Tapılmayan dərman  

 

 

 

Sadıq kişinin qırış düşmüş çöhrəsi mülayim və təsəlliverici ifadə aldı:

– Həəə, Albert İsgəndərzadə əliaçıq, səxalı adamdır. Bu şəhərdə elə adam tapılmaz ki, ona kömək əli uzatmasın. Xeyrə-şərə yarıyan kişidi. Ona da bir ağzın dəysin. Olsa, dünyasında müzayiqə eləməz. Utanıb-eləmə. Atalar deyib ki, utananın oğlu olmaz. Görürəm şəhərə təzə gəlmisən, buralara dərindən bələdçiliyin yoxdur. Bu şəhərdə gərək bir az diribaş tərpənəsən. Elə bilirsən burada hər adam baş girləyə bilər?! Kənd yerinə baxma, hamı bir-birini tanıyır, ahılın-cahılın, böyük-kiçiyin, qız-gəlinin yeri bilinir. Hamı bir-birini sayıb həya eliyir.

– Sadıq kişi tərəddüdlə çiynini çəkdi.

– Mənimki də belə gətirib dəəə... Bir vaxt gəlib bura düşmüşəm. Yəqin qismətim belə imiş. Hərənin çörəyi bir cürə çıxır. Amma Sadıq əmini belə bilmə haaa. Demə xırda işdə işləyir. Sağlığına heç kəsə bac verən adam deyiləm. Bir bizə gəəl, gör Sadıq əmin necə ev-eşik düzəldib!

Sadıq kişi ərklə əlini çiynimə toxundurdu:

– Sözümün canı odur ki, – dedi, – bir az diribaş ol, zirək tərpən. Ə, Naftalan nə şeydi, iki şüşə Naftalanın əlində aciz qalmısan?! Sən öləsən, Sadıq əmin bu ahıl çağında gecəynən gedib o Gəncəbasardan saa yüz şüşə Naftalan gətirər. Di ləngimə, təpərin olsun! İsgəndərzadə sayan, sayılan adamdı. Olsa, yox deməz. Məncə, tapar. Dayına da salam de. Dayına deyərsən, əəə, qorxaq olma, bel ağrısı nə şeydir ki?! Ölüm-itim olmasın. Yalandan ah-uf eləyib uşaqları qorxutmasın... Yekə kişidir, özünu ələ alsın. Vallah,  adam  tanıyıram  ki, qolunun birini kəsirlər, heç gözünü də qırpmır. Bel ağrısıdı də, öz-özünə keçib gedəcək. Ondan ötrü nahaq yerə səni dağa-daşa salıb.

Sadıq kişi bütün bu sözlərdən sonra yenə də Naftalan barədə fikrə getdiyimi hiss edib könlümü almaq mənasında yenə də çiynimə toxundu:

–Di, yubanma, get! – dedi. – Məni də içəridə gözlüyürlər. İdarənin maşını bayaqdan yük altındadır. Təzə mal gəlib! Boşaltmalıyıq!

Sadıq kişinin təsəlliverici sözləri daxili nigarançılığımı tam aradan qaldırmasa da, bir az cəsarətə gəldim. Ancaq yenə də dayımın bel ağrısı, bu Naftalan məsələsi dağ kimi gəlib durdu gözümün qabağında. İndi evə necə qayıdım?! Dayım üzümə vurmasa da, daxilində öz-özünə deyəcək: “Özcə züryətim olsaydı, indi çoxdan Naftalan tapmışdı. Bacıoğlu da sağ olsun, özünə! Ondan mənə nə fayda?! Bu dünyada adamın ki, özcə övladı olmadı, ölsə yaxşıdı. Onun-bunun qoltuğunda bu cür baş girləməkdənsə, yaşamamaq fərzdi. Gör nə günə qalmışam ki, bir şüşə Naftalan tapanım da yoxdur”. Sonra da için-için gileylənəcək: “Mənim ki də belə gətirib. Yəqin ilahinin məsləhətidir. O bilən, yaxşıdır. Şükür onun dərgahına. Bu günümə də şükür”.

Dayımın xasiyyətinə yaxşı bələdəm. Bilirəm ki, o açılışıb üzümə deməsə də, ürəyini yeyə-yeyə deyinəcək. Bilmirəm başıma nə çarə qılım. Üç yolun ayrıcında qalmışdım. Hansını seçim?! Albert İsgəndərzadəni bu gün tapmaq onsuz da mümkün deyil. İş vaxtı qurtarır. Evə də dərman tapmamış necə qayıdım?! Dayımın üzünə necə çıxım?! Axı, onun məndən savayı kimi var?

Evdə necə qarşılanacağımı götür-qoy edirdim: “Səhərdən bəri haradasan?! Naftalan dalınca getmişdinsə, gətirdiyini göstər” – arvad fürsətdən istifadə edib eyham vuracaq. – Səni dərman yox, ayrı şeylər maraqlandırır. İstəsən tapardın...

Bütün bu qanqaraldıcı mənzərəni təsəvvür etdikcə evə dönmək istəmirdim. Yorğun düşmüş yolçu kimi ayaqlarım güclə sürünürdü. Düzü, mən bu gün çox şey kəşf etmişdim. Bircə Naftalandan başqa. Naftalandan savayı, çox şeylə üzləşmişdim. Bu yerlərin möcüzələri ilə, cürbəcür əcaib işlərlə. Yaxşı deyiblər ki, hər dərədə bir at öldürməsən, baytar olmazsan. Ancaq mənim baytar olmağım dayımın nəyinə gərəkdir? Dayımın nə vecinədir ki, hansı qadın ərinin alimliyini bəyənmir və onu ədəb-ərkan yox, var-dövlət maraqlandırır. Lap səfehin biri olsun, təki əli gətirsin. Xaş bişirməkdə, sirkə-sarımsaq düzəltməkdə Ağalətifin tayı-bərabəri yoxdur. Hacıhəsən zavallı Dadanın üstünə necə acıqlandı. Nadirbəyov da telefonda Hacıhəsənin abrını ətəyinə büküb onu suya düşmüş cücəyə döndərdi. Kimin latareyası və ya sprinti “Volqa” udub?! Albert İsgəndərzadə nəkarədir?! Bütün bunlar axı dayımın nəyinə lazımdır?! Dayıma ikicə-üçcə şüşə Naftalan gərəkdi. Onu da tapa bilməmişəm, vəssalam. Elə əsas məsələ də budur. Naftalan! Deməli, mənim bu gün aptekləri bir-birinə vurmağımın, Dadanla məzələnməyimin bir köpüklük əhəmiyyəti yoxmuş. Bütün bunların əvəzinə heç olmasa, bircə şüşə Naftalan tapsaydım... Onda elə bilərdim ki, dağı dağ üstünə qoymuşam və bütün dünya mənimdir.

lll

Suçlu-suçlu qapımızı açıb içəri daxil oldum. Lap qab sındıran pişiyə dönmüşdüm. O biri otaqda uzanan dayımı demirəm,  arvad-uşaq əlimi ətəyimdən uzun görüb mənə bir cür baxırdılar. Ailənin bütün üzvləri məni dövrəyə aldı. Hamısının sual dolu baxışları gözlərimin içinə zillənmişdi. Dayım da nə xəbərlə gəldiyimdən agah olmaq üçün ufuldaya-ufuldaya yorğan-döşəyində dikəlib mütəkkəyə dirsəkləndi. Deməyə söz tapmırdım. Özümü duruluğa çıxarmaq üçün bu gün baş vurduğum aptekləri sadalamağa başladım. Rast gəldiyim hadisələrin, şahidi olduğum qəribə-qəribə əhvalatların üstünə özüm də bir az qoydum ki, çulumu sudan çıxardım. Məşhur sirk artistləri kimi müxtəlif rollara girdim. Üzü xallı qadından danışdım. Dadanı yamsıladım. Onun təmizlədiyi “Volqa”nın siqnallarına  bənzər səslər çıxartdım. Lap təlxək kimi. Hələ desən, meymun kimi bir neçə dəfə atılıb-düşdüm də. Yüngül hərəkətli adamlardan əsla xoşum gəlmir. Ancaq belə etdim ki, ailə üzvlərinin nigaranlıq və narazılıq ifadə edən çöhrələrinə təbəssüm çiləyim və beləliklə, özümü də xoşagəlməz vəziyyətdən qurtarım. Düzü, bu dəfə özümün özümdən lap zəhləm getdi. Arvadımın qaş-qabağı yer süpürürdü. O, hikkə ilə soruşdu:

– Naftalan tapdın?!

– Tap... tap... – Bu yarımçıq  kəlməni udquna-udquna – üç dəfə təkrar etdim. – Tapmamışam – kəlməsini deməyə dilim gəlmirdi. Nəhayət, cəsarətimi toplayıb:

– Tapa bilməmişəm, – dedim.

Arvad təzəcə bala çıxardan qaz kimi qabağımdan fısıltı ilə ötüb mətbəx tərəfə keçdi. Otaqların qapı-pəncərələri güclü tufana tab gətirmirmiş kimi silkələnir və şaqqıltı ilə açılıb-örtülürdü. Bütün mətbəx sanki təzəcə miniyə öyrədilən, bədxasiyyət xam qatıra yükləndi. Bu qatır yamac yerdə qoşa şıllağa qalxıb soncuqladıqca qazanlar bir-birinə dəyib danqıldayır, qab-qacaq cingildəyir, stəkan-nəlbəki yerə düşüb cilik-cilik olurdu. Çarpayıda şirin yuxuya gedən üç yaşlı tifil, əqrəb çalıbmış kimi qışqırdı. Arvad körpənin yumşaq yerindən necə burma çimdik götürdüsə, çığırtısı göyə qalxdı. Əsəblərim yerində olmadığı üçün hər dəfə bu diksindirici səslər məni səksəndirib yerimdən oynadırdı. Dayımın zarıltısı da bir tərəfdən. Evdə bir-birinə qarışan bütün bu həyəcanlandırıcı səslər qılınc döyüşü zamanı çalınan təbillərin gurultusunu xatırladırdı. Arvad bu qanqaraldıcı səslərin dili ilə onu didib-parçalayan daxili hikkəsini büruzə verir, mənim bugünkü uğursuz sərgüzəştimə qarşı meydan oxuyurdu. Bununla demək istəyirdi ki, yəni sən də başına papaq qoyub özünü kişi hesab edirsən?! Mənim ərimə bax! Kor qız səndən yaxşıdır. Səhərdən-axşamacan veyllənib, bircə şüşə Naftalan tapa bilməyib. Utanım yerinə! Mən arvadlığımla qəsd qoysam, tumanımın ətəyini əlimə alıb on şüşə Naftalan tapmışdım. Belinin ağrısından bu gün kişinin boğazından bir loxma çörək, bir qurtum su keçmiyib. Başımı itirmişəm. Bilmirəm bu südəmər körpələri ovudum, yoxsa dayısının nazı ilə oynayım. Sən doğmaca dayının dərdini çəkib, qeydinə qalmayandan sonra mənə nə düşüb?! Min dərd varsa, min bir də dərmanı var. İstəsən, tapardın. Dünyada tapılmayan dərman yoxdur. Görəsən başı hansı lotuya qarışıbsa... Elə köhnə xasiyyətidir. Hansı qırmızıdodağasa ilişibmiş. Kişinin yaxşısının dal ətəyini kəsib qabağına yamayasan. Hələ mən pisini demirəm. Həmişə gözü onun-bunun dalında gəzir. Bəs nə, elə şeyləri bacarar. Niyə bacarmasın? Amma Naftalan deyəndə yüz bəhanə gətirir. Filankəsə belə dedim, belə danışdım! Dadan maşını belə təmizlədi, Hacıhəsən burdan getdi, Ağalətifdən olmaz, Nadirbəyov yaman hirsləndi. Hamısını yalan deyir. Gözünün içinəcən yalan danışır. Bəhanədir! Belə qadam olsun onların hamısının ürəyinə. Balam, sən dərman dalınca getmişdin, yoxsa Hacıhəsənin “Volqa”sının siqnallarına qulaq asmağa?! Xaşxananın yerini öyrənməyə? Könlün xaş istəyir, de bişirim. Day bir qarın xaşdan ötrü niyə ona-buna boyun əyirsən?! Heç yerə getməyib! dəyirmandan başı unlu gəlsə, yenə ona inanmaram! Nəyə desən, and içərəm. Əlimi o Allahın göndərdiyi Qurana basaram! Heç kəsdən Naftalan soruşmayıb. Özcə kefində imiş. Hansı qaşıgözü qarayaca uyubmuş. Onu tanımıram?! Dabbaqda gönünə bələdəm. Sinəmə o qədər çalın-çarpaz dağlar çəkib! Qiyamətəcən unutmaram. Gözlərinin içinə baxanda bilirəm ki, fırıldaq danışır. Kül başıma! Neçə ildir beləsiynən bir yastığa baş qoyuram. Kişiyə bax! Bir şüşə dərmanın əlində əsir-yesir qalıb.

Qab-qacağın hər cingiltisində arvadın mənə vurduğu bir tənə, bir məzəmmət duyurdum. Buna çoxdan öyrəşmişəm. Hansı qab cingildəyəndə, hansı pəncərə bərkdən örtüləndə, uşağın harasından çimdik götürəndə nə dediyini və nə demək istədiyini bilirəm. Əgər hövsələsizlik edib cınqırımı çıxarsam, arvad barıt kimi partlayacaq. Danışıq bir az da böyüyəcək. Deyilənləri udsam, səbrimi yesəm, yüngül keçəcək.

Bütün bu dava-dalaşın hamısı evə əliboş qayıtmağımın, bir şüşə Naftalanın başındadır. Əlidolu gəlsəydim, arvad bu cür pəstah çıxartmazdı. Qabaqlar bunu çox sınaqdan keçirmişəm. Elə ki qoltuğumda bükülü bir şey qapıdan girdimmi, arvad dönür huri-mələyə. Yaraşıq üçün saldırdığı qızıl dişlərini parıldada-parıldada irişir:

– Xoş gəlmisən, a kişi! – deyir. – Bu ev-eşik sənsiz olmasın. Allah-taala, səni bu uşaqların üstündən bircə gün də əskik eləməsin. Axşam-səhər o bizi yaradan gözə-görünməzə yalvarıb-yaxarıram ki, bu kişinin başından bircə tük də əskik olmasın. Qəfil ölümü varsa, əvvəlcə mənə versin. Məni bu kişinin qabağında öldürsün. Uşaqların hamısı qurban olsun saaa... Mən də başda. Bütün qada-balan, dərdin-azarın getsin dədəmin kənddəki dana-buzovuna, inəklərinə. Allah-taala mənim də, bütün qohum-övladın da ömründən kəsib səninkinə calasın.

Arvad bir mənə, bir də qoltuğumdakı bükülü şeyə baxdıqca dili ağzına sığmır. Ömrümə dua oxuya-oxuya uzun saçlarını şövqnən dal gərdənə töküb qarşımda tovuzquşu kimi cilvələnir. Qaş-gözünə sığal çəkə-çəkə dəqiqədə on dəfə sağıma soluma keçir. Pərvanə kimi başıma fırlanır. Dəmlədiyi pürrəngi çay ətir saçır. Xörəyinin iyindən doymaq olmur. Stolun üstünü yığışdırıb təzə süfrə açır. Gündəlik işlənən nimçələri götürüb, bufetin vitrinlərinə yaraşıq üçün düzülmüş bahalı servizi çıxardır. Tez-tez də ortalıqda atılıb-düşən uşaqlara çəmkirir:

– A bala! Ay uşaq! Kişinin başı ağrıyır, dəcəllik eləməyin! – deyir. – İşdən yorğun-arğın gəlib, imkan verin qoyun dincəlsin. O olmasa, bir köpüyə dəyməzsiniz. Yazıq səhərdən axşamacan sizdən ötrü əlləşib vuruşur. Elə bil it əl-ayağı yeyiblər. Bir yerdə qərar tutmurlar. Sizi görüm, ciyəriniz yansın.

   Bu gün isə... Gözlər olsun görməsin. Qulaqlar olsun eşitməsin. Elə bil həmin arvad deyildi. Əfi ilandı, qum yeyib göyə fınxırırdı. Nədi-nədi, iki şüşə Naftalan tapa bilməmişdim, əliboş qayıtmışdım.

Körpələrin hərəsi bir küncə qısılmışdı. Cınqırlarını da çəkmirdilər. Beşikdəki körpənin mışıltısı eşidilmirdi, yumşaq yeri hələ də göynəyən üç yaşlı Rafiq də kirimişdi. Totuq yanağında gilələnən yaş qurusa da, hərdən hıçqırırdı. Dayım da arvadın qırımını görüb susmuşdu. Bayaqkı kimi azaylanmırdı. Mən isə fikir dəryasında batıb qalmışdım. Bu çətin vəziyyətdən necə qurtaracağımı düşünürdüm. Ümidim bircə Sadıq kişinin isnad verdiyi Albert İsgəndərzadəyə idi.

 

(Ardı var)

Əli İldırımoğlu

525-ci qəzet.- 2014.- 20 mart.- S.29.