Tarix təkrarlanır
Krım və Dağlıq Qarabağ:
müqayisə, proqnozlar və perspektivlər
Bu iki regionu bir-birilə müqayisə etmək əslində
nə dərəcədə düzgündür? Axı Dağlıq
Qarabağ Kremlin sükutlu razılığı ilə silah
gücünə işğal olunduğu halda Krım
könüllü şəkildə bir “qardaş” ittifaq
respublikasının tərkibindən çıxaraq referendum
yolu ilə digərinin tərkibinə daxil olub. Bunu
bütün dünya ictimaiyyəti bilir və burada BMT-nin qəbul
etdiyi qanuna zidd heç nə yoxdur. İstənilən halda dünyanın,
eləcə də sözügedən regionların mövcud vəziyyətinin
düzgün qiymətləndirilməsi nöqteyi-nəzərindən
bu iki halı bir ölçü ilə yoxlamaq və ya bir tərəzinin
gözünə qoymaq hüquqi cəhətdən
düzgün olmasa da, Krım və Dağlıq
Qarabağın müqayisəsi ilə bağlı bir
çox maraqlı məqamlar var.
İki həftə əvvəl Rusiya kütləvi
informasiya vasitələrində Rusiya prezidenti Vladimir Putinin
Ukraynada baş verənlərlə bağlı fikirlərini
açıq-aşkar sərt tənqid etdiyi üçün
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MDBMİ) müəlliminin işdən
qovulması barədə məlumat dərc edildi. Rusiyanın
yürütdüyü siyasəti tənqid atəşinə
tutduğu halda həmin pedaqoq nədənsə Ukrayna
xalqının faciəsi ilə bağlı ABŞ və
Avropanın mövqeyini ittiham etmək üçün deməyə
söz tapmayıb. Rusiyanın bəzi
kütləvi informasiya vasitələri tənqidçinin
institutdan siyasi baxışlarına görə uzaqlaşdırıldığını
bildirir və buna görə də hökuməti
demokratiyanın təməl prinsiplərini pozmaqda
günahlandırır. Amma həmin
kütləvi informasiya vasitələrinin Qərb siyasətçilərinin
Ukraynada həyata keçirtdikləri “demokratik işlər”
deyərkən nəyi nəzərdə tutduqları və bu
anlayışı necə dərk etdikləri barədə
heç nə açıqlanmır. Ortada danılmaz bir
həqiqət var: bu gün Ukraynada baş verən hadisələr
də demokratiyanın hər hansısa bir elementindən əsər-əlamət
olmadığını sübut edir. Dost ölkədə
hazırda müşahidə olunanlara demokratiyadan çox
dövlətin ümumi maraqlarına xəyanət adı vermək
olar. Bu isə tarixin dövranı, o cümlədən tarixin fəlsəfəsi
ilə bağlıdır. Onların hərəkətləri
Ukraynanın parçalanmasına və daha da müflisləşməsinə
yol açır. Unutmayaq ki, Ukrayna
dünyada on ən yoxsul ölkələr
sırasındadır.
Tarixin durmadan dövr etməsi, təkrarlanması
ideyası hələ bizim eradan əvvəl II əsrdə qədim
yunan tarixçisi Polibiy tərəfindən irəli
sürülmüşdür. O, dövlət quruluşu
formalarının dövri təkrarını əks etdirən
şəkillə öz fikirlərini belə əsaslandırmışdır:
ilk olaraq çar hakimiyyəti öz yerini diktaturaya əsaslanan
hökumətə verir, o isə xeyli zaman keçdikdən
sonra öz növbəsində zadəganlıqla əvəz
olunur. Sonra zadəganlıqdan təbii yolla
oliqarxiya yaranır. Xalqın tələbi
ilə dağılan bu quruluş sonradan demokratiya ilə əvəzlənir.
Tarixin sonrakı mərhələlərində
demokratiyanın yerində oxlokratiya yaranır ki, bu da öz
növbəsində təkhakimiyyətliliyin meydana
çıxmasını zəruri edir. Sonra
bütün bunlar mərhələli şəkilə yenidən
dövr edir. Necə deyərlər, sən
işində ol, dövran özü hər şeyi sahmana
salacaq.
Başqa sözlə desək, hər şeyin bir həddi
var. Biz istəsək də, istəməsək də, zaman
öz şərtlərini, tələblərini diktə edir. Rusiyalı
sobçaklar, navalnılar da Ukraynadakı tərəfdarları
kimi ultranasionalist mövqeyindən çıxış edirlər.
Ukraynada yaşananlara bənzər hadisələr
nə vaxtsa Rusiyada da baş versə, bütün bu ultralar bir
anın içində üzə çıxacaq və əsl
simalarını göstərəcəklər. Çox güman ki, o zaman ələ düşən
fürsətdən yararlanıb öz neofaşist mövqelərini
diktə edərək, qeyri-ruslara qarşı hücuma
keçəcəklər. Nəticədə
Rusiya vətəndaş müharibəsinin girdabında
boğulacaq ki, bu da öz növbəsində postsovet dövlətlərinə
təsirsiz ötüşməyəcək. Bu, Qərb, xüsusilə də şəxsi
düşməni olan SSRİ-nin süqutu ilə hirsi soyumayan
ABŞ qırğılarının ən böyük
arzusudur. Sovet İttifaqının dağılması ilə
sakitləşməyən ABŞ indi də onun
qalıqları ilə tonqal qalayıb, keçmiş
SSRİ-nin 290 milyondan artıq (1990-ci ilin statistikasına
görə) əhalisinin faciə ocağının istisi ilə
əllərini qızdırmağa can atır. Məhz
buna görə yalnız müasir sərt tədbirlər sayəsində
hazırkı proseslərin gedişatını ləngitmək
və hadisələrin mənfi təzahürünü
minimuma endirmək mümkündür. Rusiya rəhbərliyi
də, güman edirəm ki, daha çox bununla məşğuldur:
fürsəti əldə vermək istəmir. Bu,
tamamilə bugünkü beynəlxalq əlaqələrin
xarakterinə, axarına uyğun gəlir.
“Vladimir
Putin ağ bayraq qaldırdı!” Bu isə
ölkəmizin bəzi rusdilli kütləvi informasiya vasitələrinin
2014-cü il martın 3-də Vladimir Putinin
televiziya ilə müraciətinin izahını belə tərzdə
ifadə etməklə əslində özlərindən
heç nə uydurmadıqlarını, Rusiya prezidentinin
sözlərinin və əməlinin mənasını əməlli-başlı
təhrif etdiklərini isbatlayan faktdır. Bu
cür məqamlar jurnalistə başucalığı gətirmir,
əksinə onun peşəkarlığını
şübhə altına salır. Çünki
Vladimir Putin həmin müraciəti ilə yazılanların
tamam əksini söyləmişdi. “Rusiya Ukrayna ilə
müharibə etmək niyyətində deyil və Ukraynada
baş verənləri çevriliş kimi qiymətləndirir”
və “Qərb Rusiyanı təcrid edə bilməyəcək,
bu, onun üçün heç sərfəli də deyil”, –
deyə V. Putin, zənnimcə, heç nəyi gizlətmədən
açıq-aşkar öz fikrini bildirdi.
Əslində, Rusiyanın dövlət
başçısının bu sözləri gözlənilməz
deyildi. Lap əvvəldən hər şey gün kimi
aydın idi. Rusiya Dumasının dəstəyi və
Federasiya Şurasının lazım gələrsə,
prezidentin Ukraynada silahlı qüvvələrdən istifadəsinə
icazə verən qərarın qəbulu Vladimir Putinin son bir
neçə il ərzində ən
güclü, sayıq və gözlənilməz addımı
oldu. O, bu hərəkəti ilə bütün Qərbi
şoka saldı. Eyni vaxtda güclü zərbəyə
məruz qalan ABŞ və Avropa çətin mənəvi vəziyyətə
düşdülər. Bu həmlədən
sonra onlar indiyə kimi özlərinə gələ bilmirlər.
Çünki riskə getmiş V. Putinin dediklərinin
normal məntiqi cavabı üçüncü dünya
müharibəsinə başlamaq olardı. Qərb və ABŞ isə bunu gözləmir və
buna hazır deyillər.
Bir çoxları Vladimir Putinin bu addımını
Dağlıq Qarabağın geri qaytarılması istiqamətində
mənfi hal kimi qiymətləndirirlər. Amma əslində Rusiya
dövlət başçısının həmin
addımından sonra hökumətimiz Qarabağı güc
hesabına qaytarmaq istəsə, bu qərar nə Qərbin və
Rusiyanın ermənipərəst ictimaiyyətinin ciddi
müqavimətinə səbəb olacaq, nə də ki, Azərbaycan
üçün təhlükəli nəticələrə gətirib
çıxaracaq. Qarabağ əzəli Azərbaycan
torpağı olduğu kimi, Krım da XVII əsrdən
Rusiyanın ərazisinə aiddir və nə qanuni, nə də
hüquqi baxımdan heç zaman Ukraynaya məxsus olmayıb.
Krımın Rusiyanın tərkibinə
qaytarılması Dağlıq Qarabağın Azərbaycan tərəfindən
azad edilməsi ilə eyni anlamı daşıyır. Martın 16-da keçiriləcək referenduma baxmayaraq,
bu iki regionun bir-birinə bənzər taleyi Krım ətrafında
baş verən olayların bizim vəziyyətimizdə obyektiv
qəbul edilməsinin mümkünsüz olduğunu deməyə
əsas verir. Çünki Dağlıq Qarabağ
parçalanmış Sovet İttifaqının o zaman başsız
qalmış hərbi hissələrinin dəstəyi ilə
Ermənistan tərəfindən zəbt olunub. Biz
hamımız bilirik ki, 1990-cı il martın 13-15-də Azərbaycanda
hakimiyyəti ələ alanlar özlərində cəsarət
tapıb Dağlıq Qarabağda yerləşdirilmiş həmin
hərbi hissələrin komandirlərinin tələb etdikləri
məbləği (o zaman söhbət bir milyon dollardan gedirdi)
ödəsəydilər, o torpaqlarda yaşayan həmyerlilərimiz
nə zorakılığa məruz qalmaz, nə də
Qarabağ ətrafındakı 7 rayon işğal olunmazdı.
Bu barədə kifayət qədər səhih məlumatlar
var. Bunu həmişə nəzərdə saxlamaq vacibdir.
Öz günahımızı özümüz
başa düşüb nəticə
çıxarmalıyıq.
Amma nədənsə
jurnalistlərimiz və
politoloqlarımız bunu dərk etmək istəmirlər.
Krımın Azərbaycanla müqayisəsi yolverilməzdir! Qarabağ heç zaman hər hansısa bir erməni
dövlətinin tərkibinə daxil olmayıb. Amma
Krım düz 170 il – 1783-cü ildən
1954-cü ilədək Rusiyanın ərazisi olub.
1954-cü ildə SSRİ MK birinci katibi Nikita
Xruşşovun özbaşına qəbul etdiyi qərarı
ilə heç bir ciddi səbəb göstərilmədən
Krım Ukraynaya hədiyyə edildi. Bəziləri
Xruşşovun belə bir addımı Ukraynanın Rusiya ilə
birləşdirilməsinin 300 ilinin tamam olması və arvadına
hədiyyə verməsi ilə əlaqədar
atdığını düşünürlər. Amma bu da faktdır ki, Xruşşovdan sonra SSRİ MK
birinci katibi təyin olunan L. Brejnev onun bu qərarının
yanlış olduğunu bildirsə də, Krım Rusiyaya
qaytarılmadı. Səbəb SSRİ-nin
vahid dövlət olması idi. Amma bir məqamı
vurğulayım ki, N. Xruşşov da, L. Brejnev də Ukrayna əsilli
idilər. N. Xruşşov ümumiyyətlə milliyyətcə
ukraynalı idi. O, uzun illər bu ölkəyə rəhbərlik
etmiş şəxs olub. Təbii ki, Krımın Rusiyaya geri
qaytarılmamasında bu məqam az rol oynamayıb.
Proqnoz:
Krım referendum yolu ilə Rusiya Federasiyasının tərkibinə
birləşdiriləcək. Bu addımın
Krımın xeyrinə olacağı ilə bağlı məndə
heç bir şübhə yoxdur. Zənnimcə,
bu, ədalətli qərar olmaqla yanaşı, həm də
ukraynalı ultranasionalistlərin qanunsuz hərəkətlərinə
layiqli cavabdır. Sözügedən
qüvvələrin hadisələrin bu cür gedişatı
ilə heç cür barışmaq istəməyən Qərb
dövlətləri tərəfindən himayə oldunduğu
heç kimə sirr deyil. Amma gəlin, dərinə
getməyək, çünki bu, artıq başqa bir Avropa
tragikomediyasının mövzusudur. Olayların
bu cür riskli dönüşü tamamilə gözləniləndir
və çox güman ki, regionun gələcəyi
üçün özündə heç bir təhlükə
daşımayacaq.
Biz isə işğal altında olan
torpaqlarımızı referendum yolu ilə deyil, silah
gücünə geri qaytaracağıq. Rusiyanın hərəkəti
23 ildir torpaqlarımızın geri qaytarılması
uğrunda apardığımız mübarizənin məhz
güc yolu ilə həlli istiqamətində yolumuzu
açır. Hazırda bu gözləntilər
çoxları üçün inandırıcı səslənməsə
də, zaman bu proqnozun nə dərəcədə real
olduğunu göstərəcək. Silah və
yalnız silah gücünə Qarabağı
qaytarmalıyıq. Artıq bunun vaxtı
çatıb.
Rusiya
kütləvi infomasiya vasitələrinin məlumatına
görə, Ukraynanın Belarusdakı səfiri Mixail Yejel
Ukraynada baş verənlərə münasibət bildirərəkən
belə deyib: “ABŞ-ın maliyyə dəstəyi
qarşılığında Amerikanın Raketəleyhinə
Müdafiə Sistemini Ukraynada yerləşdirməsi
danışıqların əsas predmetidir”. Burda deyiblər,
yaman yerdə axşamladıq! Amerikalı
dayılar elə-belə kimsəyə yaxşılıq etməzlər.
O, Ukrayna hökumətinə təklif etdiyi dollar
qarşılığında onun beş
qatını tələb edir. Raketəleyhinə
Müdafiə Sistemi (RMS) demək olar ki, öz infrastrukturu olan
hərbi bazadır. Təbii ki,
ABŞ-ın bu sistemi İrandan müdafiəyə yönəldəcəyi
inandırıcı deyil. Hər halda rəsmi
Vaşinqton belə bəyan edir. Məsələyə
Moskvanın necə yanaşdığını
proqnozlaşdırmaq isə bir o qədər də çətin
deyil.
Bu cür “saf niyyətli” təkliflə ABŞ bir vaxtlar
Polşaya da müraciət etmişdi. Amma sözügedən
dövlət söz verilən məbləği ala bilmədi.
Bu məsələ həmin vaxt hətta beynəlxalq
qalmaqal səviyyəsinədək yüksəldi. Lakin ABŞ Polşa üçün vəd etdiyi məbləği
ayırmadı. Raketəleyhinə
Müdafiə Sistemi isə öz xoşagəlməz
çöküntüsü ilə bu günə kimi Polşa
torpaqlarında qalmaqdadır.
Bir neçə gün əvvəl vesti.az informasiya agentliyi Krım tatarlarının həyatı üçün ciddi təhlükə yaranarsa, Türkiyənin Krım münaqişəsinə qarışacağı ilə bağlı məlumatlar yer almışdı. Zənnimcə, bu xəbər əsla aktual mövzuya çevrilməyəcək. Əvvəla ona görə ki, Krım tatarlarının həyatı üçün hər hansısa ciddi təhlükənin baş verəcəyi inandırıcı səslənmir. Digər tərəfdən, axı Krım əhalisinin cəmi 12 faizini təşkil edən tatarların Ukraynanın, yoxsa Rusiyanın tərkibində yaşayacağı Türkiyəni niyə narahat etməlidir ki?! Onların Türkiyədən çox, Tatarıstan və Moskvanın Tatar Diasporu ilə bağlılığı var. Bizim sözümüz olmasın, tatarlar üçün hər yerdə yaxşı olacaq. Odur ki, martın 16-da Krımda keçiriləcək referendumun Rusiyanın xeyrinə bitəcəyini düşünürəm.
Bu isə öz növbəsində Ukrayna üçün ən böyük itki, Qərb üçün isə bağışlanılmaz səhv olacaq. Daha məqsədyönlü və məntiqli davransaydılar, onlar həmin ərazilərdən Rusiyan hərbi-dəniz donanmasını tədricən sıxışdırıb çıxara bilərdilər ki, bu da ABŞ və Avropanın planlarına uyğun addım olardı.
O da gözləniləndir ki, Krımda baş tutacaq referendum nəticəsində regionun nifaq və ədavət doğuran problemli məsələlərindən biri aradan qalxacaq. Bəs görəsən, bu yaxşıdır, yoxsa pis? Bax bu, artıq başqa söhbətin mövzusudur. Bizi hazırda yalnız Krımlın indiki vəziyyəti, gələcək inkişafı və Azov-Qara dəniz strateji hövzəsi kimi həssas regionun bütün mümkün yaxın perspektivləri maraqlandırır.
Rusiya ilə Avropa İttifaqı arasındakı son günlərdə aparılan danışıqlar (martın 3-də Parisdə xarici işlər nazirlərinin görüşü) bir daha sübut edir ki, güc mövqeyindən aparılan ritorik danışıqlar tədricən arxa plana keçir, reallıq isə ön plana. Ağıl və dərrakə ABŞ və Avropa, o cümlədən də Rusiya siyasətçilərinin hərəkətlərində öz layiqli yerini tutur. Ziyan gətirən aktiv radikal viruslar geri çəkilərək öz yerini insan orqanizmində həm zərərli, həm də xeyirli bakteriyalarla eyni dərəcədə mübarizə aparan liberallara verir. Tibb elminin bu qanunauyğunluğunu ABŞ, Avropa və Rusiyanın xarici siyasətinin aparıcı simalarının fəaliyyətinə heç də səhv etmədən sərbəst şəkildə aid etmək olar.
Rafiq Əliyev
fəlsəfə elmləri doktoru, professor
525-ci qəzet.-
2014.- 15 mart.- S.9.