Çiynindən atma
daşımı...- “Yüz Gözəl Sevgi Şeiri”
PƏRVİNin təqdimatında
Qadın olmaq ən böyük səadətdi! Amma Qadınlığını hər an “xatırlayırsansa”, dərk edirsənsə,... Zaman, mühit, robotlaşan dünya, müasirlik çox amansızdı bu hisslərə qarşı. Bərabərlik, eyni hüquqlu olmaq yanğısı ilə “kişiləşən” xanımlar da heç...
Qram-qram itirilir bu xoşbəxtlik. Özünü
Qadın, həm də Sevimli Qadın hiss etmək sadə deyil indi. Birdən sakitcə baxıb
fikirləşirsən, nə
lazımdı axı?
Dəli bir Sevgi, İncə bir təmas, Həzin bir Söz! Heç kəsin eşitməyəcəyi
səslə, az qala pıçıltıyla
deyilmiş “Canım”!
Ruhunu yerindən oynadan baxış... Ürəyini alan
nisgil, beynini döndərən qısqanclıq.
İtirmək qorxusu, təzadların...
Qadınlıq nə qızıl
bilərzikdi, nə bərbəzək... Qadınlıq özünü təslim etməkdən duyduğun rahatlıqdı, bir insanın içində əriyib ona qarışmaqdan aldığın
zövqdü, Allaha “kömək” edərək
bir insanı yaşatmaqdı, sevindirməkdi.
Özünü sevdirmək üçün
hər gün fikirləşib tapdığın,
işlətdiyin minbir
“fənd”di.
...Amma bütün bunları duyan, dərk edənin varsa!
...Gözəlliyini dörd bir yandan görüb
dəyərləndirən varsa!
Bu mənada sənətkarların, xüsusən də şairlərin Qadınlarını xoşbəxt, bəxti gətirmiş hesab eləmək olarmı? Axı kim, hansı adam qadını şair kimi sevə, duya, əzizləyə bilər?! Yazılan şeirlərdən, poemalardan, ürək əsdirən təşbehlərdən danışmıram hələ... Min illərdi poeziyanı əsas hərəkətə gətirən qüvvə Qadındı! Düzdü, Allaha sevgidən tutmuş, hökmdara tərifə kimi hamısı yazılıb, bundan sonra da yazılacaq. Amma kim nə deyir, desin, sevgiylə, konkret bir qadına yazılan şeirlərin ruhu, havası başqadı. Elə ona görə açıq, epiqraflı əsərlər daha çox təsirləndirir adamı.
Vaqif Səmədoğlunun lirikasından danışmağa cəsarətim çatmır. Onu heç bir şairlə müqayisə eləmək də istəmirəm. Bircə onu bilirəm ki, Vaqif Səmədoğlunun şeirlərini heç kim yaza bilməz. Onu sakit, heyrətsiz, bayılmadan, havalanmadan oxumaq mümkünsüzdü. Bir misrasıyla quyunun dibinə salar səni, amma növbəti misrasını kəndir edib salladar quyuya, çıxarar səni işığa. Və belə şairin Sevgisi, Qadına baxışı, onu vəsf eləməsi...
Bir Qadından umduqları! Bir Qadına şeirlə dedikləri! Həyat yoldaşı Nüşabə xanıma. Biz, Vaqif Səmədoğlu poeziyası sevərlər hamımız borcluyuq bu xanıma. O dağınıq əlyazmaları toplamaq, səliqəyə salmaq, kitabları nəşrə hazırlamaq. Hamısı sevginin, amma təkcə həyat yoldaşına, bir kişiyə yox, sənətkara sevginin nümunəsidir. Yəqin bu poeziyanı ən çox duyan, dərk edən də, hardan qaynaqlandığını dəqiq anlayan da Nüşabə xanımdı! Ona yazılmış, “Nüşabəyə” epiqraflı şeirləri oxuyanda şairin yox, qadının hisslərini düşünürsən. Necə “tab gətirib” bu incəliyə?
Elə şirin yatmısan ki,
Hay qaçıb, haray gedib,
Elə bil oxunan yerdə
Yuxuya laylay gedib.
Köksündən çıxan nəfəslə
Beynimdən ağıl çıxır,
Yaddaşımın hər küncündən,
İndi bir nağıl çıxır.
Bu gün məndən kədər nədir,
Qorxu da qorxub qaçır.
Bu yaşacan görməmişdim,
Yuxu da çiçək açır.
Şeiri oxuduqca sual vermək istəyirsən şairə: Bu cür sevərlər? Bir qadın yatışını, o sakitliyi, səssizliyi bundan gözəl necə təsvir etmək olardı?! Hər misradan məhəbbət, nəvaziş yağır. Yuxusu çiçək açan Qadına heyranlıq yağır! Başqa bir şeirində də xanımının yuxusuna keşik çəkir Şair:
Oyanma, yuxuda dəniz görürsən,
Aləmi kirimiş, səssiz görürsən,
Görürsən sahilin qumu sarıdır,
Yumşaq barmaqların qumu arıdır.
Dənizdə bir qayıq, yelkən görürsən,
Dənizi lap səhər erkən görürsən,
Görürsən o qayıq yuxuda üzür,
Başının üstündə qağayı süzür...
Bu yuxu sənindir, burda nə ki var,
Mamırlı qayalar, xəfif dalğalar,
Suları qaraldan bulud kölgəsi,
Sənə laylay deyən Allahın səsi...
Vaqif Səmədoğlunun qadınına Allahdan başqa kim laylay deyə bilərdi?! Təsvirlərin qeyri-adiliyi, kövrək sözlər, adamın ağlını başdan alan incəlik... Və ən əsası bənzərsiz sevgi. Üstəgəl bütün bu gözəl duyğuları ideal formada yazmağa imkan verən istedad. Qadına xoşbəxtlik üçün başqa nə lazımdı ki?! Amma məgər şair xanımının həyatı yalnız bunlardanmı ibarətdi? Sənətkar sərbəstliyinə, mey vurğunluğuna, səhərə kimi sönməyən işığa, hər gün davam edən və sanki heç vaxt bitməyəcək dost məclislərinə anlayışla yanaşmaq elə-belə deyil, məncə. Hələ ara-sıra gəlib-gedən İlham pərisi statusuna iddialıları, bunlarla mübarizəni demirəm. Şair elə yuxarıda gətirdiyim şeirlərin hər ikisinin son bəndlərində bütün bu çətinliklərə işarə edərək yazır:
I şeirdə:
İndi
bu sakit yuxuda
Nə görürsən,
sevgilim?
Məni
görsən, sərxoş
görmə,
Təmiz,
ayıq gör, gülüm...
II şeirdə:
Oyanma, evimiz soyuqdur yenə,
Yorğun
dəyəcəyəm yenə
gözünə,
Oyanma, orada dəniz, günəş var,
Mənə dəyib sınır
şirin yuxular...
“Oyanma, evimiz soyuqdur”, “Mənə dəyib sınır şirin yuxular”, “Məni görsən, sərxoş görmə...”
deyən şairin üzündə, sözündə
günahkarlıq, amma
eyni zamanda mərhəmət, yalnız
uşaqlara duyula biləcək kövrəklik,
mehribanlıq duyulur. Və hadisələr də gəlir göz önünə, evə yorğun, yaxud sərxoş qayıtmış
şairə görə
narahat olan qadının pərişan
üzü, narahat siması da aydın görünür.
Və bu sərbəst, çərçivəsiz yaşayan
Şairlə nəzakətli,
qayğıkeş qadın
arasındakı bağlar,
hətta bir-birindən
asılılıqlar da
hiss olunur. Vaqif Səmədoğlu xanımına
aidliyindən məmnundu,
dəqiqədə bir
“mən beləyəm”,
“Şairəm, heç
kimin ola
bilmərəm” demir. Əksinə,
yaxşı mənada
“idarə olunmaqdan” xoşbəxtdi, nazını
çəkənə, qayğısına,
dərdinə qalana minnətdardı.
Yalvarsam,
ağlasam, çəkmə
yüyəni,
Səyirt
ömrün boyu mənzilbaşına,
Amma gözlərinlə sür
apar məni,
Özün yetir məni qoca yaşına.
Qoy sənin qapında durub qocalım,
Yalmandan ağarıb, dişdən saralıb...
Apar, burda qoyma, qadanı
alım,
Başımın üstünü quzğunlar
alıb...
Nə qədər
təsirlidi, deyilmi? Qadını sevmək başqadı, amma onunla, onun
yanında qocalmaq arzusu insanı riqqətləndirir sadəcə.
Yenə də şairə eyni sualı vermək istəyirsən: bu cür sevərlər?
Və birdən son aylardakı mətbuat yazılarını,
internetdə Vaqif Səmədoğlu adını
yazıb axtarışa
verən kimi bütün saytlardan boylanan xəbərləri
yadına salıb tapırsan
sualın cavabını.
Belə Qadını sevərlər! Əslində, aylardı ki,
Nüşabə xanım
sakitləşdirir hamını.
İnandırır, bədbinlikdən uzaq olmağa çağırır. Və yəqin
elə bütün bu gücü də illərdi içərisində yaşadığı
sevgidən, şəninə
yazılmış sözlərdən,
misralardan, şeirlərdən
toplayıb. Min illərdi bəxş etdiyi səadətdən, gücdən, enerjidən alır bu arxayınlığı.
Çiynindən atma daşımı,
Dizinə
qoyum başımı,
Bilsəm
ki, gözləyənim
var,
Bir daş ilə göz yaşımı,
Gözlə, silib gələcəyəm...
Bir şairə
bundan artıq nə lazımdı axı? Gözləyəni var,
qoruyanı, sevəni
var. Hər yükünü
götürməyə hazır
Qadını var yanında! Gözləri duayla dolu Qadın!
Nədən solmusan?
Nədən dolmusan?
Qızmar
yay hələ gəlməyib,
Yarın
da hələ ölməyib...
Əlsənmi sən, qolmusan?
Sona yetən
yolmusan?
Ayna açıq, hava sərin,
Duayla dolub gözlərin...
... Və bütün bu hadisələri, mətbuatı unudub şeirləri bir də, sadəcə sevgi şeiri kimi oxuyursan! Vaqif Səmədoğlu qadına Qadınlığını
anladan Şairdi! Amma Nüşabə xanım da şairə
Şairliyini sübut edən Qadın!
PƏRVİN
525-ci qəzet.-
2014.- 20 mart.- S.21.