Su, Torpaq, Od, Hava...

 

 

 

 

Suyun öz tərkibi də heç şübhəsiz, bu başa çıxartdığım dörd ünsürdən ibarətdir. Yəni, mən bu fikirdəyəm ki, su da tərkibcə həmin ardıcıllıqla özündən-yəni sudan, sonra torpaqdan, oddan, havadan başqa bir şey deyil. Eləcə də torpaq; sudan, özündən, oddan və havadan doğulub. Sözümün canı yaxşı anlaşılsın deyə, yazıya belə başlamağı lazım bildim. Ona görə ki,  Novruz (İl-Ay) bayramının bu ilki çərşənbə axşamlarını da düzgün keçirtmədik; su çərşənbəsindən sonra yalnış olaraq od çərşənbəsini qarşıladıq. Gəlin düşünək, sudan sonra od gələrmi heç?! Belə bir şey mümkün olsaydı, yəni sudan sonra od gəlsəydi yer üzündə canlı qalmazdı. Yəni yer üzünün özü də olmazdı...

 

 Düşündüklərimə görə kosmik aləmdə həyat işartısı ona görə yoxdu ki, dediyim ardıcıllıq orda bu sırayla gəlmir. Ola bilsin ki, hava birinci sıradadır, "Yalnış da bir naxışdır" deyək... Kosmik aləmdə xaosun- qarışıqlığın yaşanması da ona görədir. Başlığa çıxartdığım dörd ünsürün su, torpaq, od, hava ardıcıllığının bu düzəni orda yoxdur. Bu səbəbdən də kosmik aləmi xaos-qarışıqlıq adlandırırıq;baxmayaraq, kosmik aləmdə də düzən-sahman var,orda da hərəkət "zərgər dəqiqliyiylədir"... təbii olaraq bu "qarışıqlıqda" da ilk öncə su axtarırıq. Niyə ? Çünki su varsa torpaq da olmalıdır...torpaq varsa od mütləq var və havasız bunların heç birinin olmağı mümkün deyil..Beləliklə, bu dörd ünsürü, yalnız bu ardıcıllıqla, canlı aləmin kodu, açarı, yaşayış-yaşam daşıyıcısı hesab etməliyik. Kosmik aləmdə indiki halında ola bilsin, hava birinci sıradadır. Ola bilsin su da var, amma öz yerində,-sırasında deyil. Çox mümkündür ki, havadan yaxud sudan sonra od gəldiyi üçün hər şey yanıb kül olur, torpağın nişanəsi olaraq burulğan halında toz var, su bulud şəklindədir. Ona görə də tanıdığımız planetlərdə həyat əlaməti yoxdur. Bir sözlə, başlığa çıxartdığım ardıcıllıq pozulan yerdə həyatın,-canlı aləmin olması mümkün deyil, fikrindəyəm. İnsanın özü də dörd ünsürün bu ardıcıllığından ibarətdir. Əgər insanda da, bizim Novruz bayramında çərşənbə axşamlarını, sudan sonra od çərşənbəsini qeyd etdiyimiz kimi, birinci su, sonra od gələrsə düşünürəm ki, fəlakət olar.

 

Əlbəttə, hər birinə hörmətim olsa da deyə bilərəm ki, yanlışlıq bizim bəzi elm adamlarından,-etnoqraflarımızdan, folklorçularımızdan, tarixçilərimizdən gəlir: "Qurani- Kərim"də   deyilir: sudan torpaq, gil götürdüm, yoğurdum, yapdım, odda bişirdim, üfürüb ruh verdim, gözlərini açdı. İndi bu gedişə-prosesə kiçicik bir dəyişiklik etsək nəyinsə alınacağına ümid etmək mümkündürmü? Bu da gerçəkdir ki, bu  bayramla bağlı çox  tarixi ağrılar- acılar çəkmişik, qadağalar-yasaqlar yaşamışıq...

 

Düşünək, bu yasaqlar-qadağalar nəyə görəydi? Sovetlər Birliyinin dinsizlik dönəmində belə, sonacan din yığışdırılmadı, amma Novruz bayramı elə yığışdırıldı ki, yaddaşımızda bu cür kosmik xaos-qarışıqlıq yarandı..Nəyə görəydi bütün bunlar?! Ona görəydi ki, bizim varlığımızı qəbul etmək istəməyənlər Novruz bayramının dahiyanə gerçəkliyini bizdən yaxşı bilirdilər. Bilirdilər ki, harda daha güclü olarıq, bizim gücümüz harda daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün birbaşa varlığımıza bağlı olan Novruz bayramını sıradan çıxartmaq, daha doğrusu, bununla da bizim özümüzü sıradan çıxartmaq istəyirdilər.

 

Hər halda biz öz doğma dilimizdə İlin-Ayın axır (son) bayramı, qısaca olaraq İl-Ay bayramı dediyimiz Novruz bayramını ürəklərimizdə, evimizdə-köşəmizdə gizlədə-gizlədə də olsa yaşatdıq. Çox Şükür! Eli var olsun! Xalqı çox yaşasın! Beləliklə...

 

 

 

Su çərşənbəsi...

 

 Su çərşənbəsində deyərlər: "su damar gətirdi", "su haqdan gəlir". İslam dinini qəbul edəndən sonra onu da dedi ki, bu günün suyu "zəmzəm suyudu". İnamını dəyişmədi, ifadəsini dəyişdi. İlin-Ayın sonu olduğunu bilirdi... Bütün zamanlarda Son, daha doğrusu, qurtaracaqlar özündə həm də başlanğıcları yaşadır. Xalq bilirdi ki, hər şeyin yenidən doğulan,-başlanğıc çağıdır: "Su ilkdi,-dedi- hər şeyi suya çəkin". Hər şey suya,-başlanğıca çəkildi, yuyulub yaxandı. Qocalar, yaşlılar dirçəlib canlandılar, soyuq suya girə bilməsələr də "çilək altdan" keçdilər, yəni üstlərinə başlarına su çilədilər. Qundaqda olanların qundağına su çiləndi. Hansı qundaq çilək altda gülümsədisə : " Suyun əli dəydi uşağa, su uşağa toxundu" dedilər, sevindilər, güldülər.  Qapı-bacalar süpürülüb sulandı. Bacalar təmizləndi, pəncərələr silindi. El diliylə desək: "Evlərin içi eşiyə töküldü". "Olanlar olmalıdır yenə, amma olanların-qalanların ağırlığını-yağırlığını yuyun", dedilər. Belə də deyim var: "Suyu çıxacaqdan qoy (axıt), odu girəcəkdən (qala)". Yəni, pis niyyətlə yurda ayaq basan olursa Od yusun, pis niyyətlə çıxan varsa su yusun... 

 

Yalnız su çərşənbəsində işlənən belə bir deyim də var: "Suyun bu gün qapısı açıqdı, məni yu, deməsən də yuyacaq".

 

Yadımdadı, nənəm deyərdi ki, sudan izin almasan su səni yumaz. Deyərdi, su duaların getdiyi yerə axır. De, ey su, məni yu. Su səni yuyub ruhuna damacaq, təmizlik, sərinlik, sağlamlıq gətirəcək.  Hər şeyin doğrudan da yenidən doğulduğunu bilirdilər, dedilər,: "Su açıqdı, sən də açıq ol, qapanıb basaratını bağlama." ("Basarat" sözü burda qapı- yurd- ərazi mənasındadır. Gəncəbasar, Basarkeçər yer adları da bu mənada yaranıb). İl də yenidən doğulur, başlanğıcda pis söz danışma, könülə dəymə, "göz namərddi, əl comərd", əlini boş saxlama, həmişə bir işin qulpundan yapış, çünki əl boş olanda küyə gedər, ayaq boş olanda iyə gedər. Bil ki, hər şeyin, daha doğrusu, hərəkətdə olan hər nə varsa hamısının başlanğıcı, yəni ilk addımı, ikinci addımı, ortası və sonu var..."

 

 Demək istədiyim odur ki, elə bu gündən,- İlin- Ayın son günündən sabahını sahmana sal, nə eləyəcəyini bil, birinci addımı atmamış ikincini düşün. Bunu özün daha yaxşı demisən: "Çay gəlməmiş çırmanma", "Son sözünü üzə demə"... Bil ki, Yeni ilin gəlməsi hər şeyin yeniləşməsi, yenidən qurulması, yalanın, yanlışın, səhvin doğrulması deməkdir. Biz də səhvimizi doğruldaq, bilək və düşünək ki, yerini səhv salsaq da keçirtdiyimiz bu bayram çərşənbələri yalnız çalıb-oynamaq üçün yox, həm də düşünmək üçündür: işlədiyimiz  günahları səmimi qəlbdən anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf etməyi bacaraq ki, il boyu dinc, rahat yaşaya bilək. Belə olmasaydı bu bayramımız, indi baş-ayaq da olsa keçirtdiyimiz,  hətta bəzi telekanalarımızda ələ salıb, düşmənin belə etmədiyi tərzdə sataşdığımız bu çərşənbə axşamları istilalara, qadağalara, yasaqlara dözüb minilliklərlə içimizdə- çölümüzdə yaşamazdı. Hər şeydən öncə ona görədir ki, İlin- Ayın son gecəsində baş verən bu böyük Doğuş-Yaranış bayramı   daha çox elmi əsaslara söykənən, yaşadığımız fəsillərin-mövsümlərin gəlib getməyi kimi, gecənin -gündüzün açılmağı kimi var olan, öz dəqiqliyi, düzəni-sahmanıyla yaşayan, yerindən tərpənmədiyi üçün minillik ərəb əlyazmalarının "topal bayram"  dediyi bir təbii proses, Varlığın bir doğal gedişatıdır.

 

İl-Ay gecələrinin, yəni ilin -ayın son çərşənbələrinin,-bütövlükdə Novruz bayramının dərk edilən elmi əsaslarıyla yanaşı anlaşılmaz, sirrli, daha çox yuxulara yaxın məqamları, anları da çoxdur. Dediyim kimi yarandığı gündən dini -siyasi istilalara, qadağalara, yasaqlara baxmadan bu bayramı qeyd edən Xalq bu məqamları, sirrləri  dərindən anlamasa da bilir; nağıla, yuxuya bənzəsə də bilir ki, bu ərəfədə hərəkətdə-yaşamaqda olan hər şeydə talelərimiz haqda qeydə rast gəlmək mümkündür; bilir ki, "qapı pusmağa" gələn də ona görə o qapıya gəlir ki, o qapıda onun haqqında söz var, hər an rastına çıxa bilər. "Tanrı rastına çıxartsın" ifadəsi demək istədiyim fikri daha yaxşı anladır. İnanır  ki, "su çərşənbəsi"ndə axar sular damar gətirir, yəni daha da canlanır, duaların olduğu yerə can atır. Bir qab su bəlkə də başına yığışıb qaba üzük atan, iynə atan qızların duyğularına çevrilir. Bəlkə də...bu hər halda bizlik deyil, müasir dünya elminin də əlinin çatmadığı yerdi. Amma gerçəklərlə doludu. Minlərlə insandan soruş, doğru olduğunu söyləyəcək...

 

lll

 

Kəndimiz irili-xırdalı dağ çaylarının arasında "dəvə beli" iki dağın üstündə yerləşirdi. Bütün qeydlərimdə o kənddə gördüklərimə, yaşadıqlarıma  əsaslanıram...Su çərşənbəsində "o başdan", yəni dan sökülməmişdən demək olar ki, böyüklü- kiçikli hamını su üstündə görmək olardı. Hamı alaqaranlıqda çığırışa-çığırışa yuyunub yaxanmaqda olardı. Hər bayram ərəfəsində  çay yanı, yəni suya yaxın torpaqda "Dəlmə keçid" deyilən keçid düzəldərdilər, hər ev həyətinə gedən yolun girəcəyində öz od-tonqalını qalayardı, suda yuyunub, ağırlanıb-uğurlananlar: "Sudan keçdim, ağırlandım-uğurlandım, anam torpaq, sənnən də keçirəm, sən də ağırlığımı-yağırlığımı al, ağırla-uğurla məni!" deyib həmin "dəlmə keçid"dən, deşmədən keçərdilər, keçib də hərə öz tonqalına tərəf qaçardı, tonqalın üstündən atdanıb özünü oda verərdi. İstər qar olsun, istər yağış olsun, mənim təmsil olunduğum nəsil ilin-ayın son (axır) bayramını belə keçirən görmüşük, belə keçirmişik...

 

Bir çox elm adamları fikrini,- su çərşənbəsindən sonra od çərşənbəsinin gəldiyini sübut etmək üçün ustad aşıq Ələsgərin məşhur şeirindən misal çəkir: "abı, atəş, xaki, bad"... Gəlin, ustad Ələsgəri, özü demiş, "qannı tutmayaq", bədahətən deyilən şeirin düzəni-sahmanı bunu tələb edib. Hecanın, bölgünün, vəznin pozulmaması üçün belə lazım olub. Özü də farsca, heç nəyə də əsaslanmadan deyilib... Belə olmasaydı, dava-dalaş salan adamlara, ailələrə deyilən "biriniz od olanda, biriniz su olun" kimi ifadələr yaranmazdı.                                        

 

lll

 

Yeddi-səkkiz yaşımız vardı. İlin-Ayın son çərşənbə gecəsində bizim evə yığışdıq, analarımız bizə "duzlu kömbə" yedirtdi. Kömbənin, dedilər, duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa o qədər də duz tökdük, analarımız demiş, kömbə oldu duzbora. Yəni həddən artıq duzlu. Biz gözlərimiz yaşara-yaşara duzlu kömbəni axıracan yeyib yatdıq...Su istəsəydik də içə bilməzdik. Otaqdan su yığışdırılmışdı...Suyu yalnız yuxuda görə bilərdik. Mən doğrudan da suyu yuxuda gördüm. Həyətimizdə iri söyüd ağacları vardı, ağacların arasından bulaq qaynayırdı. Gördüm, bir qız həmin bulaqdan su doldurub mənə sarı gəldi. Suyu öz bulağımızdan doldursa da niyəsə uzaqdan gəlməyə başladı. Mən gözləyirdim, bilirdim ki , mənə su gətirəcək, gətirdi, suyu mənə uzadıb gülümsədi. Şəvə kimi qara saçları, yoğun, tək hörüyü vardı, arxaya atmışdı, gümüşü rəngdə saç bağıyla da bağlamışdı. Gözümü açanda başımın üstündə anamı gördüm:-Su içdinmi yuxuda? -hə,-dedim,- Bir qız qarşı dağdan enib mənə su gətirdi.

 

Özüm də dikəlib pəncərədən qonşu kəndin yoluna baxdım. Anam gülüb:-Boy,- dedi,- uzaqdan evlənəcəksən.

 

Elə də oldu, iyirmi ildən sonra Bakı Dövlət Universitetinə sənədlərimi verəndə qızı tanıdım, növbəyə durmuşduq, yuxuda gördüyüm gümüşü rəngdə saç bağı da hörüyündə, iyirmi ildən sonra  öz növbəsini yox,  məni gözləyirdi...

 

lll

 

Orta məktəbi qonşu kənddə bitirmişik, o vaxtlar məktəbin yataqxanası olmadığı üçün məktəbin özü bizə kənd evlərindən otaq kirələmişdi. Biz ağır daşlardan "ştanq" düzəltmişdik, elə torpaq döşəməli evin içində vaxt tapan kimi daş qaldırırdıq...Hansı çərşənbə axşamıydısa ev yiyəsi dedi:-Bala, daşı evdə saxlamayın, ağırlıqdı,il boyu ağırlığınnan çıxa bilmərik, üstümüzdə qalar, atın bayıra...

 

Daşı bayıra daşıdıq, qaranlıq çökmüşdü. Qızlar, qadınlar qulaq falına çıxıblarmış. Mən qucağımda qara daş qapını açdım, qapımızı pusmağa gəımiş qonşu qızla üz-üzə çıxdım...Aradan əlli il keçib o gözəl yaraşıqlı qızın daşa dönmüş üzünü hələ də unuda bilmirəm. Ağlaya-ağlaya dediyi sözlər də qulaqlarımdan getmir:-Bəxtimə gəlmişdim, üzümə daş çıxdı...

 

lll

 

Ola bilsin, çox şeylər təsadüflərə bağlıdır, çox ola bilər, amma xalq yaratdıqlarını yaşadır, yaşadıqlarını da təsadüfi hesab etmir...Bu məqamları, sirrləri yaşamağa can atması  da ona görədi. Xalqın bu sirrlər haqda düşündüklərini bir-iki kəlməylə belə ifadə edə bilərəm:  "bizlik olmayan yerin elmi..." 

 

          

 

Torpaq çərşənbəsi...

 

 Həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı bilməz. Təsəvvürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda yəni, ancaq bir şey var; sudan torpağa çıxmaq, torpağa, yəni yaşamağa...Sudan Oda çıxış yoxdu, ola da bilməz. Sudan Oda gedən yol məhvə, yox olmağa aparar. Suyla torpaq bir yerdə bətn kimidir, ana bətni kimi...Var olan hər şey bir-birinə bağlıdır, hər şey, əgər hərəkətdədirsə, öz yerini,-nədən sonra nəyin gəldiyini  bilir. Bununla da Yaranışın əbədi hərəkəti alınır. Bax, od indi gəlir, yalnız indi bu əbədi hərəkətə qatılır: ilıq-ilıq, gülümsəyə-gülümsəyə suyla torpağı-ana bətnini isitməyə, cücərtməyə gəlir...Bu cücərmə, yəni yerin,  el diliylə desək, cücük çağı əslində suyla torpağın qovuşduğu vaxta deyilir. Bu vaxt ana bətnində olduğu kimi, torpağa düşən toxum zamanı gələndə suyla torpağın tərkibindəki istiliklə- odla mayalanır, cücərir və Günəşi içir... "Günəşi içənlərin şərqisi..." Mənim düşüncəmə görə insanların bu bayramla bağlı bildikləri də dediyim həmin əbədi hərəkətin,- bu əbədi düzənin içindədir. Xalq bu əbədi düzənin içində olduğuna görə də bildiklərini hardan bildiyini anlamır, anlamaq da lazım olmur, təbiətə qarışıb yaşayır. Ona görə də təbiətin qanunauyğunluğu kimi insanlarımızın da bildikləri belə dəqiqdi, gözlə görünə biləcək, əllə toxunulacaq qədər gerçəkdir. Gecəylə Gündüzün bərabər olmağından böyük gerçəklik təsəvvür eləmək mümkündürmü?! Əgər bu Xalq bu böyük həqiqəti bilibsə və bildiklərini xırdalıqlarınacan qoruyub yadında saxlayıbsa, bununla da əhatəsində olduğu xalqlardan öz möhtəşəmliyiylə seçilib (bəlkə də qorxudub decək düz olar) bayramını keçirirsə elmi tədqiqatlar,-araşdırmalar adına alimlik edib  ona mane olmağımız nəyə lazım?! İndi qalxıb hərə bir söz deyir; biri deyir, dörd ünsürlə bağlı çərşənbələr olmayıb. Ola bilsin, elə bölgəmiz var ki, bu adətləri çoxdan unudub...Amma bütün hallarda Xalq elliklə suyun  ilk və sayalı- sınaqlı olduğunu bilib; torpağı, odu, havanı da eləcə. Bu dörd ünsürün üstündə inanclarını yaşadıb, özü demiş: oğrun-doğrun bayramını keçirdib.

 

Dediyim kimi torpaq çərşənbəsində əsas olan "Deşmə keçid"dir. Torpağın elə vaxtıdır ki, el diliylə desək elə bil "dincə qoyulub", indi gərnəşəcək, yəni torpağın suya açılan vaxtıdı, suyu içib üzünü Oda çevirəcək, isinib nəfəsini dərəcək...Bu ara həm də səməninin cücüyə qoyulması çağıdı. Ən çox da "Deyin səmənisi"...Yeniyetmə (ərlik) qızlar  bu vaxtlar bəxtlərinə səməni göyərdirlər.

 

Bu cür deyin səmənisi cücərdənlər əllərində də səməni "deşmə keçid"dən bu alxışlarla keçirlər: "Anam torpaq ağırla-uğurla məni, suçumu-günahımı al, ağırlığımı-yağırlığımı götür, dilək səmənisi böyütdüm, bax, bağrıma basmışam, səməni kimi oğul böyüdüm, qız böyüdüm. Anam torpaq, ayağım üstündə, əlim ətəyindədi. Yeməyimi verdin, diləyimi də ver!

 

Böyük bacılarımın, böyük bibilərimin yeniyetmə çağlarında hərənin öz səmənisi olardı; deyin səmənisi...Deyin-niyyət eləyib səməni böyüdərdilər. Üç-dörd yaşım olardı, az-çox yadımdadı, dili dualı, alxışlı "Deşmə keçid"dən keçərdilər. Sonrakı nəsillərdə artıq bunları görmədim, beş-on ilin içində çox şey dəyişmişdi; "Deşmə keçid"i də su yuyub aparmışdı. Kolxoz işindən başı ayılan yox idi ki, yeni "deşmə" açsınlar. Amma evimizin yanından axan çay öz əbədi yürüşüylə hələ də axıb getməyindəydi; İlin Ayın son gecələrində bizi yenə ağırlayır- uğurlayır, vaxtını keçirdib solub-saralmış səməniləri axıdıb aparırdı...

 

1970-ci illərin əvvəllərində "Bulaq" radio verilişinə gələn məktubların arasında "Deşmə keçid" haqda  bir məktub vardı. Elə həmin vaxtlarda da işləyib verilişdə səsləndirdim. Amma bu keçidin  Novruz bayramıyla heç bir əlaqəsi, bağlılığı yox idi...Keçid bir təpə ətəyində qazılır, əyrim-üyrüm yollarla gedib təpənin başqa bir yanından çıxır; bu keçidə el arasında "yenidən doğulma" keçidi də deyilirmiş...

 

El arasında bağışlanmaz suçu olanlar, günah işləyənlər; namusa toxunanlar, yurd satanlar, yurd batıranlar, kasıbdan, sahibsiz qadından oğurluq eləyənlər  "eldən dışarı" edilərdi, yəni bu cür adamaları elliklə genəşiyə yığışıb verdikləri  qərarla kənddən qovardılar. İndi də tez-tez işlədilən belə bir ifadə var: "filankəs eldən dışarı adamdı". " Kəndə qoyulası adam deyil" Eldən getməyi istəməyənlər, bağışlanmağını istəyənlər o şərtlə bağışlanardı ki, "Deşmə keçid"dən keçsin, yəni yenidən doğulsun. "Deşmə keçid"dən keçənlər adını keçiddə qoyub çıxırdı, çoxunun paltarları da keçiddə qalırdı. Ona görə də çıxacaqda bürüncəklə gözləyirdilər ki, onu çağa kimi doğuzdursunlar, qundaq kimi də bələyib büksünlər...Əllərindən tutub dartıb çıxardırdılar, sonra da:-Ay camaat,-deyirdilər,-Əli (adlar təxminidir) yenidən doğuldu, indi adı Lətifdi, Əli kimi yaşayammadı, indən belə  Lətif kimi yaşayacaq...

 

Yaddaşımıza qayıtsaq belə maraqlı etnoqrafik qaynaqlardan yəqin ki, çox tapa bilərik. Yuxarıda dedim ki, ola bilsin, bu adətin Novruz bayramıyla sıx bağlılığı yoxdur, amma torpağın ciddi səhvlər etmiş insanı yenidən doğmağı , yenidən həyata gətirməyi mənasında məncə bu günün özündə də çox xarakterikdir.

 

(Ardı var)    

Mövlud SÜLEYMANLI

525-ci qəzet.- 2014.- 18 mart.- S.4.