Vaxt vardı
eşqimiz dünyaya
sığmırdı...
Vaxt vardı,
Üfüqlərdən yelləncək asıb
yellənmək istəyirdik...
İndi
kimsə, pəncərə
arxasında
qəmli- qəmli
oxuyur:
“...əvvəl bir- birimizi itirdik,
sonra da üfüqləri”.
14.02.2014
Səndən sonra yaz gələ,
badam ağacları çiçəkləyə...
Sən onları
görməyəsən.
Həyətdəki gömgöy dirrikdən
şanapipiyin səsi
gələ,
o səsdən yeddi arxadönəninin
nəfəsini duymayasan...
Səndən sonra yaz gələ,
bir may səhəri
ayılıb görələr
ki,
evdə, sən yatan yerdə
lalələr bitib başdan- başa.
Kimsə
deyə ki,
yəqin, ürəyində
qalan arzularıdır...
Yox, ola bilməz,
Allah razı olmaz
bu haqsızlığa...
Yəqin,
mən nə vaxtsa,
dünyanın harasındasa,
təzədən doğulacağam.
20.01.2014
Nə məni tanıyırsan,
nə də yerimi.
Ancaq bilirəm,
tez- tez olmasa da,
yadına düşürəm
hərdən.
Bilirəm, mənə
kömək əlini
uzatmaq istəyirsən.
Bəlkə də, ara- sıra, xəyalında
mənimlə çörək
də yeyirsən.
Bilirəm, heç vaxt
üz- üzə gələn deyilik.
Narahat olma, elə bil ki,
mənə
kömək etmisən
yüz kərə.
Sağ ol, var ol,
mənə yaxşılıq
etmək istədiyinə
görə.
25.01.2014
Gözəl bir yaz günü ola,
İçərişəhərin yanından
trolleybusa minib,
üzüyuxarı qalxasan.
Yolun hər iki tərəfi
sıra- sıra
yasəmən ağacı
ola.
Görəsən ki, trolleybusda
yanaşı əyləşiblər
Nigar xanımla
Rəsul Rza.
Başlarına da
bir dəstə məktəbli yığılıb.
Yol boyu yasəmən ətri vura
onların şirin
söhbətini...
Gözəl bir yaz günü ola,
gül- çiçəkli
bir çəməndə,
görəsən ki,
iki cavan gəlir ağ köynəkdə.
Baxasan ki,
biri Mikayıl Müşfiqdi,
biri də Əli Kərim...
Gözəl bir yaz günü ola,
qırmızı “İkarus”da
Şuşanın dolama yollarını
qalxasan,
radiodan da Səxavətin səsi gələ...
Gözəl bir yaz günü ola,
balalarını götürüb
kəndə gedəsən.
Həyətdəki tut ağacının altında
samovar qaynaya.
Birdən
darvaza açıla,
görəsən ki, gələn atandır.
Oğlun
tez soruşa səndən:
– Ata, o gələn kişi
kimdi?
– Babandı, deyib kövrələsən.
Gözəl bir yaz günü ola...
Ay dadi- bidad!
Birdən fikirdən ayılasan.
Görəsən ki,
kənddəki həyətdə,
oğlunla dayanıb,
işıq məftilinə
qonub oxuyan
qaranquşlara baxırsan
bayaqdan.
20.01.2014
Tofiq Abdini xatırlarkən
Sentyabrın tən ortasında,
həyətimizdəki dörd
şam ağacını
– elə, mən
yaşda olardılar-
kəsib uzatdılar
yerə.
Hərəsinin də budağında
üç- dörd
quş yuvası.
Dedim, o quşların başına
hava gələr yəqin o axşam...
Yadımdadı, bir şənbə
günü,
Sarının kafesinə tərəf
gedirdik-
sən, mən, Adilxan.
Necə
oldusa,
bunları danışdım
sənə...
Birinci badədən sonra,
gördüm, gözlərin
yaşarıb.
Qayıtdın ki, Qorxmaz,
gərək o ağac söhbətini
deməyəydin mənə...
O gün sevdim səni,
o gün köçdün ürəyimə,
yaşarmış gözlərinlə.
13.03.2014
Bu yağmurlu payız günü,
gövdəsi düyün-
düyün,
bu tənha, qoca qarağac
nə qədər xoşbəxt görünür,İlahi!
Neçə belə
yağmurlu payız
günü,
durna səsinə diksinib, yerindən olub
bu tənha qarağac.
Amma yazığı gəlib
bu kimsəsiz çölə-
tək qoymaq istəməyib onu.
İndi,
bu yağmurlu payız günü,
bu tənha, qoca qarağac
Sevincindən, az qala,
qucaqlamaq istəyir
Yeri, Göyü.
Sevinir ki, nə yaxşı,
bir vaxtlar ,
qoşulub durnalara,
uçub getməyib.
01.11.2013
Anatoli Banişevskinin
xatirəsinə
O gün “Gənclik”dən,
stadionun yanından keçirdim.
Qulağıma səs gəldi,
tribunalar qışqırırdı:
“Tolik! Tolik!”
Gördüm top səndədir,
yel kimi gedirsən
rəqib qapısına
doğru,
ürəyimiz də arxanca,
gözlərimiz də sənin
işıqda bərq
vuran
qızıl başında...
13.02.2014
Şamxal
Rüstəmə
Dünən gecə,
Yesenin gəlmişdi yuxuma
Sevincimdən bilmədim neynim.
Düşündüm ki, “525- ci qəzet”in
sonuncu şənbə
sayında
şeirlərimi oxuyub yəqin.
Bir xeyli susdu,
sonra başdan- ayağa süzüb məni
kədərli- kədərli
dilləndi:
“O zəhrimar “Xan” arağını içmə,
Vallah, öldürəcək
səni”.
20.01.2014
Yadımdadı, səhər tezdən
bacı-qardaşlarımla
düzülərdik əsgərlər
kimi
ocağın qırağında.
Hərəmizin əlində
içi doğranmış çörəklə
dolu
sarı çuqun qab.
Qara mis qazandakı
süd qaynayan kimi,
qablarımız uzanardı
anama sarı.
Qaynar süd hopanda
quru çörəyin
canına,
daha da çox istəyərdik
anamızı...
Hərdən kəndə gedirəm,
heyf ki, indi nə anam
var,
nə qara mis qazan,
nə də o süd...
18.02.2014
Balaca olanda,
Novruz bayramı gecəsi,
eyvanda təkcə durub,
kəndimizin yamacındakı
qəbristanlığa baxardım.
Elə bilərdim ki, o gecə,
babam qalxıb məzarından
evimizə sarı
boylanır.
Görəndə ki,
işıq yanır
eyvanımızda,
üzü gülür,
rahat olur,
sonra
da qayıdır
...
20.02.2014
“Alim” adlı bəndən var, İlahi!
Onu yaxşı
tanıyırsan.
Səni
çox sevir,
Səninlə nəfəs alır,bilirsən.
Amma muğam oxuyanda,
səsi zilə qalxanda,
səninlə bizim aramızdakı
nəhəng, qalın
pərdə tərpənir.
H
ərdən qorxuram ki,
o pərdə aralana-
dünyanın sehri itib-gedə,
yaşamaq zülm
ola...
İlahi,
rəhm sal onun ürəyinə,
qoy daha oxumasın.
22.02.2014
Uralda-əsgərlikdə olaydım.
Bir gün evdən, içi kəndlə dolu,
kök
bir məktub alaydım.
Kövrələydim, mənsiz keçən
Aqilin toyuna.
O gecə yuxu görəydim yenə.
Görəydim ki,
Aqilin toyunda oynayıram
əsgər paltarında.
03.02.2014
Kənddəki evimizdəyəm...
Həmin
köhnə həyət,
kirəmitli ev...
Bir vaxtlar anamın çörək bişirdiyi,
şirəsi tökülmüş
ocaq...
Çəpərin dibində pas atan
sacayaq...
Sütuna
vurulmuş
üçhaçalı maral buynuzu-
babamdan qalan son yadigar.
Dalanın böyründən boylanan,
anamın böyük
sacı...
Kauçuk qablar arasında
sıxılan mis qazan...
Samana həsrət samanlıqda
atılıb qalmış
əlcəksiz dəryaz.
Bir də, həyəti dolaşan
ata-anamın nigaran ruhu...
Bir də...doqqazın ağzındakı mağazadan
qayıdan qardaşımın
səsi:
“Təzə çörəklə
sosiska almışam,
yol gəlmisən, gəl, bir tikə
çörək ye”...
Sonra... sonra da qonşu
oğlanın
əl telefonundan gələn meyxana səsi...
16.09. 2013
Qorxmaz Şıxalıoğlu
525-ci qəzet.- 2014.- 29 mart.- S.30.