Qasım Qasımzadə və dünya elmi
bədiiyyat poeziyasında təsdiqlənməmiş ilk imza
Əlbəttə, fərqindəyəm ki, bu
yazımın başlığından adi oxucu da, ədəbiyyat
adamı da təəccüblənə bilər. Qasım Qasımzadəni
yaxından tanıyanlara da, yaradıcılığına
az-çox bələd olanlara da gerçəkdən
maraqlı gələr, Azərbaycan poeziyası bir yana, yəni doğrudanmı o, dünya
poeziyasında da hansısa bir ilkə imza atıbmış...
Mətləbin ayrıntılarına varmazdan öncə
qeyd edim ki, başlıqdakı elmi-bədiiyyat ifadəsi ədəbiyyatşünaslığımızda
daha çox elmi-fantastika adı ilə tanıdılan janra aid
keçir. Dünya ədəbiyyatşünaslığında
isə bu sonuncu elmi dövriyyədən
çıxmaqdadır. Vaxtilə sadəcə
elmi-fantastikaya aid bilinən əsərlər indi artıq ya
elmi bədiiyyat, ya da bədii fantastika kimi fərqli janrlar
baxımından təhlil edilir. Bu barədə bir az sonra...
Q.Qasımzadə ilk gənclik dövründə
yazdığı şeirlərini gözəl xəttilə
şeir dəftərlərinə köçürərmiş. Bunlar arxivinin
səliqə-sahmanında qalmaqdadır. Əlyazmaların
tarixi ötən əsrin 40-cı illərinin əvvəllərinə
gedib çıxır, 50-ci illərin ortalarında bitir.
O zaman bitir ki, artıq onun şeir kitabları dərc olunur, gənc
şair kimi imzası ölkədə yetərincə
tanınmağa başlayır. Və 50-ci illərin
sonlarından etibarən yazdıqlarını daha həmin o
şeir dəftərlərinə köçürmür.
Tamamilə təbiidir, çünki dəftərlər
mətbəədə basılan kitablara çevrildikcə
buna ehtiyac da qalmır.
Səliqə ilə tərtib etdiyi o şeir dəftərlərində
yazılanların əksəriyyəti sevgi və təbiət
şeirləridir. Dəfələrlə vərəqləmişəm.
Qəribədir, dəfələrlə vərəqləsəm
də bir tapıntı gözlərimdən həmişə
yayınıbmış. Bu, ədəbiyyat
tarixi üçün gerçəkdən bir
tapıntıdır. Söhbət sovet
dövründə ideoloji uyğunsuzluğa, sovetlərin
“aşkarlıq, yenidənqurma” çağında və milli
müstəqilliyimizin ilk illərində isə mənə məlum
olmayan səbəblərə görə çap etdirmədiyi
“İstiqbala səyahət” adlı bir poemadan gedir. Ona görə tapıntı deyirəm ki, təkcə
Azərbaycan poeziyasında deyil, ümumən dünya
poeziyasında elmi-bədiiyyat (!) janrında qələmə
alınan ilk poema və poeziya nümunəsidir. Apardığım araşdırmalardan sonra gəldiyim
qənaətdir.
Araşdırmalarımdan məqsəd təbii ki,
Q.Qasımzadənin çap edilməmiş poemasının bu
janrın tarixində yerini müəyyənləşdirməkdən
ibarət idi.
Azərbaycan ədəbiyyatında birinci və
sonuncu nümunədir, bu lap aydın məsələ idi,
“525-ci qəzet”də onun 90 illiyinə həsr etdiyim bir
yazıda bunu bildirmişdim. Rus
poeziyasında janrın tələblərinə cavab verən
ilk nümunələr isə ötən əsrin 60-70-ci illərinə
təsadüf edir. Məni dünya
poeziyasında bu janrın gəlişmiş və mütəxəssislər
tərəfindən qəbul edilmiş tarixi
maraqlandırırdı.
Öncə İnternetlə müəyyən tədqiqat
apardım.
Sonra elə oldu ki, Harvard universitetində bir il
çalışmaq üçün Amerikadan dəvət
aldım və araşdırma imkanlarım artdı. ABŞ-da fəaliyyət göstərən Science
Fiction Poetry Association (Elmi Bədiiyyat Poeziya Assosiasiyası) ilə
əlaqə yaratdım. Assosiasiyanı idarə
edən məsul şəxsə suallar ünvanladım.
Məsləhət gördü ki, onların facebook qrupunun
üzvü olum və dünyada “science fiction poetry”
janrının tarixinə aid materialları haradan almaq olar, bu
janrda ilk nümunə hansı müəllifə məxsusdur,
nə zaman yazılıb, hansı əsərdir və s. və
i. qəbilindən olan suallarımı əlaqədar sahə
üzrə ixtisaslaşan qrup üzvləri şəxslərə
ünvanlayım. Onlara qısa bir müraciət yazdım:
“Hörmətli həmkarlar! Sizin
hamınızdan xahişim var lütfkarlıq göstərib
bir məsələyə aydınlıq gətirəsiniz.
Mənə maraqlıdır və istərdim
özüm üçün aşkarlayım ki, elmi bədiiyyat
poeziyası tarixində nə zamansa qələmə
alınmış ilk nümunələr (bu janrın tələblərinə
cavab verən nümunələr) hansılardır. Bu istiqamətdə özəl araşdırmam vadar
edir bildirim ki, Nobel mükafatı laureatçısı,
İsveç şairi Harry Martinson-un 1956-cı ildə
çap edilən məşhur “Aniara” poemasından öncə
ortaya çıxmış bir nümunə yoxdur. Məqsədimi də yazım biləsiniz. İstərdim bu yaxınlarda
aşkarladığım, tarixi 1946-cı ilə gedib
çıxan və çap olunmamış bir əlyazmanın
elmi bədiiyyat poeziyasında ilk nümunə
olub-olmadığını özüm üçün təsdiq
edim. Xoş arzularla, Nəriman”.
Bu
müraciətimə biri cavab verdi ki, Lorraine
Lilith adlı yazarın fəaliyyətini və əsərlərini
araşdırım. Və Harvardın zəngin
kitabxanalarında geniş imkanlarım oldu ki, uyğun
araşdırmamı rahatlıqla aparım.
Qısaca olaraq yazım ki, Lorraine Lilith amerikalı
şairə, redaktor, naşir olmuş Mary Maude Wright-ın
(1894-1967) məşhur ləqəblərindən biridir. Ötən əsrin
30-40-cı illərində pulp (“pulp” – “kağız”,
“kağız kütləsi” deməkdir və əsasən 25,4 sm x 17,8 sm
ölçüdə tərtibatlanan jurnallara aid sözcük
kimi işlənirmiş) jurnallar nəşr etməklə
şöhrətlənmişdir. Həmin illərdə
“Different”, “The Avalonian” və başqa jurnallları redaktə
etmiş, “Heyrətdən kənar” (1942), “Onlar” (1943), –
Mühakimədən öncəki gün” (1944), “Şöhrətin
sürüşkən buludları” (1947) şeir
kitablarını qələmə almışdır. 1952-ci ildə çapdan çıxan “Möcüzə
şərabı” toplusu elmi bədiiyyat poeziyasına aid ilk
kitab olaraq təbliğ olunsa da burada bəzi tənqidçilərin
elmi bədiiyyat və fantastika janrına aid etdikləri
nümunələr cəmi bir neçə şeirdən ibarətdir.
Bu şeirlərdə də daha çox yer alan
məqamlar şairənin xəyali kainat səyahətlərində
oxucu təxəyyülünü kosmik aləmin qaranlıq və
işığından keçirərək gələcəyin
faciəli görüntülərinin dərkinə kökləyir.
Həmin yazılarda elmi bədiiyyat janrına
xas texnolojilərin olduqca ötəri təsviri fonunda şairənin
kosmik uçuşları onu narahat edən problemləri poetik
dillə ifadə üçün gərəkli
görünür. Bu şeirləri onun
vaxtilə elmi bədiiyyat nəsrini təbliğ edən
jurnalları buraxdırması, özünün bu janrda
qısa hekayələr və bir povest (“Planetin beyni”, 1929)
yazmasının sadəcə poetik uzantısı kimi nəzərə
çarpır. Siyasi baxışlarına görə
Federal Təhqiqatlar Bürosunun nəzarəti altında olan bu
xanımı məşhurlaşdıran o olmuşdur ki,
Lorraine Lilith o zamankı Amerika cəmiyyətində ictimai bəlalara
qarşı fəal ictimai mövqe sərgiləyir,
qızğın ədəbi fəaliyyətdə
bulunurmuş. Əlbəttə, tam təbiidir
ki, Lorraine Lilith elmi fantastikaya (əslində daha çox bədii
fantastikaya!) müəyyən qədər aludəçiliyini
poeziyada əks etdirməyə iddialı da deyildi. Bu sahədə iddialarını əsasən
müvafiq jurnalları buraxdırmaqla və nəsr
yazıları ilə gerçəkləşdirmişdi.
Poeziyada yenilikçiliyin əleyhdarı kimi də ad
çıxarmışdı və onu bu mənada tərif edən
amerikalı şair Stanton Coblentzə görə, Lorraine Lilith
“ənənəvi poeziyanın ən etiqadlı müdafiəçilərindən
biri, modern poeziyanın xaosuna qarşı kampaniyanın
vicdanlı və zəhmətcil bir iştirakçısı
idi”...
Lorraine Lilithdən öncə də bədii fantastikada
yazmış xeyli sayda müəlliflər olmuşlar. Ümumiyyətlə,
onların xeylisi bu janra aid qələmlərini nəsrdə də
sınamışlar. Bunlardan biri məşhur
Amerika yazarı H. P. Lovecraftdır. Elmi bədiiyyat
poeziyasının tarixini yaxşı bilən, bu janrda
şeirlər yazan Jonathan Vos Post da haqlı olaraq H. P.
Lovecraft-ın nəsrini və şeirlərini səciyyə və
məzmununa görə elmi bədiiyyata deyil bədii fantastikaya
aid edir.
Dünya ədəbiyyatı tənqidçiləri elmi
bədiiyyat janrının tələblərinə cavab verən
ilk ciddi nümunə kimi İsveç şairi Harry Martinsonun
“Aniara” poemasını qeyd edirlər. Poema 103 nəğmədən
ibarətdir. Olduqca maraqlı və dramatik
süjet xəttinə malikdir. Əhvalat fəlakətlər
içində çabalayan Yer kürəsindən Marsa
yönələn kosmik gəminin faciəsi üzərində
qurulub. Yer üzündə baş
vermiş nüvə savaşlarından sonra güc sahibləri
qərara gəlirlər ki, Marsda və Venerada müstəmləkə
yaratsınlar. Bu məqsədlə bir
neçə iri kosmik gəmi inşa edirlər. Bunlardan
biri, 8000 nəfər kişi və
qadınla yüklü “Aniara” kosmik fəzaya çıxır
və bu yolçuluqda Hondo adlı meteorla üzləşir. Meteor təhlükə yaratsa da gəmini idarə edənlər
vaxtında tədbirli tərpənərək onu meteordan yan
keçirə bilirlər. Ancaq meteorun arxasınca hərəkətdə
olan xırda daşlar “Aniara”nı bir xeyli
yerdən dəlik-deşik edir, manevr mexanizmlərini sıradan
çıxarır. Beləliklə, “Aniara” sərnişinlərin
tabutuna çevrilərək əbədi olaraq kosmik fəzada
asılı qalır. Poemanı oxunaqlı edən
dramaturji xətdə yer alan
ayrıntılardır: sərnişinlərin
qarşılıqlı münasibətləri, həyəcanları,
ümidli-ümidsiz anları, yadplanetlilər tərəfindən
özlərinin sınaq obyektləri olduqlarını zənn
edəndən sonra onlara ilahlar kimi tapınmaqları və s.
Harry Martinson məhz bu əsərə görə 1974-cü
ildə Nobel mükafatını almışdır...
ABŞ-ın
Elmi Bədiiyyat Poeziya Assosiasiyasında fəallıq göstərən
və yuxarıda istinad etdiyim Jonathan Vos Post bu sahəyə
marağımı nəzərə alıb İnternetdə
yerləşdirdiyi “Science and Science Fiction Poetry Guide” (“Elmi və elmi
bədiiyyat poeziya bələdçisi”) araşdırmasını
göndərdi. Məsləhət gördü
ki, axtarşlarımı yazısındakı siyahıya
uyğun aparım.
Zəngin məlumat yığnaqlı bir tədqiqatdır. Burada elmlə
poeziyanın ta qədimlərdən bəri
qarşılıqlı əlaqəsinə və qədim
yunan ədəbiyyatından başlayaraq 20-ci əsrə qədərki
dünya poeziyasında elmi mövzulara toxunan nümunələrin
böyük bir siyahısı verilir. Siyahıdan
görmək olur ki, tarixdəki elmi kəşflər şairləri
də ilhamlandırır, bu ixtiralara poetik münasibət
bildirən əsərlər yazmağa sövq edirmiş.
Məsələn, vaxtilə Nyutonun, ardıcıllarının,
əsərlərinin poetik dəyərləndirilməsi səpkisində
şeirlər yazılırmış: “İsaak Nyutonun xatirəsinə və
mövsümlər” (James Thomson, 1700-1748),
“Yaradılış” (Sir Richard Blackmore, 1650-1729), “Ucalarda
göy qübbəsinə oda” (Joseph Addison 1672-1719), “Ayda həyat”
(Thomas Gray, 1716-1771) və s. Siyahıdan o da görünür
ki, elmlə poeziyanın qarşılıqlı əlaqəsi
19-20-ci əsrlərdə daha da dərinləşir və
müəllifin yazdığına görə, poeziyada elmi bədiiyyat
janrı üçün bir növ özül yaradır. Hərçənd
bu sonuncu fikir mübahisəli də ola bilər.
Çünki 20-ci əsrin ikinci yarısında
bu janrda yaranmağa başlayan nümunələrin daha
çox müvafiq nəsr nümunələrinin təsiri ilə
ortaya çıxdığı da məlumdur.
Jonathana məktub
yazdım: “Hörmətli Jonathan, bir daha təşəkkür
edirəm. Araşdırmanız xeyli məlumatlandırıcıdır.
Yazınızdakı demək olar bütün
nümunələri gözdən keçirdim. Və aşkarlaya bildiyim bu oldu ki, “Aniara”ya qədər
yazılanların heç biri elmi bədiyyat janrının tələblərini
dəqiqliklə qarşılamır. Həmin
nümunələr daha çox elmi poeziya adlanan nəsnəni
xatırladır. Bunlarda elmi bədiiyyat nəsrində
olduğu kimi baş verən əhvalatların təsvirinə
aid xüsusi süjet xətti izlənilmir. Anlayıram
ki, bu janra dair termin mübahisəli ola bilər.
Sadəcə istəyirdim elmi bədiiyyat
poeziyasında ilk poemaların köklərinə gedib
çıxım. Və “Ariana”dan öncə
bu mənada heç bir nümunəyə rast gəlmədim.
Yanlışlığım varsa, lütfən
düzəlişinizi əsirgəməyin. Hörmətlə,
Nəriman”.
Jonathan cavabında təsdiqləyircəsinə yazdı
ki, “fikirlərin kifayət qədər ağlabatandır”. Onu da məsləhət
gördü ki, elmi bədiiyyat janrının
tanınmış ədəbiyyatçılar tərəfindən
verilən və onun araşdırmasında sitat kimi qeyd etdiyi
təriflərini də nəzərdən keçirim və bu
janrla fantastika janrını qarışdırmayıb diqqətli
olum. Yeri gəlmişkən, onun bu məsləhəti
də mənə maraqlı gəldi. Çünki
ruslardan qalma bir termin olaraq biz elmi bədiiyyatla bədii
fantastikanı fərqləndirmədən sadəcə elmi
fantastika sözünü işlədirik. Bunun
yanlışlığı da əslində üzdədir, yəni
fantastika deyiləni elmlə əlaqələndirməyin gerçək
mənası da yoxdur. Bu janr fərqləndirməsi
qərb ədəbiyyatşünaslığında artıq təsdiqlənməkdədir.
Belə izah edilir ki, “elmi bədiiyyat”
elmin və texnoloji nailiyyətlərin perspektivini nəzərdə
tutan təxminlərlə bağlı qəribəliklərin
bədii ifadəsini ehtiva edirsə və bunlar təbiət
qanunlarına tərs deyilsə, “fantastika” pozulmaz təbiət
qanunlarının qeyri-təbii, yaxud fövqəltəbii
şəkildə pozulması ilə müşayiət olunan qəribəliklərin
bədii mətndə yer almasını nəzərdə
tutur...
Deməli, aydınlaşdıra bildim ki, ötən əsrin
50-ci illərindən başlayaraq elmi bədiiyyat janrında
ilk şeirlərini yazmağa başlayan Lorraine Lilith, daha sonra
bu sahədə sanballı bir əsər ortaya qoyan Nobel
mükafatçısı Harry Martinsondan əvvəl,
1946-cı ildə 23 yaşlı azərbaycanlı Qasım
artıq bir poema yazıbmış.
Yaşına görə xeyli mütaliəli olan
Q.Qasımzadənin o zaman təsirləndiyi, yaxud nümunə
götürdüyü hansısa ədəbi qaynaq
olmuşdumu?
Stalin
ölkəsində dünyadan təcrid durumunda yaşayan
yazıçılarımızın o zaman oxuya bildikləri
rusca qaynaqlardan savayı nə ola bilərdi
ki? Ədəbiyyatda
“elmi-fantastika” janrının tədqiqatçısı
rusiyalı alim A.Britikovun yazdığına görə, bu
janr rus poeziyasında köklərini V.Biryusovun, V.Xlebnikovun,
V.Mayakovskinin yaradıcılığındakı nümunələrdən
götürür və əsasən də 1960-1970-ci illərin
Peterpurq şairləri V.Şefner, O.Tarutin və
başqalarının əsərlərində inkişaf edir.
A.Britikov 1979-cu ildə O.Tarutinin müəllifliyi
ilə çapdan çıxmış “Göz bəbəyi”
kitabını rus fantastika ədəbiyyatında ilk poetik toplu
adlandırır. Onun poeziyada bu janrda
formalaşmış nümunələrin köklərini elə
poeziyanın özündəcə sələflərin
yazdıqlarında axtarmaqla verdiyi izahatlar da o qədər
inandırıcı səslənmir. Çünki
elmlə poeziya əlaqəsinin tarixi qədimlərə gedib
çıxsa da müəyyən süjet xəttini gərəkdirən
ilk əsərlər məhz nəsr nümunələridir.
Bu mənada V.Biryusovun, eləcə də
V.Xlebnikovun və V.Mayakovskinin şeirlərindəki simvolizm
“elmi-fantastika” süjetlərindən xalidir. V.Biryusovun nəsr
yaradıcılığını izləmiş olanlar
üçün bu da faktdır ki, o özü məhz məşhur
Amerika yazıçısı Edgar Poe-nun təsiri ilə
“elmi-fantastika” janrında nəsr əsərlərini qələmə
almışdır. Elə Edgar Poenun özü
də, yeri gəlmişkən, şeirlər
yazmışdır ki, bunların bir qismini bədii fantastikaya
aid edirlər. Rusiyada 19-cu əsrin sonları, 20-ci əsrin
əvvəllərində geniş yayılan və oxunan xeyli
başqa nəsr nümunələri də (P.İnfantiyevin
“Başqa planetdə”, A.Rodnıxın “Moskva ilə Peterburq
arasında özüyürüyən yeraltı dəmir yolu
qatarı”, B.Krasnoqorskinin “Efir dalğalarında”, “Efir
okeanının adaları” və s., eləcə də S.Qrave,
A.Paley, A.Belyayev və başqalarının roman, povest və
hekayələri) olmuşdur ki, bu janrın rus poeziyasında
köklərini nəsr nümunələrində izləmək
daha məntiqli görünür.
Q.Qasımzadənin
1940-cı illərdə bu əsərlərlə tanış olub-olmadığını deyə
bilmərəm. Ancaq bir nəsnəyə
şübhəm yoxdur ki, o, Y.V.Çəmənzəminlinin
“Gələcək şəhər” hekayəsini
oxumamış olsun.
Yeri gəlmişkən,
Yusif Vəzirin bu hekayəsi Azərbaycan nəsrində elmi bədiiyyat
janrına aid
ilk nümunədir. Əlbəttə, bu hekayənin
bədii dəyərindən danışmaq mümkün deyil,
nəsr mətninin süjeti dramatizmdən, əhvalat xəttindən
xalidir. Müəllif gələcəkdə
görmək istədiyi şəhəri təyyarə ilə
yolunu azmış sovet səyyahlarının təsadüf nəticəsində
başqa planetə enmələrindən sonra tanıtmağa
başlayır və bu tanıtım da onların geri
qayıtmaları ilə bitir. Səyyahların
heyranlığı elm və texnikanın yüksək
inkişafı sarıdandır. Bu yeni şəhər isə
sovetlərdə hələ qurulmağa başlanan, başqa
planetdə isə artıq qurulmuş olan “sosializm şəhəri”dir.
Əlbəttə, gələcək şəhərin məhz
sovetlərin ideolojisində təbliğ olunan ictimai
quruluşda mümkün mövcudluğuna dair müəllif
“qənaəti”ni o mənada anlamaq lazım gəlir ki, siyasi təqiblərə
tuş gəlmiş görkəmli ədibimiz dövrün
ideoloji konyukturasına uyğunlaşmaq, yaxud təqiblərdən
yaxa qurtarmaq üçün belə bir cəhddə
bulunubmuş. Mənə maraqlı gələn
məqam isə müəllif təxəyyülündəki bəzi
texnoloji arzuların indi artıq gerçəyə
çevrilməsidir, özü də qərbdə, kapitalizm
mühitində. Məsələn, həmin
şəhərdə avtomobillər ona görə qəza
törətmir ki, qarşıda maneə görünən kimi
hərəkəti dayandırır. İndi kompyuterli
sistemə qoşulmuş belə avtomobillərin istehsalına
başlanması artıq təəccüb də doğurmur...
Bir daha qeyd edim, Q.Qasımzadə bu hekayəni ilk gəncliyində
çox güman oxumamış deyildi. Ona görə
yox ki, onun Yusif Vəziri sevdiyini söhbətlərindən
duyurdum. Həm də ona görə yox ki, poeması ilə
həmin hekayənin adlarında müəyyən
oxşarlıq var. Hərçənd onu da deyim ki, əlyazmasında
əsərin başlığının yanında
Q.Qasımzadə ərəb əlifbası ilə ikinci bir
başlıq yazıb: “Yerin övladı”. Yeri gəlmişkən,
əslində bu ikinci başlıq poemada müəllif məqsədini
daha ümumiləşdirilmiş olaraq ifadə edir və əsərin
ilk nəşrində bu da yəqin nəzərə
alınacaq. Yusif Vəzirin hekayəsində tibb elminin
inkişafı nəticəsində insanların ən azı
iki yüz ilə qədər ömür sürə bilməsi
vurğulanır və bu, Q.Qasımzadənin poemasında da qəhrəmanlardan
birinin ömür həddidir: “yüz yaşda
ömrünü etməmiş yarı”. Bundan əlavə,
yaxşı xatırlayıram, Mərdəkandakı
bağımızın bir payız günündə
“uçan boşqablardan”, uzaq-uzaq qalaktikalarda həyatın
olub-olmaması barədə danışırdıq. Söhbəti özü başlamışdı,
fikirlərimizi, xəyallarımızı
bölüşürdük. Və birdən sözü
öz planetimizə gətirib dedi “təsəvvür elə
elm o səviyyədə inkişaf edər, elə səviyyəyə
çatar ki, əsrlər öncə dünyasını dəyişmiş
insanların səslərini, məsələn, Nizaminin 800 il əvvəl
dedikləri, danışdıqlarını olduğu kimi səsləndirə
bilər”. Buna gerçəkdən
inanırmış kimi ifadə etdiyi qənaətin isə Y.Vəzirin
bu yaxınlarda təkrar oxuduğum həmin o hekayəsindən
gəldiyinə qətiyyən şübhə etmirəm.
Hekayədə oxuyuram: “Bu günkü səslər havada
dalğalanan kimi, ibtidai səslər də
dalğalanmış. Yalnız fərq
buradadır ki, qədim zamanlar vücuda gələn səslərin
havadakı dalğa dairəsi əsrlərdən bəri
genişlənərək bizdən uzaqlaşmışdır.
İndiki makinalar ən uzaq dalğaların səslərini
alaraq kağız üzərinə qeyd edir”.
İndi bunu da xatırlayıram ki, mərhum
qardaşım Fəxrəddin məktəbdə oxuyarkən
bir dəfə ədəbiyyat dərsi üçün “Həqiqət
əfsanəyə qalib gəlir” mövzusunda inşa
yazmalı idi.
Ona nağıllarımızdakı “sehirli güzgü”nün
televizorla, “uçan xalça”nın təyyarə ilə
müqayisəsini, Jül Vernin “80 min km su altında” fantastika əsərində
təsvir etdiyi və əsərin yazıldığı
dövr üçün ağlagəlməz olan sualtı
qayığın artıq gerçəkliyə çevrilməsini,
eləcə də yadımda qalmayan başqa nəsnələri
vurğulamağı tövsiyə edirdi...
Onun ədəbiyyat
alimi kimi də tədqiq etdiyi, oxuduğu əsərlərdə ən
kiçicik elmi bədiiyyat işartıları gözündən
yayınmırdı. 1988-ci ildə “Ədəbiyyat və incəsənət”
qəzetində “Müşfiq irsi və müasirlik”
başlıqlı bir məqaləsində yazırdı:
“Şairin üzü həmişə gələcəyə
olmuşdur. Hələ 1929-cu ildə yazdığı “Telefon
söhbəti” şeirində sabahkı elmi problemlərdən
söz açırdı:
Əvət,
böylə qalmaz sabah bu ölkə
Telefonda
fikrimi açarkən sənə
Həsrətlə
baxdığım üzün də bəlkə
Uzaqdan
uzağa görünər mənə, –
deyə
indi-indi tətbiq edilməyə başlayan, hələ
Bakıya gəlib çıxmamış telefoto barədə
o vaxtlar şair təxəyyülü ilə fikir söyləmişdir”.
Yeri gəlmişkən, Qasımzadənin bu müşahidəsini
sonralar, yəni “telefoto Bakıya gəlib” çıxandan
sonra bir sıra müşfiqşünaslar ona istinad etmədən
öz yazılarına aldılar... Və indi poeziyamıza aid
İnternet forumlarına baxıb görürəm ki, iphone,
smartphone telefon aparatlarını işlədən gənclərimizin
həvəslə paylaşdığı şeirlərdən
biri elə bu “Telefon söhbəti” şeiridir və
paylaşımlardan da məqsəd şeirdəki həmin o məqama
diqqət çəkməkdir...
“Elmi-fantastika” janrına aid edilən əsərlərdə
süjet xətti bir qayda olaraq gələcəkdə baş
verən əhvalatlar üzərində qurulur. Bəzən
isə belə əsərlərin dramaturjisində yadplanetlilərlə
Yer adamlarının əlaqələrinin doğurduğu
konfliktli durumlarda cərəyan edən hadisələr, bəzən
də vaxt maşını qəbilindən olan vasitələrlə,
yaxud gözlənilməz və elmi izahı
mümkünsüz yollarla gələcəyə səyahətlər
yer alır. Bu sonunculara aid nümunələrin
janrı indi artıq “elmi-fantastika” deyil, sadəcə fantastika
olaraq müəyyənləşdirilir. Q.Qasımzadənin
arxivindən tapılmış poemanın süjet xətti isə
əsərin fantastika janrından kənar dəyərləndirilməsini
şərtləndirir. Hərçənd
gənc Qasım o uzaq dövrün tələblərinə
görə yazdığını təbii olaraq “əfsanəvi
poema” adlandırır. Bununla belə,
müəllif öz çağdaşları
üçün əfsanəvi görünə bilənlərin
həqiqətə çevriləcəyinə dərindən
inanır, təsvirlərində elmi həqiqətlərə
yetərincə inamlıdır (əlyazmada bu barədə
öz xəttilə yazdığı qeydlər də var) və
bu təsvirlər poemanı elmi bədiiyyat janrında incələməyə
əsas yaradır.
Heç şübhəsiz, Q.Qasımzadə
qarşısına xüsusi bir məqsəd də
qoymayıbmış ki, məhz bu janrda qələmini
sınasın.
Maraqlıdır ki, “İstiqbala səyahət,
yaxud Yerin övladı” əsəri onun yazdığı ilk
poemadır. Çox güman ilk poema təcrübəsini
məhz bu janrda gerçəkləşdirmək cəhdi
şairə ikinci dünya savaşı bitəndən dərhal
sonra öz içindən keçirdiyi İnsanlığa aid
arzularını epik planda ümumiləşdirilmiş planda və
isti-isti ifadə etməklə bağlı olubmuş. Gələcəyə
yönəlik arzularını poemanın proloqundaca bəyanlayır:
Düşündükcə
istiqbalı aydınlaşır
xəyalatım,
Ötüb
keçir əsrləri yel qanadlı
xəyal atım.
Uçurumlu
aylar keçir,
eniş-yoxuş illər aşır,
Ruhu əməl
saleh olan
bir
zamanla qucaqlaşır.
Bir zaman
ki, çəkilmişdir fəlakətin
nəsli dara,
Bəxş
edilmiş əbədilik
bir səadət
insanlara.
Bir zaman
ki, qanununda
nə
kin vardır, nə də qərəz,
Vətən
olmuş insanlığa başdan
başa
Kürreyi Ərz.
Millət,
tayfa yoxdur orda,
abad
olmuş könül varı,
Nə
gözəldir seyr eləmək
həqqə dönən arzuları...
Əlbəttə,
sonralar milli köklərə dərindən bağlı birisi
kimi tanınmış Q.Qasımzadənin ilk gəncliyində
gələcəyi “millətsiz” görmək istəyini ifadələyən
bu bəyanı onu yaxından tanıyanlar üçün qəribə
səslənsə də poemanın süjetinin elə
başlanğıcından görürük ki, şairin “xəyal
atının” çapıb yetişdiyi ünvanın baş
sakinləri azərbaycanlılardır: Azər, İstiqbal. Şairin keçmişdən
(yaşadığı zamandan yox!) gələcəyə
göndərdiyi başqa bir qəhrəman da var – Adil xan.
Poemanın əvvəlində planetlərlə rabitə
aerodromunun müşahidə otağında Azərlə
İstiqbalın söhbəti gedir. Azər həmkarını
növbədə əvəzləməyə gəlib. Hər ikisinin işi Zöhrədən (Veneradan) Yer
kürəsinə filiz daşıyan kosmik yük gəmiləri
üçün, indiki dillə desək, dispetçer xidmətini
həyata keçirməkdir. Burası da
maraqlıdır ki, İstiqbalın gözü ilə ekrana
baxan müəllif poemada bu gəmiləri “fişəng təyyarələr”
adlandırır.
Bu, onun öz terminidir. “Kosmik gəmi”
sözünün Azərbaycanın dil dövriyyəsində
olmadığı zaman şair təxəyyülündə
planetlərarası uçuş aparatları dispetçer
ekranında “axan ulduz kimi parlaq fişənglər”i
xatırladır.
Azərlə İstiqbalın söhbətindən bəlli
olur ki, həmin gecə günəşin tutulması
olacaqmış. Hadisəni seyr etmək üçün hər
ikisi otaqdakı pəncərəyə yaxınlaşır.
Pəncərənin açılması ilə
müəllif ətrafın təsvirini verir. Hər ikisinin gözü lap uzaqda “qayalı
sırtları” olan bir dağa zillənir. Dağın
zirvəsində şairin “nur lampası”
adlandırdığı “Kürrə” var. Cənnət
timsallı məkanın başqa təsvirləri öz yerində,
ağaclar arasında yerləşən “mərmər evlər
qutu-qutu görünür”. İstifadə olunan enerji
qaynağı isə, bir daha indiki dillə desək, alternativ
enerji qaynağıdır: “Kürrə” günəş
enerjisini toplayıb ötürmək
üçündür...
Haşiyə
çıxaraq onu da bildirim ki, müəllifin əlyazmasında
“İstiqbala səyahət əfsanəvi poeması
üçün süjet...” adlandırdığı bir
qaralama yazısı da var. Elə bilirəm mövzunun izlənilməsi
üçün bir parçanı da eynən həmin
yazıdan versək maraqlı olar:
– İstiqbal, gəl bu dağla əlaqədar əhvalatı
indi danış.
–
Yaxşı. Söylədiyim əhvalat, necə
deyərlər, əfsanələrin vaqe olduğu dövrdə
olmuşdur. Ulu babam xatirat kitabçasını əcdadı
Qadir xanın əhvalatı ilə başlayıb yazır:
“Xan öz azacıq dəstəsinin qalığı ilə
davada məğlub olub (sınıq çıxıb)
düşməndən qaçarkən qarşısına iki
yol çıxır: biri düzənə, digəri bu
görünən dağa. O, tələsik yoldaşlarına vətənə
getməyi və oğlunun Xanlığını təşkil
etməyi əmr edərək düzə çıxan yolu
göstərir, özü geri dönür. Düşmənin
ön dəstəsilə çarpışıb, yenidən
yel qanadlı atının başını qaytarıb ikinci
yolla – dağa tərəf olan yolla çapır. Düşmənlər isə təkcə onun
sağ qaldığını güman edərək, yalnız
onu təqib edir. Beləliklə, dəstənin
azacıq qalığı xilas olur. Düşmənin
dabanbasma təqibi onun ələ keçəcəyi ilə nəticələnəcəkmiş.
Ancaq bu vaxt həmin gördüyün möhtəşəm
dağın ətəyində bir yarıq mağara
açılır. Xan atını nədənsə
mağaraya sürür. Mağara
qapanır, yarıq bitişir”.
İstiqbalın söhbətinin sonunda Nur
lampasının işığı tədriclə azalır.
Azər:
– Qəribədir,
görürsən, sənin nağılının ahənginə
uyğun olaraq təbiət də dəyişməyə
başladı. Günəş ləkələrinin
təsiri başlayır.
Bu vaxt pəncərənin
qarşısında səma fonunda təpədən
dırnağa qədər zirehli süvari zahir olur:
– Bəli,
– deyir. Mən mağaraya girərkən xoş və
parlaq işıqdan gözlərim qamaşdı. Oradakı ətirli və sərin havanı ciyərlərim
dolusu aldım, aldım... azacıq üşüdüm və
sərməst olaraq donub qaldım. O vaxtdan əsrlər
keçdiyinə baxmayaraq tarix varaqlanır, mən isə mənasını
özüm də dərk etmədiyim intihasız sevinc və ləzzət
hissinin ağırlığı altında hər şeyi, hətta
özümüzü də unudaraq donmuş halda
yatırdım. Ancaq az əvvəl düşüncə
və hislərimə hakim olan qüvvə öz nurunu
dimağımdan silmiş, donum açılmış və mən
sənin dediklərini eşitmişəm. Mən
ayıldım ki, kainata, bəşəriyyətin
inkişafında şüurlu sədaqətin əsas amil
olduğunu deyəm. Mən gəldim ki, vətən
eşqinin daimi şöhrətə layiq olduğunu söyləyəm.
Bəlkə də sizin üçün indi yer
Kürəsi Vətən, Əhalisi isə Xalqınızdr.
Bu, mürur-zamanla, tədriclə
yaranmışdır. Əgər siz, insanla məskun
Ulduz kəşf etsəniz, oranın, tutalım, iki əlli,
dörd ayaqlı insanlarını öz xalqınız, cazibə
qüvvəsi, iqlim şəraiti sizinkinə oxşamayan vətənlərini
vətən adlandlrmazsınız... Əlvida, mən
gedirəm. Çünki sizin əsr
üçün çox köhnəyəm. Siz ətəyində qeyb olduğum dağın zirvəsi
istiqamətindəki fəzanı, fəzanın cisimlərini
belə fəth edirsiniz. Əlvida...”
Qaralamada
verilən bu kiçicik parçada da müəllif qayəsi
aydındır: əzəli və əbədi dəyər
olan vətənsevərliyin kosmik bir məzmunda təlqini. Bu müəllif qayəsi, əlbəttə, o
zamankı şeirimizə xas patetik ruhlu ifadələri də
şərtləndirməli idi və qəhrəmanların
dialoqlarında bu yetərincə qabarıqdır.
Bunların üzərində xüsusi dayanmadan bir məqama da
diqqəti çəkim ki, yuxarıda poemanın süjet
qaralamasından gətirdiyim sitatda xanın mağarada
üşüməsi, donmuş halda əsrlərcə
yatmasına dair cümlələri ulduzla işarələyən
müəllif həmin sətirlərə aid vərəqin
sonunda öz xəttilə belə bir izahat verir: “Son vaxtlarda
canlıların tədrici dondurma üsulu ilə uyğun
müddət saxlanılması üzərində
çalışırlar. Belə ki, don
açılırkən həyat mühafizə
olunmalıdır. Hələlik ilk təcrübələr
qənaətbəxş nəticələr vermir –
inanmırsan Qarayevdən soruş”. 23
yaşlı Qasımın bu sonuncu ifadəsini təbəssümsüz
oxumaq olmur. Həmin o Qarayevin kimliyini bilməsək
də gənc müəllifin istinad etmək istədiyi şəxsin
alim olduğuna şübhə yox. Bizə
maraqlı gələn nəsnə şairin çap deyil də
sadəcə özü üçün (təkcə
özü üçünmü, axı həmin ifadədə
məhrəm bildiyi oxucusuna da ərkyana bir müraciət
var?!) yazdığının elmi həqiqətə
çevriləcəyinə inamıdır.
Poemanın qaralama süjetində mağarada əsrlərlə
sığınacaq tapan Qadir xanı oxucuya ədalətli
hökmdar obrazını təqdim etməkdən ötrü
şair poemanın əslində “Adil xan”la əvəzləyir. Adil xanın soyuqdan
donması ilə bədənindən ayrılan ruhu
zamansızlıq mühitində sahibini “nəşə”li,
“xumar”lı və “xoş xəyallar içində” uzun bir
yuxuya qərq edir ki, bu da onun mağaraya qədərki həyatındakı
yaxşı əməllərinə görə Tanrıdan
qarşılığın ifadəsi kimi qəbul edilir. Bu qarşılığın uzantısı ona gətirib
çıxarır ki, İstiqbalın Azərlə söhbətində
ulu babası Adil xandan, onun həyatından məhrəmanə
söz salması bu sonuncunun ruhu ilə özü arasında
astral ünsiyyət yaradır. İlk qavrayışdan qəribə
gələ bilər, amma artıq bu fikrin tərəfdarları
bəzi elmi çevrələrdə də var ki, ruhən,
yaxud qohumluq bağı ilə bir-birinə yaxın insanlar və
belələri içində də xüsusən həssasiyyatları
daha çox inkişaf etmiş biriləri arasında energetik
köklənmə mövcud olur, həyəcanları, fikirləri
rezonansda olduğundan öz aralarında belə bir astral əlaqənin
uzaq məsafədən yaranması təbii şəkildə
gerçəkləşə bilir. Poemada bu, əsrlərin
yuxusuna qərq olmuşla onun əhvalatını həyəcanla
dilə gətirən xələfi arasında baş verir.
Müvəqqəti ölüm halını
(yeri gəlmişkən, Quranda da yuxu belə izah olunur)
yaşayan xanın şadlanan ruhu duyğulanaraq onun donmuş bədəninə
qayıdıb istilik gətirir. Xələfinin
söhbətini yuxusunda aydın eşidən xanın donu
açılır, yuxudan qalxır. Poemanın
özündə, eləcə də süjetin nəsrlə
qaralamasında Adil xanın yuxudan ayılmasının
ardınca baş verən bundan ibarət olur ki, Azərlə
İstiqbalın nur lampasına baxa-baxa söhbət etdikləri
pəncərə qarşısında xan peyda olur, onlara xitab
edir, sonra vidalaşaraq yoxa çıxır. Diqqətli oxucu fərqindədir ki, Adil xanın pəncərə
önündə göy səma fonundakı
görüntüsü və xitabı da əslində Azər
üçün deyil, İstiqbal üçün astral
ünsiyyətlə gerçəkləşir. Və Adil xanın uzaq keçmişdən istiqbala-gələcəyə
səyahəti xələfi İstiqballa söhbətləşib
vəsiyyətini ona və onun timsalında gələcək nəsillərə
çatdırınca bitir. Bundan sonra da bir
zaman onu xilas edən mağaranın içindəcə
dünyasını məhz təsvir olunan gələcəkdə
dəyişir. Bu barədə süjet qaralamasında bir
şey deyilməsə də xanın ruhunu
tapşırması poemanın epiloqundan aydın olur:
Səma rəngli
o atlı
Bir
göyərçin qanadlı
Quşa
dönüb ucaldı,
Göylərdə
izi qaldı...
Bu məqam “Kürrənin” nurlanması ilə
üst-üstə düşür və ruhu mağaranın
yerləşdiyi dağ ucalığından göylərə
ucalan qəhrəmanın cənnətlik (cənnətin qədim
türkcəmizdə “uçmaq” olduğunu bu yerdə
xatırlamaya bilmirəm!) olduğu assosiasiyası yaranır. Yer üzündə cənnət
həyatını isə xəyalları göyləri gəzən
Azərlə İstiqbal və onların
çağdaşları yaşamaqdadırlar...
Poemada
Adil xanın xilasını mağarada tapması, bədəni
donmağa başlayan zaman klinik ölüm halında gözlərini
qapayarkən “aləmin cənnətə dönməsi”,
başı üstə “nur qanadlı mələklərin
görünməsi”, onu xoş gələcəklə müjdələməsi
əsərin mistik-ruhaniyyat qatının bəlirtiləri
olaraq elmi bədiiyyat fonundakı süjet xəttinə öz
bədii naxışını vurur. Bibliyada və
Quranda mağara bir qayda olaraq haqq elçilərinin
sığındığı məkandır. Quranda
ayrıca bir surə də var: “Mağara”... Elmi-dini məqamların
poema kontekstində vəhdətdə verilməsi məndən
ötrü həm də o mənada maraqlıdır ki, uzun illər
boyu elmi teoloji araşdırmalarım sonucunda
vardığım qənaət hələ ötən əsrimizin
birinci yarısında 23 yaşlı Qasımın poetik təxəyyülündə
artıq gerçəklik kimi təqdim edilir.
Əlbəttə, ilk dəfə 1944-cü ildə
“Kommunist” qəzetində dərc olunan Q.Qasımzadə bu ilk
poemasını çapa verə bilməzdi. Özü də təkcə
əsərindəki mistik-ruhaniyyət çalarlı on-on beş sətrə görə yox. Elə təkcə Adil xanla bağlı epizod bəs
edərdi ki, gənc müəllifi o dövrün gedər-gəlməzinə
göndərəydilər. Poemanın
özündə Adil xanın taleyi belə verilir ki, onun məğlubiyyəti
aldadılmış xalqının dəstəyinə güvənən
ətrafı tərəfindən hərbi çevrilişlə
gerçəkləşir. Onu təqib edənlərə
səslənərək öz xidmətlərini sadalayanda
deyirlər “inanmırıq şahlara, quzu hara, qurd hara?!”. Açıq ifadəyə
qoyulmasa da ədalətli hökmdara nifrətini bildirənlər
poemada təbii olaraq “zəhmətkeş xalq kütlələri”
ilə assosiasiya olunur. Bu yerdə aşkar
duyursan ki, müəllif qayəsində onun öz
babalarının mənsub olduğu bəy nəslinin nəcabətini
vurğulamaq istəyi də, xalqda sinfi düşmənçilik
ruhunu təbliğ edən sovetlərin ideolojisinə
örtülü bir etiraz da var. 1946-cı ildə
yazılıb üzə çıxarılmayan poema elə bu
məqama görə də son yüz ilimizin ədəbiyyatı
tarixində unikaldır. Əlbəttə,
bunu mühacirət ədəbiyyatımızdakı antisovet
motivli nümunələri istisna etməklə yazıram.
Poemanın bəzi misralarında xırda xətalar da
var. Dialoqlarda şüarçılığı isə o dövrün
poeziyasına xas özəllik bilib qüsur saymamaq da olar. Digər
yandan, onu da nəzərə almaq gərəkir ki, poemadan məqsəd
ərsəyə şeiriyyətli bir nümunənin gətirilməsi
deyil də elmi bədiiyyat müstəvisində adətən
nəsrdə işlənən süjetin sadəcə nəzmə
çəkilməsilə mənzum bir bədii nümunənin
ortaya çıxarılması olmuşdur. Həm də nəzərə almaq olar ki,
Q.Qasımzadə bu əsərini çap üçün
hazırlamayıb, əks halda inanıram ki, öz
yaradıcılığına yetərincə məsuliyyətli
yanaşan müəllif kimi misralardakı o xırda xətaları
da redaktə edərdi. Hər halda öz
payıma vacib bildim ki, həmin o bir neçə kiçicik məqama
redaktə təriqilə müəyyən düzəlişlər
verim. Açığı, əlyazmasına
abidə kimi yanaşdığımdan özümü
haqlı da saymadım ki, bundan artığını edim.
Əsər yaxın zamanda kitab şəklində
çap olunacaq. Kitabda indiki latın
hərflərilə dərc olunmalı poema ilə
yanaşı əsərin kiril əlifbasındakı (g, y, ə,
e hərflərinin dilimizin qaydalarına hələ
uyğunlaşdırılmamış əlifbada) əlyazmasının
surətləri də yerləşdirəcək və oxucunun
imkanı olacaq ki, həmin o kiçicik redaktə müdaxilələrini
fərqləndirə bilsin.
Əlbəttə, Qasım Qasımzadənin dünya
elmi bədiiyyat poeziyasında ilk imzasının təsdiqlənməsi
ədəbiyyat alimlərinin, Azərbaycan və ədəbiyyatsevərlərin
öhdəsindədir. Özü isə Adil xan obrazının dili ilə gələcək
nəsillərə səslənərək deyir:
Alqış
göylər gözəli
Zöhrə
fatehlərinə,
Yer
övladı sahibdir demək
hüsn-ülkərinə.
Düyməli qurğularla yarırsınız
zülməti,
Açılır düymə-düymə kainatın hikməti.
Fəqət
yurd deyil sizə kəşf edilən
hər
Ulduz.
Heç
zaman unutmayın
Yerdə doğulmuşsunuz.
Ulduzlarda cazibə qüvvəsi də
başqadır,
Hər nə varsa istəyi, həvəsi də
başqadır.
Yad həyat bu həyatla müqayisə
edilməz,
Onların məxluqları xalqınız ola bilməz.
Mən
bitirdim sözümü,
məni
əfv edin daha.
Açılsın
gözləriniz daim nurlu sabaha,
Əqlinizin
hökmünə müti olsun asiman,
Dünyalar
fəth eyləyin
keçib getdikcə zaman.
Mən
gedirəm, köhnəyəm
bu
dövrana, əlvida!
Bar verəndə
hər arzu salın
məni siz yada...”
Nəriman Qasımoğlu
525-ci qəzet.-
2014.- 20 mart.- S.24-25.