Nurlu ömür
ŞAİR TEYMUR
ELÇİNİN 90 İLLİYİNƏ
Mart -
yazın nübar ayı... Mart - duyğulara, hisslərə
qanad verən, insan xəyalını pərvazlandıran
gül-çiçək, xeyir-bərəkət fəsli...
İlin bu çağında doğulanlar təbiətən
romantik olur, qəlbini, taleyini sözə, sənətə
bağlayır və çox vaxt da bu yolu tutur, ömrün mənasını
bu yolda görürlər.
Yada
salaq: M.S.Ordubadi, C.Cabbarlı,
S.Rəhimov, S.Vurğun, M.Hüseyn, İ.Şıxlı,
Anar... Və daha kimlər, kimlər... Bahar ünvanlı sənətkarlar
sırasında qəlbən sevdiyim, özümə ustad
saydığım, xatirəsini uca tutduğum bir insan var -
Teymur Elçin.
Azərbaycan
yazıçılarının ensiklopedik-məlumat
kitabından: "Əliyev Teymur Süleyman oğlu - şair, publisist,
1958-ci ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan
Dövlət mükafatı laureatı.
1924-cü
il martın 28-də Azərbaycanın
Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəliklə Bakıya
köçmüşlər. Burada 132
nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində təhsil
almışdır (1941-48). Eyni zamanda "Gənc
işçi" qəzeti redaksiyasında ədəbi
işçi (1941), Azərbaycan Radio Komitəsində
ştatdankənar müxbir, diktor, redaktor, məsul redaktor
(1941-43), Zaqafqaziya cəbhəsində kursant, alay komsomol təşkilatçısı,
hazırlıq kurslarının müdavimi (1943-45)
olmuşdur".
Ordu həyatı arxada qalır, o, taleyini komsomol-partiya
işinə bağlayır və illərin qanadında
yüksəlir. Bir ara Azərbaycan Radio Məlumat
Komitəsi sədrinin müavini vəzifəsində
çalışır. Sonra yenidən partiya
işinə irəli çəkilir - Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət
şöbəsinin, sonra isə təbliğat və təşviqat
şöbəsi müdirinin müavini vəzifələrinə.
O vaxtacan
mən onu uzaqdan-uzağa tanıyırdım. Heç
ağlıma da gəlməzdi ki, bir gün gələcək,
o, əlimi sıxıb, radio müxbiri kimi məni təbrik edəcək.
Yaddaşımda nəqşələnən, illər
boyu qəlbimdə əzizlədiyim xoş xatirələr yada
düşür. 1957-ci ilin yazı... Tələbə idim,
Universitetin ikinci kursunda oxuyurdum - filologiya fakültəsində.
Radioya təzəcə ayaq
açmışdım. Oçerklərim,
reportajlarım efirdə səslənəndə
dünyanın sevinci qəlbimə axırdı. Azərbaycan
Radiosu Xarici Ölkələrə Verilişlər İdarəsinin
rəisi Muxtar Hacıyev (soyadımız bir olsa da, heç bir
qohumluğumuz yox idi) mənə doğmadan doğma bir adam kimi qayğı göstərirdi. Bu da məni maddi sıxıntıların, mənəvi
sarsıntıların əlindən almışdı.
Günlərin bir günü səs yayıldı ki, təzə
bir qəzet açılır - "Bakı" axşam qəzeti. Sədrimiz Nəsir
İmanquliyev həmin qəzetə redaktor gedir. Başqa bir xəbər də bu idi ki, hələ
ilk addımlarını atan televiziya radio ilə birləşir
və yeni bir qurum - Radio və Televiziya Verilişləri Komitəsi
yaradılır.
Hamını
düşündürən bir sual dildə-ağızda gəzirdi:
"Görəsən sədr kim
olacaq?"
...Türk
şöbəsinin müdiri Aydın Vəlixanov fasilə
zamanı tez-tez nərdə, dominoya, özünə məxsus
üsulla dəmlədiyi, adla söynəlilən
"xoruzquyruğu" çaya qonaq etdiyi dostlarını -
Soltan Nəcəfovu, Yaqub Ələsgərovu, Aydın
Qaradağlını, Şəmsi Rəhimovu yenə
başına yığmışdı. O, uca bir səslə:
-
Heç kim özünü yormasın, -
dedi. - Mən bilirəm sədrimiz kim
olacaq.
- Kim
olacaq? - yerbəyerdən dilləndilər.
Aydın
müəllim səsinə xüsusi ahəng verdi:
- İndicə mötəbər bir dostuma zəng eləmişdim. Dedi ki, gələcək sədriniz
bütün distansiyalardan keçib, birinci katib də təbrik
eləyib onu, - sözünün arxasını uzatdı, - fərmanı
bu axşam qardaşımız Aydın Qaradağlı oxuyar,
Yaqub Ələsgərov da bizə "Novı Yevropa"da, ya
da "Novbahar"da dəm-dəsgahnan bir qonaqlıq verər.
- Mən
hazır! - Yaqub Ələsgərov əlini əlinə vurdu.
- Sədrimizin adını de, mən də ayağımı
qoyum "Novı Yevropa"ya, verim sifarişimizi.
Yeyib-içməklə arası saz olan, məclislərin
ürəyi sayılan Aydın Vəlixanovun
qırışığı açıldı. O, eynəyini
çıxarıb gözlərini ovuşdura-ovuşdura dedi:
- Soltan
müəllim onu çox yaxşı tanıyır,
müharibənin ilk vaxtlarında bir yerdə külüng
vurublar.
- Ay can,
ay can, bildim kimdi! - deyə Soltan Nəcəfov
sevinclə qollarını açdı.
Aydın
Qaradağlı səbrini boğa bilməyərək, diktor həmkarının
əlindən tutub onu
bərk-bərk silkələdi:
- Kimdi?
-
Qadasını aldığım Teymur Əliyev! - Soltan Nəcəfov
xüsusi bir vurğu ilə dedi.
Aydın
Qaradağlı təəccübünü gizlətmədi:
- Balam,
Teymur müəllim çox cavandı, yaşı otuzu təzəcə
keçib. Bu boyda vəzifəyə onu qoyarlar?
-
Artıq qoyublar! - Aydın Vəlixanov öz
adaşına sarı yeridi. - Teymur müəllimi mən
də yaxşı tanıyıram. Cavan olsa da, çox təcrübəli
partiya işçisidir, təşkilatçılığına, savadına, qələminə
də söz ola bilməz. Səni
inandırım ki, o, Mərkəzi Komitənin birinci katibliyinə
layiqdir.
Onlar -
radionun bu "sütunları" bir-birlərini ürəkdən
təbrik etdilər və "Novı Yevropa"ya üz
tutdular...
...Teymur
müəllimin bu yüksək vəzifəyə təyinatını
həm kollektiv, həm də respublikanın nüfuzlu şəxsləri,
elm, mədəniyyət xadimləri çox böyük fərəhlə
qarşıladılar. Yaşlı işçilər deyirdilər:
"Teymur müəllim kimi saf bir adamı bura kim
göndəribsə, Allah atasına rəhmət eləsin!"
Teleradio Şirkətinin indiki binası o zaman təzəcə
istifadəyə verilmişdi. Əvvəlcə
Televiziya məskunlaşmışdı, sonra Radio da
köçdü ora. Beləcə, Teymur
Əliyev yeni qurumun beşiyi başında duran ilk sədr
oldu. Təsadüfi deyil ki, o,
respublikamızda Televiziya və Radionun inkişafında
böyük dönüş və yüksəliş mərhələsinin
memarı sayılır.
Teymur müəllim tələbkar rəhbər olduğu
qədər də həssas, qayğıkeş, təvazökar
bir insan idi. İşə kollektivlə görüşdən
başladı. Sözünü belə bir fikirlə
yekunlaşdırdı: "Əl-ələ, ürək-ürəyə
verib işləyəcəyik".
Bir-birinin ardınca ayrı-ayrı baş
redaksiyaların əməkdaşları ilə söhbətlər
aparmağa başladı. Xarici Ölkələrə
Verilişlər İdarəsinin kollektivini qəbul edərkən
rəisimiz Muxtar Hacıyev adbaad hər işçi barədə
məlumat verdi. Növbə mənə çatanda:
- Nahid
ştatdankənar müxbirdir, - dedi, - indiyəcən efirdə
xeyli oçerki səslənib. Gələcəyinə
inamım var.
Teymur
müəllim eynəyinin arxasından uzun baxışlarla məni
süzərək, mehribanlıqla gülümsədi:
- Mən
də belə başlamışam, özü də burda -
radioda. Əslində bu ən gözəl yoldur.
Bu yolu hər bir jurnalist keçməlidir.
- Muxtar müəllimə sarı döndü: - Yuxarı kurslara
keçəndə bu cavan oğlanı işə də
götürmək olar.
Onun sözləri bir işıq selinə dönüb qəlbimə
axdı.
Muxtar
müəllim:
-
Sağlıq olsun, - dedi, - qoy hələ
çalışsın, öyrənsin.
Aradan illər keçdi. Bir gün Muxtar müəllim məni
yanına çağırıb:
- Səni
sevindirmək istəyirəm, - dedi. - Teymur müəllim
ştat verir bizə, səni işə
götürürük. Elə günü bu
gün raportunu verəcəyəm.
Bir neçə gündən sonra sədrin köməkçisi
Lidiya Alyamovskaya gəldi ki, sədr səni
çağırır. Uça-uça getdim. Teymur müəllim kabinetdə tək idi.
Sorğu-sual
başladı:
- Son
vaxtlar hansı bədii əsərləri oxumusan?
- Mehdi
Hüseynin "Yeraltı çaylar dənizə
axır", Salam Qədirzadənin "Qış gecəsi",
İsa Hüseynovun "Doğma və yad
adamlar"ını.
- Bunlar
yaxşı, - dedi. - "Doğma və yad
adamlar" haqqında yazılanlardan nə oxumusan?
- Məmməd
Arifin, Məmməd Cəfərin məqalələrini.
- Bu əsər
haqqında sənin öz fikrin nədir?
- Yaxşı
romandır, - dedim. - Hardasa mübahisə də etmək olar. Fakt odur ki, istedadlı bir yazıçının qələmindən
çıxıb.
- Bizim
radio jurnalistlərindən kim daha çox
xoşuna gəlir?
- Muxtar
Hacıyev, Oruc Qüdrətov, Gəray Fəzli, Nuhbala
Quliyev...
Suallar suallara calandı. Nə gizlədim, sədrin
kabinetinə girəndə ürəyim quş ürəyi
kimi çırpınırdı. Çox
keçmədi ki, Teymur müəllimin səsindəki
doğmalıq, sifətindəki işıq,
dodaqlarındakı dupduru təbəssüm məni həyəcan
burulğanından aldı. Söhbətimiz
bir saatacan çəkdi. Sualların əhatə dairəsi
nə qədər geniş idi! Düşünürdüm:
"Görəsən Teymur müəllimi cavablarım
razı saldımı?"
Ayağa
qalxıb əlimi sıxanda:
- Hər
tələbəni işə götürmürlər, - dedi.
- Bu sənin üçün böyük etimaddır. Gərək elə çalışasan ki, həm
bir işçi kimi özünü sevdirəsən, həm də
əlaçılığı əldən verməyəsən.
Uçmağa qanadım yox idi. Ancaq sən demə, bu sevincin
ömrü gödək olacaqmış...
"Satira və yumor" şöbəsinin müdiri,
populyar "Arı" satirik radiojurnalının redaktoru Bəhram
Gözəlovla şöbənin əməkdaşı Novruz
Novruzov arasında bərk mübahisə olmuşdu.
Belə
yerdə deyirlər: "Çanaq kasıbın
başında sınar".
Üç
gün sonra Teymur müəllim məni yanına
çağırtdırıb:
-
"Satira və yumor" şöbəsində gərgin vəziyyət
yaranıb, - dedi. - Şöbə müdiri ilə
Novruz Novruzov arasında münasibət elə həddə
çatıb ki, onların bir yerdə işləməsi daha
mümkün deyil. Bəhram müəllim
mənim komandirim olub. Borcumdur ki,
sözünü yerə salmayım. Necə
olur-olsun, Novruz Novruzovun yerini dəyişməliyik. Boş yerimiz də yoxdur.
Səsi
titrəyirdi:
- İstəyirəm səni öz ərizənlə
işdən azad edib, Novruz Novruzovu sənin yerinə keçirəm. O, müharibə
iştirakçısıdır. İki
ayağı da protezdir. Ailəsi var,
adamın yazığı gəlir. Nə Bəhram
müəllimdən keçmək olur, nə də...
- Teymur
müəllim, siz necə deyirsiniz, elə də olsun.
Kövrəlmişdim.
-
Qanın qaralmasın, - deyə əlini saçlarımda gəzdirdi. - İmkan yaranan kimi sənin də əmrini verəcəyəm.
Yay semestri imtahanlarını verəndən sonra səsyazan
aparatı aldım çiynimə, o zavod, bu fabrik, bu muzey, o
konsert salonu - başladım verilişlər hazırlamağa.
Artıq beşinci kursda oxuyurdum. Teymur müəllim məni
yenidən sevindirdi. O, Novruz Novruzovu ürəyincə olan işə
düzəltmişdi.
1959-cu ilin günəşli bir payız günündə
- oktyabr ayının 19-da müxbir vəsiqəsi aldım. Dövlət
imtahanlarını verməyə başlayanda, vəzifəm
bir pillə də qalxdı. Təzəcə
açılmış ərəb dilində verilişlər
redaksiyasında redaktor vəzifəsinə təyin olundum.
Teymur
müəllim bu dəfə əlimi sıxanda:
- Məktub
verərəm, - dedi, - təyinatını da bura alarsan.
Kooperativ bina tikdirəcəyik,
ev-eşiyin də olar.
Üç
il ötdü. Kollegiyanın
qərarı ilə məni "Kənd həyatı"
şöbəsinə müdir vəzifəsinə
keçirdilər.
Həyatımda fərəhli, həm də çox məsuliyyətli
günlər başladı. Teymur müəllimlə
tez-tez yaxından görüşmək, danışmaq, ondan
öyrənmək imkanım yarandı.
O,
özünə də, başqalarına da qarşı
çox tələbkar idi. Bütün
günü gözü televizorda, qulağı radioqəbuledicidə
olardı. "Letuçka" vaxtı gələndə
elə bil ən çətin imtahana, sınağa gedirdik.
Təriflənən, təqdir edilən
vaxtlarımız da olurdu, danlandığımız günlər
də. Lakin bu danlaqlardan incimirdik. Bilirdik ki, hamısı efirin, ekranın xeyrinədir,
eləcə də bizim.
Teymur müəllim bir məktəb - universitet idi. Onun tələbkarlığı
bizim nəslin canına, qanına, iliyinə,
sümüyünə işləyib. Biz onunla -
ustadımızla həmişə fəxr etmişik, edirik və
edəcəyik də!
Hərdən
çalışdığım redaksiyada cavanların
yazılarını köklü-köməcli düzəldəndə,
necə deyərlər,
al qanına boyayanda məndən inciyənlər də
olur. Belə vaxtlarda deyirəm: "Neyləyim, mən belə
öyrənmişəm. Mən Teymur Əliyevin
şinelindən çıxmışam".
Teymur müəllim Azərbaycan Radio və
Televiziyasında öz məktəbini yaratdı, şərəfli
bir ad qoydu.
Düz
yeddi il onun rəhbərliyi altında
çalışdım. Bu illər ömrümə
yazılıb.
O,
1964-cü ildə daha yüksək bir vəzifəyə - Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi təbliğat və
təşviqat şöbəsinin müdiri vəzifəsinə
təyin olundu.
Kollektivdən ayrıldığı gün indi də
gözümün qabağındadır. Tələbkar
təşkilatçı - sədr, həssas insan, gözəl
şair və əvəzsiz bir redaktor kimi onun ünvanına
dürlü-dürlü sözlər deyildi.
Teymur müəllim çox riqqətlənmişdi. O, kövrək uşağa
dönmüşdü. Zal da eləydi. Gözlər nəmlənmişdi.
Biz Teymur
müəllimin ucalmağına qəlbən sevinirdik, ancaq
ondan ayrıla da bilmirdik...
...Teymur
müəllim ensiklopedik biliyi, erudisiyası və daxili mədəniyyətilə
sözün əsl mənasında ziyalı idi - böyük
xalq ziyalısı.
Yazıçı və şairlərdən S.Rəhimov,
M.Hüseyn, R.Rza, İ.Əfəndiyev, bəstəkarlardan
F.Əmirov, S.Ələsgərov, O.Zülfüqarov,
V.Adıgözəlov onunla dostluğu uca tuturdular. Fikrət
Əmirovu, Süleyman Ələsgərovu, Oqtay
Zülfüqarovu və bir sıra başqa bəstəkarları
tez-tez onun kabinetindəki pianonun arxasında görmək
olardı. Onların nəğməkar
şair Teymur Elçinin sözlərinə yazdıqları
mahnılar bu gün də ekrandan, efirdən düşmür.
Bəstəkar Vasif Adıgözəlovun
şair Teymur Elçinlə birgə yaratdığı
möhtəşəm "Qarabağ şikəstəsi"
Bakı ilə yanaşı Moskvanın, Ankaranın ən
böyük konsert salonlarında əzəmətlə səslənmişdir.
...İlk qələm nübarını - "Azərbaycan"
şeirini 1938-ci ildə Bakı Pionerlər Evinin nəşri
olan "Şeirlər məcmuəsi"ndə dərc
etdirmişdi.
Sonra "Azərbaycan pioneri", "Yeni yol",
"Kommunist"
qəzetlərində Teymur Əlizadə kimi
çıxış etməyə başlamışdı. Geniş oxucu auditoriyası onu Teymur Elçin kimi
tanıyır.
İstedadlı
şair-tərcüməçi, dramaturq, publisist...
O,
sözlə nəfəs alır, sözlə
yaşayırdı, sözün ülviliyini uca tuturdu. Həm
xalq dilinə, həm də ədəbi dilə vaqif idi - necə
gözəl bilirdi dilin incəliklərini! Sətirlərə,
misralara zərgər kimi
naxış vururdu, redaktor kimi də misli yox idi. Bir söz, bir ifadə yerinə düşməyəndə,
necə deyərlər, adamın "pişiyini ağaca
dırmaşdırır"dı. Ondan
inciyənlər də olurdu. Muxtar müəllim bir dəfə
belə "jurnalist"dən birinə dedi: "Bala, Teymur
müəllim nə deyir, sənin xeyrinə deyir. Vicdanı yol vermir ki, dilin başına turp əkəsən. O, dilimizi özündən çox
istəyir".
...Radionun
"Ərəb ölkələrinə verilişlər"
redaksiyasında redaktor işləyirdim. Diktorumuz
Sinan Səid Bağdad radiosundan gəlmişdi. O, hər il yay aylarında ezamiyyətə
çıxır, vətəninə gedirdi. Həmin vaxt onu
Moskva radiosunda işləyən həmyerlisi Muştaq Talib, ya
da başqa biri əvəz edirdi.
Bu dəfə də Moskvadan bizə bir suriyalını -
Məhvuz əl Talibini göndərmişdilər. O, yazıçı idi. Redaksiya ilə təzəcə qaynayıb
qarışırdı ki, Teymur müəllim onu yanına
çağırtdırdı. Hal-əhvaldan
sonra qonağa çay gətirdilər. Teymur
müəllim qonaqla söhbətə başlayanda mən icazə
alıb kabinetdən çıxdım.
Söhbət xeyli çəkdi. Qonaq geri qayıdanda gülə-gülə
dedi:
- Sədriniz
şair imiş ki! Qələm sahibi kimi söhbətimiz
tutdu, doğmalaşdıq. O, mənə təklif etdi
ki, sizə hekayələrimi də verim. Yaxşı
qonorar da yazılacaq. Mən təşəkkürümü
bildirdim.Teymur müəllim mənimlə bir filosof kimi
danışırdı, şeirlərini də oxudu. Mən ona söz verdim ki, çalışacağam
bu şeirlər ərəb dilində dərc edilsin. Qoy belə bir gözəl şairi bizim ərəb
ölkələrində də tanısınlar, sevsinlər.
Demək olar ki, onlar hər gün
görüşürdülər. Suriyalı yazıçı Məhvuz
əl Talib Teymur müəllimlə o qədər
doğmalaşdı ki, ayrılıq günü gözləri
dolmuşdu...
Teymur müəllim bizə ədəb-ərkanı, həm
də yaradıcılığı ilə örnək idi. Görkəmli
şəxsiyyətlər haqqında hazırladığı
silsilə verilişlər, dünya ədəbiyyatından səhnələşdirmələri
həmişə səs salırdı. Özbək
yazıçısı Şərəf Rəşidovun hind
mövzusunda qələmə aldığı "Kəşmir
mahnısı" povesti əsasında radiopyes efirdə səsləndiyi
ilk gündən böyük əks-səda doğurmuşdu.
Aradan yarım əsr keçsə də "Qızıl
fond"un incilərindən sayılan həmin
radiotamaşa bu gün də təravətini itirməyib.
...O bizim
rayondan - Gədəbəydən Azərbaycan Ali Sovetinə
deputat seçilmişdi. Həmin dövrdə mənim
əmim oğlu Əli Rəsulov Rayon İcraiyyə Komitəsinin
sədri işləyirdi. Onların
arasında xoş ünsiyyət yaranmışdı.
İkisi də elinə, obasına can yandıran əsl xalq
ziyalısı idi.
Əli müəllim Bakıya gələndə hərdən
yolunu Teleradio Komitəsindən (indiki Teleradio Şirkəti)
salır, Teymur müəllimlə görüşürdü. O, rayonla bağlı problemlərin
həllində deputat kimi Teymur müəllimin köməyinə
çox güvənirdi.
Belə
görüşlərin birində Əli müəllim ona
deyir: "Ay Teymur müəllim, bizim Nahidin işindən,
yazı-pozusundan razısanmı?" Teymur
müəllim qayıdır ki, o bizim güvəndiyimiz jurnalistlərdəndir.
Mən də xətrini çox istəyirəm,
Ənvər Əlibəyli də. Ona görə də tələbə
ola-ola onu işə
götürmüşük".
Sonra soruşur ki, Əli müəllim, bəlkə
Nahidlə bağlı bir xahişiniz var?
- Yox, yox!
- Əli müəllim
deyir. - Sadəcə onun iş-gücüylə maraqlanmaq
istəyirdim.
Teymur
müəllim təəccübünü boğa bilmir:
- Demək
belə yaxın qohumsunuz?
O, tezcə
katibəyə deyir ki, Nahid Hacıyevi yanıma
çağır.
Mən
qapını açanda Teymur müəllim özünəməxsus
ciddiliklə:
- Ay Nahid,
- dedi, - bəs indiyəcən niyə mənə deməmisən
ki, Əli müəllimin əmisi oğlusan?
Mən çiyinlərimi çəkdim.
- Bəlkə
də belə yaxşıdır. Sən həmişə
özün özünə yol açırsan.
lll
Teymur müəllim Azteleradioda bir sıra təşəbbüslərin,
böyük işlərin təməlini qoymuşdu.
Biz ona "bani" deyirdik.
50-ci illərin ortalarına qədər, yəni Teymur
müəllim bizə sədr gələnə kimi
musiqiçiləri nəzərə almasaq, bir nəfərin də
fəxri adı yox idi. Bu da onunla bağlı idi ki,
çoxları radio və televiziyanı yalnız informasiya
vasitəsi hesab edirdi. Teymur müəllim
sübuta yetirdi ki, bu qurum həm də incəsənət
ocağıdır. Burada sənət əsərləri
yaranır.
Teymur müəllimin təqdimatı ilə ilk fəxri
ad - Əməkdar incəsənət xadimi adı istedadlı
rejissor Arif Babayevə verildi. Sonra Aydın Qaradağlı, Soltan Nəcəfov
əməkdar artist adına layiq
görüldülər.
O, həmişə
istedad axtarışında idi, yaradıcı
ziyalıların ən yaxşılarını ekranın,
efirin cazibəsində görmək istəyirdi. Bir sıra sənət
adamları ilk addımlarını burada atıblar: Anar, Fikrət Qoca, Məstan Günər,
Firudin Ağayev, Sabir Azəri, Fərman Eyvazlı, Aqşin
Babayev...
İlk tammetrajlı bədii televiziya filmi -
"Aygün" onun böyük Səməd Vurğuna məhəbbətinin
ifadəsi, həm də yeni bir janrın, yaradıcılıq
sahəsinin uğurlu başlanğıcı idi. Filmi rus dilinə
moskvalı şair Boris Dubrovin çevirmişdi.
...Bir
payız günündə "Azərbaycan"
mehmanxanasının vestibülündə təsadüfən
onunla rastlaşdım. O, "Sovetski poqraniçnik"
jurnalının xüsusi müxbiri kimi Bakıya ezamiyyətə
gəlmişdi. Qonağı şam yeməyinə
dəvət etdim.
- Bir
dostumu gözləyirəm, - dedi. - Bu dəqiqə gəlməlidir.
Onun bu sözünə bənd imiş kimi, Teymur müəllim
bizə yaxınlaşdı. İkimizlə də
çox mehribanlıqla görüşdü, hal-əhval
tutdu. O zaman Teymur müəllim Azərbaycan mədəniyyət
nazirinin müavini işləyirdi. Bizi şam yeməyinə
dəvət etdi. Onunla bir süfrə
arxasında oturmağı ağlıma belə
sığışdırmırdım. Bir
bəhanə ilə onlardan qopmaq istədim. Teymur müəllim
ərklə:
- Nahid,
inciyərəm səndən, - dedi. - Neçə il bir yerdə işləmişik. Həmişə mənə müəllim
deyirsən, adam müəlliminin
sözündən çıxar? Səninlə
bir süfrə arxasında oturub söhbətləşmək,
ötən günləri yada salmaq mənim üçün
olduqca xoşdur.
Mən Boris Dubrovini çoxdan tanıyırdım. Azərbaycan
teatrının 100 illiyi münasibətilə Akademik Milli Dram
Teatrı Moskvaya qastrol səfərinə gedirdi. Mən də çəkiliş qrupunun rəhbəri
kimi bu tərkibə daxil edilmişdim.
Şair dostum İlyas Tapdıq o zaman "Gənclik"
nəşriyyatında şöbə müdiri işləyirdi. Boris Dubrovinin
sərhədçilərin həyatından bəhs edən
"Povestlər" kitabı təzəcə çapdan
çıxmışdı. İlyas məndən
xahiş etdi ki, həmin kitabdan iki bağlama aparıb, Moskvada
müəllifə çatdırım. Bu,
mənim üçün müəyyən çətinlik
yaratsa da, onun sözünü yerə salmadım.
Moskvaya çatan kimi "Ukrayna" mehmanxanasından
Boris Dubrovinə zəng elədim. O, çox sevindi. İlyasa
da, mənə də dönə-dönə təşəkkür
elədi. Sonra görüşdük,
çörək kəsdik. Boris Dubrovin
Bakıdakı dostlarını bir-bir xəbər aldı.
O, Teymur müəllimin adını xüsusi ehtiramla çəkərək:
- Bizim Teymur Süleymanoviç necədir? - dedi. - Təzə
kitabı çıxıbmı?
-
Yaxşıdır, - dedim. - Ancaq boynuma alım ki, təzə
kitabı barədə heç nə deyə bilmərəm.
- Teymur Süleymanoviç şair kimi də, insan kimi də
əvəzsizdir. Azərbaycan fəxr edə bilər ki, belə
bir oğlu var.
Onun
sözünə qüvvət verdim:
- Boris
Petroviç, düz deyirsiniz. Doğrudan da Teymur
müəllim misilsiz bir şəxsiyyətdir.
...Məclis
məni
sıxırdı. Dolu qədəhi hər
dəfə dodağıma yaxınlaşdırıb, yerə
qoyurdum. Teymur müəllim qonaq barədə hərarətli
sözlər dedi. Fikrini belə tamamladı:
- Boris Petroviç yaşca məndən xeyli cavandır. Ancaq
sözümüz, söhbətimiz yaxşı tutur. 60-cı illərdən - o, bizim "Aygün" bədii
televiziya filmini tərcümə edən vaxtdan
yaradıcılıq əlaqələri qurmuşuq. O, mənim
xeyli şeirimi rus dilinə çevirib, Moskva qəzet və
jurnallarında dərc etdirib. Ona böyük ehtiramım var, həmişə
də olacaq...
Məclis xeyli çəkdi.
Axşamdan xeyli keçmişdi. Qonaqdan - Boris Dubrovindən
ayrılıb yolumuzu dəniz qırağından saldıq.
Söhbətimiz bitib tükənmirdi. Birdən
yadına nəsə düşübmüş kimi ayaq
saxlayıb:
- Nahid, səni
təbrik edirəm, - dedi, - mətbuatda oxudum ki, Moskvada -
"Sovetski pisatel" nəşriyyatında kitabın
çıxıb. Bu, sənin üçün
də, mənim üçün də xoş hadisədir.
Bəs niyə o kitabdan mənə verməmisən?
- Teymur
müəllim, - dedim. - Düzü, ürək eləmədim.
Qorxdum ki, birdən xoşunuza gəlməz.
- O boyda "Sovetski pisatel"in xoşuna gəlir, mənim niyə gəlməsin, - deyə ürəkdən güldü. Sözünə azca ara verib:
- Nahid, - dedi, - heç bilirsənmi, sənin Teymur müəlliminin hələ Moskvada kitabı nəşr olunmayıb?!
Onun bu sözləri qəlbimi titrətdi.
- Teymur müəllim, - dedim, - istəsəydiniz, indiyəcən Moskvada bir yox, bəlkə də beş kitabınız çıxardı.
Teymur Elçin görkəmli partiya və dövlət xadimi idi. Onu respublikanın hər bucağında tanıyırdılar. O, dəfələrlə Azərbaycan KP MK üzvü olmuşdu, Respublika Ali Sovetinə deputat seçilmişdi. Bu, onun bioqrafiyasının səhifələridir.
Həyatın amansız qanunları var. İllər ötür, ən mötəbər işlər belə yavaş-yavaş unudulur, yaddan çıxır.
Yazılan isə qalır, yaşayır, gələcəyə üz tutur.
Görkəmli sənətkarın qələmindən qırxa yaxın kitab çıxıb: "Qar qız", "Qulaq asın, danışım", "Sözlər, nəğmələr, nağıllar", "Bahar, adlar, uşaqlar"... Bu kitablar, eləcə də çox böyük sənətkarlıqla K.Çukovski, S.Marşak, N.Zabila, İ.Turgenev, Qarsia Lorka, Ş.Rəşidov və bir sıra sənətkarlardan etdiyi tərcümələrlə bu qüdrətli qələm sahibi Azərbaycan uşaq ədəbiyyatı klassiklərinin sırasında layiqli yerini tutub, öz zəhməti, istedadı ilə taleyini yaza-yaza şərəfli, nurlu, hamıya örnək olacaq bir ömür yaşayıb və adını doğma xalqının ürəyinə, yaddaşına əbədi həkk edib.
Söz karvanı sabaha, gələcəyə üz tutub Teymur Elçinin!
Nahid HACIZADƏ
525-ci qəzet.-
2014.- 28 mart.- S.6.