Sonalar gölünün sonası

 

 

 

2003-cü ilin mayında “Zlata Praqa” Beynəlxalq Televiziya Filmləri Festivalının açılışında Təşkilat Komitəsinin sədri bəstəkar, musiqişünas Tomas Şimerda qonaqlar arasında dünya şöhrətli balerina Maya Plisetskayanın da olduğunu və bundan iftixar duyduğunu söyləyəndə salonda gurultulu alqışlar qopdu. Hökumət nümayəndələri və fəxri qonaqlar üçün ayrılmış balkondan çəlimsiz, arıq, yaşlı bir qadın qalxıb tamaşaçılara baş əydi. Sönmək bilməyən alqışlara reveransla cavab verdi, balerina sanki teatr balkonunda deyil, səhnədəydi və “Sonalar gölü”ndəki oyununu indicə bitirmişdi.

 

Mən əfsanəvi balerina Maya Plisetskayanı həyatda ilk dəfə belə gördüm, Çexiyada bu böyük sənətkarın yaradıcılığına necə yüksək qiymət verildiyinin şahidi oldum. Ümumiyyətlə deyim ki, çexlər sənəti sevməyi, onu dəyərləndirməyi bacaran millətdir.

 

Festivalda müsabiqədənkənar nümayiş etdirilən kino lentləri arasında “Mən Maya Plisetskayayam” televiziya filmi də vardı. Fransızların çəkdiyi bu film görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edirdi. Salon ağzınadək dolu idi, oturmağa yer olmadığından divar boyu ayaq üstə dayananlar da var idi. Fransızlar  məşhur balerinanın keçdiyi həyat və yaradıcılıq yolunu hərtərəfli işıqlandıraraq heç bir sözçülüyə varmadan, konkret şərhlər, müsahibələr, arxiv materialları və sənədlərdən istifadə etməklə çox maraqlı bir film ərsəyə gətirmişlər. Maya Plisetskayanın simasında tamaşaçı dünya bilet sənətində təkrarsız, bənzərsiz iz qoymuş parlaq balerina, xoreoqraf və pedaqoq obrazında görməklə yanaşı, həm də onu bir şəxsiyyət kimi tanıyır, onun insani keyfiyyətlərinə bələd olur.  Həyatda çox çətinliklərlə qarşılaşıb, çox haqsızlıqlar görüb. Rastlaşdığı müqavimətlərə sinə gərib, prinsipial və qətiyyətli olub. Yeri gələndə Maya xanım zarafata salıb deyir ki, mən çətinliklərdən yoğrulmuşam. Onun yaradıcılığına nəzər yetirəndə bir də bunun şahidi oluruq ki, balerina səhnə fəaliyyəti ərzində klassik xoreoqrafiyaya bir çox yeni elementlər gətirib, oyununu Çin, yapon, ümumiyyətlə Şərq teatrı plastikası ilə zənginləşdirib. Onun həyat və sənət yolu sözün əsl mənasında özünə güvənən, işgüzar, əzmli və mübariz bir insanın enilməzliyindən, qalibiyyətindən xəbər verir. Balerinanın şöhrəti hər yana yayılmışdı. Dünyanın ən ünlü xoreoqrafları Maya Plisetskaya ilə işləməyi özlərinə şərəf sayırdılar. ..               

 

Filmin nümayişindən sonra mətbuat konfransı keçirildi. Mətbuat konfransına dünyanın nüfuzlu qəzet və jurnallarını, televiziya kanallarını, informasiya agentliklərini təmsil edən jurnalistlər dəvət edilmişdilər. Suallar dalbadala düzülmüşdü, səngimək bilmirdi. Maya xanım sorğulara qısa cavab verirdi, çox vaxtsa deyirdi siz bu suala mənim yazdığım kitabda cavab tapa bilərsniz. Kitab müxtəlif dillərə tərcümə olunduğundan o bu sözləri ingilisə, fransıza, almana, rusa italyana da deyirdi. Əlbəttə, jurnalistlər arasında bu kitabdan xəbərdar olanlar, onu oxuyanlar vardı təbii, amma hər kəs məşhur balerinanın öz dilindən nəsə eşitmək istəyirdi. Əslində, hər bir jurnalistin bu amilə üstünlük verməsi boşuna deyil.

 

Bir yandan baxanda, Maya xanımın lokonik cavablarına görə qınamaq yersiz olardı, mətbuat konfransı üçün ayrılmış iki saat yetərli görünmürdü. Bəlkə də balerina bunu bildiyindən və belə halla az qarşılaşmadığından qısa cavablarla konfransı ona ayrılmış vaxt çərçivəsində bitirmək niyyətində idi. Doğrusu, mən də sualımı bir az ürəksiz verdim. Azərbaycan balet məktəbi haqqında, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindəki rolu barədə ünlü sənətkarın öz dilindən ikicə kəlmə eşitməyi qənimət bilirdim.

 

“Mən Azərbaycan Dövlət Teleradiosunu təmsil edirəm...” – sözümün ardını gətirməyə macal tapmadım. Maya xanım başını qaldırdı, çöhrəsini ilıq bir təbəssüm bürüdü. Bu, salondakıların da diqqətindən yayınmadı və birdən-birə balerinanın ovqatındakı dəyişiklik onları hardasa təəccübləndirdi də.. “Sizi burada görməyimə şadam” – Plisetskaya dedi. Ürəyimdən keçənləri oxuyurmuş və nə soruşacağımı bilirmiş kimi, sualımı gözləmədi. Dedi: “Mən Azərbaycanda dörd il bundan əvvəl olmuşam. Azərbaycanla bağlı unudulmaz xatirələrim var. Ölkənizdə keçirilən tədbirə Prezident Heydər Əliyevin şəxsi dəvətilə gəlmişdim. Azərbaycana səfərim Heydər Əliyevi daha yaxından tanımağa mənə imkan verdi. O, sənətə qiymət verməyi bacarır. Məncə, bu vacib xüsusiyyətdir, dövlət başçısı siyasət aparmaqla yanaşı, incəsənəti də bilməli, sevməlidir. Bu xüsusiyyəti onda gördüm. Onunla söhbətdən bir şeyi də özümdə əxz elədim ki, cənab Əliyev Azərbaycan milli musiqisilə yanaşı, həm də dünya xalqlarının musiqi mədəniyyətinə bələddir. Mənim həyatımın çətin, keşməkeşli məqamları barədə onun dilindən elə məlumatlar eşitdim ki, doğrusu, təəccüblənməyə bilmədim. Heç yadımdan çıxmır, qonaqların şərəfinə verilən ziyafətdə o çox sadə, şən və zarafatcıl idi. Hətta bir Azərbaycan xalq mahnısı da söylədi. Royalın yanında uca qaməti, boy-buxunuyla mənə Şalyapini xatırlatdı. Sonra məni rəqsə dəvət elədi, birlikdə Azərbaycan rəqsi oynadıq. O xatirələr həmişə mənimlədir. Mən çox ölkələrdə olmuşam, Azərbaycanda gördüyüm o mehribanlığın, mən deyərdim, xüsusi hörmətin öz yeri var. Bir də bunu deyim ki, Azərbaycanla mənim bağlılığım 60-cı illərdə bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən başlayıb. Bu möhtəşəm əsərdə oynamaq mənə də nəsib olub. Arif Məlikov o əsəri yazanda lap cavan idi. 40 ildən çoxdur ki, repertuardan düşmür, dünya teatrlarında oynanılır. Əsl sənət əsəri budur. “Məhəbbət əfsanəsi” baletinin ecazkar musiqisi indi də qulağımdadır...

 

Maya xanımın sözlərindən sonra mənə sarı baxıb razılıqla başlarını tərpədənlər, hətta əl çalanlar da oldu, elə bil bununla demək istəyirdilər, nə yaxşı ki, xanımın dilini açdınız.

 

Özümdə qəribə bir yüngüllük hiss edirdim. Vətəndən uzaqlarda, Avropanın mərkəzində doğma ölkəmlə bağlı deyilən xoş sözlərin qürurunu yaşayırdım. Mətbuat konfransında dünyanın müxtəlif ölkələrindən gəlmiş musiqişünaslar, bəstəkarlar da iştirak edirdilər və heç şübhəsiz onların çoxu söhbətin kimdən və nədən getdiyini yaxşı bilirdi, çünki “Məhəbbət əfsanəsi” dünyada tanınır, sevilir, bu əsər balet sənətinin nadir incilərindəndir. Ümumiyyətlə Arif Məlikov dünya musiqi mədəniyyətinə əvəzsiz töhfələr vermiş, ölməz sənət inciləri bəxş etmiş bəstəkardır. Ona elə bir xoşbəxlik nəsib olmuşdu ki, 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” əsəriylə dünya şöhrəti qazana bilmişdi. Əsər ilk dəfə 1961-ci il martın 23-də baletmeyster Yuri Qriqoroviçin quruluşunda, Niyazinin dirijorluğu ilə Leninqrad Opera Balet Teatrında tamaşa qoyulmuş və tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Bu balet əsəri tezliklə dünyanı dolaşmışdı.

 

1963-cü il iyunun 28-də “Məhəbbət əfsanəsi” Praqa musiqisevərlərini də öz sehrinə salır. Dünyanın məşhur teatrları bir-birinin ardınca bu əsərə müraciət edir və hər yanda da “Məhəbbət əfsanəsi”nin nümayişi uğurla, böyük müvəffəqiyyətlə keçir. Qısa bir zamanda, özü də cavan yaşında belə böyük şöhrət qazanmaq hər bəstəkara nəsib olmur. “Məhəbbət əfsanəsi” baleti Bolqarıstanda, Rumıniyada, Yaponiyada, ABŞ-da, İtaliyada, Fransada, Almaniyada, Türkiyədə və digər ölkələrdə böyük rəğbətlə qarşılanmışdı...

 

Mətbuat konfransı bitdikdən sonra Maya Plisetskaya jurnalistlərin, fotoqrafların əhatəsinə düşdü. Yaxınlaşıb bir daha minnətdarlığımı bildirdim. Dedim sizin cavabınzda çox yeniliklər tapdım, Azərbaycana, Azərbaycan balet sənətinə bu cür isti münasibətinizdən sonra sizinlə ayrılıqda, bir qədər ətraflı söhbət etmək istərdim. Bu, Azərbaycan musiqisevərləri üçün əvəzsiz bir töhfə olardı.

 

Gözləmədiyim halda Maya xanım dedi:

 

– 15-20 dəqiqə kifayət edərsə, buyurun, – öz yerinə qayıtdı, məni də yanına dəvət elədi.

 

Söhbətə “Məhəbbət əfsanəsi” baletindən başlamaq istəyirdim, çünki balerinanın özünün də dediyi kimi, bu əsərin onun yaradıcılığında xüsusi yeri vardı. 1965-ci ilin martında Moskvada – Böyük teatrda göstərilən “Məhəbbət əfsanəsi” paytaxt tamaşaçılarını sözün əsl mənasında heyran qomuşdu. Tamaşada Maya Plisetskaya Mehmene Banu rolunda çıxış etmişdi. Balerina ötən günlərin nisgilli xatirələrini mənimlə həvəslə bölüşdü:

 

– Mən çox-çox illər bundan əvvəl verdiyim müsahibələrdə demişəm, indi də deyirəm, Mehmene Banu rolunu mənə təklif edəndə çox sevindim. Bu obrazı maraqlı görürdüm, onun səhnə həyatı mənə nəsə qeyri-adi görünürdü, indiyədək oynadığım rollara bənzəmirdi. Bəstəkar Arif Məlikov bu obrazın daxili aləmini musiqi diliylə, ustalıqla, özü də çox qabarıq aça bilib. Zərifliklə yanaşı ehtiras, sevinclə yanaşı kədər, məhəbbətlə yanaşı nifrət – bunlar Mehmene Banu obrazına xas məziyyətlər, keyfiyyətlərdir. Bəstəkarın ustalığı həm də bundadır ki, o, balerinaya özünü ifadə etməyə imkan yaradır, bax, bu da çox vacib şərtdir. Musiqi ilk akordlardan tamaşaçını ovsunlayır.

 

– “Məhəbbət əfsanəsi” baletinin librettosu böyük türk şairi Nazim Hikmətindir, özünün “Fərhad və Şirin” pyesi  əsasında yazıb.

 

– Elədir.

 

– Maraqlıdır ki, 78-ci ildə bu əsərə sovet və türk kinematoqrafçıları da müraciət edərək, “Məhəbbətim mənim, kədərim mənim” adlı müştərək bədii film çəkiblər. Sizin baletdə oynadığınız Mehmene Banunu kinoda məşhur türk aktrisası Türkan Şoray oynayır.

 

– O vaxtlar bu barədə qəzetlərdə oxumuşdum. Təəssüflənirəm ki, filmə baxmamışam.

 

– Bir suala da aydınlıq gətirməyinizi istərdim – “Məhəbbət əfsanəsi” baletində Mehmene Banu rolunu o dövrlərdə Moskva Böyük Teatrında daha kimlər oynayıb və onların ifasını necə görürsünüz?

 

– Bayaq dediyim kimi bu obrazın özü maraqlıdır. Maraqlı olduğu qədər də mürəkkəbdir. Bu rola çoxları həvəs göstərib. Böyük teatrda məndən sonra Mehmene Banunu SSRİ xalq artistləri Nina Timofeyeva və Svetlana Adırxaeva oynayıb və deyim ki, hər ikisinin ifası çox uğurlu olub. Daha sonra Tatyana Qolikova, Marina Leonova və digərləri də oynayıb... Bilirsiniz, sənətdə heç nəyə asanlıqla nail olmaq mümkün deyil, “Məhəbbət əfsanəsi” kimi bir əsərin necə böyük zəhmət hesabına başa gəldiyini təsəvvür etmək gərəkdir. Hər bir maraqlı əsərin, tamaşanın arxasında gərgin əmək və böyük zəhmət dayanır. “Məhəbbət əfsanəsi” çox sənətkarları, balet oyunçularını məşhurlaşdırıb. Bu əsərdə rol almaq çoxlarının arzusudur.

 

– Bir az əvvəl baxdığımız, sizin haqqınızda çəkilmiş film çox maraqlı alınıb. Fransız kinematoqrafçıları həyat yolunuza, yaradıcılığınıza hərtərəfli nəzər yetiriblər. Mənə çox maraqlıdır, həyatda bu qədər çətinliklərlə qarşılaşan bir qadının özündə güc-qüvvə və iradə tapa bilməsi heç də asan məsələ deyil axı...

 

– Elədir. Mətbuat konfransında qısaca da olsa, bu mövzuya toxundum. O vaxtlar ölkədə yaxşı tanınsam da, xaricə qastrola getməyimə icazə vermirdilər. Qanunlar çox sərt idi, xaricə getməyim üçün Dövlət təhlükəsizlik orqanının icazəsi olmalı idi. Bu mənada qapılar mənim üzümə bağlıydı və deyim ki, bütün bunlar ovqatıma öz təsirini göstərirdi. Bilirsiz də bu, səhnə insanı üçün nə deməkdir? Tamaşaçı sənin keçirdiyin psixoloji gərginliyi, kefsizliyi duymamalı, sezməməlidir. Ağrılı-acılı günlərim çox olub, amma sınmamışam. 50-ci illər həyatımın ən çətin dövrləriydi. İngilis dilini bilmədiyim halda mənə ingilis casusu damğası vurmağa çalışırdılar. Məni xaricə buraxmasınlar deyə, bunu əsas götürmək istəyirdilər. O vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Serovun sənətə, sənət adamlarına vurduğu ziyan ölçüyəgəlməzdir. Onda sənət adamlarına qarşı sonsuz nifrət vardı... 1958-ci ildə bəstəkar Rodion Şedrinlə ailə həyatı qurmağım həyatımı dəyişdirdi, özümə inamım daha da artdı, mən hər addımda Rodionun dəstəyini hiss edirdim. Bu günədək də birlikdəyik, Münhendə yaşayırıq. Taleyimə minnətdaram ki, belə bir insanın sevgisinə ürcah oldum, həyatımı onsuz təsəvvür etmirəm. Ürəyimdə qalan bir qaraltı budu ki, mən ərimin ata olmaq arzusunu yerinə yetirmədim. Ana olmağın balerina üçün nə demək olduğu çoxlarına yaxşı məlumdur. İstedadlı çox balerinalar olub ki, hamiləlik keçirdikdən sonra formalarını itirdiklərindən sənətə qayıda bilməyiblər, belə demək olar ki, sənəti qurban veriblər. Mənim də qarşımda iki yol vardı, birini seçməliydim...

 

– Fransızların çəkdiyi filmdə atanızın repressiya qurbanı olduğu  qeyd edilir.

 

– Atam Şpitsbergen kömür mədənlərinin direktoru olub, eyni zamanda da konsul vəzifəsini yerinə yetirib. Ailəmiz Moskvaya qayıdanda artıq repressiya dalğaları ölkəni bürüməkdəydi. Atam həmişə səksəkədəydi, təlaşlı görünürdü. Bir dəfə ona dəvətnamə göndərib Kremlə tədbirə çağırdılar. Biz sevinc içindəydik, düşünürdük ki, əlbət, təhlükə sovuşub. Atam o gedən oldu, bir daha üzünü görmədik. Güllələmişdilər. Anamı xalq düşməninin arvadı kimi Qazaxıstana sürgün etdilər. Məni xalam öz hmayəsinə götürdü. Atama ölümündən sonra bəraət qazandırdılar. O vədə günahsız çox insan qırdılar.

 

– Mətbuat konfransında dediniz ki, uşaq vaxtı aktrisa olmaq istəmisiniz.

 

– Elədir.

 

– Bəs, necə oldu ki, fikrinizi dəyişdiniz?

 

– Aktrisa olmaq arzum vardı. Moskvada yaşadığımız kommunal mənzildəki qonşuları yamsılayır, onların dililə danışmağı bacarırdım. Bu məndə çox yaxşı alınırdı, deyirdilər, Mayacan, sən əsl aktrisasan. Qonşu qadınlardan biri isə onu yamsıladığıma görə mənə yaxşıca qulaqburması vermişdir. Mən böyüyəndən, məşhulaşandan sonra o qadınla təsadüfən küçədə rastlaşdım, söhbətləşdik, keçmiş günləri yada saldıq. Dedi, Maya, əlbət o vaxt məndən incimişdin, inan ki, mən səni çox istədiyimdən, sevdiyimdən qulaqburması vermişdim. Mən də qayıdıb dedim ki, sevgiylə zarafat etməzlər... Nə bilim, bəlkə də aldığım o qulaqburmasıydı məni aktrisa olmaq fikrimdən daşındıran. Deyim ki, baletə də marağım vardı. “Karmen”, “Qaratoxmaq qadın” çox sevdiyim tamaşalar idi, orta məktəbdə oxuyanda bu tamaşalara bir neçə dəfə baxmışdım. Amma ağlıma gətirmirdim ki, balerina sənətinə yiyələnəcək, bir vaxtlar tamaşaçısı olduğum səhnə əsərlərində rol alacağam. Hər halda, baletə gəlməyim təsadüfi olmayıb, görünür, bu sahəyə həvəsdən savayı qabiliyyətim də varmış. Bütün bunların kökü gedib ora çıxır ki, ailəmiz incəsənətlə bağlı olub. Anam Raxil Messerer hələ səssiz filmlər zamanında aktrisalıq edib, xalam Sulamif Böyük teatrın balerinası idi, əmim Asaf Messerer sonralar SSRİ xalq artisti oldu, qardaşlarım isə teatrda rəqqas idi.

 

– Moskva xoreoqrafiya məktəbini bitirdikdən sonra Böyük teatrın solisti olmusunuz, nə az, nə çox – qırx ildən artıq. Yəqin ki, rəsmi tədbirlərdə, konsertlərdə də çıxış edirdiniz?

 

– Əlbəttə. Belə çıxışlarım çox olub. Heç yadımdan çıxmaz: 1949-cu ildə Stalinin yubileyi şərəfinə Kremldə göstərilən “Don Kixot” tamaşasında mən də oynayırdım. İyirmi dörd yaşındaydım, kifayət qədər təcrübəm vardı, amma buna baxmayaraq, yaman həyəcan keçirirdim. O vaxtlar deyildiyi kimi “xalqın atası”nın qarşısında çıxış etməyin nə demək olduğunu təsəvvür edirsiniz?.. Səhnənin döşəməsini nəylə sürtmüşdülərsə, yapışqanlıq vardı, hərəkəti çətinləşdirirdi. Məni ən çox həyəcanlandıran ön cərgədə Mao Sze-dunla yanaşı oturmuş Stalinin zəhmli baxışı idi. Səhnədən necə çıxdım, özüm də bilmədim. O soyuq, sərt baxışları indi də unuda bilmirəm.

 

– Sizi xaricə buraxmasalar da, çox ölkələrdə Maya Plisetskaya adı tanınırdı.

 

– Mənim ölkədən kənara çıxmağım barədə qoyulan qadağa 1959-cu ilədək çəkdi. O vaxtadək həmkarlarım çox qastrol səfərlərinə çıxmışdılar. Qayıdanda təəssüratlarını mənimlə bölüşürdülər, mən də heyranlıqla dinləyirdim. Həmin il Böyük teatrın yaradıcı qrupunun tərkibində ilk dəfə mən də Amerika Birləşmiş Ştatlarına qastrola getdim. Bu, mənim həyatımda bir dönüş nöqtəsiydi. Necə hisslər keçirdiyimi təsəvür edirsinizmi? Sevincimin həddi-hüdudu yox idi. Amerika başqa bir aləm, başqa bir dünya idi, bizə yad, yad olduğu qədər də qəribə və maraqlı. Prokofyevin “Romeo və Cülyetta” baleti bu ölkədə əsl sensassiya oyatdı, qəzet və jurnallar bizdən yazırdı. Oyunumu çox bəyənmişdilər, bütün Amerika mənə həsəd aparırdı. Amma bunu bilmirdilər ki, onların pərəstiş etdyi balerina tamaşadan sonra otelə gedir, Moskvadan gətirdiyi sosiska-kolbasayla qidalanır. Belə baxanda mənim vəziyyətim nisbətən yaxşıydı – günümə 40 dollar verirdilər, başqaları 5 dollar alırdı. Mən bu barədə əvvəllər də danışmışam, əlbət, sizə də gülməli gələr ki, Böyük teatrın aktyorları bifşteksi çəngələ taxıb özləriylə Rusiyadan gətirdikləri ütünün istisində qızardırdılar. Neyləyə bilərdik? Başqa yolumuz yox idi. Sonralar isə bildik ki, bizim inzibatçının ucuz bilib aldığı bifştekslər, sən demə, it-pişik üçünmüş. Bax, belə şəraitdə keçirdi qastrolumuz. Biz can qoyur, işimizlə, sənətimizlə vətənin adını yüksəldir, uca tuturduq, vətənsə bizə qəpik-quruş ödəməklə heysiyyətimizi alçaldırdı. Amerikanın həyat tərzinə, oradakı zənginliyə həsəd aparsaq da, ancaq heç kim bunu üzə vurmurdu, özümüzü gözütox göstərməyə çalışırdıq, vətənpərvərlik qüruru vardı hər kəsdə. Hətta adamın ürəyindən keçirdi ki, Mayakovskinin yazdığı kimi pasportumuzu göstərək, deyək alın a, baxın a, yana-yana qalın a, mən sovet vətəndaşıyam!

 

– Yaradıcılığınızın zirvəsində duran “Sonalar gölü”ndəki oyununuza toxunmamaq haqsızlıq olardı. Əllərinizin plastikası, bənzərsiz hərəkəti, eyni zamanda foeteniz (balerinanın ayaq barmaqları üstündəki hərəkətləri – K.Ə.) tamaşaçını həmişə məftun edib.

 

– Foete texniki baxımdan çətin, mürəkkəb komponentdir, bunu sevməyən pər də var. Əllər isə balerinanın danışan dili, döyünən qəlbidir. Balet oyunçusu  ürəyinin döyüntülərini, hisslərini həm də əllərin hərəkətilə ifadə edir. Mən partnyorumun da əllərinə çox fikir verirəm, hətta mənə elə gəlir əllər balerinanın fikir yaradan beynidir. İstər milli, istərsə klassik əsərlərdə olsun, ya da ki, müxtəlif xalqların rəqslərində, əl hərəkətlərini öyrənmədən, o hərəkətlərin incəliyini, mənasını duymadan səhnədə oynamaq mümkün deyil. Mən hind, yapon, Çin, İran miniatürlərindən əllərin plastikasını, əl hərəkətlərinin zərifliyini öyrənmişəm. Bu hərəkətlərdə dərin məna və məzmun var. “Sonalar gölü”nə gəldikdə isə onu deyə bilərəm ki, dahi Çaykovskinin musiqisi ilahi, bəşəri musiqidir və bu musiqinin ecazkar sədası altında “Sonalar gölü”nün Sonası obrazında ölmək şərəfdir.

 

– “Sonalar gölü”nün Sonası – maraqlı ifadədir...

 

Bəli, balet sənətinin yazılmamış öz qanunları var, nə yazıq ki, bu sahədə çalışanların səhnə həyatı qısa olur. Bu sənət yaranandan heç kəs Maya Plisetskaya kimi uzun və mənalı səhnə həyatı yaşamayıb. O, dünya balet sənətində bir simvoldur. Ömrünün 65 ili səhnədə keçib, bu doğrudan da möcüzədir. Onun fədakar əməyi həmişə yüksək qiymətləndirilib, aldığı mükafatları, fəxri adları, titulları saymaqla bitməz. 1959-cu ildə SSRİ Xalq artisti, 1986-cı ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Beynəlxalq sənət şənliklərində aldığı ödüllər də çoxdur, hansını deyəsən? Onun ən böyük  mükafatı tamaşaçı sevgisi, tamaşaçı məhəbbətidir...

 

65 illik səhnə fəaliyyətində balerinanın çox partnyorları olub və onların hər biri sənətdə öz izini qoymuş, vaxt yetişəndə səhnəylə vidalaşmalı olmuşdu. Maya Plisetskaya isə möcüzələr yaratmağa davam edib. Təkcə “Sonalar gölü”ndə düz əlli il sərasər oynayıb və hər ifası da bənzərsizliyi ilə seçilib. Əlli ildə “Sonalar gölü”nün Sonası ecazkar musiqi sədaları altında çırpınaraq ölüb, ölüb ki, bir daha dirilsin. Bu isə ölümsüzlükdür...

 

Kamil Əfsəroğlu

525-ci qəzet.- 2014.- 20 mart.- S.18-19.