Su, Torpaq, Od, Hava...  

 

Od çərşənbəsi...

İlin-Ayın son çərşənbələrində Su, Torpaq kimi Od da adi od kimi, yəni yalnız qaladığımız ocaq kimi, əlimizi yandıran, yaxan istilik kimi xatırlanmır, sayalı, müqəddəs, duyğularla anılır. Böyük alimimiz mərhum prof. Məmmədhüseyn Təhmasibin dediyi kimi Xalq odu atəşpərəstlikdən, zərdüşdlükdən də öncələrdə  qoruduğu, sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası dualarını tapındığı vasitə kimi yaşadır...İl-Ay bayramında Od daha çox təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə keçən özüylə ağırlıq gətirməsin, pis niyətsiz, ağırlıqsız- yağırlıqsız keçsin. Xalqın özü məsəl çəkir: "Od yuduğunu su yumaz" Ona görə də deyir, heç olmasa ildə bir kərə özünü təmizlə, canını oddan keçirt, atıl tonqalın üstündən... "Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır". Doğrudan da oddan sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin ki, sudan çıxdıqlarına görə də bayram tonqalının alovu hamıya rahatlıq, dinclik gətirir...

El arasında odla bağlı deyimlər çoxdur, amma bunları təsnif etmək lazımdır. Mənim fikrimcə odla bağlı Novruz bayramı ərəfəsində deyilən ifadələr adi günlərdə deyilən ifadələrdən seçilir. Od çərşənbəsinə aid olan ifadələrdə birbaşalıq var, quraşdırma, əfsanə, nağıl yoxdur; yəni başqa,-adi vaxtlarda od-ocaq səs eləyəndə közə-kösövə duz səpib " pisliyimizi danışan, gözün bu odda yansın" deyimini Od çərşənbəsində,- İlin-Ayın son çərşənbəsində deməzlər. İlaxır çərşənbədə  "Oda arxa çevirmə", "Oda tüpürmə", "Gorum ol, ocaq, gorumda yan" ifadələrini, deyimlərini işlətməzlər. Bəzi toy adətlərimizdə olduğu kimi qız evinin adamları oğlan evindən "köz oğurlamağa" cəhd etməz. Novruz bayramı ərəfəsində elə bil Odun ilkinə-doğuluşuna qayıdılır; Oda tapınmaq, Odun böyüklüyünə sığınmaq istəyi yenidən yaranır, hardasa böyüklü-kiçikli özümüzdən asılı olmadan, hansısa bir təbii qüvvənin təsiriylə oda sığınırıq da, tapınırıq da. Eyni zamanda demək olar ki, Odun üstünə çıxırıq, Odun üstündən keçirik, başqa vaxtlarda nə olur-olsun Odu tapdamazdıq, heç arxamızı da çevirməzdik, amma İlin-Ayın son çərşəmbəsində Odla ağırlığımzı-yağırlığımızı yuyuruq, keçən ildən qalma gərəksiz şeyləri yandırırıq, səhərəcən tonqallarımız yanıb bizim üçün iş görür, könlümüzə-ruhumuza ümidlər, uğurlar verə-verə bizi sabahlara göndərir. Suyla yuyunub-yaxandığımız kimi odla da yuyunuruq. Odun-ocağın bizdən aşağıda, ayağımızın altında olmağı lazım gəlir, üstündən atdanırıq, üstümüzün suyunu,-ağırlığımızı Oda tökürük, yanımızı, arxamızı çeviririk...Başqa vaxt belə eləməzdik. Hamısı ona görədir ki, biz həmin Anda Başlanğıcı, böyük Doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün,- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, təmizlənməsi dönəmini yaşayırıq...Keçirdiyimiz həmin An-Od, yəni İlin-Ayın Od çərşənbəsində qaladığımız tonqallardakı alov yaşadığımız bütün zamanlardan bizə daha yaxın, daha səmimi, daha istiqanlıdır. Ona görə də bilməliyik ki, o an hər şey yaranışdan,-doğuluşdan necə varsa eləcədir; bütün başlanğıclarda, doğuluşlarda olduğu kimi təmiz, arı- durudur...       

 

Yel çərşənbəsi-Hava...

El arasında Ağyel-Qarayel ifadələri alxışlar-qarğışlar mənasında çox tez-tez işlədilir. Alxış kimi: "Üstünnən qara yellər əsməsin"  , "Ağ yelə tuş olasan səni",  "Xıdır Nəbi babanın Yel atı dadına çatsın həmişə", "Üstündən acı yellər əsməsin", "Günün ağ olsun..." Qarğış kimi: "Qarayeldən gözün açılmasın", "Yoluna Qarayellər əssin" Səmt-yön mənasında da ifadələr var: "Yağış Ağyel səmtdəndi, tez kəsəcək", "Üzü Qarayelə getmə..." Ağyel deyəndə cənub-güney, Qarayel deyəndə şimal-quzey nəzərə alınır. Belə deyimlər var: "Ağyel çox olarsa yandırar", "Qarayel çox olarsa dondurar"... "Yüyət gününü duru havada elə". "Yüyət günü" yuyunma, təmizlik gününə deyilir. Nəsilliklə bizim yüyət günümüz adna günüydü, yəni həftənin beşinci günü. Heyif ki, son zamanlar yüyət günü ifadəsi çox az-az işlədilir, unudulmaq üzrədir, bir çox bölgələrimizdə artıq unudulub. Hava nəmli olanda ilkindi vaxtı, yəni səhər tezdən xalçaları, gəbələri şehə çıxardardılar, göy otluğa sərib çırpar, tozunu alardılar. Xalçalar cılxa yun olduğuna və bitgi boyalarıyla boyandığına görə ilmələr gül-çiçək kimi doğrudan da havanın nəminə açılırdı...

El-elat dediyim kimi ilkindi çağından havaya göz atıb gündəlik işini havaya görə qurardı. Gedişat, yəni güzəran havadan asılı idi, asılıdır, desək daha düz olar... "Qarayeldən qapı qoyma" məsəli var. Ev tikəndə də hər şeydən öncə havanı nəzərə-gözə almalıydı.  "Üstünə gün düşsün..." Bu anlayışla işinə-gücünə gərək olan hər şeyi günəqarşıya çıxardardı. Ona görə də bütün tikililərimiz, evlərimiz , qalalarımız dədə-babadan üzü günəşədi. "Özünü günə ver, yelin-quzun canından çıxsın", ifadəsi də elə belə yaranmayıb. Sudan, torpaqdan, oddan, havadan "baş çıxartmasaydıq" yer üzündə bu düzəni yarada bilməzdik. Dediyimiz bu dörd ünsürə və dörd ünsürün qeyd etdiyimiz bu sırasına,- su, torpaq, od, hava ardıcıllığına görə yaşayışımızı qurduq...El arasında "...üstündən vaxt addadı" ifadəsi var. İndi işlənməsə də köhnə, yaşlı kişilərin yaddaşında qalmış olar. Qəfildən ürəyi gedib yıxılan heyvanlar olurdu. Deyirdilər üstündən vaxt addadı. Yadımdadı, atımız birdən-birə yıxılıb yolun ortasında qaldı, dörd yanına yumru cız-xətt çəkdilər, burnunun üstündən qan aldılar, sıçrayıb qalxdı. Bütün ömrüm boyu fikirləşmişəm: "üstündən vaxt addadı" əslində nə deməkdir? Vaxtın səni qoyub geçib getməsi, yaxud, vaxtla ayaqlaşmamaq, vaxtdan qalmaq... Hər nədisə bütün hallarda Xalqın yenə də dahiyanə bir sirrə yetik olmağıdır. Soruşub aydınlatmağa adam qalmadı, gecikdim; nəsil dəyişdi. Elə həmin ifadəylə deyim: üstümdən vaxt addadı...

Belə bir atalar sözü var: "Ayağını yorğanına görə uzat". Biz bir xalq kimi hər zaman ayağımızı "yorğanımıza görə uzatdıq". Yəni, təbiət artıq şeyləri götürmür; ayağını düz uzatmadın, yorğandan qırağa çıxdısa, elə ordan kəsəcək.  Çox yəqin ki, belə etməsəydik yaşayıb yarada da bilməzdik. Başımızın üstündəki buludun havada necə dayanmağından yerin harasında su olduğunu bilirdik, bilirdik ki, bulud torpağın harasında su var, orda,- həmin yerin üstündə əylənər... Göy üzünə baxıb  qabaqcadan havanın necə olacağını fəhm edə bilirdik. "Göy üzü Ağyel səmtdən deşilib, sabah hava günəşli olacaq", minilliklər boyu yaşadığı təcrübəyə görə göy üzünü də evinin içi kimi bilən insanlar vardı ki, indinin özündə də yaratdıqlarından bəhrələnirik. Bilicilər vardı, saxladığı qoyunun yunu qatı-sıxdısa bilirdi ki, bu ilin qışı sərt gələcək. Bəslədiyi arılar yuvasının qapısını möhkəm mumlayıb qapayırdısa qışın soyuq keçməsinə işarəydi.

Bu ifadələrin, deyimlərin,-adət-ənənələrin arasında heyrətamiz kəşflər də var; boğaz qoyunun qarnındakı quzunun dərisinin nə rəngdə olduğunu bilənlər vardı. Bir dəfə maraqlanıb soruşdum. "Qoyunun dilinin rəngindən bilinir,-dedi,- mələyəndə bax, dili hansı rəngdədisə qarnındakı quzunun dərisi də o rəngdədi."

Bunu bilmək həm də papaqlıq quzu dərisi üçün lazım olurdu. Ən yaxşı, ən bahalı, addı-sanlı papaq  doğulmamış quzu dərisindən tikilirdi. Quzu qoyunun qarnından quzuluğuyla bir yerdə, quzuluq pərdəsi (uşaqlıq) qarışıq çıxarılırdı. Bunun üçün az günəşli hava lazım idi; dəri quzuluq pərdəsindən az günəşli havada götürülməliydi, çünki quzu ölsə də dərisi hələ də canlıydı, tükləri  isindikcə qıvrılıb havaya açılmalıydı. Belə papaqlar geyildikcə başda açılar. Ona görə də quzunun rəngini hələ anasının qarnındaykən bilən insanlar lazım olurdu. El arasında belə bir məsəl də işlədilir: "Elə qız al ki, papaq kimi başında açılsın".    

Belə deyim də var: "Filnkəsin odunu-suyunu verdim..." Yəni döyüb-söyüb anlatdım, mənasında...Dəmiri qızdırıb döyəndən sonra suyunu vermək gəlir. Nə düzəldirsənsə suyun verilməsindən çox şey asılıdır. Əgər qılınc düzəldirsənsə odla suyun arasında havanın çox böyük təsiri var. Yəni dəmiri qızdırıb istədiyin formaya gətirəndən sonra havada çox saxlasan  qılıncın kəsəri olmaz. Tiyəsi küt qılıncın, bıçağın "ağzını hava vurub" deyərlər. Tiyəsi çox sərt olanda da "suyu çox olub" deyərlər...

Su, Torpaq, Od çərşənbələri haqda dediyim kimi  Hava-Yel çərşənbəsində də münasibət,- atalar sözləri, deyimlər ifadələr hardasa dəyişib başqa məna alır.

O gecə, yəni Yel-Hava çərşənbəsində deyərlər: "yerə nəfəs endi". Bununla da deyərlər, "puçur yeli" əsməyə başlayacaq...Bu, yer üzündə olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun, torpağın, odun, havanın bir olmağından sonra ilk tərpəniş, hərəkət, ritm...Üç çərşənbədən,- su torpaq, od çərşənbəsindən sonra yerə enən nəfəs.

Doğrudan da adına "Yel çərşənbəsi" deyilsə də suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara,- hər nə varsa bütün yaranmışlara hava lazım olur...Su torpaga qovuşandan sonra istini,-odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu duyğunun açılması üçün bir udum hava lazım olur...Mən indi şairlik eləyib obrazlı halda alınsa da həmin gecəni, -Yel-Hava çərşənbəsini,  bir udum nəfəs çərşənbəsi bayramı adlandırıram. "Yerə nəfəs endi" ki, deyirlər, həmin gecə bütün duyğular nəfəs dərib, Vaxtın ardı-arası olmayan aramsız (əbədi) yürüşünə-yerişinə ( hərəkətinə) qoşulur, yaşamağa, nəbz kimi vurmağa başlayır. Bu yer üzünün ritmi-ahəngidir. Mən elə bilirəm ki, İnsan dünyanın harasında olursa olsun, hansı qitədə, hansı ölkədə yaşayırsa yaşasın, udduğu havaya, aldığı nəfəsə görə  dediyim həmin ritmin-ahəngin içindədir. Bizə elə gəlir ki, qitələr, ölkələr ayrı-ayrıdır, bir-birinə o qədər də dəxli yoxdur. Məncə bütün ölkələr əslində eyni yürüşün-hərəkətin içindədirlər və eyni aqibəti yaşayırlar. Harda oluruqsa olaq, yer kürəsi adlanan bir damın altındayıq. Nəfəs ilk,-başlanğıc üçün lazımdır, hər hansı bir canlı sonda aldığı nəfəslə böyük hərəkətlərə, yürüşlərə qoşulur, burdan da yeni anlayışlara, düşüncələrə yol açır, bu da yaşadığı ömrün ahənginə qovuşmaqdır...yəni insan, eləcə də canlı hər nə varsa dediyim bu aləmə qanunauyğunluqla,- aldığı ilk nəfəslə keçə bilir. Üç həyat-yaşam daşıyıcısının,-suyun, torpağın, odun qovuşduğu anda, dördüncünün,- havanın gəlməyi yaranışın qanunauyğunluğunu tam etmək üçün, tamamlamaq, yəni, Olmaq üçündür ... OL! Bu həmin andı, Yaranış anı...

Yuxarıda dedim, hər başlanğıcda bir son olduğu kimi hər sonda bir başlanğıc var: su, torpaq, od sonluğunda-qovuşuğunda bir sözlə başlanğıcında havanın, daha doğrusu, nəfəsin gəlməyi canlı olan hər şeydə hərəkətin başlanması üçündür; yəni yaşamağa başlamaq...Bu başlanğıcsa dediyim kimi dünyanın damarları boyu canlı hər nə varsa alıb aparan Vaxtın-Zamanın ritmidir, nəbzin vurmağıdır...Əslində biz doğuluşdan sonra qoşulduğumuz, bizim özümüzün də içində olduğumuz, bu hərəkətə Vaxt deyirik. Vaxt dediyimizin özü elə bu hərəkətdir... Öz iç-dış hərəkətiylə yaranışa sahman- düzən verən ritm, ahəng. Bu, havasını alan kimi, yəni nəfəsini dərən kimi açılan ağaclar, dağlar, düzənlər, otlar çiçəklər, tumurcuqlardır. Soluğunu (nəfəsini) dərmiş dünyanın səs-səsə verməyidir. Mənə elə gəlir ki, yer üzündə olan, bizi də alıb özüylə aparan bu ritmdən-ahəngdən qıraqda heç nə yoxdur, hətta özümüzü cırıb dağıtmaq üçün başladığımız müharibələr də bu ritmdən qıraqda deyil. Bu, əbədi saydığımız ritmdən yalnız düşüncələrimizlə, etdiyimiz kəşflərlə çıxa bilərik ki, belə də oldu. Kosmik yürüşlər yeni bir ritmə-ahəngə yol açdı. Bu ritm yaşadığımız yer kürəsinə sığışmadı. Amma bütün bunlar əsas vermir ki, dörd ünsürün, dörd yaranış daşıyıcısının yerini dəyişək, istədiyimiz şəklə salaq...  Havadan öncə gələn su, torpaq, od da ona görə bu sıraya, bu düzənə, bu qanunauyğunluğa girir ki, törəməni, törənişi-yaranışı təmin etsin...Məncə bundan sonra belə sonuca,- nəticəyə gələ bilərik: yaxşı ki, bu böyük törən, yaranış qanunauyğunluğu,  gündüzlə gecənin bərabər olmağı  səndən məndən asılı deyil.  Sən havanı əvvələ, torpağı axıra salsan da bu əbədi ardıcıllığı poza bilməzsən...Unutma bu ardıcıllıq dünya yaranandan-Yaranışdan belədir: Su, Torpaq, Od, Hava...

 

Mövlud SÜLEYMANLI

525-ci qəzet.- 2014.- 19 mart.- S.4.