"Özbəkistanda Azərbaycan ədəbiyyatını çox sevirlər"  

 

Müsahibimiz  özbək ədəbiyyatşünası, Özbəkistanda nəşr olunan "Cahan ədəbiyyatı" dərgisinin baş redaktoru, filologiya elmlər namizədi Şöhrət Rizayevdir.

Pərvin: Hörmətli Şöhrət bəy, artıq bir ildən çoxdur ki, Özbəkistanın  "Cahan ədəbiyyatı" dərgisinin baş redaktorusunuz. Bildiyimə görə, bu dərgi əsasən başqa xalqların ədəbi nümunələrini yayımlayır. Ümumiyyətlə, Türkdilli ölkələrdə son illərin ədəbi mənzərəsini necə görürsünüz?

Şöhrət Rizayev: Bu suala ətraflı cavab vermək çətindir bir az. Elə bizim də əsas narahatlığımız son illərdə yaranan, yazılan ədəbiyyat nümunələrindən xəbərsizliyimizdir. Bu dərgi 1997-ci ildə Prezident İslam Kərimovun şəxsi təşəbbüsü ilə yaradılıb. Əsas məqsəd də gənclərimizi, ümumiyyətlə oxucularımızı  maarifləndirmək, dünya ədəbiyyatı ilə tanış etməkdir. Amma dediyim kimi ən yeni ədəbiyyatla tanış olmaq imkanlarımız zəifdir. 

Pərvin: Amma indi əlaqələrin yaranması, genişlənməsi üçün imkanlar var. Hazırda internet vasitəsiylə saytları, yeni yayımlanan əsərləri izləmək çətin deyil, məncə. Yaxud elə siziniştirak etdiyiniz, Avrasiya Yazarlar Birliyinin "Dərgilər Konqresi", "Çeviri Simpoziumları" da bu cür əlaqələrin yaranmasına kömək olur...

Şöhrət Rizayev: Doğru deyirsiz. Mən də çox razıyam, sevinirəm ki, heç olmasa belə toplantılarda iştirak edib, ümumi işlərimizdən, maraqlarımızdan danışa, müzakirələr edə bilirik. Amma hər halda özümüzdən çox şeylər asılıdır. Məsələn, bir məqamı deyim ki, Özbəkistanda Azərbaycan ədəbiyyatını çox sevirlər. Amma biz yalnız ötən əsrin 80-90-cı illərə qədərki ədəbiyyatı tərcümə edib çatdırırıq oxucularımıza, çünki yeni əsərlər əlimizdə yoxdur. Düzdür, Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzi var, onlarla əlaqə saxlayıb bəzi kitabları alırıq, amma bu da əsasən klassiklərin əsərləri olur. Bu mənada daha ciddi işləməyə, bəlkə də ümumi layihələrə ehtiyac var. 

Pərvin: "Cahan ədəbiyyatı" jurnalının 2012-ci il oktyabr nömrəsini Azərbaycan ədəbiyyatına həsr etmisiniz. Əsərlərin seçilməsində hansısa bir prinsip varmı?

Şöhrət Rizayev: Ayrı-ayrı ölkələrin ədəbiyyatlarına həsr etdiyimiz nömrələr əsasən hansısa tarixi hadisə ilə bağlı olur. Məsələn, həmin xalqın hansısa milli bayramı, Müstəqillik günü, yaxud Respublika günüylə. Məhz oktyabr nömrəsinin də Azərbaycan ədəbiyyatına həsr olunması bununla bağlıdır, 18 oktyabr Müstəqillik günü ilə. Ədəbi nümunələrdən başqa həm də tarixə nəzər salırıq. Gördüyünüz kimi bu nömrədə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi ilə yanaşı özbək professoru Naim Kərimovun onun haqqında məqaləsi də yer alıb. Bu özübir növ təqdimatdır. Poeziya nümunələrinə də yer ayırmışıq. Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli kimi klassiklərin, eyni zamanda Ramiz Rövşən kimi müasir, amma özünü təsdiq etmiş böyük şairlərin şeirlərini yayımlamışıq. Üz qabığında rəssam Asəf Cəfərovun "Mənim Azərbaycanım" tablosunu vermişik. Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun müsahibəsi də dərgidə yer alıb. Bunları deməkdə məqsədim odur ki, əsas prinsipi hiss edəsiniz, yəni biz bir neçə ədəbiyyat nümunəsi ilə deyil, sənəti, mədəniyyəti bütöv təqdim etmək istəyirik. Gələcəkdə Azərbaycanın gənc yazıçılarının da, şairlərinin də əsərlərini tərcümə edib özbək oxucusuna çatdırmağımız yaxşı olardı. 

Pərvin: Tərcümələrin səviyyəsindən necə, razısınızmı? Axı yeni əsərləri əldə etməkdən əlavə, onların həm də uğurlu tərcüməsi məsələsi var...

Şöhrət Rizayev: Düşünürəm ki, tərcümə sahəsində elə ciddi problemlərimiz yoxdur. Həm yaşlı, yəni özünü təsdiq etmiş, həm də gənc tərcüməçilərlə işləyirik. Bilirsiz ki, əvvəllər dünya ədəbiyyatını əsasən ruscadan tərcümə edirdik. Amma hazırda bir çox dillərdən tərcümələr edilir. Rus, ingilis, fransız ədəbiyyatını orijinaldan çeviririk. Hətta yapon, çin ədəbiyyatını da orijinaldan çevirməyi düşünürük. Daha doğrusu istedadlı, bu dillərə marağı olan gənclərə dili daha dərindən öyrənməyə, mənimsəməyə, bədii dilin incəliklərinə yiyələnməyə kömək edirik. Bu da əsasən kurslar, dil layihələri ilə həyata keçirilir. Məsələn, bu günlərdə Nobel mükafatçısı Mo Yanın əsərini 25 yaşlı gənc xanım özbəkcəyə tərcümə edib.

Pərvin: Hər halda hər iki dilin bədii çalarlarını duymaq, çatdırmaq üçün  təcrübə də lazımdı...

Şöhrət Rizayev: Şübhəsiz! Tərcümələrlə bağlı əsas narahatlıqlarımız da bununla bağlıdı. Gənclər dili bilirlər, amma bədii dil tamam başqadı. Bunu duymaq üçün zaman lazımdı. Biz "ədəbi laboratoriyalar" yaratmışıq. Yəni daha təcrübəli tərcüməçilər, yazıçılar gənclərlə həftədə bir dəfə görüşür söhbətlər aparır, master-klasslar keçirlər. Deyim ki, bu çox gözəl effekt verir. Bu məsələlərə nikbin baxıram. Əsas odur ki, istedadlı, ədəbiyyatla maraqlanan gənclər var, onlarla işləmək isə bizim üçün zövqdü.

Pərvin: Hazırda internet medianın inkişafı, gənclərin daha çox buna maraq göstərməsi ilə əlaqədar kağız dərgilərin, qəzetlərin tirajları xeyli enib. Dərginizin yayılması, reklamı üçün hansı işləri görürsünüz?

Şöhrət Rizayev: Bilirsiz, mən sizin "Azərbaycan" dərgisinin baş redaktoru İntiqam Qasımzadə ilə söhbət edəndə xeyli təəccübləndim. Bu dərginin səviyyəsini bilirəm, hələ sovet dövründən yüksək tirajla çıxırdı. Amma indi oxucularının sayının azalması kədərlidi əlbəttə. Bu, dediyiniz kimi gənclərin maraqlarının dəyişməsi ilə bağlıdır. Amma hər halda ciddi, hərtərəfli təbliğat nəticəsini verir. Özbəklər mütaliə sevən millətdirlər. Ancaq hazırda "Cahan ədəbiyyatı" dərgisinin 3000-3500 tirajla çapı yayım şəbəkəsinin xidmətidir. Çalışırıq populyar, maraqlı, səviyyəli əsərləri yayımlayaq ki, oxucu marağı azalmasın. Amma hər halda müasir dünyada reklama çox ehtiyac var.

Pərvin: Təşəkkür edirəm, Şöhrət bəy. Düşünürəm ki, Türkdilli Ölkələrin Ədəbiyyat Dərgiləri Konqresində yeni yaranan ədəbi-mədəni  əlaqələr gələcək işlərinizdə də fayda verəcək.

Şöhrət Rizayev: Bizim də arzuladığımız budur. Konqresdə Azərbaycandan və başqa türkdilli ölkələrdən ədəbi dərgi, qəzet redaktorları ilə tanışlıqlarımın uğurlu nəticə verəcəyinə, ümumi layihələrin, ortaq işlərin daha çox olacağına inanıram.

 

525-ci qəzet.- 2014.- 18 mart.- S.5.