Ön söz
28 May
1918-ci il. “Xalq bir gündə qərinələrin
sevincini yaşadı”.
Bu sözlər M.Ə.Rəsulzadənin – bütün
şüurlu həyatını
vətənin müstəqilliyi,
millətin azadlığı,
səadət və xoşbəxtliyi uğrunda
mübarizəyə həsr
etmiş bir vətən övladı,
istiqlal fədaisinin ürək sözləri idi. Bu əsri
sevinc asan başa gəlməmişdi.
O, “üsulunu başqa
mütərəqqi millətlərin
elmi və ədəbi hərəkatından,
ənənəsini Mirzə
Fətəlilər, Həsənbəylər,
1905-ci il inqilabı ilə müvəqqəti
istiqbal dövrünün
milliyyətpərvər mühərrir
və ədiblərindən,
hərarətini əsrin
ən qüvvətli və ən həyati məfkurəsini
təşkil edən xalqçılıqdan, həyəcanını
ən incə tellərə toxunan milliyyət hiss və duyğusundan” (M.Ə.Rəsulzadə)
alan fədakar və məfkurəçi
bir nəslin ölüm-dirim savaşının
bəhrəsi idi. Milli müqəddəslərimizdən Üzeyir bəyin yazdığı kimi “müstəqil dövlətin
yaranması çətinliklə
əmələ gəldi.
Bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdılıb, minlərcə xanimanlarımız
xaraba qoyulmuşdu”
İstiqlal hərəkatı bir nəslin deyil, nəsillərin arzu və istəklərinin, fədakarlıq və qətiyyətlərinin, səy
və bacarıqlarının,
öyrənmək istedadının
bəhrəsi idi. M.Ə.Rəsulzadə bu keyfiyyətləri bir sözlə, istiqlal – deyə səciyyələndirib.
M.Ə.Rəsulzadənin əsərlərinin
növbəti 5-ci cildinə
onun Zaqafqaziya Seyminin iclaslarındakı
(1918-ci ilin fevral-aprel ayları) əsas çıxışları, Batumdan
Tiflis və Gəncəyə
qayıtması və
Gəncədə Milli
Şuranın iclaslarındakı
çıxışları, İstanbul səfəri və oradakı fəaliyyətini əks etdirən bəyanat, müsahibə və məktublarından sətirlər,
1918-ci il noyabrın
7-də Bakıya gəlişi
haqqında xəbər,
Milli Şuranın fəaliyyətinin bərpası
və “Azərbaycan” qəzetində bununla bağlı dərc olunmuş yazılar, “Azərbaycan” qəzetində
rəsmi əməkdaş
kimi fəaliyyətə
başlaması, “Müsavat”
partiyasının işinin
yenidən qurulmasında
göstərdiyi fədakarlıq,
Parlamentin iclaslarındakı
çıxışlarından bəzi seçmələr,
Azərbaycan hökumətinin
daxili və xarici siyasəti haqqında “Azərbaycan”,
“İstiqlal”, “Naş
put” qəzetləri və
“İstiqlal” məcmuəsində
dərc olunmuş məqalələri, o cümlədən
“Azərbaycan paytaxtı”
və “Azərbaycan Cümhuriyyəti” və
s. daxil edilmişdir.
Məlumdur ki, 1918-ci il fevralın 23-dən
Cənubi Qafqazdan Ümumrusiya Müəssislər
Məclisinə seçilmiş
deputatlardan və əlavə seçilmiş
nümayəndələrdən ibarət Zaqafqaziya Seymi fəaliyyətə başlamışdı. Seymdə Azərbaycan
siyasi partiyalarının
44 nümayəndəsi vardı.
Zaqafqaziya Seyminin müsəlman
fraksiyasının rəhbəri
M.Ə.Rəsulzadə idi.
1918-ci il fevralın 23-dən mayın
26-dək fəaliyyət göstərmiş
Seymin iclaslarında M.Ə.Rəsulzadə dəfələrlə
mühüm
əsas məsələlər
və problemlər üzrə çıxışlar
etmişdir. 1918-ci ildə Seymin stenoqrafik hesabatları ayrıca kitabça halında nəşr olunmuşdur. M.Ə.Rəsulzadənin bu iclaslarda rus
dilində əsas çıxışlarını əsərlərinin bu cildində ilk dəfədir
ki, həm ruscasını, həm də ana dilində
tərcüməsini dərc
edirik.
1919-cu il fevralın
17-də Bakıda “Müsavat”
partiyasının rus dilində həftəlik “Naş put” (Yolumuz) adlı mətbuat orqanı nəşrə başlamışdı. Qəzetin 1919-cu ilin aprelinədək 10 sayı buraxılmışdı.
Bu nömrələrdə M.Ə.Rəsulzadənin 4 əsəri
dərc olunmuşdur.
Onları da cildə daxil etmişik. Qeyd edim ki, bu
mətbuat orqanı tədqiqatçıların diqqətindən
də kənarda qalıb.
Bildiyimiz
kimi, Xalq Cümhuriyyəti dövrü
Azərbaycan tarixi salnaməsinə “Müsavat
dövrü”, “Müsavat
hakimiyyəti” kimi anlayışlarla daxil olmuşdur. Müsavatçılıq təkcə partiya
deyil, həmçinin
müstəqillik, azərbaycançılıq,
müasirlik, dünyanın
demokratik dövlətləri
cərgəsində öz
yerini tutmaq anlayışıdır. Rəsulzadənin
bu dövr fəaliyyətinin əsasında
110 illik fasilədən
sonra müstəqil Azərbaycan dövlətçiliyinin
Azərbaycan adı ilə həqiqi demokratik parlament respublikası kimi bərpasına nail olmaq prinsipi dayanırdı. Azərbaycanın coğrafi məfhumdan
dövlət məfhumuna
çevrilməsi işində,
Türk və İslam aləmində, hətta beynəlxalq miqyasda ilk demokratik cümhuriyyət kimi tanınması M.Ə.Rəsulzadənin
başçılıq etdiyi
“Müsavat” partiyasının
fəaliyyəti ilə
bilavasitə bağlıdır.
M.Ə.Rəsulzadə öz dövrünün cərəyan edən hadisələrinə yeni baxış nümayiş
etdirirdi. Bu baxışlar
indinin özündə
də çox böyük elmi-nəzəri
və tarixi əhəmiyyətə malikdir.
Məsələn, M.Ə.Rəsulzadə
1918-1920-ci illəri “dövri-hürriyyət”,
yəni azadlıq dövrü adlandırırdı.
O, eyni adlı məqaləsində (“Azərbaycan”
qəzeti, 14 mart 1920, ¹54) yazırdı:
“Böyük Fransa inqilabı (1789-1793-cü illər
inqilabından söhbət
gedir. – Ş.H.) “hüquqi-bəşər”i elan eləmişdi. Böyük Rusiya inqilabı da (1917-ci il fevral
inqilabı – Ş.H.) “hüquqi-miləl”i elan etdi”. M.Ə.Rəsulzadə bu yazıda
1905-1907-ci illər inqilabını
rus yox, məhz Rusiya inqilabı adlandırmışdı.
Eyni ilə 1917-ci il fevral
inqilabını da təkcə rus yox, Rusiya zülmü
altında əziyyət
çəkən bütün
xalqların inqilabı
kimi səciyyələndirirdi.
Rəsulzadə qeyd edirdi: “Rusiyada fevral inqilabına mütəaqib bir də oktyabr inqilabı (bolşevik xürucu) vaqe oldu ki, bu
da artıq Rusiya degil, rus
inqilabı idi... Nəticədə görüyoruz ki,
Rusiya inqilabı bütün sabiq Rusiya xalqlarına şamil ikən, rus inqilabı yalnız ruslara şamil olunuyordu”. M.Ə.Rəsulzadənin bu dövr yazdığı məqalələrin
mövzu dairəsi çox genişdir. Burada Azərbaycan hökumətinin,
Azərbaycan parlamentinin
fəaliyyətinə dair
çox ətraflı,
dəqiq təhlil və şərhlər verilir, hökumətin gördüyü işlər
qiymətləndirilir, müstəqillik
əleyhdarlarının təxribatçılıq
fəaliyyəti çox
kəskin və ciddi şəkildə ifşa olunurdu.
Məlumdur ki, bu dövrdə
23 ay fəaliyyət göstərmiş
Azərbaycanın müstəqil
dövlət hakimiyyətinin
fəaliyyəti çox
kəskin daxili və xarici şəraitdə cərəyan
edirdi. Müstəqillik düşmənləri həddindən artıq çox idi. Müstəqilliyin ilk 6 ayında Azərbaycan
hökuməti Qafqaz İslam Ordusunun varlığı şəraitində
fəaliyyət göstərirdi.
1918-ci il noyabrın birinci yarısında Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdikdən sonra, noyabrın ikinci yarısında müttəfiq
qoşunları Vətənimizə
gəldi və 1919-cu ilin avqustunadək burada qaldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayın yalnız 8-ni xarici hərbi qüvvələrsiz fəaliyyət
göstərmişdir. Bu cür mürəkkəb
şəraitdə dövlətin
müstəqilliyini qorumaq,
onun 1920-ci ilin yanvarında Paris sülh konfransında müttəfiq
dövlətlər tərəfindən
tanınmasına nail olmaq
M.Ə.Rəsulzadənin başçılıq
etdiyi Azərbaycan istiqlalçılarının nə
qədər savadlı,
dərin təfəkkürlü,
vətənə sədaqətli
fəaliyyət göstərmələrinin
nümunəsidir.
Oxucular təqdim etdiyimiz əsərlərlə tanış olduqda özləri bunun şahidi olacaqlar. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrü fəaliyyəti
onun bir dövlət xadimi, siyasətçi kimi fəaliyyətinin əsas
mərhələsini təşkil
edir.
M.Ə.Rəsulzadə 71 il
ömür sürmüşdür.
Onun yalnız 32 ilini bilavasitə vətənində
yaşamışdır. Bu müddətdə onun göstərdiyi nəhəng fəaliyyət
Azərbaycan tarixinin qızıl səhifələrini
təşkil edir.
Bu dövr haqqında
çox yazılıb,
xeyli dissertasiya işləri müdafiə
edilib. Əlbəttə, sovet dövründə
yazılanların hamısı
məlum ideoloji və siyasi amillər səbəbilə
düşmənçilik, saxtakarlıq, böhtan və iftira ilə müşayiət olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Rəsulzadə irsinə münasibət tam olmasa da dəyişib. Məqsədim M.Ə.Rəsulzadənin vətənindəki fəaliyyətini,
xüsusilə onun dövri mətbuatda dərc edilmiş məqalələrini, imzası
ilə dərc olunmuş sənədləri
toplamaq və nəşr etdirməkdir.
M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrünü əhatə
edən əsərlərinin
əlavə 2 cildini də hazırlayıram.
6-cı cild onun
parlamentdəki çıxışları,
7-ci cild isə ədəbi-bədii və
tərcümə əsərlərindən
ibarət olacaqdır.
Zənnimcə bu əsərlər tariximizin bu möhtəşəm dövrünün
tədqiqi və təbliğində ən
möntəbər mənbələrdən
sayıla bilər.
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2014.- 20 mart.- S.26.