Bahar duyğuları

 

“Yaşantılar” silsiləsindən

 

Hər səhər oxuyan quşların səsinə oyanmaq... Pəncərədən keçib yatmış uşaqların təbəssümündə rəqs eləyən Günəş şüalarını izləmək...Ürəyində anlaşılmaz bir fərəhlə, eyni zamanda qeyri-müəyyən bir nisgillə hər səhər bunları təkrar-təkrar seyr eləmək... Qar da yağdı, tufan da qopdu... Ha çalışdı, ha çabaladı qış dayana bilmədi yenə...Getdi.. Gedəni saxlamaq olmaz, elə gələni də...Bahar gəlir...

 

lll

 

Bahar yaşantılar fəslidi...Pis, yaxşı, doğru, yanlış yaşadıqlarını baharla bağlamaq özü günahdı bəlkə? Bəlkə də yeganə “günahkar” elə Bahardır...Sərhədsiz hisslərə də, ani çılğınlıqlara da, yarımçıq sevinclərə də, qırılan xəyallara da səbəb bahardı yoxsa? Tibb, hormonlarla izah verməyə çalışacaq soruşsaq əgər... Bəs ruhi təlatümlərin izahını kim verə bilər? Bahar ruhani bir anlamdır nəsə...Görəsən niyə yıxmağa çalışdığın tabular, boşuna silməyə çalışdığın keçmişin izləri baharda daha çox düşür yada? İnsan ruhunda tumurcuqlayan arzuların tumurcuqlayan budaqlarla  nə əlaqəsi ola bilər axı?- sualı beynimdə dolanır.

 

lll

 

Bahar ayrılıqları və daxili tənhalığı daha dəhşətli hiss etdirir. Qəfildən qələbəlik içində, lap elə ən yaxın bildiyin kəslərin arasında da ruhi tənhalığını elə dərindən hiss edirsən ki...Bahar günahkar deyil ki, bu tənhalığa. Sadəcə vasitədir bunu duymaq üçün...Ürəyinin qapı-pəncərələri içəridə vıyıldayıb tüğyan eləyən tənhalıq küləyinin təsirindən elə hey çırpıldıqca nə zamansa bu tufanın bitəcəyini gözləməkdən başqa yolun qalmır... Tufansonrasının gözəlliyini yaşamaq arzusu budaqların tumurcuqları ilə paralel böyüyür... Baharın gəlişini gözləyirsən...

 

lll

 

Yağmurlar mövsümü...Yaz gürşadlarından sonra açılan lacivərd səma... –Biz niyə baharı yaşaya bilmirik?- sualına cavab tapmışam, nəhayət...Niyə bu qədər tənha olduğumuzun, insanların bir-birindən uzaqlaşmağının səbəbi təbiətin ilkinliyindən qopmağımızdadı. Ana təbiətin bətnindən doğulub təbiətə arxa çevirdiyimizdən gələn bahar ruhi harmoniya əvəzinə üzücü depressiya gətirir bizə. Bəziləri deyir ki, bayramlar əvvəlki kimi gözəl keçmir, elə bil bayramların dadı qaçıb- deyirlər... Amma qaçan bayramların dadı deyil, qaçan ağzımızın dadıdır...Biz təbiətdən qopmuşuq bütün mənalarda...Təbii ki, hippiliyi təbliğ etmək fikrim yoxdur bu yazımla... Nə paltaryuyan maşınsız, nə telefonsuz, nə də internetsiz mümkün deyil deyəcəksiniz- razıyam. Amma bunlarla yanaşı  təbiiliyimizə də qayıtsaqmı bir az? Hisslərimizi , duyğularımızı, ruhumuzu, könlümüzü təbiətə kökləsəkmi azacıq? Baharı yalnız vücudumuzla deyil, qəlbimizlə hiss etsəkmi? Axı bahar gəlir...

 

lll

 

Bu baharın qəlbimizə, ruhumuza gəlməsi arzusuyla...

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2014.- 20 mart.- S.17.