Baharla qol-boyun

 

 

 

 

Bu səhərin könül açan nəsimini, göz oxşayan rahatlığını hiss edirsinizmi...

 

Üz-üzə, göz-gözə gəldiyiniz adamların çöhrəsindən axıb-tökülən fərəhi, xoş ovqatı duyursunuzmu...

 

Qış yuxusundan silkinib oyanmış ağacların düymə tutan qol-budağını, dirçələn torpaqdan boy göstərən xırdaca cücərtiləri, puçur tökən ləçəkləri görürsünüzmü...

 

Təbiətin nazlı qızı, bəzəkli balası Yaz gəlib yurdumuza...

 

Pəncərələrinizi taybatay açın. Yurdumuza Bahar gəlir. Gəlin bu Baharı qarşılayaq...

 

 

lll

 

Sübhün alatoranında açıq nəfəslikdən

 

 otağıma dolan quşların civiltisi qulağıma çatınca yuxudan ayılır, xoş hisslər qəlbimi çulğayırdı. Bu civiltilərin yaratdığı ovqat məni duyğulandırır, üz-gözümə sığal çəkən səhər mehi düşüncələrimə rahatlıq gətirirdi. Elə bil quşlar mənə səslənir, sanki baharın gəlişini müjdələyirdi: Nə yatmısan, oyan, təbiətin nazlı qızı yaz gəlir... Arzuları, ümidləri puçur-puçur göyərdən, ömrümüzə ilkinlər, təzəliklər bəxş edən bir təzə yaz da qədəm qoyur yurdumuza. Böyükdən kiçiyə, hər birimizin  qəlbində ilıq xatirələr yaradan bir yaz gəlir elimizə. Belə bir xoş ovqatdaykən yadıma unudulmaz Səməd Vurğunun vəsf etdiyi "Bahar"ı düşür...

 

 

 

Bahar, istəklimsən başdan-binadan,

 

Ən gözəl qızısan sən təbiətin.

 

Xoşbəxt yaranmısan, xoşbəxt anadan,

 

Gözünün odusan şeirin, sənətin,

 

Ən gözəl qızısan sən təbiətin.

 

 

 

Pəncərədən boylanıram. Gözlərimin qarşısında ətraf dumana-çənə bürünüb. Amma mən bu dumanın, çənin arxasından indicə ətrafı nurlandıracaq şəfəqi görürəm. Ağac dibində, səki kənarlarındakı qırıq-sökük daşların arasından boy göstərən sısqa, təzə-tər cücərtilərin ətrini duyuram. İllərdi yazı ömrümün, günümün sozalmayan sevgisi, qəlbimin doğması bilirəm. Bu sevgidə, bu ülfətdə bilsəniz nə mənalar duymuşam, yazdan nələr almışam. Bu Bahar qızıyla sevgi-sevincimi bölüşmüşəm, ona söz-söz istəklərimi pıçıldamışam...

 

Yeniyetmə çağlarımda ilk yazın bağçamıza gətirdiyi gözəllik bir aləm idi. O zaman təbiəti bəzəyən güllər içində hər kəsi heyran edən qızılgülə aşiqdim. Ləçəkləri şeh damlalarında, səhər şəfəqlərində nurlanan qızılgülə. Bu şahanə gülə vurulduğum zamandan əlimə qələm almışam, ilk baharda anamı vəsf etmişəm. Anamın əllərinin istisini yazın nəfəsində duymuşam. Bu bənzətməm şeir olmasa da duyğularımın tərənnümü idi. Demişdim ki...

 

 

 

Şaqraq səsli, yaz nəfəsli

 

anam mənim

 

Qeydə qalan, layla çalan

 

sonam mənim

 

 

 

Vətən anam, dünya anam, sən anam

 

Bu sözlərin mənasına heyranam.

 

Sizə işıq vermək üçün bir anlıq,

 

İstəyirəm hey alışam, hey yanam.

 

 

 

Nəfəsimdə ilk baharın havası,

 

Başım üstə doğma vətən səması.

 

Ay ana can, cansıza da can verər

 

Əllərinin bir quruca təması.

 

               

 

Şaqraq səsli, yaz nəfəsli

 

anam mənim

 

Qeydə qalan, layla çalan

 

sonam mənim...

 

 

 

Bu, mənim yeniyetmə çağlarımda ilk yazın bir udum havasından, bir əlçim yaşıllığından, bir qom bənövşəsindən, bir sısqa çiçəyinin ətrindən, bir qurtum şirinliyindən ilham aldığım günlərdə istəklərimin ilk pıçıltılarıydı...

 

Yaz qəlbimə elə bir təpər gətirir ki, mən onun gücü, qüdrətiylə  taleyimdən keçən soyuqları, qasırğaları qova, dəf edə bilirəm.

 

Fikir vermişəm, dərdimiz başımızdan aşsa da, ürəyimiz sıxıntı çəksə də yenə yaz gələndə gözümüz-könlümüz təzələnir. Sanki hər yazın gəlişi özüylə nəsə qəribə, xoş müjdə gətirəcək. Bu da yazla birgə insan ümidlərinin göyərməsi, pöhrə tutmasıdır.

 

El arasında "mart çıxdı, dərd çıxdı" - deyirlər. Yəqin bunu da ayın dəyişkən, dəymə-düşər havalarına görə yozublar. Axı, yazla qışın ölüm-dirim savaşıdı bu mart ayı. Nə olur-olsun, nə deyirlər desinlər, mart yaz aylarının ilkini kimi təbiətin də, insanların da istəklərinin qönçə ayıdır. Elin-günün təzəlik bayramı - Novruz ayıdır.

 

Bu yazın gah çiskinli, gah günəşli, gah da küləkli günlərində qom-qom bənövşəni görəndə ürəyim əsim-əsim əsir (Bu ilk yazda mənə novruz payı - bir qom bənövşə göndərən Allah adamına min alqış!). Yadıma çox-çox illər əvvəl elin-elatın köç hazırlığı düşür...

 

Bu sətirləri qələmə alanda  ömrünü-gününü gözəl yaylaqlarda keçirən həmvətənlərimizin halını duyuram... Doğmaca yurdlarından ayrı düşmüş soydaşlarımızın nisgilinə, acısına necə yanmayasan. Bax, elə indiki anlarda Göyçə dərdiylə qovrulan göyçəlilərin gözlərində yaşaran həsrətinə necə göynəməyəsən. Hələ ki, düşmənə qalmış Qarabağımızın cənnət güşələrindən əli üzülən doğmalarımızın qaysaq bağlamayan yaralarına necə ağrımayasan...

 

Bu yazın üz-gözümə sığal çəkdiyi anlarda babalarımızın doğma yurdlarını, bolluca yaylaqlarımızı, "Ləlvər"i, "Sarı yer"i, "Dəli dağ"ı, "Mıx tökən"i, "Meydan"ı, "Qırxqız"ı, "Sarı baba"nı, "Şuşanı", eh... hələ nə qədər itirib-unuda bilmədiyimiz yerlərimizi yada salıram. Bilirəm ki, o yerlərin yal-yamacı, dağları, qayaları, buz bulaqları, düz-düzəngahları doğmalarının isti nəfəsindən ötrü qəribsəyib. O yerlərin indilərdə göyərmiş torpağı da, tumurcuq bağlayan ağacları da yan-yörəyə boylana-boylana qalıb. Xırdaca pöhrələri, yanağı çatlayan qönçələri, qayğıkeş vətən övladlarının sevgi dolu baxışlarına, isti əllərinə həsrətdi.

 

Bahara vurğun olduğum uşaqlıq çağlarımdan da inanmışam ki, hər gələn yaz özüylə yeniliklərlər, xoş müjdələr gətirir. Hər kəsin ruhunu təzələyir. Ömür-günümüzün ilıq keçən günləri yaddaşımıza o qədər istəklər, sevgilər naxışlayır ki. Bunlar yazla birgə insan ümidlərinin göyərməsi, arzuların böyüməsi, kamala yetməsi, murada çatması deyilmi? Bundan qiymətli və şirin daha nələrsə varmı görən?

 

İstərdim ki, bu gələn yaz yurdundan-yuvasından perik düşmüş didərgin soydaşlarımızın gözlərindəki nisgili yuyub aparsın. Bağlı yolları açılsın. Bu yaz qapılarımızı xoş xəbərlər döysün. Qaralan ocaqlarımız yenidən alışsın. Səmamız açıq olsun. Xalqımız əmin-amanlıqda rahat və firəvan həyatlarını yaşasınlar. Amin! İnşaallah!

 

Unudulmaz insan

 

 

 

Qara xəbər həmişə tez yayılır. Ana kimi sevdiyimiz və hörmət etdiyimiz Şəfiqə xanım Məhərrəmovanın (Avşarova) həyatdan köçmək xəbəri də tez yayıldı. Onu tanıyıb sevənləri, yaxını-uzağı kədərə qərq etdi. Axı necə də qərq etməsin?! Bu sevimli insanı, onun nurlu təbəssümünü kim unuda bilər? Yumşaq və mehriban səsini unutmaq olarmı?!

 

Kim məktəbə getdiyi ilk günü xatırlamır?! Çanta əlimizdə bəzən ürkək-ürkək, bəzən həvəslə sinif otaqlarına ayaq basdığımız, maraq dolu bir heyrətlə ətrafımıza boylandığımız həmin anlar bir kino lenti deyilmi?! İlk müəllimimizin saçımızda gəzən əllərinin sığalını, mehriban təbəssümlü baxışlarını yaddan çıxarmaq olarmı? Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kənd orta məktəbinə ilk dəfə ayaq basan şagirdlərin əllərindən tutub yazı yazmağı öyrədən, elmin tükənməz xəzinəsinin qapılarını onların üzünə açan müəllimlərimizdən biri də Ermənistanın Əməkdar müəllimi Şəfiqə xanım Məhərrəmova olub . O Şəfiqə xanım ki, ömrünün 50 ilindən çoxunu yetişən nəslin maariflənməsi işinə həsr edib, körpə balaların üzünə ilk dəfə nurlu sabahların yolunu açıb. Həyatın acısını da görüb, şirinini də. İsti, hərarətli sözlərlə şagirdlərini dindirdikcə ürəyinin pıçıltılarını bir müəllim fəhmi ilə öz-özünə söyləyib: "Bax, bu qıvrımsaç oğlan yaxşı oxuyacaq, gözlərindən görürəm. Bu isə yaman dəcəl olacaq. Bu qızcığaz isə ata-anasının bircəsidir, oxumağa yaman həvəslidir. Hamısını Allah saxlasın". Beləcə Şəfiqə müəllimənin ömründən qopan illər şagirdlərinin ömrünə qovuşur, dünən dərs dediyi şagirdlər sonralar onun qarşısında hörmət və ehtiramla baş əyir, bir vaxtlar onlara qələm tutmağı öyrədən titrək əllərindən öpürdülər.

 

1925-ci il iyulun 1-də İrəvanda anadan olan Şəfiqə xanım dörd qardaşın yeganə bacısı olub. Nadir şahın sülaləsini İrəvan xanlığında təmsil edən Avşarlar nəsli İrəvanda öz nüfuzlari ilə seçilib, tanınıb. Şəfiqə xanımın atası Məşədi Ələsgər, nənəsi Hacı Səkinə, babası Hacı Mehdi maarifpərvər, dövrünün tanınımış ziyalısı kimi İrəvan elitasının nüfuzlu  nümayəndələrindən olublar.

 

Şəfiqə xanım Məhərrəmova Böyük Vətən müharibəsinin qızğın günlərində İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirib. O, 1942-ci ildə Respublika Maarif Nazirliyinin əmri ilə bir sıra məzunlarla birlikdə səfərbər olunaraq Amasiya rayonuna müəllim kimi işləməyə göndərilib. O, Amasiyanın bir çox kəndlərində, o cümlədən rayonun ən böyük kəndi olan Güllübulaq kəndində müəllimlik edib.

 

Qeyd edək ki, Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920-1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.

 

Amasiyanın belə bir nüfuzlu kəndində işləyən, eyni zamanda rayonun ictimai işlərində yaxından iştirak edən Şəfiqə müəllimə mehriban və həlim rəftarı, ibtidai sinif müəlliminə xas səbr və təmkini ilə böyük bir kollektivin, şagirdlərinin, valideynlərin gözlərində ucalıb. O, Güllübulaqda ata-anaların ümid yerlərindən birinə çevrilib. Ömür-gün yoldaşı Məmmədəli müəllimlə əl-ələ verərək maarifin, təhsilin çiçəklənməsi naminə gecə-gündüz çalışıb. Yoxladığı dəftərlər gözlərinin nurunu aparsa da, səs-küylü sinif otaqlarında şagirdlərin arasına düşən kimi yorğunluğundan, ağır zehni zəhmətdən əsər-əlamət qalmayıb. Bülbül kimi şövqlə şeir deyən, sürətlə və düzgün məsələ-misal həll edən şagirdlərinə baxdıqca fərəhlənib, qəlbi köksünə sığmayıb. Müəllim üçün ən böyük mükafat onun savadlı şagirdləridir. Şəfiqə xanım müəllimlik fəaliyyəti dövründə belə mükafatların sevincini dönə-dönə duyub. Yayın istisində, qışın şaxtasında bir ana kimi şagirdlərinin qayğısına qalıb. Elə Güllübulağa gəlin gəldiyi gündən qayınatası Məmmədcəfər kişinin ocağında xeyir əməllərin, savab işlərin şahidi olub. "Gəlin ocağa gələr" - deyiblər. Şəfiqə xanım şagirdlərindən birini qaşqabaqlı görəndə onu xoş dillə dindirər, könlünü alar, qayğısına qalmağı unutmazdı. Bir də görərdin ki, Novruz bayramı ərəfəsində Şəfiqə müəllimə şagirdlərini bir-bir qaldırıb soruşur: "A bala, anan təndirliyi unlayıbmı?" (Ağababa-Şörəyel mahalında bayrama yaxın təndirliyin üstünü unlamaq qədim adətlərdən biri idi) Əgər şagirddən "yox" cavabı eşitsəydi, tapşırardı: "Anana de ki, təndirliyi unlayıb ağartsın. Günahdır". Belə insan olub Şəfiqə müəllimə. İlikdən sümüyədək, dəndən toxumadək əsl azərbaycanlı qızı, azərbaycanlı xanımı olub. Onun qələm verib, yazı yazmağı öyrətdiyi və bu gün respublikamızda müxtəlif məsul vəzifələrdə çalışan insanlar, onlarla akademiklər, elmlər doktorları, elmlər namizədləri, yüzlərlə ali təhsilli mütəxəssislər onu şərəflə xatırlayırlar. Şəfiqə müəllimənin yetişdirdiyi övladları, nəvələri də bu gün Azərbaycan cəmiyyətində özünəməxsus yer tutan nüfuz sahibləridir. Müəllim üçün, ana üçün, nənə üçün bundan qiymətli nə ola bilər?

 

İnsanlar dünyaya bir dəfə gəlirlər. Öz əməlləri, ibrətamiz həyatı ilə ürəklərdə əbədi qalan, xatırlanan insanlar heç vaxt unudulmurlar. Əbədiyyətə qovuşandan sonra da könüllərdə yaşayır, əsl insan ömrünün mənəvi etalonuna çevrilirlər. Ürəklərdə özünə həmişəlik yuva salan, bu işıqlı dunyada yaşayıb-yaratmağın sirrini, həyatın mənasını bizlərə öyrədən Şəfiqə xanım da belə mənəvi etalonlardan biri idi. İllər ötüb keçsə də, Şəfiqə xanıma olan sonsuz sevgi və məhəbbət, hörmət və ehtiram heç vaxt sönməyəcək, bizdən uzaqlaşdıqca daha da güclənəcək.

 

Allah rəhmət eləsin!

 

Şəfəq Nasir

525-ci qəzet.- 2014.- 28 mart.- S.7.