətti ilə həmkarım
Mayis Əlizadənin Əli bəy Hüseynzadənin həyatdakı
son övladı – qızı Feyzavər xanımla maraqlı
müsahibəsi diqqətimi çəkdi. Söhbətin
mühüm hissəsi istər valideynlər, istərsə də
övladlar səviyyəsində yüz ilə yaxın
müddət ərzində şərəflə davam etdirilən
Hüseynzadə və Ağaoğlu ailələrinin
dostluğuna həsr edilmişdi. Son dərəcə
maraqlı və isti örnəklərlə zəngin olan
müsahibədə bir məqam məndən ötrü
xüsusilə əlamətdar oldu. Atatürkün
ölümündən bəhs edən Feyzavər xanım
deyir: “Hamı təlaş içində idi. Karaköydən
gəmiyə minib evimizə getdim. Atam məni
qarşıladı. Atatürkün vəfat etdiyini dedim.
“Təəssüf! “ – dedi. Bir
də gördüm atam Ağaoğlu Əhməd bəyin
fotosunun qabağında durub “Bizim heç kimimiz qalmadı” –
deyə ağlayır”.
Budapeşt, fevral 2014
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 15 mart.- S.10-11.