Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafı: fərqli mərhələlər, əhəmiyyətli
nəticələr
Cəmiyyəti narahat edən problemləri birgə həll
etmək, şəxsi və ictimai maraqları
uzlaşdırmaq, mənəvi tələbatları ödəmək
məqsədilə vətəndaşların müxtəlif
birliklər yaratmaq ənənəsi Azərbaycanda çox qədimdən
mövcud olub.
O dövrkü reallıqları özündə əks etdirən
ictimai birliklərin cəmiyyətin inkişafında
oynadığı mütərəqqi rol haqqında
Orxan-Yenisey abidələrindən, Dədə Qorqud və digər
dastanlarımızdan, Səfəvi və Qacar dövlətlərinin
təcrübəsindən çox şey öyrənmək
mümkündür.
Xalqımızın
mənəvi inkişafı və
maariflənməsi yolunda dövrünün çətin mübarizəsini aparan Nizami Gəncəvi,
Əfzələddin Xəqani, Şəms Təbrizi, Nəsrəddin
Tusi, Əcəmi Naxçıvani, Əbdülqadir
Marağayi, Abasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi və bu kimi onlarla tarixi
şəxsiyyətlərimizin fəaliyyətində və
yaradıcılığında ictimai birliklər, ayrı-ayrı
cəmiyyətlər və dərnəklər xüsusi rol
oynayıb.
SSRİ dövründə Azərbaycanda müxtəlif
elm, yaradıcılıq birlikləri, yardım və həmrəylik
cəmiyyətləri əsasən kommunist
ideologiyasının müəyyənləşdirdiyi çərçivələr
daxilində fəaliyyət göstərsələr də,
bütövlükdə, onlar xalqımızın
özünütəşkil prosesinin ilkin rüşeymləri
rolunu oynayaraq dövlətçilik naminə vacib işlər
gördülər.
Lakin bütün bunlara baxmayaraq, müasir anlamda
qeyri-hökumət təşkilatlarının və ya ictimai
birliklərin vətəndaş cəmiyyətinin əsas elementi
kimi təşəkkül tapması yalnız dövlət
müstəqilliyimizi ikinci dəfə əldə etdikdən
sonra mümkün oldu.
Beləliklə,
çox da böyük bir dövrü əhatə etməyən
müstəqillik dönəmində Azərbaycanda ictimai
sektorun təşəkkül və inkişaf tarixini 3 mərhələyə
bölmək zərurəti yaranır: I mərhələ
1988-1993, II mərhələ 1993-2003, III mərhələ
2003-2006 və nəhayət IV mərhələ 2006-2014.
Məlum
olduğu kimi, milli azadlıq mübarizəsi dönəminə
və dövlət müstəqilliyimizin ilk illərinə təsadüf
edən I mərhələdə ictimai birliklərin üzərinə
çox ağır və çətin bir missiya
düşmüşdü: onların, demək olar ki,
hamısı öz həqiqi missiya və təyinatlarını
dövrün tələbi olan siyasi məzmunla
uyğunlaşdıraraq fəaliyyət göstərirdilər.
Bu mərhələdə yaranmış müxtəlif səpkili
ictimai birliklər, klublar, dərnəklər, cəmiyyətlər
müstəqillik ideyasının güclənməsinə,
imperiya dayaqlarının zəifləməsinə, milli
istiqlal mübarizəmizin, bir növ, cari problemlərin həllinə,
ölkəmizin informasiya blokadasından çıxmasına
böyük təkan verdi, gələcək siyasi təşkilatlanma proseslərinə öz müsbət təsirini
göstərdilər.
Bu
dövrün real statistikasına nəzər salsaq, görərir
ki, 1988-1993-cü illərdə ölkəmizdə yaradılan
198 ictimai birlik əsasən qaçqın və məcburi
köçkünlərin yerləşdirilməsi, onların
gündəlik yaşayış
problemlərinin həlli, ayrı-ayrı bölgələrimizdə
humanitar və siyasi böhranın aradan qaldırılması,
hüquq müdafiəsi və informasiya yayımı sahəsində
boşluğun doldurulmasına cəhd edir və bu sahədə
ixtisaslaşmağa calışırdılar.
1992-ci ildə "İctimai birliklər haqqında"
qanunun qəbulu isə ictimai sektorun təşəkkül
tarixinin I mərhələsinin ən yaddaqalan hadisəsi hesab
oluna bilər.
Vaxtilə məhz həmin Qanuna görə
birincilər sırasında dövlət qeydiyyatına
alınaraq formalaşmağa başlamış ictimai təşkilatlar
müasir Azərbaycan QHT hərəkatının
öncülləri sayılır. Onların
əksəriyyətinin uğurlu fəaliyyəti bu gün
ölkəmizdə və onun hüdudlarından
çox-çox kənarlarda layiqincə tanınır.
II mərhələdə,
yəni 1993-2003-cü illərdə ictimai sektor
özünün hərtərəfli formalaşma və intibah
dövrünü yaşadı. Belə ki, Ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə insan
hüquqları və azadlıqlarına, eləcə də vətəndaşların
sərbəst birləşmək azadlığına geniş yer ayıran ölkə
Konstitusiyanın qəbulundan sonra İctimai Sektor
özünün yeni inkişaf
və formalaşma mərhələsinə qədəm
qoydu. Ölkədə
QHT fəaliyyətinin
böyük populyarlıq dövrü məhz bu zamana təsadüf
edir.
Bu mərhələ
həm də onunla xarakterizə olunur ki, Dağlıq
Qarabağ cəbhəsində atəşkəs haqqında
imzalanmış 1995-ci il sazişindən
sonra ölkədə demokratik və hüquqi dövlət
quruculuğu sahasində ciddi islahatlar aparılmağa, vətəndaş
cəmiyyətinin gücləndirilməsi istiqamətində
geniş miqyaslı quruculuq işləri görülməyə
başladı. Bu tarixi missiyanın uğurla həyata
keçirilməsi işində fəal iştirak etmək məqsədilə
vətəndaşlar müxtəlif təşkilatlarda birləşərək,
yüzlərlə ictimai birlik və ya qeyri-hökumət təşkilatı
(QHT) yaratmağa nail oldular.
Dövlət tərəfindən İctimai Sektorun
inkişafına ilk sanballı töhfə 1997-ci ildə
edildi. Həmin
il BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan
hökuməti arasında "Azərbaycan qeyri-hökumət
təşkilatlarının institusional inkişafı və vətəndaş
cəmiyyəti quruculuğuna kömək" adlı birgə
layihənin həyata keçirilməsi haqqında saziş
imzalandı. Layihənin icrası
üçün yaradılmış "QHT-lərin Resurs və
Təlim Mərkəzi (QRTM) 1998-ci ilin iyun ayından etibarən
ictimai sektorun inkişafı istiqamətində fəaliyyətə
başladı.
QRTM-in
qarşısında duran əsas vəzifələrdən biri
ayrı-ayrılıqda və pərakəndə şəkildə
fəaliyyət
göstərən QHT-ləri bir araya gətirmək,
onların fəaliyyətini əlaqəndirə bilən
çevik bir mexanizm yaratmaq və bununla da ölkə QHT-lərinin
ümumi məsələlərdə həmrəyliyini və
iş birliyini təmin etməkdən ibarət idi. Həqiqətən
də həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi,
hökumət strukturları, beynəlxalq və donor təşkilatlar,
eləcə də ictimaiyyətlə effektiv əlaqələrin
qurulması, onların bürokratik, əngəllərdən və
təzyiqlərdən birgə müdafiə olunması,
İctimai Sektorun inkişafına
hər cür yardım göstərilməsi
üçün onların koalisiyasının
yaradılmasına böyük ehtiyac vardı. Dünya təcrübəsinə
əsaslanan belə bir əlaqələndirmə və III sektorun ehtiyaclarını qarşılamaq
mexanizmi kimi, Forumun yaradılması ideyası QHT-lər tərəfindən
dəstəkləndi. Beləliklə, vətəndaş cəmiyyəti
quruculuğu sahəsində özünəməxsus təcrübə
sayılan, QHT ictimaiyyətinin güc mərkəzinə və
güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət
Təşkilatlarının Forumu (MQF) 1999-cu il iyunun 11-də
95 təşkilat
tərəfindən Bakıda təsis edildi.
O
dövrün reallığı ondan ibarət idi ki,
"qeyri-hökumət təşkilatı" ifadəsi bəzi
hökumət rəsmiləri tərəfindən mənfi
qarşılanır və ya dövlət (hökumət) əleyhinə
olan qurumlar kimi qəbul olunur və bu səbəbdən də
onlarla hər hansı bir ciddi əməkdaşlıqdan imtina
edilirdi. Bütövlükdə, Azərbaycan cəmiyyətinin
özünün də həyatımızı ən müxtəlif
sahələrini əhatə edə bilən çoxşaxəli
QHT fəaliyyəti haqqında təsəvvürləri
çox məhdud idi. Təbii ki, belə
şəraitdə effektiv çalışmaq, cəmiyyət
üçün zəruri olan işləri uğurla yerinə
yetirmək çox çətin idi. Ümummilli Lider
Heydər Əliyev bu buzu sındırmaq və QHT-lərə
münasibətdə formalaşmış ədalətsiz
stereotipi aradan qaldırmaq missiyasını öz üzərinə
götürərək 3 nəfər QHT rəhbərini
(Qadın və İnkişaf Mərkəzinin sədri Elmira
Süleymanova, SECA beynəlxalq fondunun prezidenti Rövşən
Xəlilov və Milli QHT Forumunun
prezidenti Azay Quliyev) 1999-cu ilin noyabr ayında ATƏT-in
İstanbul Sammitində iştirak edən nümayəndə
heyətinin tərkibinə daxil etdi. Bu
missiyanın davamı olaraq, İstanbul Sammitinin yekununa həsr
edilmiş müşavirədə Heydər Əliyev QHT
nümayəndələrinə çıxış etmək
imkanı da yaratmaqla dövlət başçısı kimi
onlara öz müsbət münasibətini bir daha bəyan
etmiş oldu.
Etiraf edilməlidir ki, məhz ümummilli
liderin bu addımından sonra ölkədə QHT sektoruna olan
münasibət və yanaşma tamamilə dəyişdi, QHT-lərin
fəaliyyətinə təkcə Bakıda yox, o cümlədən
Azərbaycanın bütün ərazisində - rayon mərkəzləri
və kəndlərində,
sözün əsl mənasında, yaşıl işıq
yandırıldı. Nəticə etibarilə
2000-ci ildə "qeyri-hökumət təşkilatı"
termini Azərbaycanda qanunvericilik səviyyəsində təsbit
olundu və Milli Məclis tərəfindən
"Qeyri-Hökumət Təşkilatları" (İctimai
Birliklər və Fondlar) Haqqında Qanun qəbul olundu.
Elə həmin ildə Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu BMT İnkişaf Proqramı və Dünya
Bankının texniki və təşkilati
dəstəyilə "Yerli
QHT-lərin İnkişaf Proqramı" layihəsini həyata
keçirməyə başladı. Məhz bu layihənin həyata
keçirilməsi sayəsində respublikanın 5 regionunda
(Əli Bayramlı, Mingeçevir, Şəmkir, Qəbələ,
Quba) Regional QHT-lərin Resurs və Təlim Mərkəzi, 53
rayonunda isə QHT-lərin Əlaqələndirmə Mərkəzləri
yaradıldı.
QHT-lər bu dövrdə milli proqram və layihələrin
hazırlanması və dəstəklənməsində
yaxından iştirak etdilər. 2001-ci ildə 15 müxtəlif sahə üzrə fəaliyyət
göstərən işçi qrupun hər birində 3 təşkilat
olmaqla, 45 QHT "Yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramının
hazırlanmasına öz
töhfəsini verdi.
2002-ci ildə
isə məqsədyönlü şəkildə "Anti
BTC" kompaniyaya başlamış dünyanın 30-dan
çox ölkəsini əhatə edən 64 xarici QHT-nin fəaliyyətini
neytrallaşdırmaq məqsədilə Milli QHT Forumu
"BTC-yə dəstək və monitorinq beynəlxalq ictimai
koalisiyası" nı təsis etdi. Koalisiyaya onun
missiyasını dəstəkləmək üçün
Gürcüstan və Türkiyə QHT-ləri ilə birlikdə
300-dən çox təşkilat qoşuldu və bu istiqamətdə
xeyli iş görüldü.
Azərbaycanda
QHT sektorunun inkişaf tarixinin II mərhələsindən
danışarkən xüsusilə qeyd olunmalıdır ki, bu
müddət ərzində ictimai sektor üçün
mühüm olan məsələlər barədə hökumətlə
daim müzakirələr aparılmış, QHT sektorunun
inkişafı üçün dövlət proqramının
layihəsi hazırlanmış, yüzlərlə seminar və
təlimlər keçirilmiş, bu təlimlərdə
iştirak edən QHT təmsilçilərinin bilik və səriştəsi
xeyli artırılıb. Ən mühüm cəhətlərdən
biri də budur ki,
həmin mərhələdə QHT-lərin konkret
sahələr üzrə ixtisaslaşması prosesi tam başa
çatıb. Onlar ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğu, demokratik və hüquqi dövlətin
formalaşması, Azərbaycanın dünya birliyinə
inteqrasiyası, insan haqlarının qorunması, sosial və
iqtisadi islahatların aparılması, qaçqın və məcburi
köçkün problemlərinin həll edilməsi, elm, təhsil
və mədəniyyət sahəsindəki boşluqların
doldurulmasına yardım etməklə 24 fəaliyyət
istiqamətini əhatə edə bildilər.
2003-2006-cı illəri əhatə edən III mərhələ
postsovet məkanında QHT-lərin ictimai fəallığı
və siyasi proseslərə müdaxilə imkanlarının
genişliyi xüsusilə yaddaqalan oldu. Bu aktivlik Azərbaycanda da
kifayət qədər dolğun şəkildə
özünü büruzə verdi. Belə ki, 2003-cü ilin sonlarında "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və reyesteri
haqqında" qanunun qəbul edilməsi QHT hərəkatında
yeni bir canlanmaya və QHT-lərin qeydiyyatının
asanlaşdırılmasına səbəb oldu.
Fikri əsaslandırmaq
üçün yalnız onu demək kifayətdir ki, ötən
3 il ərzində QHT-lərin ən vacib problemləri sistemli
şəkildə müzakirə edildi, ictimai və milli əhəmiyyət
kəsb edən əksər məsələlərdə QHT-lər
öndə olmağı bacardı, regionlarda xeyli fəallıq
nümayiş etdirildi, 100-dən çox kütləvi tədbir
və 500-dən çox layihə həyata keçirildi.
2004-cü ildə QHT-lərin yaranması baxımından
rekord göstərici əldə olundu və il ərzində
934 təşkilat
təsis edildi.
Bu mərhələdə
QHT-lərin dövlət qeydiyyatına alınması sahəsində
mövcud problemlərin
həllinə yönəlik addımlar öz bəhrəsini
verdi: 2004-cü ildə 168, 2005-ci ildə 378, 2006-cı ildə
466 QHT dövlət qeydiyyatına alındı.
Bu, hər
şeydən əvvəl, mövcud problemləri həll etmək
üçün hökumət rəsmilərinin QHT-lərlə
açıq müzakirələrə hazır olması, vətəndaş
cəmiyyəti təmsilçilərinin
qaldırdıqları məsələlərə çevik
reaksiya verməsi və ciddi əməkdaşlıq
üçün siyasi iradə nümayiş etdirməsilə izah olunur. QHT-lərin həyata
keçirdiyi proqram və layihələrin əvvəlki illərə
nisbətən hökumət tərəfindən daha çox
dəstəklənməsi, QHT-lərin inkişafı məsələlərinin
rəsmi səviyyədə müzakirə olunması, QHT-lərlə
iş üzrə Dövlət Komitəsinin yaradılması təklifi
ilə Prezident Aparatının çıxış etməsi,
"Mədən sənayesində şəffaflıq" təşəbbüsünün
tətbiqinə dair QHT-lərlə memorandumun imzalanması,
ictmai rəydə güclənən QHT mövqeyinin nəzərə
alınması və digər mühüm faktlar yuxarıda
dediklərimizin təsdiqi kimi qəbul edilə bilər.
İctimai
sektorun tarixində ilk dəfə olaraq, 26 aprel 2006-cı ildə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Milli QHT Forumunun VI
qurultayına təbrik məktubu göndərməsi və
QHT-lərin fəaliyyətini yüksək qiymətləndirməsi
isə dövlətin ən ali səviyyədə
QHT sektoruna verilən dəstək kimi alqışlarla
qarşılandı.
Həmçinin
Azərbaycanın inkişafında maraqlı olan bütün
qeyri-hökumət təşkilatları bu müddət ərzində
iqtisadi, sosial və hüquqi problemlərin həlli, ölkəmizin
avro-atlantik məkana inteqrasiyasına yönəlmiş
islahatları, ən başlıcası isə ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası
istiqamətində dövlətimizin atdığı
bütün addımları dəstəkləyərək bu
islahatların konkret nəticələr verməsi
üçün öz köməyini əsirgəməmişdi.
Həmin
illərdə ölkəmizdə QHT Sektorunun xətti ilə
ümumi dəyəri təxminən 38 milyon 694 min ABŞ
dollar olan 1733 layihə və proqram həyata keçirildi. Təmənnasız və qrant şəklində
ölkəyə daxil olan bu vəsait əsasən əhalinin
maarifləndirilməsi, insan hüquqlarının qorunması,
məsləhət, təlim, təhsil, səhiyyə, ekologiya,
məşğulluq və digər sahələrdə
mövcud olan problemlərin həllinə yönəldilmişdi.
QHT-lərimiz həmçinin işğaldan azad olunmuş ərazilərin
minalardan təmizlənməsi, qaçqın və məcburi
köçkünlərin üzləşdiyi çoxsaylı
problemlərin həllində dövlət qurumları və
beynəlxalq humanitar təşkilatlarla birlikdə çox əhəmiyyətli
layihələr həyata keçirmişdilər.
Sonuncu mərhələdə isə QHT sektorunun daha da
güclənməsi ilə müşahidə edildi. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət
Dəstəyi Şurası yaradıldı. Şuranın yaradılması ilə QHT-lərin fəaliyyəti
üçün geniş imkanlar yaradıldı. Məhz hazırda ölkə QHT-lərinin vətəndaş
cəmiyyətinin aparıcı qüvvələrindən
birinə çevrilməsinin səbəbi QHT
Şurasının məqsədyönlü fəaliyyətinin
nəticəsidir.
Milli donor institutunun yaradılması ilə QHT sektorunun
xarici asılılığının azaldılması istiqamətində
mühüm addım oldu.
İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, cəmiyyətdə sosial tərəfdaşlıq
münasibətlərinin yaranması həm müxtəlif sahələrdə
aparılan islahatların, həm də demokratikləşmə
prosesinin əsas şərtlərindən biridir. Sosial tərəfdaşlıq
və sosial həmrəylik isə hər şeydən əvvəl
dövlət orqanlarının, biznes sektorunun və
qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığını
nəzərdə tutur. Demək olar ki, bu gün
sahibkarlar QHT-lərlə əməkdaşlığa,
onların layihə və proqramlarının dəstəklənməsinə
çox az maraq göstərirlər. Mövcud əlaqələr isə hazırkı
potensiala və ehtiyaclara uyğun deyildir. O da
aydındır ki, özəl sektorla üçüncü
sektor arasında sıx əməkdaşlıq yalnız o
halda ola bilər ki, dövlət də bu
prosesdə iştirak etsin və hər üç tərəfin
birgə fəaliyyətinə şərait yaratsın. Buna görə də cəmiyyətdə sosial tərəfdaşlıq
münasibətlərinin inkişaf etməsi üçün
dövlət, özəl sektor və QHT-lərin birgə əməkdaşlığı
çox vacibdir. Sevindirici haldır ki,
dövlətimiz QHT-lərin fəaliyyəti üçün əlindən
gələn heç bir işi əsigəmir.
Həqiqətən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoydu. Belə ki, dövlət başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün ilk dəfə dövlət büdcəsindən maliyyə ayrıldı, QHT-hökumət münasibətləri yeni müstəviyə keçdi və vətəndaş cəmiyyətinin güclənməsi naminə ictimai sektorun bütün potensialının səfərbər olunmasına start verildi.
Konsepsiyada nəzərdə tutulduğu kimi, Şura tərəfindən ölkə QHT-lərinə məlumat, konsultativ, metodiki, təşkilati-texniki və maliyyə dəstəyi verilir. Bu sırada 2008-ci ildən etibarən Şuranın aylıq "Vətəndaş cəmiyyəti" jurnalı nəşrə başlamış və indiyədək onun 20 sayı işıq üzü görmüşdür. Həmçinin, ölkə QHT-lərinin həyatında baş verən bütün yeniliklərin ictimaiyyətə çatdırılması üçün Şuranın daim yeniləşdirilən qhtxeber.az saytı fəaliyyət göstərməkdədir.
QHT dövlət tərəfindən dəstəklənməsi demokratik dəyərlərin dəstəklənməsinin təzahürüdür. Başqa sözlə, dövlətin QHT-lərə maliyyə dəstəyi o deməkdir ki, buyurun, inkişaf edin, cəmiyyətin müxtəlif qatlarında olan problemləri önə çəkin, həll edin. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə dəstəyi almış layihələrə nəzər saldıqda görürük ki, onların hamısı Azərbaycan vətəndaşının maraqlarına qulluq edir: Qarabağ bloqunun yaranması, İrəvan xanlığı barədə arxiv materiallarının tədqiqi və filmin çəkilməsi, cəzaçəkmə müəssisələrində ixtisaslaşmış tibbi müayinə, konkret yerlərdə ekoloji problemlərin aşkarlanması və həlli, əyalətlərin fəallaşması, əlillərə kompüter öyrədilməsi, xəstə və aztəminatlı uşaqlara yardım, gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin internetdə işıqlandırılması, dünya ictimaiyyətini maraqlandıra bilən kitabların tərcüməsi və nəşri, ölkəmizin mənafeyinə xidmət edən internet saytlarının yaranması və digərləri bu sıradandır.
AQİL
525-ci qəzet.-
2014.- 18 mart.- S.6.