Tapılmayan dərman
(Əvvəli 20 mart
sayımızda)
Çöl qapının cırıltısı otağa çəkən sükutu pozdu. Gözümün quyruğu ilə o tərəfə baxdım. Üçüncü sinifdə oxuyan böyük oğlum Tamerlan idi. O, həmişə belə məqamlarda evdə duruş gətirə bilmirdi. Anasının hədəqədən çıxmış gözlərinə görünməmək üçün sivişib əkilirdi. Ara sakitləşəndən sonra evə qayıdırdı. Əlacı olsaydı, ömürlük qayıtmazdı. Çünki gələn kimi anası onu sorğu-suala tuturdu. Dəftərində “üç” qiymət görən kimi gözünü yumub ağzını açırdı:
– Harada sülənirdin, əəə! Daha bəsdi! Küçələrdən yığış! Az ona-buna qoşul. Səni doğduğum yerdə qarnım yırtıleydi! Daş-qaya yağaydı səni dünyaya gətirdiyim günə. Mənə övlad yox e, dərd-bəla oldun. Yığmısan məni boğaza!..
Tamerlan anasının bu kinayəli sözlərindən, hərzə-hədyan danışıqlarından bəzən zinhara gəlib, xalasıgilə gedir, çox vaxt da orda qalırdı. Bəhanəsi də o olurdu ki, sinif yoldaşı, həm də xalası qızı Xuramanla bir yerdə dərs öyrənirlər. Xalası da Tamerlana qəhmər durub onun dediyini təsdiq edirdi:
– Belə, Tamerlana xalası qurban, – deyirdi. – Yəni
bir gecə bizdə qalsa, qiyamət qopar? Ya sizin ev, ya da
bizim ev, nə fərqi var?
Xalası
yaşca Dilarədən böyük olduğu üçun ona
təpinirdi də:
– Azz, eeey!.. Noolsun bacımsan! Gözünü
aç, adamını tanı. Ortalığa
ayrı-seçkilik salma. Tamerlanla işin
olmasın. Qoy uşaqlar bir yerdə dərs
oxusunlar. Xuraman onsuz darıxır. Dərsinə yaxşı hazırlaşa bilmir.
Fikirləşdim ki, Tamerlan yenə də xalasıgilə
getdi. Telefon zəng çaldı. Kar
könlündəkini anlayan kimi mən də
düşündüm ki, yəqin Sadıq kişidir. Naftalandan xoş xəbər verəcək.
Ancaq qulağıma qəzəbli bir səs gəldi:
– Sizinlə
danışan milis kapitanı Musa Cabbarzadədir! Yetkinlik yaşına çatmayanlar üzrə
şöbənin rəisi.
Telefonda udquna-udquna qaldım. Nitqim qurudu. Öz-özümə “milis idarəsi hara, mən
hara” fikirləşdim. Dilim dolaşa-dolaşa:
– Eşidirəm
sizi,-dedim, yoldaş Cabbarzadə!
Milis
kapitanı rəsmi qaydada və bir qədər də qəzəbli:
– Şənlik
prospektindəki çoxmərtəbəli binanın iyirmi
yeddinci mənzilində yaşayan Tamerlan Quliyev sizin
oğlunuzdur?!
– Bəli.- dedim.
– Vot tebe na!-deyib əlavə etdi. – Xahiş edirəm
milis şöbəsinə gələsiniz!
–
Haçan?
– Necə
yəni haçan, elə bu dəqiqə!
Ağlıma yüz cür şey gəldi. Əhvalım
pozuldu. Naftalan söz-söhbətini
unutdum. İndi durduğum yerdə milis idarəsinə
çağırıldığım barədə
düşünürdüm. Məni nələr
gözlədiyini özüm də bilmirdim. Lap qızdırmalı anlarda keçirdiyim hisslərə
qapıldım.
Milis kapitanı Musa Cabbarzadənin kabinetinə daxil oldum. Tamerlan ahıl bir kişi ilə qabaq-qənşər əyləşmişdi.
Milis kapitanı kabinet boyu var-gəl edə-edə
onları sorğu-suala tutmuşdu. Kapitan oturmaq
üçün mənə rəsmi qaydada yer göstərdi:
– Buyurun, əyləşin,
yoldaş Quliyev,-dedi.-Uşağı... uşağı belə
tərbiyə edərlər? Siz
övladınızı lap başlı-başına
buraxmısınız. İctimai yerdə
özünü apara bilmir! Özündən
böyüyün yolunu saxlamır! Xuliqanlıq edir! Belə
yaramaz! Heç yaramaz! İndi biz tədbirini
görərik, baxarsınız. Sizin də iş yerinizə
yazarıq...
Tamerlan məni görcək kövrəldi. Onu qəhər
boğdu. Özünü saxlaya bilmədi.
Hönkürə-hönkürə:
– Mən...
mən.. – dedi. – Dükanın
qabağından... qabağından o... o... təsərrüfat
malları dükanı var ee... onun yanından keçirdim! Hə,
keçirdim!
Qəhər Tamerlanı boğduğundan, bir də ki,
milis kapitanının zəhmindən və atasının
qarşısındakı xəcalətdən o, tutula-tutula
danışırdı. Kəlmələr boğazından
güclə, qırıq-qırıq çıxırdı.
Əlinin arxası ilə gözünün yaşını
silə-silə:
– Hə,
keçirdim, – dedi. – Keçirdim... Gördüm ki, növbədə
çoxlu adam dayanıb. Soo... Soruşdum
ki, nə satırlar?- Barmağını
qarşındakı kişiyə uzatdı. – O əmi... o əmi,
dedi ki, dedi ki... o əmi dedi
ki, Naftalan satırlar. Mən də sevindim.
Hə, sevindim ki, bu gün atam o Naftalanı səhərdən-axşamacan axtarıb, tapmayıb, hə, tapmayıb!!! Anam
da onun üstündə atamla... atamla dalaşdı. Hirsindən qablarımızı vurub qırdı.
Elə... elə yaxşı oldu ki, bu dükanda
Naftalana rast gəldim. Bax... bax, bu əminin sözünə inanıb
növbəyə dayandım! Hə... hə,
növbəyə dayandım. Növbə...
növbə mənə çatanda satıcı xala
soruşdu ki, sənə nə qədər lazımdır?!
Dedim düz iki şüşə. Elə ikicə
şüşə olsa... Satıcı xala mənə
güldü. Hə, bərkdən
güldü, dişlərini ağartdı. Növbədə
dayananların hamısı mənə baxıb şaqqanaq çəkdilər. Satıcı o ki var gülüb qurtardıqdan sonra
soruşdu ki, oğul, sənə nə lazımdır?
Dedim ki, Naftalan lazımdır. Naftalan almaq istəyirəm.
Atamın dayısının beli
ağrıyır. Pulum da var. Əlimi cibimə
salıb iki üçlük göstərdim. Göstərdim ki, dükançı xala inansın.
Bilsin ki, balaca olsam da, pulum var. Naftalan almağa
çatar. Dedim ki, atamın dayısının beli
ağrıyır. Radi... radikulitdi. Hə, bel ağrısı. Gecə
səhərəcən inildəyir, beli ağrıyır.
Həkim deyib. Mən də
ona Naftalan almaq istəyirəm. Atam bir
gün... hə, düz bir gün axtarıb tapmayıb. Sevindim ki, mən tapmışam. Evə
qayıdanda anam da sevinəcək. Hirsi
soyuyacaq. Deyəcək ki... deyəcək ki, ay bərəkallah,
mənim fərasətli balam!..
Tamerlan əli
ilə gözünün yaşını silə-silə
ahıl kişini göstərdi və bir qədər sərbəst
danışdı:
– O əmi
məni aldatdı. Əmi mənə yalan
satdı. Dükançı dedi ki... dedi ki, biz Naftalan
yox, naftalin satırıq. Məktəbdə necə
dərs almısan ki, Naftalanla naftalini bir-birindən ayırd edə
bilmirsən? Dedi ki, günah saa dərs verən müəllimdədir.
Naftalan apteklərdə olur. Bura
dükandır. Nə qədər deyirsən,
naftalin verim. Dükançı xala dedi ki, güvənin
qənimidir. Qoymaz palazı, kilimi, gəbəni,
papanın dublyonkasını, mamanın yun paltosunu güvə
kəssin. Mən yenə də
dükançıdan Naftalan istədim. Hamı
güldü. Bu dəfə lap bərkdən
güldülər. Məni lağa qoydular.
Utandım, utandığımdan bilmədim ki,
başımı hara soxum, hamısını o əmi elədi.
Günah o əmidədi, məni aldatdı.
Dedi Naftalan satılır. Mən də hirslənib
bax, bu əminin böyrünə bir dürtmə
ilişdirdim. Dedim, yalançı!!!
Əmilər adamı aldatmaz! O da mənə bir-iki şapalaq
vurdu. Şapalağın biri elə
şappıldadı ki, üzüm göynədi. Milislər
də... milislər də bizi tutub bura gətirdi...
Yaşlı
kişi nə demək istəyirdisə,
tez-tez ayağa qalxıb otururdu. Milis kapitanı
ona əli ilə işarə etdi ki, qoy uşaq
danışıb qurtarsın sonra. Nə
sözün, var deyərsən.
Tamerlan fikrini yarımçıq-yarımçıq
deyib susdu. Xəcalətdən başını
aşağı dikdi. Yaşlı kişi
milis kapitanına tərəf irəliləyib
ağzını açdı. Barmağını sağ və
sol cənginə keçirib gücü gəldikcə
dartdı. Alt və üst tərəfdə
qalan iki kötük dişini əvvəlcə milis
kapitanına, sonra mənə göstərdi.
Yaşlı kişi yalvarıcı tərzdə,
çəkinə-çəkinə:
– Vallah,
billah, mən Naftalan demirdim. Uşaq məndən
soruşdu ki, nə satırlar? Mən də dedim naftalin
satırlar. Ağzımda dişim... Ağzımda
dişim olmadığı üçün sözü
düz deyə bilmədim. Mən çörəyi də
isladıb yeyirəm. Diş sarıdan əziyyət çəkirəm.
Dünyanın gözəl nemətlərinə həsrət
qalmışam. Vur-tut dördcə kötük
qalıb, ikisi yuxarıda, ikisi də aşağıda. O
da kar kəsmir. Danışanda dilim topuq vurur.
Uşağı da qınamıram. Naftalini Naftalan başa düşüb. Axı mən nə bilim ki, ona Naftalan lazımdır.
Bu sinnimdə yalan danışaram?! Ayağımın biri burdadı, biri gorda. Dağdan aşmış gün kimiyəm. Bu gündən səhərə ümidim yoxdu.
O bir cüt oğlumun qara xəbəri gəlsin, qəsdən deməmişəm!
Mən o uşağı aldatmamışam! Bu bir yana dursun, bəs bir qarış boyu ola-ola
heç ona yaraşar ki, mənə əl qaldırsın?! Məni söysün?! Hərcayı
danışdığı üçün hövsələdən
çıxdım. Əlimin ucuynan ikicə şapalaq vurdum. O da
yüngülvari. Sonra peşman oldum.
Öz-özümə dedim ki, nahaq yerə
ağzından süd iyi gələn uşağa baş
qoşdum. Uşağa baş qoşanın elə özü də
uşaqdır.Yaşlı kişi kapitana tərəf
döndü:
– Nəçənnik,
mən ki, bu sinnimdə o tifilə baş qoşmuşam, elə
məni nə tənbeh eləsən haqqın var.
Yaşlı
kişi qonşu otağa dəvət
olundu. Onunla ayrıca sorğu-sual
başlandı. Milis kapitanı stolunun
arxasına keçib əlini alnına qoydu. Sonra
başını qaldırıb ciddi görkəm aldı və
soruşdu:
–
Oğlunuz evdə, məktəbdə, qonum-qonşu arasında
özünü necə aparır?
–
Narazılığım yoxdur, yoldaş kapitan! –dedim.
– Kimlərlə
oturub-durur? Bir valideyn kimi
maraqlanırsınızmı?
– Heç
kimnən, yoldaş kapitan! Hərdənbir
xalasıgildə qalır. Bir sinifdə
oxuduğu xalası qızı ilə dərsə
hazırlaşır. Vicdan haqqı, bu təsadüfi
haldır. Birinci dəfədir ki, oğlum
belə qanacaqsızlıq edib.
Tamerlan
yerindən qımıldanaraq:
– Mən
qanacaqsızlıq eləməmişəm, nəçənnik,-dedi,
– Naftalan alırdım.
Milis kapitanı güldü. Başımı
aşağı dikdim. Öz-özümə:
“Zəhrimara qalsın bu Naftalanı, – fikirləşdim. Dayım da xəstələnməyə
vaxt tapdı. Gərək elə beli
ağrıyaydı? Ayrı bir xəstəlik
tapsaydı, dərmana nə gəlib...”
Milis kapitanı
Tamerlanın qarşısına ağ
kağız qoyub, əlinə qələm verdi:
– Yaz! –
dedi. – Yaz ki, mən Quliyev Tamerlan Mədət oğlu həmin
iltizamı verirəm rayon daxili işlər şöbəsinə,
ondan ötrü ki, bir daha bu cür qələt etməyəcəyəm.
– Kapitan gülərək sözünə düzəliş verdi, – Qələt sözu yazma, yaz ki, bir daha
bu cür hərəkət etməyəcəyəm...
Tamerlan
başını qaldırıb məzlum-məzlum milis
kapitanının üzünə baxdı:
– Nəçənnik
əmi, – dedi, – innən sonra Naftalan da axtarmayım?! Axı
atam tapa bilmir! Bu gün səhərdən
axşamacan gəzib.
Gülüşdük. Milis kapitanı
qaşqabağını salladı və yenə də
Tamerlana rəsmi qaydada:
– Yaz!
–dedi. –Boş-boş danışma. Altından imza et.
Milis
kapitanı iltizamın altından mənə də imza
etdirdi...
Milis idarəsindən çıxıb bir xeyli getdik. Hər ikimiz
susmuşduq. Nə Tamerlan məndən bir
söz soruşurdu, nə də ki mən Tamerlandan. İncikli kimi bir-birimizlə
danışmırdıq. Tamerlan qolumdan
yapışıb altdan yuxarı mənə baxaraq soruşdu:
– Ata, ikimiz də iltizam verdik ki, daha Naftalan lazım deyil? İnnən sonra Naftalan axtarmağa ixtiyarımız yoxdur?! Axı dayının beli ağrıyır! Onda anam yenə dalaşacaq, hirslənəcək!
Tamerlan bunu deyib məndən cavab gözləyirdi. Onun sözünə məhəl qoymadım. Tamerlan nəmli gözlərini məndən çəkmirdi. Yola yox, qırımımı bilmək üçün üzümə baxdığına görə ayağı ilişdi. Az qala təpəsi üstə yıxılacaqdı. Tez qolundan yapışdım. Tamerlan pərt oldu. O, daha dillənmirdi. Ancaq yola baxırdı. Görünür, sadəlövh uşaqlıq aləminə dalıb dayımın qarasına daxilən deyinirdi: “Atamın dayısı da özünə xəstəlik tapdı?! Özü də necə xəstəlik?! Heç yerdə dərmanı yoxdur. Bir şüşə Naftalan qəhət olub. Ağıllı adam gərək elə dərdə düçar olsun ki, dərmanı da tapılsın. Atamın dayısı yaxşı-yaxşı fikirləşməyib. Yəqin tələsib. Nə olsun yaşlıdı?! Müəllimimiz bir dəfə deyirdi ki, ağıl yaşda yox, başdadır. Atamın dayısının beli yox, dişi ağrısaydı, indi çoxdan çarə tapılmışdı. Həkim onun ağrıyan dişini kəlbətinlə kökündən çıxardıb atardı. Qolu çıxsaydı, sınıqçının yanına aparardıq. Bir göz qırpımında sümüklərini yerbəyer edib, bərk-bərk sarıyardı. Bununla da iş qurtarıb gedərdi. Bir aydan sonra qolu sappa-sağ olardı. Kəndə gedib əlinə dəhrə-balta alardı, odun da doğrayardı. Bel götürüb bağ-bağçamızı da suvarardı. Hələ desən, tez-tez bostanımızın çəpərini basıb kələm, pomidorumuzu yeyən sırtıq danamıza bir dəyənək də ilişdirərdi. Lap başı da yarılsaydı, çarə tapılardı. Həkimlər dərman vurub qanını kəsərdilər. Sonra da pambıq qoyub, ağappaq cuna ilə sarıyardılar. Boğaz ağrısının da çarəsi var. Qrip də tutsaydı, bir belə əziyyəti çəkməzdik. Üç-dörd gün asqırardı. Asqıra-asqıra da sağalardı. Qoy burnundan da nə qədər istəyir su gəlsin, qrip sağalan kimi burnunun suyu axmazdı. Atamın dayısı bir belə xəstəlikləri qoyub gedib özünə bel ağrısı tapıb. Onun dərmanı harda var?! Heç yerdə. Atam lap təngə gəlib! Bir şüşə Naftalandan ötrü gəzmədiyi yer qalmayıb. Axırda da evimizə qalmaqal düşdü. Anam hirsindən qab-qacağımızı vurub qırdı. Atam hirsləndi. İndi də evə getmək istəmir. Mən çoxlu adam görmüşəm ki, qıçının biri yoxdur, amma qoltuğuna ağacdan dayaq vurub hoppana-hoppana elə yeriyir ki, çatmaq olmur. Yoxsa bel ağrısı?! Qoymur atamın dayısı yerindən tərpənsin. O tərəf-bu tərəfə dönəndə sızıldayıb ufuldayır. Adamın yazığı gəlir. Buna biz ki günahkar deyilik. Öz cəzasıdır, qoy çəksin. Ona kim deyirdi ki, bel ağrısı tapsın. Başına xəstəlik qəhət idi?! Gərək hər adam öz dərdini çəksin. Amma atamın dayısı elə dərd tapıb ki...”
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 29 mart.- S.29.