Tofiq Abdinin
saatlı bombası
Tofiq Abdinin ölümü
məni ölüm mövzusuna bir də qaytardı. Doğrusu, bu mövzudan aralanmamışdım da
– gecə-gündüz canında
daşıdığın bir varlıqdan... yox, düz demədim,
yoxluqdan necə aralanasan? Üstəlik də, ölüm
mövzusuna gəlib çıxandan sonra dünyada bundan ayrı bir mövzu,
bundan özgə bir mətləb olmadığını anlayırsan.
Anlayırsan: hər canlının gövdəsini
torpağın üstündə
dik saxlayan bir güc var
– onun adına
elmin dilində “özünüqoruma instinkti”,
elin dilində “qorxu” deyirlər. Qanırsan: hər qorxunun bir qaynağı
var – ölüm. Görürsən: hər
ölümlü varlığın
tək bir diləyi var – ölməmək, olduqca olmaq, durduqca durmaq, diriliyə çatmaq.
“Ölüm haqdı”
deyimi mənim könlümə heç
yatmır. Ölüm – şərin zirvəsi,
materiyanın təntənəsi,
şeytanın ən öldürücü silahıdı.
Şeytan hər kəsi içindən dağıdır, hamını
öz ölümüylə
vurur, bir gülləni ikinci cana tuşlamır.
İnsan gövdəsi
hələlik o gülləyə
tab gətirmək gücündə
deyil.
İnsan ölümü – insan ruhunun insan bədənindən
qovulmasıdı. Bizim bədənimiz bizim
ruhumuzu doymadan, usanmadan, bezmədən yüz illərlə, min illərlə ürəyinin
başında gəzdirmək
üçün hələ
yetişməyib.
Onun Salyandakı
yuvasından pərvazlanmış
quş çəkili
gövdəsi də ölümün zəhmindən
qanad saldı, əcəlin zərbi onun da gövdəsini
çatlatdı. Şeytan Tofiq abini düz
ürəyindən vurdu...
Bilənlər bilir: Tofiq Abdin ölümdən bərk qorxurdu. Ölümdən qorxmayan kimdi ki! Böyük Lev Tolstoy da ahıl yaşında
dərin ölüm qorxusu keçirmişdi; hətta ömrünün
o dilimi “Arzamas dəhşəti” adıyla
bir termin kimi Tolstoyun bioqrafiyasına da düşüb. Ancaq
şeytanın qurduğu
bu tilsimin açarı – ölümün
yerə-göyə hökm
eləyən gücünün
sirri də elə bundadı: sən ondan qorxub-çəkindikcə ona
bir az
da yaxınlaşırsan,
sən ondan hayana qaçsan, onun düz üstünə
qaçırsan.
Mən Tofiq Abdini ən çox da ondakı
gənclik şövqünə,
yaşamaq həvəsinə
görə istəyirdim. Torpaq ana
onun quş çəkili vücudunu qucağında atıb-tutduqca
Tofiqin üzündən
ayağının yerdən
üzülmədiyinə arxayınlaşan
uşağın sevinci
dalğalanırdı. O dalğanın altında dərin bir burulğan, qatı bir vəlvələ olduğunu biləndə
mat qalmışdım. Qorxu
o həyat çəpərinin
harasından yol tapıb onun içinə lağım
atmışdı?..
O qorxu ondakı yaşamaq həvəsiylə
ekiz doğulmuşdu. Onun içindən qaynayan həyatı ömrü boyu ölüm qarabaqara izləmişdi.
Bəlkə elə bu təqibdən qurtulmaq, ya da iz
azdırmaq üçün
bir yerdə bənd almırdı, iti, qıvraq yerişiylə səkirdi.
Tofiqin irəli baxdıqca həyatın işığını
güzgüləndirən üzünə
geri boylandıqca ölümün kölgəsi
düşürdü. Ona görə də halı tez-tez dəyişirdi: gah içində dirilik suyu qaynayan
gil qab
kimi buğlanır, gah da qurumuş
arx kimi öz yatağında can verir, həyatsız olurdu.
Yaşlandıqca onu izləyən ölümlə arası azalırdı, azaldıqca ona təskinlik verənlərin sayı çoxalırdı. Kimsə Tofiq Abdinə yaşından az yaş verəndə dostları onu muştuluqlayırdılar, həkimdən xoş xəbərlə qayıdanda ona gözaydınlığı verirdilər. Onu soluxmuş, ütüsü pozulmuş görəndə adam az qalırdı canını ruhunun əynindən çıxarıb bir dəst ütülü paltar kimi ona bağışlasın, “sağlıqla geyin, Tofiq abi, çox yaşa”, desin.
Öz bağrını çatlatmasaydı, kim bilir, bəlkə doxsanı da aşıracaqdı. Ancaq doxsanda da olsa, yüzdə də olsa, bir gün qarı fələk onu haqlayıb caynağına keçirəcəkdi. Tofiq Abdin o günü, o saatı gözləyib ölümə sağ can vermək istəmədi, ürəyini saatlı bomba kimi işə salıb özünü partlatdı. Əcəlin zəhmli nadzor baxışları altında yaşamaqdan yorulmuşdu. Damarlarını, sinirlərini tikanlı məftillər kimi qırıb-töküb ölümün qapalı zonasından çıxdı...
...İndi sən zamansız, qorxusuz, ölümsüz bir yerdəsən... yox, düz demədim, yerdə yox, yersizlikdəsən. Daha nə şeytan var, nə ölüm, nə də ölüm qorxusu. Ölüm qurtardı – “Arzamas dəhşəti”ndən söz terapiyasının gücünə sıyrılıb çıxan Tolstoy “İvan İliçin ölümü”nü belə bitirmişdi.
Gözlərin aydın olsun, Tofiq Abdin, ölüm qurtardı, daha sənə ölüm yoxdu!
Diriliyin mübarək, ölümsüzlüyün mübarək!
Uğurlu Fəxri
525-ci qəzet.-
2014.- 20 mart.- S.17.