"Türk dünyasının Tatar ədəbiyyatına marağını həmişə hiss edirik"  

 

 

 

Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Respublikası  Əməkdar İncəsənət xadimi, şair Rafis Qurbanov əməkdaşımız Pərvinin suallarını cavablandırıb.

 

Pərvin: Rafis Xarisoviç, bu günlərdə Avrasiya Yazarlar Birliyi TÜRKSOY-un təşəbbüsü ilə Dərgilər Konqresində türkdilli ölkələrin ayrı-ayrı  Yazarlar Birliyi sədrləri iştirak etdi. Məhz bu Konqresdən nələri gözləyirdiz, təəssüratınız necədir?

 

Rafis Qurbanov: Əlbəttə, bu, Yazarlar Birlikləri sədrlərinə ilk öncə hörmətin, diqqətin göstəricisidir. Eyni zamanda şəxsən mənim bu Konqresdə bir çox maraqlı tanışlıqlarım oldu. Qardaş xalqların ədəbiyyat adamları ilə, həmkarlarımla görüşmək, ədəbiyyat söhbətləri etmək gələcəkdə mütləq öz nəticəsini verəcək. Biz Tatarıstan Respublikasından üç nəfərlik heyətlə burada iştirak edirik. "Kazan Odları" dərgisindən İlfat İbraginov, "Syun Bikə" Qadın jurnalından ədəbiyyat şöbəsinin redaktoru və mən. Bu jurnalların hər ikisi özünəməxsus tarixi, nüfuzu olan dərgilərdir. "Kazan Odları" 90 ildən, Qadın jurnalı isə 100 ildən artıqdır ki yayımlanır. Biz Tatarıstan heyəti bu Konqresdən xeyli razıyıq. Hətta artıq müxtəlif dərgi redaktorları ilə söhbətlər edib gələcək  layihələr, bir-birimizin ədəbiyyatlarını qarşılıqlı yayımlamaq haqda razılığa gəlmişik.

 

Pərvin: 2011-ci il TÜRKSOY-un təşəbbüsü ilə Tukay ili elan edilmişdi. Bu da Tatar ədəbiyyatına sayğının daha bir nümunəsi, göstəricisi idi. Necə düşünürsüz, 2011-ci ili Tatar ədəbiyyatı üçün uğurlu saymaq olar?

 

Rafis Qurbanov: Ümumiyyətlə, biz bütün türk dünyasının Tatar ədəbiyyatına diqqətini, marağını həmişə hiss edirik. Dediyiniz hadisə isə doğrudan da bu sayğının yüksək göstəricisi idi. Bir il ərzində bütün türkdilli ölkələrdə Tukayla bağlı tədbirlər keçirildi, onun əsərləri müxtəlif dillərə tərcümə olundu, dərgilərdə işıq üzü gördü. Biz özümüzbunun üçün xeyli çalışdıq. Tukaya sevgini ən fərqli şəhərlərdə də hiss etmişəm. Onun büstləri, heykəlləri, adına küçələr sevindirir məni.

 

Pərvin: Qarşıda türk dünyasının iki sənətkarı, türkmən şairi Məxtumqulu Fəraqinin 290 və böyük qırğız ozanı Toqtoğul Satılqanovun 150 illiyinin qeyd olunması nəzərdə tutulub. Yəqin ki, hər iki sənətkarın əsərlərini çevirmək, yayımlamaq haqda düşünürsünüz...

 

Rafis Qurbanov: Bəli, artıq dərgi redaktorlarımız bu istiqamətdə işlər görürlər. Hər iki şairin əsərlərinin tərcüməsi, yayımlanması, eyni zamanda onlarla bağlı tədbirlər nəzərdə tutulub. Biz hesab edirik ki, qardaş xalqların klassikləri, eyni zamanda çağdaş yazıçı, şairləri həm də bizim ədəbiyyatımıza təsir ediblər. Türkdilli xalqlar, yəni biz bir-birimizin ədəbiyyatlarını təbliğ edərək gənc nəsillərə çatdırmağın yalnız faydasını görə bilərik.

 

Pərvin: Tatar oxucusunun Azərbaycan ədəbiyyatı ilə nə dərəcədə tanış olmaq imkanı var? Yəni bizim əsərlər Tatar dilinə tərcümə olunurmu?

 

Rafis Qurbanov: Əlbəttə, arzu etdiyimiz səviyyədə deyil. Düzdür, hansısa əlamətdar hadisələr, bayramlar ərəfəsində klassiklərdən tərcümələr etmişik, dərgilərdə yayımlanıb. Amma istərdik ki, bu işi daha səmərəli quraq. Mən burada sizin redaktorlarla söhbətlər etdim və gələcəkdə Azərbaycan ədəbiyyatına həsr edilən nömrələr, antalogiyalar buraxmaq haqda da müzakirələr apardıq. Düşünürəm ki, yaxın günlərdə əsərlərin seçiminə, tərcüməsinə başlayacağıq.

 

Pərvin: Bilirik ki, Rusiyada Yaradıcılıq Birliklərinə heç bir maddi dəstək olunmur. Amma tədbirdəki çıxışınızda Tatarıstanda bunun tamam əksinin olduğunu söylədiniz. İstərdim bu haqda daha ətraflı danışasınız.

 

Rafis Qurbanov: Bəli, bildiyiniz kimi Rusiyada dövlət yaradıcılıq birliklərini maliyyələşdirmir. Hətta, elə təkcə Yazıçılar Birliyi bir neçə ittifaqa bölünüb. Və maddi çətinliklər onların fəaliyyətində də özünü göstərir. Amma sevinirik ki, Tatarıstanda vəziyyət başqadır. Bizdə Yazıçılar Birliyi büdcədən maliyyələşir. Birliyimizin 330 üzvü var. Kazanın mərkəzində gözəl, tarixi binada otururuq. Hər il yubileylərdə müxtəlif festivalların keçirilməsi üçün vəsait ayrılır. Bundan əlavə dövlətin hesabına Xalq yazıçılarının əsərlərindən ibarət kitablar çap olunur. Təqaüdlər, mükafatlar da öz yerində. Bunlar hamısı hökumətin qayğısıdır. 

 

Pərvin: Əskişəhərdən sonra növbəti il üçün Türk dünyası Mədəniyyət Paytaxtı statusu Kazan şəhərinə verilib. Yəqin ki, bunun özü də sizlər üçün əlamətdar hadisədir. Artıq aprel ayından Türk dünyası ölkələrinin bütün mədəni tədbirləri, toplantıları Kazanda keçiriləcək...

 

Rafis Qurbanov: Əlbəttə, bu çox böyük hadisədir. Həm də mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, adətlərimizi tanıtmaq, təqdim etmək üçün gözəl fürsətdir. İnanıram ki, Kazan şəhəri meriyası bu işin də öhdəsindən layiqincə gələcəklər. Biz, ədəbiyyat, sənət adamları üçünbu faktın özü qürurverici, sevindiricidir.

 

525-ci qəzet.- 2014.- 19 mart.- S.7.