Bu, Rəşid Faxralıdı!

 

 

Azərbaycan poeziyasını mənə Maqali Toduanın və Zezva Medulaşvilinin heyrətamiz tərcümələri sevdirmişdi. Başqa faktlarla yanaşı bu da rol oynadı ki, "Qafqaz mənəviyyatı" yaradım. Burada özünəməxsus Azərbaycan poeziyasının öz layiqli yeri var.Monumental nəşr illər ərzində tədricən formalaşdı. Burada çoxlu maraq doğuran nümunə cəmləşdi - Azərbaycan bayatıları, Nizami, Vaqif, Axundov, İsa İsmayılzadə, nisbətən yenilər - mənim tələbəlik yoldaşım İmir Məmmədli...Qəribə də olsa bu siyahıda, bu palitrada XX - XXI əsrlərin yolayrıcında ənənəvi Azərbaycan şeirinin sütunlarından biri - Rəşid Faxralı yox idi. Onun şair taleyi də mənim kimidir, o da mənim kimi öz yurduna nəğməqarışıq dualar oxudu.

Rəşid Faxralı poeziya yollarında qürurla gəzir, o yüksəkliklərdə inamla qanad çalır (İmir Məmmədlinin əla tərcümələrinə baxmayaraq,əminəm, istənilən şeir öz orijinalında daha düşündürücüdür, poetikdir). Höte demişkən, "Hafizin şeirlərini tərcümə etmək Ay işığını şüşəyə salmaq cəhdi kimi bir şeydir"...

...Bir vaxtlar Rəşidin də anası vardı. Yesenin kimi o da öz anası ilə söhbət edərdi. Tanka müəllifi kimi bir dəfə onu qucağına götürür, ancaq ana ağırlığı qarşısında tab gətirə bilmir. Şair əmindir ki, bir vaxt onun sözü qəlbdən dilə qədər alışacaqdır. Onun da "közdən külə qədər" qapıqonşusu var. Amma həmişə və hər yerdə olduğu kimi fani dünya qəm gəmisidir. Və Allahdan başqa heç kəs bilmir, Rəşid Faxralı günahkardır, yoxsa dünya ("Günahkarı dünyadımı, mənəmmi?")

Rəşid başdan-başa Faxralı kəndidi, onun ürək döyüntüləri, onun nəbzidir. Rəşid miniatür Azərbaycandır. Lap elə gecəni gündüz, gündüzü gecə əvəz edən planetimizdir:

Könül adamıdı, könlü ac deyil,

Doyubdu dünyanın qəm-qəhərindən.

Bir uğur üstədi, yıxan tapılmaz

Rəşid Faxralını söz kəhərindən!..

Və burada bu dözülməz və amansız insanlar aləmində şairin qəlbinin dərinliyindən bir nida qopur:

Elə mən də sənin kimi

daşam, başdaşı, başdaşı.

Rəşidin sözlərini əzbərləyirlər, şeirlərini sevirlər. O, daim bol sulu çay kimi beləcə axmalıdır, o çay kimi ki, onu heç kəs üzüb o taya keçə bilmir. Çöl-çəmən kəhərin nalları altında zümzümə edir; çəmən yollara xalça kimi sərilsə, görəsən o qızın xoşuna gələcəkmi? Yenə də, nənənin dediyi ürəyəyatan bayatı sədaqət timsalı kimi sarsılmadan Rəşidin yaradıcılığından boy göstərir. Bu yaradıcılıq, eyni zamanda, uşaqlıq çağlarında nənənin söylədiyi sehirli-xalçalı nağıllardı; bu, bizim uşaqlığımızın pak oazisidir, Ekzüperi demişkən, baş alıb gəldiyimiz uşaqlığımızın oazisi; hərə öz Faxralısından, Pşavisindən, Otubayasından...

Rəşid Faxralı uzaqlara yarpaqların və budaqların gözüylə baxır.Və Kürün şırıltısına qarışan bu səslər öz gözəlliyiylə, ənənəvi şeirə sədaqətiylə (mütiliyiylə yox!) Barataşvilinin və Vaqifin intonasiyasını xatırladır.

Rəşid Faxralının gözləri acışır, tufanı kürəyi ilə hiss edir, Vətənə gələndə yollara tökülən daşı-kəsəyi çığnayıb keçir. Və bu keçmə hər şeyi böyük göstərən şüşə müstəvisində arayolda qaçmaq demək deyildir. Bu zaman şeirdə Lorkanın "Diendiləri", Qalaktionun daim can atdığı, Akakinin özünəməxsusluğu və ilahi sadəlik bir işığa dönüb gözünü çəkir.

Şərqin və Qərbin titullu estetikləri etiraf etməsələr də uzun yol getdikdən sonra bütün bunlar millətin şüurunda cəmləşir. Hələ ki, həqiqi poeziya əl-kimyaçılarının qeyri-müəyyənlik və ölçüsüzlüyünün usandırıcı dumanı dağılmayıb, dünya şairi Rəşid Faxralının mənəviyyatının ən dürüst hakimi olan qayğı-diqqətlə, ürəklə, ilhamla yazdığı şeirləri oxumalı, dinləməliyik...

 

Quri OTOBAİYA

Gürcüstan Yazıçılar Akademiyasının "İveriya" nəşriyyatının

böyük redaktoru

"Literaturuli Sakartvelo"

("Ədəbi Gürcüstan") qəzeti

525-ci qəzet.- 2014.- 18 mart.- S.7.