Onun məktəb taleyi

 

 

 

Bülbül adına Orta İxtisas Musiqi məktəbində bir müəllimə çalışır - Rəsmiyyə Allahverdiyeva. O, ibtidai sinif müəllimi kimi ömrünün 43 ilini bu məktəbdə musiqi təhsili alan uşaqların təlim-tərbiyəsinə həsr edib. Rəsmiyyə Allahverdiyevanın təqribən yarım əsrə bərabər müəllimlik sənətində qazandığı təcrübəsi onun yaxınlarda çap olunmuş "Ömür yolum" (Bakı, "Elm təhsil" nəşriyyatı, 2014) kitabında ümumiləşdirilib. Kitabı oxuduqca, bir gənc qızın ilk dəfə müəllimliyə başladığı günlərdən ta nənə olduğu vaxta qədər keçdiyi ömür yolu, artan təcrübənin, biliyin daha çox nəticə verdiyi bərəkətli zaman göz önündə canlanır.

Hər bir insanın həyatında ən həlledici anlardan biri - onun ilk dəfə ailə mühitindən çıxıb məktəb mühitinə daxil olması, birinci sinfin qapısını açıb yaşıdları ilə birlikdə parta arxasında əyləşərək, onlarla ünsiyyətdə olan ilk müəllimlərinin ilk sözlərini dinləməsi, ilk dərsin necə başlamasıdır. İnanın ki, bu həlledici zamanda bəlkə onun xarakterini, taleyini, gələcək sənətini müəyyənləşdirəcək yolların səmti ayırd olur. İnsan yetişdirməyin məsuliyyətinə yüklənmiş müəllim həyatının cəmiyyət üçün əhəmiyyəti bundadır. Ona görə dünyanın bütün qüdrətli millətləri ibtidai təhsilə ibtidai sinif müəllimlərinin qabiliyyətinə xüsusi önəm vermiş, onu yüksək tələbkarlıqla stimullaşdırmışlar.

Musiqi məktəbində gənc nəslin ibtidai təhsili, təlim-tərbiyəsi ikiqat məsuliyyətlidir. Çünki başqa ümumtəhsil məktəblərindən fərqli olaraq, burada biliklə yanaşı həm musiqi öyrədilir. Bütün təhsil boyu musiqi istedadının cilalanmasına, gənc nəslin emosional dünya qavramının formalaşmasına, zəruri estetik biliklərə təməl yaradılmasına, incəsənət dünyasının bənzərsiz spesifikasının dərk olunmasına musiqi məktəblərində xüsusi diqqət verilir. Rasional emosional təfəkkürün ahəngdar inkişafı - musiqi harmoniyasının dərkinə mühüm şərt olur. Belə vacib amilləri, incəlikləri nəzərə alan Rəsmiyyə Allahverdiyeva musiqi mədəniyyətimizin ilk təhsil ocağına qədəm basan bütün şagirdlərinə elə həssas münasibətlə dərsinə başlayır ki, bu - onların ömründə silinməz izlər buraxır gələcəkdə əsasən musiqiçi olacaq insanların mənəvi dünyasının zənginliklərə açılmasına bünövrə qoyulur.

Böyük Üzeyir bəy Hacıbəylinin əsasını qoyduğu, bir sıra görkəmli musiqiçilərin - o sıradan Nazim Əliverdibəyovun, Teymur Göyçayevin rəhbərlik etdiyi Bülbül adına Orta İxtisas Musiqi məktəbində Rəsmiyyə müəllimə Azərbaycan musiqi mədəniyyəti ənənələrini davam etdirməyə layiq, savadlı, dünyagörüşlü bir nəslin yetişməsi və bu prosesin davamlı olması üçün əlindən gələni edib. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktoru, Xalq artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru Teymur Göyçayev kitaba daxil edilmiş məqaləsində Rəsmiyyə Allahverdiyevanı "şərəfli insan" deyərək xarakterizə edir, göstərir ki, Rəsmiyyə xanım gənc müəllim həmkarlarına örnəkdir. Elə kitabın digər portret-məqalələrində Rəsmiyyə Allahverdiyevanın yalnız bir Müəllim olaraq nəcib xüsusiyyətlərindən bəhs edilir: əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Nigar Ələsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səfərova, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktor müavinləri Aytən Əhmədova, Nigar Baxşıyeva, eləcə də Rəsmiyyə müəllimənin digər həmkarları, vaxtilə dərs dediyi, lakin bu günonunla doğma münasibətlərini davam etdirən, çəkdiyi zəhmətin qədrini bilən mütəxəssislər - Kəmalə Şıxəliyeva, Məhbubə Məmmədova, Nərmin Mehdiyeva, Cavid Quluzadə, Leyla Əliyeva, Bakı Musiqi Akademiyasının müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Aynur Xəlilova, Kəmalə Ələsgərli və Turan Məmmədəliyeva, Milli Konservatoriyanın müəllimləri Aynurə Məmmədova, Çinarə Mütəllibova, Pərvanə Rzayeva və Rövşən Qurbanov, Azərbaycan Dövlət Milli Dram Teatrının aktyoru Anar Heybətov, "Şəhər bağları" və ClockTower" komplekslərinin təhlükəsizlik xidmətinin rəisi Sahib Nəcəfov, bəstəkar-pianoçu, Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı Pikə Axundova, gənc bəstəkar Etibar Əsədli, həmçinin, Rəsmiyyə müəllimənin bu gün təlim-tərbiyəsi ilə məşğul olduğu bacarıqlı şagirdləri, hətta 4-cü sinif şagirdi Hidayət Sadıqbəyli sevimli müəllimə haqqında ən xoş sözləri dilə gətirir, bu günonu özlərinin "arxası, dayağı" sanırlar.

Bütöv bir musiqiçi nəslinin mənəvi bağbanı Rəsmiyyə Allahverdiyevanın uzun illər münasibətdə olduğu insanlar haqqında yazdığı kiçik oçerklər və bilavasitə tədris praktikasının nümunələri kitaba xüsusi dəyər verir. Uzun illər çevrəsində olduğu insanların həmişə rəğbətini qazanan, sayılıb-seçilən, göstərdiyi xeyirxahlıqlarla fəxr edən, bütün varlığı ilə xalqının köklü mədəniyyətinə, dilinə, musiqisinə bağlı olan, əxlaqı, mərifəti, paklığı, saf və məğrur həyat yolu hamıya, xüsusilə gənc xanımlara və müəllimələrə nümunə olan Rəsmiyyə Allahverdiyeva bu günyorulmadan çalışır, əməllərinin bəhrəsi ilə nura qərq olur, cavanlaşır.

Yadımıza salaq Azərbaycan maarifçilərinin təxminən 100-130 il bundan qabaqkı səylərini, mübarizələrini. Onlar necə arzulayırdılar ki, ölkə məktəblərində heç olmasa bir azərbaycanlı müəllimə olsun. İndi onların sayı minlərlədir. Böyük ənənələri olan Azərbaycan maarifçiliyinin idealları, əlbəttə, məhz Rəsmiyyə müəllimə kimi ziyalı xanımlarımızın yüksək qabiliyyəti sayəsində daha dolğun şəkildə həyata keçir. Müəllimlik elə bir fenomendir ki, milli təhsil və mədəniyyətin taleyi bilavasitə onunla bağlıdır. Müəllim şəxsiyyəti isə təhsil mədəniyyətinin özəyini təşkil edir. Rəsmiyyə Allahverdiyeva öz parlaq şəxsiyyəti ilə Azərbaycanda müəllimlik sənətinin cəmiyyətimizə və onun inkişafına, mütərəqqi dünyagörüşünə malik gənc nəslin ərsəyə gəlməsinə necə gərəkli olduğunu bir daha göstərir.

 

 

Rahid ULUSEL

Fəlsəfə üzrə elmlər doktoru,

professor

525-ci qəzet.- 2014.- 28 mart.- S.7.