Yüz yaşlı kişinin hekayəti
Həyatda hər kəs öz əməli, işi ilə
iz qoyur. Vaxt və zamanın hökmü ilə illər tarixə
qovuşduqda, bu iz həmin insanın dünyasına
işıqlı yol açır. Bu ilin martında 100
illik yubileyi qeyd olunan, Respublikanın Əməkdar mədəniyyət
işçisi Həsən Mirzəyevin həyat yolunun izi isə
bizləri, XXI yüzilliyin ikinci onilliyindən artıq tarixə
çevrilmiş XX əsrə aparıb çıxarır. Mürəkkəb tarixi hadisələrlə rəngarəng
acılı-şirinli həyat tərzi ilə zəngin,
milyonların taleyindən keçmiş bu əsr, məni bu
gün də öz cazibə qüvvəsində saxlamaqdadır.
Bəlkə ona görə ki, mən də həmin
əsrdə dünyaya göz açmışam? Bilmirəm. Bildiyim bir həqiqət
var. Həmin dövrün insanlarında olan iradə,
dözüm, zəhmətsevərlik, həyat eşqi
bütün qələbələrin açarı idi.
Elə sizinlə öz təəssüratımı
bölüşmək istədiyim Həsən Mirzəyev də
həyat eşqi ilə dolu insanlardan idi.
Səksəninci illərdə İncəsənət
İnstitutunun teatrşünaslığına 2 və ya 3 tələbə
qəbul olunurdu. Bu şans isə bizlərə imkan verirdi ki, müəllimlərlə
sıx ünsiyyətdə, hətta bəziləri ilə dost
münasibətdə olaq.
Həsən
müəllim də bizimlə səmimi dost idi. O, institutda səhnə
texnikası və quruluşundan dərs deyirdi. Həsən
müəllim ilk tanışlıqdan mənim ürəyimə
yatmışdı. Gülərüz, enlialınlı,
gümüşü ağ saçlı
bu insan canlı ensiklopediya idi. Ondan hər dəfə
nə isə öyrənmək olurdu. Çünki
o, Azərbaycan teatr tarixinin əfsanəvi sənətkarlarının
çoxları ilə səhnədə tərəf-müqabil
olmaqla yanaşı, uzun illər
çalışdığı teatrlarda da ünsiyyətdə
olmuşdu. Ona görə ona verilən
suallar heç vaxt cavabsız qalmırdı.
Həsən müəllimdən gələn müsbət
emosiya məni ona daha da yaxınlaşdırmışdı. Siması
işıqlı, təbəssüm dolu bu insanın cazibəsi
məndə ona qarşı xüsusi hörmət hissi
aşılamışdı. Günlərin
bir günü Həsən müəllimlə söhbət əsasında
onun haqqında "Qobustan" (N3, 1984) incəsənət
toplusunda "Teatra bağlı ömür" adlı bir
yazı yazdım. Jurnal çapdan
çıxandan bir müddət sonra Həsən müəllimlə
institutda rastlaşdıq. O, gülər üzlə mənə
təşəkkür etdikdən sonra dedi:
- Yazı
üçün çox sağ ol, mən
səndən razı! Ancaq bacımgil narazıdı!
- Nəyə
görə - deyə ondan soruşdum.
- Sən
məqalədə mənim atamın yaxşı təhsil
almadığını yazırsan. Ancaq elə
deyil. Mənim atam Bakıda adla
tanınıb, seçilib. Bacım bunu həm
sənə, həm də mənə irad tutur. Deyir ki, sən
ona düz məlumat versəydin belə yazmazdı. Nə isə,
gələn dəfə düzəldərsən, inşallah!
Doğrudan
da, o vaxtı Həsən müəllimin nəsil şəcərəsilə
bağlı faktları
dəqiqləşdirməmişdim. Əvəzində
fantaziyama arxalanıb məqaləni belə
başlayırdım.
"Sübh tezdən məktəbli çantası əlində
yağışlı-küləkli, günəşli
küçə ilə dərsə bir oğlan
uşağı tələsərdi. Anası bütün analar kimi sevinc
dolu baxışı ilə yağışdan-küləkdən
gileylənərək oğlunu yola salardı. Atası
"kişi gərək yağışdan-yağmurdan
qorxmasın" ədası ilə arvadına nəzər
salaraq düşünərdi: - "Mən yaxşı təhsil
ala bilmədim, heç olmasa bu oxuyub mühəndis
olsun". Ana fəxrlə
"nə olaydı həkim olaydı, toyunda da qol
götürüb doyunca süzəydim" - deyə düşünərdi.
Vaxt-zaman
öz hökmünü verib, mənim unutduğum fakta
işıq saldı. Sənətşünas-alim Aydın
Talıbzadə, görkəmli televiziya rejissoru, Xalq artisti
Ramiz Həsənoğlunun sənət dünyasına,
yaradıcılığına həsr elədiyi "Ustad və
Ayna" monoqrafiyasında Həsən
müəllimin atası ilə ilgili səhifəyə belə
açıqlıq gətirdi:
"Hacıqulu
oğlu Süleyman əslən bakılı olub, vaxtilə
gimnaziya qurtarıb, Ruhani İdarəsində işlər
müdiri vəzifəsini aparıb, fars və rus dillərini əla
bilib. Ramiz (Həsən müəllimin oğlu:)
söyləyir ki, bu kişinin həm də gözəl əl
qabiliyyəti varmış: rəsmlər çəkərmiş,
cürbəcür fiqurlar yaparmış və dadlı xörəklər
bişirməyi bacararmış. Sonralar almanların
"Zinger" firmasının Bakı təmsilçisi kimi
çalışıb bu adam, məşhur
tikiş maşınlarının satışını tənzimləyib.
Ol səbəbdən şəhər əhli Məşədi
Süleymana "Zinger" ləqəbini qoşub. Zinger Süleyman iftixar hissi doğuracaq bir insan
olub".
Bəlkə
elə ona görə, bu gün Zinger Süleymanın nəvəsi televiziya
rejissoru Rauf Mirzəyev öz adının yanına
babasının ismini əlavə edib olub Rauf Süleyman!
Bir
sözlə, Həsən müəllimin atası Zinger
Süleymanın nəvə baxımından bəxti gətirib,
maşallah hamısı oxumuş ali təhsilli,
yaşadıqları cəmiyyətin saylıb-seçilən
insanlarıdır! Ruhu şad olsun!
Həsən müəllimin həyat bioqrafiyası öz
ilkin başlanğıcını Novruz bayramı günlərindən
götürür. O, 1914-cü il martın 21-də
Bakı şəhərində dünyaya göz açıb.
Ata öyüdü, ana nəvazişi ilə
böyüyən Həsən, əvvəlcə 1-ci dərəcəli
məktəbi bitirir. Daha sonra N.Nərimanov adına Neft texnikumunda təhsil alır. Məhz həmin illərdən başlayaraq
maraqlı həyat bioqrafiyası yaşamağa
başlayır. Çox sonralar Həsən müəllim
biz tələbələrə həmin günlərdən,
öz həyatından belə danışırdı:
"Texnikumun son kursunda yəni 1932-ci ildə Əli Bayramov adına klubun nəzdindəki dram dərnəyinə
üzv yazıldım. Bu dərnəkdə Mehdi
Məmmədov, Zəfər Neymətov, Hüseyn Mövləzadə
və başqaları çalışırdı. Dərnəyimizin
rejissorları
Kazım Ziya və Əliağa Əliyev idi. Bu dərnəkdə bir çox tamaşalarda müvəffəqiyyətlə
çıxış etmişik. Ancaq xatirəmdən
C.Cabbarlının "Almaz" əsərinin tamaşası
çıxmır. Burada Münəvvər Dadaşova -
Almaz, Mehdi Məmmədov - Hacı Əhməd, mən isə
İbad rolunda çıxış edirdim. Həmin
tamaşa ilə biz bir çox rayonlarda alqışlarla
qarşılanmışıq. Kazım Ziyanın teatrla
bağlı söhbətləri, bir-birimizlə sənətə
vurğunluqla
mübahisələrimiz artıq mənim həyat
yolumu müəyyən etmişdi".
O illərdəki teatrsevər gənclərin
daimi məkanı olan Dram teatrı Həsəni də
dostları ilə birgə öz ağuşuna
almışdı. Bu sənət məbədinin
səhnəsində çıxış edən A.M.Şərifzadə,
Ü.Rəcəb, İ.Hidayətzadə, K.Ziya, M.Əliyev,
R.Təhmasib kimi sənətkarlar öz sənət
ehtirasları ilə minlərlə gənc həvəskarı
bu sənətin cazibəsinə salırdılar. Hər
axşam tamaşaya can atan Həsən çox çətinliklə
də olsa, teatrın yardımçı heyətinə qəbul
olunur. Elə buradaca o, teatrda yenicə sənət addımlarını
atan aktrisa Ətayə Əliyeva ilə tanış olur.
Ətayə
xanım öz xatirələrində Həsən müəllimlə
necə tanış olmasını yaddaş dəftərində belə qələmə
alıb:"Teatr texnikumunda Fatma Qədrinin kursunda Gülxar Həsənova
ilə bir partada otururdum. Yataqxanada da Gülxarla
bir otaqda qalırdıq. Bir gün Gülxar mənə
dedi ki, gedək Əli Bayramov klubuna, orda məşqim var, sən
də məşqə baxarsan. Getdik. Bizi bir oğlan qarşıladı. Əlində də tar. O, çox gözəl
idi. Gülxar bizi tanış etdi və o
bizi qayıdanda müşayiət etdi. Sonra o məni
tamaşalardan yataqxanaya
ötürməyə başladı. Bir gün mənə
evlənmək təklif etdi. Onun iyirmi
yaşı var idi. Nəhayət mən
razı oldum. Biz ev axtarmağa
başladıq. Qoqol küçəsində bir
otaqlı mənzil tapdıq. Evləndik.
O gündən bu günə Həsənağa ilə can bir qəlbdəydik!"
Bu xoşbəxt təsadüf Həsən Mirzəyevi
ömürlük teatra bağladı. 1935-ci ildə xoşbəxt
cütlüyü İrəvana C.Cabbarlı adına
Azərbaycan Dram Teatrına dəvət etdilər. Həsən Mirzəyev bu teatrda aktyor və
quruluş hissə müdiri, Ətayə xanım isə
aktrisa kimi fəaliyyət göstərməyə
başladı. Bu teatrda onlar İsmayıl
Dağıstanlı, Əli Zeynalov, rejissor Əşrəf
Quliyevlə və
başqaları ilə birgə
çalışırdılar. Teatrda bir
çox rollarda çıxış etsə də, Həsən
Mirzəyev aktyor sənətinin sirlərinə dərindən
bələd olmaq üçün təhsil almağa can
atırdı. Nəhayət o, öz istəyinə
çatır. Göndərişlə onu
Bakı Teatr Texnikumuna göndərirlər. Burada onun sənət müəllimi A.Tuqanov olur.
O, həm də Hüseyn Caviddən dərs alır. Yenidən
İrəvan teatrının səhnəsinə dönən Həsən
Mirzəyev, C.Cabbarlının "1905-ci ildə" əsərində
Baxış, "Aydın"da Dövlət bəy
V.Şekspirin "Otello"sunda Kassio, S.Vurğunun
"Vaqif"ində kürd Musa, S.Rüstəmin
"Qaçaq Nəbi"sində Səlim bəy və
başqa rollarla tamaşaçı rəğbəti
qazanır. Heç də təsadüfi deyil ki, Həsən
Mirzəyevin bir aktyor kimi istedadını yüksək qiymətləndirən teatr
yazarları, 1937-1948-ci illərdə çap olunan
"Kommunist" qəzetində tamaşalara yazdıqları
resenziyalarda onun İrəvan Azərbaycan Dövlət
Teatrının səhnəsində yaratdığı
uğurlu, yaddaqalan obrazlarına geniş yer verirlər.
C.Cabbarlının
"1905-ci ildə" əsərinə yazılan məqalədə
oxuyuruq:"Baxış rolunun böyük tərbiyəvi
xarakteri vardır. Həsən Mirzəyev belə bir
mühüm rola səmimiyyətlə
yanaşmaqla, tamaşaçıların hüsn-rəğbətini
qazana bilmişdir".
"Aydın"
tamaşasında Həsən Mirzəyevin səhnədə yaratdığı Dövlət
bəy haqqında tənqid belə
yazırdı:"Pyesin ikinci əsas fiquru Dövlət bəydir.
Dövlət bəy hər növ ədalətsizlik,
haqsızlıq, əxlaqsızlıq edən kapitalistlərin
iyrənc simasını özündə təcəssüm
edir. Bu rolda Həsən Mirzəyevin oyunu
müvəffəqiyyətlidir. Həsən
Mirzəyev başqalarının göz yaşları və bədbəxtlikləri
əsasında hiyləgərlik, əxlaqsızlıq edən
Dövlət bəy obrazına xas olan xarakterləri
yaxşı mənimsəmiş, onu müvəffəqiyyətlə
verə bilmişdir. Onun oyunu obrazın
xarakterinə olduqca uyğundur".
S.Rüstəmin
"Qaçaq Nəbi" dramında yaratdığı Səlim
bəy rolu haqqında isə belə yazırdılar:
"Dramdakı digər mərkəzi surət Səlim bəydir.
O da Həcəri sevir. Və
bununla birlikdə Nəbinin qanlı düşmənidir.
Bu rolu artist
Həsən Mirzəyev oynayır və özündən
aşağı cəmiyyət
pilləsində duran şəxslərin ləyaqəti
ilə hesablaşmayan bəyin surətini inandırıcı
xətlə verə bilmişdir. Səlim bəyin xasiyyətində olan
bütün ziddiyyətləri biz Həsən Mirzəyevin
ifasında aydın görürük".
İrəvan teatrında aparıcı aktyor kimi
tanınan Həsən Mirzəyev bir müddət sonra özünü
rejissor kimi sınamaq qərarına gəlir. 1946-47-ci il teatr
mövsümündə Zəngibasar rayonuna rejissor kimi dəvət
alan Həsən Mirzəyev, bu rayonun teatr kollektivi ilə
M.S.Ordubadinin "Beş manatlıq gəlin", "Ürək
oğruları" musiqili komediyalarına quruluş verir. Hər iki tamaşa tamaşaçıların
alqışını qazanır. 1948-ci
ilin axırlarında İrəvandakı Azərbaycan Dövlət
Teatrı iqtisadi çətinliklər bəhanəsi ilə
bağlanır. Truppa dağılır.
Həsən müəllimlə Ətayə xanım üz
tuturlar Gəncəyə! Beləliklə
onların sənət taleləri 1949-cu ildən 1956-cı ilə
kimi Gəncə teatrı ilə bağlı olur. Ətayə xanım əsas rollarda
çıxış etsə də, Həsən müəllim
teatrda quruluş hissə müdiri vəzifəsində
çalışmalı olur. Həmin dövrdə Gəncə
teatrının uğurlu tamaşaları olan
"Aydınlıq", "Toy", "Atayevlər ailəsi"
və başqa tamaşaların quruluş hissələrinə
rəhbərlik edir.
Həsən
müəllim
üçün ailə anlayışı müqəddəs
idi. Ona görə bu ailənin bütün
qayğıları, problemləri onun çiynində idi.
Həmin illər çox ağır bir zamana təsadüf
etmişdi. Aylarla teatrlarda əmək haqqı
verilmirdi. Çətinliklər məngənəsində
çabalayan insanlar, ailəsini dolandırmaq üçün
müxtəlif yollar arayırdılar. Bu
zaman Həsən müəllimin Bakıda Neft texnikumunda
aldığı təhsil köməyinə gəldi. O, Gəncə Komunal İdarəsində
mühəndis kimi çalışmalı oldu. Boz üzünü göstərən həyata, iradəli,
nikbin əhvallı insanlar həmişə qalib gəlir.
Həsən müəllim kimi....
1955-ci ildə Gəncə teatrında İlyas Əfəndiyevin
"Atayevlər ailəsi" tamaşasına quruluş
verilir. Əsərdə Reyhan rolunu Ətayə Əliyeva
oynayırdı. Tamaşanı qəbula
Bakıdan Ədil İskəndərov və Teymur Əliyev gəlmişdi.
Tamaşaya baxışdan sonra Ədil İsgəndərov əlini
Həsən müəllimin kürəyinə vurub
deyir:"Qadam, Ətayənin yeri Azdramadı,
yığışın gəlin Bakıya!"
Beləliklə, Ədil İskəndərovun təşəbbüsü
ilə 1956-cı ildə Ətayə xanım Dram teatrına
aktrisa, Həsən müəllim isə quruluş hissə
müdiri vəzifəsinə qəbul olunur. Bununla da Həsən
müəllimin doğma şəhər teatrında yeni həyatı
başlayır. Qaynar həyatlı, tanınmış
teatr sənətkarları ilə bir kollektivdə çalışmaq Həsən
Mirzəyevin üzərinə daha böyük məsuliyyət
qoyurdu. Elə bunun üçün öz üzərində
çalışmaqla teatr təhsilini davam etdirmək qərarına
gəlir. 1962-ci ildə ADİİ-nun
axşam şöbəsinə qəbul olunaraq 1967-ci ildə
oranı bitirir. Evdəkilər arasında
zarafatla "əbədi tələbə"
adlandırılan Həsən Mirzəyev, elə həmin ildən
də institutda səhnə texnikasından və quruluşundan
dərs deməyə başlayır.
Teatrda işlədiyi ilk gündən özünə və
başqalarına qarşı tələbkarlığı onu
kollektivin sevimlisinə çevirmişdi. Biz tələbələr
onun rəhbərlik etdiyi bədii quruluş hissəsindəki
10 sexin hamısı ilə tanış
idik. Otağı daima maketlərlə, eskizlərlə
dolu olurdu. Tez-tez istehsal sexlərinə
baş çəkər, çalışırdı ki,
dekorlar düzgün qurulsun, tərtibat səhnədə aktyor
oyununu, rejissor fikrini tamamlasın. Tamaşanın
bədii tərtibatı lakonik olsun. Doğrudur,
bununla bağlı bəzən rejissorlarla, rəssamlarla
mübahisələr də olurdu. Həmin məqamlarda Həsən
müəllim, onlara SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovdan
stat gətirərək deyirdi:"Az xərclə və
yüngül vəsaitlərlə asan başa gələn
yığcam dekorlar yaratmağın özü hər şeydən
əvvəl, sənətkar xəyalının zənginliyini,
yaradıcılıq təcrübəsinin çoxluğunu
göstərir".
Ümumiyyətlə, Həsən Mirzəyev 360
tamaşanın bədii tərtibatına rəhbərlik edib. Onların arasında Azərbaycan
teatrının salnaməsinə düşmüş
"Otello", "Vaqif", "Fərhad və
Şirin", "Cavanşir", "Cehizsiz qız",
"Xəyyam",
"İblis", "Mahnı dağlarda qaldı",
"Şəhərin yay günləri" və onlarca
başqaları var.
Səhnə
çevrəsində dolaşan Həsən müəllimin
içində bir aktyor "Həsən
Mirzəyev" vardı ki, onu
bütün həyatı boyu müşayiət edirdi. Ona
görə də
onun qəlbində aktyor sənətinə və sənətçilərinə xüsusi
sevgi, hörmət var idi. Bəlkə elə ona görə də
Dram Teatrının bütün şöhrətli sənətkarları
Həsən müəllimlə dost münasibətində
olublar. Söhbətlərinin birində Həsən
müəllim mənə belə bir hadisəni
danışdı. Xalq artisti Möhsün
Sənani tamaşaçıların sevimlisi olduğu
üçün onun çıxış etdiyi tamaşalara
bilet tapmaq çox müşkül məsələ imiş.
Xüsusilə onun İslam Səfərlinin "Göz həkimi"
tamaşasında yaratdığı Həsənağa tamaşaçıların
sevimlisi idi. Xəstəxananın sürücüsü Həsənağa
obrazına öz təbii-səmimi oyunu, yapışıqlı səsi ilə muğam üstə
oxumasını əlavə edən aktyor, koloritli şirin
danışığı ilə seyirçiləri öz
oyununun cazibəsinə salmaqla alqış qazanırdı.
Tamaşada Həsənağa səhnəyə "Pobeda" maşını ilə daxil olurdu. Təbii maşın səhnədə dekor idi. Ancaq tamaşaçını öz ardınca aparmağı sevən Möhsün Sənani bir gün Həsən müəllimdən xahiş edir ki, səhnəyə dekor maşını deyil, əsl "Pobeda"nın çıxarmasına kömək etsin. Həsən müəllim sənət dostunun sözünü yerə salmır. Teatrın rəhbərliyini də, çox çətinliklə də olsa bu işə razı sala bilirlər. Qalır "Pobeda"nın tapılması!
Möhsün Sənani sənətinin pərəstişkarı, tamaşaya bir bilet əvəzində maşınının səhnəyə çıxmasına razılıq verir. Beləliklə, "Göz həkimi" əsərinin növbəti tamaşasında Möhsün Sənani siqnal verə-verə "Pobeda" ilə səhnəyə daxil olur. Tamaşa salonu ayaq üstə bir neçə dəqiqə aktyoru alqışlayır. Həsən müəllim deyir ki, gərək sən o anı görəydin. Sevincdən Möhsün Sənaninin də, çətinliklə də olsa maşını səhnəyə çıxarda bildiyimə görə mənim də gözümüzdən yaş gəlirdi. Bu sənətin bizə bəxş etdiyi xoşbəxt anların sevinc göz yaşları idi. Həsən müəllim bu hadisəni mənə danışanda sanki həmin məqamları bir də yaşadı. Bu sənət sevincini Həsən müəllim mənimlə bölüşəndə, məlum bir həqiqətə toxunmadı. Həqiqət isə ondan ibarət idi ki, həmin tamaşada Həsənağanın sevgilisi Gülər obrazını Ətayə xanım Əliyeva canlandırırdı.
Həsən müəllim 1987-ci ilin noyabrında dünyasını dəyişdikdən sonra, onun yeri ailədə, dostlar, tələbələr arasında, teatrda daha çox hiss olunmağa başladı. Əgər teatrda quruluş hissəsində hər hansı bir problem olsaydı, həmkarları həmin andaca dilə gəlib deyirdilər:"Əgər rəhmətlik Həsən müəllim sağ olsaydı, indi çoxdan bu problemi həll edərdi!"
Həsən müəllimin yoxluğu ilə barışmayan doğmaları isə onun xəyalı ilə söhət edib təskinlik tapardılar. Elə burdaca, jurnalist Rəhilə Soltanqızının "Bir ömürlük xatirə və ya" kitabından Ətayə xanımın ürək göynərtisi ilə Həsən müəllimlə bağlı dilə gətirdiyi bir balaca xatirə etirafı yada düşür: "O mənə yaxşı ər, yoldaş, dost olub. Hərtərəfli bir insan idi. Həsənağa olmasaydı, bəlkə də mən bu mərtəbəyə yüksəlməzdim. Uşaqları da o, böyüdüb. Onsuz mən heç bir rolumu oynaya bilməzdim. Yaxşı aktyor idi. Əla tar çalmağı vardı. Onunla xoşbəxt ömür sürmüşəm".
Oğlu Ramiz isə atasının adını təkcə qəlbində, qanında deyil, sənət imzasında, tamaşa və filmlərin titrlərində yaşatmaq qərarına gəldi. Oldu Ramiz Həsənoğlu...
Adının yanına atasının adını əlavə edən Ramiz Həsənoğlu elə atasının qırxı çıxan günün sabahı öz gündəliyində yazır: "Heç vədə təsəvvürümə gətirməmişdim bunu. Evə telefon açanda dəstəyi adətən atam götürərdi. İlk sualım bu olardı ki, "anam necədi?" və yalnız haçandan-haçana soruşurdum ki, "sən necəsən?". Köklərimizlə əlaqələrimiz qırıldı. Biz hələ onun soyadını daşıyırıq. Atamın şərəfinə təxəllüs də seçdim: Həsənoğlu. Qəbrin nurla dolsun ay kişi. Bağışla məni. Mən sənə istədiyim kimi, istədiyim qədər oğul ola bilmədim. Bağışla. Həyat yoldaşından nigaran qalma. Çalışaram işə yola salıb, sonra da qarşılayım, onu tək qoymayım" (A.T. "Ustad və Ayna" səh.112).
İndi Ramiz ana itkisi ilə də barışmalı olub.
Artıq Həsən müəllim də, Ətayə xanım da haqq dünyasındadırlar.
Ruhları şad olsun!
Hər dəfə Həsən müəllimin oğulları ilə Azərbaycan televiziyasının dəhlizlərində rastlaşanda, mən nədənsə onlarda Həsən müəllimdən nə isə bir nişanə görmək istəyirəm. Heç olmasa, onun simasına işıq salan təbəssüm dolu səmimi, xoş baxışları...
Yaqub ƏLİOĞLU
525-ci qəzet.-
2014.- 18 mart.- S.7.