Əsərləri
V cild
(1918 – aprel
1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov
Transliterasiya redaktorları:professor Şamil Vəliyev
elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
Azərbaycanda milli hərəkat ideya mənbələrinə görə Şərqin milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik cərəyanlarını özündə birləşdirir.
Müsəlman və türk elementləri ilə məskunlaşmış, nə mədəni, nə də dini baxımdan Rusiya ilə heç bir ortaq cəhəti olmayan və Rusiyanın yalnız silah gücünə işğal edilmiş Qafqaz Azərbaycanı mənən heç zaman rus dövlətçiliyi ilə barışmayıb, çünki o dövlətçiliyin ənənələri, məlum olduğu kimi, müsəlman və türk aləminə ədavət üzərində qurulmuş, bunun da nəticəsində panislamizm və pantürkizm ideyaları bu aləmdə həmişə canlı maraq doğurmuşdur.
Zaman keçdikcə, cəmiyyət qüvvələri inkişaf etdikcə, get-gedə əhalinin daha geniş dairələri ictimai hərəkata qoşulduqca müsəlman Şərqinin başqa yerlərinə nisbətən milli hərəkat Azərbaycanda daha tez Avropa xarakteri almışdır.
Tarixən Şərq ədəbiyyatına Füzuli (xristian erasının XV əsrinin sonlarında böyük türk şairi) kimi məşhur, parlaq ulduzlar vermiş Azərbaycan ədəbiyyatı artıq XIX əsrin əvvəllərində modernləşməyə başlayır. Böyük novator Mirzə Fətəli Axundzadə anlaşıqlı xalq dilində yazdığı ölməz əsərləri ilə Azərbaycan cəmiyyətinə yeni təkan verir. O, yeni formalı yaradıcılığında (Müsəlman dünyasında ilk dram əsərlərini o yazmışdır) XVIII əsrin liberal-maarifçi ideologiyasından qaynaqlanan tam yeni ideyalar təbliğ edir.
Mirzə Fətəlidən başlayaraq Azərbaycan ədəbiyyatı Qərb ideyalarına meyl etməyə və həyat hadisələrinə tənqidi yanaşmağa başlayır.
Mirzə Fətəlidən sonra liberalizm yönlü böyük şairlər, yazıçılar və dramaturqlar nəsli meydana gəlir və onlar öz qarşılarına xalqda Avropa anlayışlarına həvəs yaratmaq, onun daxilində ictimai özfəaliyyət hissi oyatmaq vəzifəsini qoyurlar.
1875-ci ildə Bakı şəhərində (Azərbaycan paytaxtı) Azərbaycan dilində ilk qəzet meydana gəlir; bu, Rusiyada nəşr olunan ilk türk-müsəlman qəzeti idi. Həsən bəy Zərdabinin bu “Əkinçi” qəzetində Mirzə Fətəlinin maarifçilik ideyaları mütəmadi qaydada müdafiə edilirdi. Mirzə Fətəli və onun davamçıları “Əkinçi”yə qədər bu ideyaları mücərrəd şəkildə, müəyyən siyasi tendensiya olmadan yaydıqları halda Azərbaycanın ilk publisistinin yazılarında bu ideyalar konkret siyasi məqsədə xidmət edirdi. “Azərbaycanlılar müasir sivilizasiyadan bəhrələnməli və Avropa mədəniyyəti ilə ünsiyyətdə olmalıdırlar, əks halda həmişəlik əsarət altında qalmağa məhkumdurlar...”
Mirzə Fətəlinin mücərrəd yazılarına səbrlə yanaşan çar hökuməti, ilk siyasi qəzetin istiqamətinə laqeyd qala bilməzdi. “Əkinçi” bağlandı. Onun redaktoruna Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti yaratmağa da icazə verilmədi.
1905-ci ilə qədər Azərbaycan ictimaiyyəti çar senzurasının tikanlı pəncəsində idi. Yalnız çar ordusu Mancuriyada məğlub olduqdan sonra baş vermiş birinci rus inqilabı sayəsində azərbaycanlıların ictimai həyatında yeni dövr başlanır. Gündəlik qəzetlər və müxtəlif dövri nəşrlər meydana gəlir. Ədəbiyyat, musiqi və səhnə rəngarəng formalarda inkişaf edir. Mətbəələr açılır; müxtəlif ictimai-maarifçi cəmiyyətlər, siyasi dərnəklər və partiyalar təşkil olunur. Möhkəm zəmin üstündə dayandığını hiss edən ictimai hərəkat açıq-aşkar milli xarakter alır, bütün imperiyada liberal-inqilabi hərəkatla həmahəng olaraq həm ümumsiyasi islahatların həyata keçirilməsinə, həm də Rusiya ərazisində yaşayan müsəlmanlar üçün xüsusi milli-mədəni hüquqlara nail olur.
Həm də o vaxt cəmiyyətdə iki əsas təmayül özünü göstərirdi. Köhnə zadəgan təbəqələrindən çıxmış, universitet təhsili almış nisbətən yaşlı nəsil Rusiya liberalları ilə bir sırada addımlayır, əksəriyyəti milli tərbiyə görmüş gənc nəsil isə Rusiya ictimaiyyətindəki radikal və inqilabi cərəyanlara rəğbət bəsləyirdi.
Məlum antimüsəlman siyasəti yeridən Rusiya imperiyasının zülmü altındakı türk xalqları siyasi cəhətdən bir istiqamətdə, həm də öz aralarında sıx ideya-təşkilat əlaqələri yaradaraq fəaliyyət göstərirdilər. Ümumrusiya müsəlman hərəkatına müəyyən dərəcədə Azərbaycan cəmiyyətinin nümayəndələri rəhbərlik edirdilər.
Rusiya müsəlmanlarının siyasi cəhdlərini formalaşdıran iki tarixi fakt Rusiya müsəlmanlarının siyasi həyatının inkişafında iki mühüm məqamı müəyyənləşdirir: bunlardan birincisi 1905-ci ildə çağırılmış Nijni Novqorod qurultayı, ikincisi isə 1917-ci il Moskva qurultayıdır.
Taktiki cəhətdən rus liberalizmi ilə əməkdaşlıq şüarı altında keçən Nijni Novqorod qurultayı siyasi baxımdan milli-mədəni və mülki-hüquqi xarakterli tələblərlə məhdudlaşırdı. Moskva qurultayı isə Rusiyanın muxtar milli-ərazi vahidlərinə bölünməsi tələb olunan qətnamə qəbul etmişdi. Həm birinci, həm də ikinci qurultayda siyasi formulirovkaları Azərbaycan nümayəndələri (birincisində – ilk Dövlət Duması Müsəlman Fraksiyasının sədri Ə.M.Topçubaşı, ikincisində – Azərbaycan milli-demokrat “Müsavat” partiyasının sədri M.Ə.Rəsulzadə) irəli sürmüşdülər.
Nijni Novqorod qurultayı keçirilən zaman təkcə qurultayın özündə deyil, həm də yerlərdə, yəni Azərbaycanda əksəriyyət liberalların tərəfində idi; Moskva qurultayında isə liberallar heç yada düşmürdü, əvəzində “rus inqilabi demokratiyası” deyilən koalisiyanın tərəfdarları var idi; lakin onlar demokratik Rusiyanın unitar quruluşuna dair tələbləri ilə azlıqda qaldılar. Əksəriyyət imperiya hüdudlarında yaşayan bütün millətlərin milli-ərazi baxımdan ayrılmasını tələb edən inqilabi millətçilərin arxasınca getdi.
Nijni Novqorod qurultayında həlledici rol oynamış Azərbaycan inqilabi milliyyətçiliyini Moskva qurultayında “Müsavat” partiyası təmsil edirdi; bu partiya hələ Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurultayında (1917-ci ilin aprelində) öz proqramını açıqlayaraq tələb etmişdi ki, təkcə Azərbaycanın deyil, Rusiyanın hakimiyyəti altında olan digər türk millətlərinin də öz dövlətləri formalaşmalıdır.
“Müsavat” partiyasının xadimləri yaşlı nəsildən fərqli olaraq Azərbaycanın ilk rus inqilabı dövründə Rusiya ictimai fikrinin inqilabçı qanadına rəğbət bəsləyən gənc nəslinin nümayəndələrindən ibarət idi. Çarizmlə mübarizədə onlar inqilabi sosializmə, tam sadiq olmasa da, ən münasib müttəfiq kimi baxırdılar.
Ölkələrini kölə vəziyyətinə saldığına görə Rusiyaya nifrət bəslədikləri üçün bu gənclər dərin təxribati fəaliyyətlə məşğul olan ifratçı partiyaların taktikasını daha asanlıqla qəbul edirdilər.
İslamçılığın və türkçülüyün ideya ənənələrinin modernləşdirilmiş anlayışlarını özündə saxlamış milli ideologiyanın, xalqçı-sosialist yönlü sosial proqramın, bir də Azərbaycanın və bütün Qafqazın Rusiyadan ayrılmasına cəhd mənasında inqilabçı taktikanın birləşməsi kimi fəaliyyət göstərən müsavatçılıq qısa müddətdə Azərbaycan xalq kütlələrinin içində böyük populyarlıq qazanmışdı. Rusiya Müəssislər Məclisinə, Zaqafqaziya Seyminə, Azərbaycan Parlamentinə və hətta Bakı Fəhlə Deputatları Sovetinə seçki zamanı “Müsavat” partiyası və onunla blok yaradan qruplar həmişə böyük əksəriyyət təşkil edirdi. Bu andan etibarən, “müsavatçılıq” Azərbaycan milliyyətçiliyinin sinoniminə çevrilir.
Dirçəlmiş milli ədəbiyyatın yaydığı, müxtəlif yönlü ictimai-siyasi təşkilatların və cərəyanların müdafiə etdiyi, nəhayət, “Müsavat” partiyasının proqramında konkret siyasi formulirovka almış Azərbaycanın millətçilik-dövlətçilik baxımından öz müqəddəratını təyin etməsi ideyası, ümumxalq tələbinə çevrilərək gerçəkləşmiş oldu. Azərbaycan Milli Şurası ümumxalq iradəsinə uyğun olaraq 1918-ci il Mayın 28-də Azərbaycanı müstəqil demokratik respublika elan etdi...
Varşava,
1933
“Voprosı
istorii” jurnalı, Moskva, 2002, ¹2
“Elm” nəşriyyatı,
2009, səh.23-27
M.Ə.Rəsulzadənin
Tiflisdə Zaqafqaziya Seymindəki çıxışları
4-cü iclas 16 fevral 1918
Seym
üzvü olan vətəndaşlar! Mən
xüsusi olaraq ona görə söz aldım ki, burada
Daşnaksütyun partiyasının ünvanına deyilmiş
məzəmmətli sözlərə münasibətimi
bildirim. Rusiya imperializminin, Xalq
azadlığı partiyasının nümayəndələri
hələ də yerli xalqlara təklif edirlər ki, öz
şəxsi talelərini beynəlxalq siyasi intriqa vasitəsilə
həll etsinlər (səs-küylü alqışlar). Zavallı Şərq xalqları bu siyasətin
bütün dəhşətlərini və nəticələrini
yaşamışlar. Onlar çox bəlalara
düçar olublar, indi isə üzlərini xalqları
oyuncağa çevirən, kiçik xalqlar haqqında
yalnız öz qərəzli niyyətlərinə lazım
olanda düşünən Londona, Parisə, Berlinə və
digər kapital mərkəzlərinə deyil,
qonşularına, demokratiyaya çevirirlər
(alqışlar). Qanlı müharibənin
başlanğıcında bu və ya başqa partiyalar belə
bir səhvə yol verdilər ki, dünya müharibəsinin bu
kapital intriqalarının nəticəsi olduğunu nəzərə
almadılar və beynəlxalq avantüraya cəlb edildilər,
xalq ruhunun ayıldığı indiki məqamda isə Xalq
azadlığı partiyası istəyir, bu xalqlar daha
böyük çaşqınlıqda qalsınlar. Burada, əsasən, Xalq azadlığı
partiyasının nümayəndəsi danışdı və
Daşnaksütyun partiyasına hücum edərək bildirdi
ki, bu partiyanın təmsilçisi bir neçə saatdır
öz mövqeyinə xəyanət edir. Amma
mən belə fikirləşirəm ki, onu qəzəbləndirən
Daşnaksütyun partiyası nümayəndəsinin bir
neçə saat ərzində öz əqidəsinə
dönük çıxması deyil. Bu qəzəbin əsas
səbəbi ondan irəli gəlir ki, onların mövqeyi
şərait başqalaşdığına, Zaqafqaziya
xalqlarının mənafeyi düzgün
anlaşıldığına görə saat 3-lə saat 10
arasında deyil, 1914-cü illə 1918-ci il
arasında, Zaqafqaziya Seyminin açılışı
zamanı dəyişib. Məsələ bax
bundadır. Xalqların öz müqəddəratlarını
təyin etmək arzusunda olduqları, Zaqafqaziya
xalqlarının öz həqiqi mənafelərini
dostcasına dinc yanaşı yaşamaqda, demokratiyanın
gücünə daha çox inanmaqda gördükləri,
çiyin-çiyinə yaşamağın tarixi zərurətə
çevrildiyi, öz talelərini onlarla ittifaqda həll etmək
istədikləri indiki məqamda Xalq azadlığı
partiyasının nümayəndələri bizi məcbur edib
deyirlər – “İngiltərə kapitalının, Fransa
kapitalının nümayəndələrini, köləlik
siyasəti olan Avropa siyasətinin
intriqaçılarını özünüzlə
götürüb sülh danışıqlarına gedin”; yox,
biz onlarla birlikdə sülh danışıqları
aparmağa getməyəcəyik, çünki əvvəlcədən
bilirik ki, onlar oraya sülh danışıqarında bizə
kömək etməyə deyil, başlıca olaraq mane
olmağa gedəcəklər (alqışlar).
Mənim təmsil etdiyim partiya xalqların öz müqəddəratlarını
tam təyin etməsi prinsipinə söykənir, milli-məhəlli
federasiya tərəfdarıdır. Bu prinsip əsasında
tələb edirik ki, bizə tam özünüidarə səlahiyyəti
verilsin. Tələb edirik ki, bir xalq kimi biz
özümüz özümüzü təmsil edək.
Biz taleyimizi öz arzumuza uyğun, əlbəttə,
“Özün də yaşa, başqalarına da yaşamaq
imkanı ver” prinsipi əsasında qurmalıyıq. Bu prinsipi biz bütün xalqlara və Türkiyədəki
ermənilərə də şamil edirik (alqışlar).
Biz özümüzə tələb etdiyimizi
başqaları üçün də tələb edəcəyik
və başqaları da özlərinə tələb etdiklərini
bizim üçün də tələb edəcəklər; o
zaman biz ümumi demokratik dil tapmış olacağıq. Bax bu ümumi
demokratik dil, bax həqiqi maraqlarımızın bu
anlaşması sülhə nail olmaq üçün bizə
yetərincə təminat verəcək. Biz öz
gücümüzə inanmamaqda davam etsək,
üzümüzü harayasa çevirsək, haradansa kömək
gözləsək, heç vaxt bu köməyi görməyəcəyik,
çünki tarixdə elə hallar olub: baxışlar
uzaqlara tuşlanıb, uzaqlardan kömək tələb olunub
və gözlənilib, oradan isə
tanıdığınız bu bədbəxt xalqa, əzabkeş
erməni xalqına həmin Londondan nə cavab göndərsələr
yaxşıdır? Deyiblər ki, İngiltərə
gəmiləri Ararata qalxa bilməz. Bax indi
də erməni xalqına eyni şey təklif edilir (səs-küylü
alqışlar).
Yox,
bütün Rusiya demokratiyası kimi, Rusiyanın bütün
xalqları kimi erməni demokratiyası da ağır günlər
keçirib, rus sentralizminin, rus imperializminin, ümumiyyətlə
hər cür sentralizmə və imperializmə xas olan həqiqi
mənasına, həqiqi fizionomiyasına yetərincə bələddir
və buna görə də o öz taleyini Milyukovun
bağlamış olduğu müqəddəs müqavilələrə,
siz həmişə bu müqəddəsliyi qorumağı bizə
təklif edirsiniz, əsasən
qurmayacaq. Yox, biz bu müqavilələrə
müqəddəs bir şey kimi baxa bilmərik, çünki
bu müqəddəslik bizə çox baha başa gəlib.
Biz əsl demokratik maraqlara, əsl demokratik
azadlığa zidd olmayan müqavilələrdən müqəddəscəsinə
yapışacağıq. Budur xalqların
həmrəyliyi, budur bir-birinin hüquqlarına
qarşılıqlı hörmət (bütün skamyalardan səs-küylü
alqışlar).
7-ci iclas.
19 fevral 1918
Burada cəbhə
nümayəndələrinin və eser partiyası təmsilçilərinin
Məclisə buraxılmasını dəstəkləyən
fraksiyanın nümayəndələri var. Bu məsələnin
formal tərəfi bizim üçün, yəni bir qrup bitərəflə
birlikdə Müsavat partiyası üçün onun məğzi
qədər önəmli deyil. Məsələnin
məğzini araşdırmazdan öncə formal cəhətə
toxunmağı lazım bilirəm. Məndən
əvvəlki natiq Məclisi-Müəssisan üzvlərinin
yığıncağını bizim mövcudluğumuzun
başlanğıc yığıncağı kimi dəyərləndirdi.
O deyir ki, bu yığıncaq Seymi toplamaq qərarı verib. Deyir ki, o yığıncaqda cəbhə nümayəndələri
iştirak ediblər və bu məsələ həm formal, həm
də hüquqi cəhətdən həll olunur. Mən bu məsələni qəti şəkildə
həll etməyə hazırlaşmıram, amma fikirləşirəm
ki, məntiqin qəbul və tələb etdiyi şeyi
hüquq da tələb etməlidir. Məntiqi
nöqteyi-nəzərdən yanaşdıqda həmin
yığıncaqda, əsasən, cəbhə nümayəndələrinin
olması və partiyalardan olan nümayəndələrin
çox hissəsinin orada iştirak etməməsi təsadüfi
xarakter daşıyır və bu səbəbdən indi
Zaqafqaziya Seymi yaratmaq istəyənlər mexaniki çoxluq əldə
ediblər. Siz anlasanız ki, əsası təbii
yolla qoyulmayan rüşeym inkişaf edə bilməz, onda biləcəksiniz
ki, sizin hüquq öz-özünə sıradan çıxacaq,
ayaqları altından yer qaçan adamların vəziyyətinə
düşəcəksiniz. Zaqafqaziyada taun ola
biləcəyi haqqında burada çox danışdılar,
Polşadan, cəbhədən bəhs etdilər, Fransada səs
vermiş əsgərlərdən söz açdılar. Bu faktların hamısı ilə hesablaşmaq
lazımdır. Bu faktlarla onların Rusiya Məclisi-Müəssisanına
aid olduğu qədər hesablaşmaq lazımdır. Lakin söhbət Zaqafqaziyadan, hakimiyyət
yaradılmasından, Qanunverici orqan kimi yerli məsələləri
həll etməli olan Zaqafqaziya Məclisi-Müəssisanından
gedirsə, bu cür nümunələr gətirmək məntiqsizlikdir.
Burada bir məsələdən də
danışdılar. Dedilər ki, cəbhə düz
üç il Zaqafqaziyanı qoruyub, indi
onları Zaqafqaziya Seymində iştirak hüququndan məhrum
etmək ədalətsizlikdir. Dedilər ki,
Zaqafqaziyanın müdafiəçilərinə biz Zaqafqaziya
Seymində iştirak hüququ verməliyik. Bəli, vətəni qoruyanların,
başqalarını müdafiə edərkən öz
qanlarını axıtmış insanların xidməti
böyükdür, amma bu hələ o demək deyil ki, həmin
xidmətlərinin əvəzinə biz onlara hüquqi anlamda hədiyyə
verməliyik. Mən bilirəm ki, bizim əlil
cəbhə müdafiəçilərimiz var – buna görə
onlar xüsusi imtiyazlara malikdirər. Ailələrini
təmin etmək üçün onlara iqtisadi imtiyazlar verilir.
Vətəni müdafiə etmiş şəxslərə
belə imtiyazı verməmək də olar, lakin bu insanlara
imtiyaz vermək onlara nəsə bağışlamaq
hüququdur – bu hüquq isə heç kimə verilməyib.
Bu cür imtiyazları vətəni həqiqətən
müdafiə edənlərə vermək lazımdır,
çünki biri vətəni müdafiə edibsə,
başqa biri etməyib. Heç kəs bu imtiyazları
bağışlamaq hüququna malik deyil, bu, təbii olaraq belədir,
lakin məsələyə hüquq nöqteyi-nəzərindən
yanaşsaq görəririk ki, bizə belə hüquq verilməyib
– bu, qeyri-demokratikdir. İşin məğzinə
gəlincə, biz bilməliyik ki, əslində mövcud
olmayan, üzvləri evlərinə çıxıb
getmiş cəbhəyə Seymdə iştirak hüququ
veririksə, onda biz seçiciləri olmayan üzvlərin
Seymdə təmsilçiliyinə yol verməliyik. Seçiciləri olmayan deputatları təsəvvür
edə bilərsinizmi? Bu, məntiqə
ziddir. Siz nəzərə
almalısınız ki, Qafqaz cəbhəsinin, Qafqaz ordusunun
Rusiyanın müxtəlif guşələrinə qayıdan
nümayəndələri orada öz mülki həyatlarını
qurmaqla məşğul olmalıdırlar. Deməli, bununla biz Qafqaz cəbhəsinə
xüsusi imtiyaz vermiş olarıq, yəni onların həm
burada, həm də Rusiyanın bütün başqa yerlərində
nümayəndəlikləri olacaq. Bunu nəzərə
almağın Zaqafqaziya üçün böyük əhəmiyyəti
var, çünki Seym Zaqafqaziyanın bütün cərəyanlarını,
bütün maraqlarını bərabər səviyyədə
əks etdirməlidir. Deyilənlə nəzərə
alınmasa, Seymdə qüvvələr nisbətini
kökündən dəyişdirə biləcək, bizi
yanlış yola yönəldə biləcək mexaniki
çoxluq yaranar və bunun nəticəsində
yaradacağımız təşkilat Zaqafqaziyanın
bütün niyyətlərinə və maraqlarına xidmət
etməyə qadir olmayacaq. Bu məsələ
sadə görkəmdə, hamının aydın görə
biləcəyi bir müstəvidədir, lakin eser
partiyasının nümayəndələri nədənsə
bunu partiya məsələsinə çevirmək istəyirlər.
Onlar elə bilirlər ki, cəbhə
haqqında danışanda eser partiyasının sol cinahı
barədə, inqilabi Rusiyanın sülh məsələlərini
həll edərkən böyük önəm verilməli olan
nümayəndələri haqqında danışırlar.
Sülh məsələsini onlar diyar məsələsi
deyil, ümumdövlət məsələsi hesab edirlər.
Ümumdövlət anlamında Zaqafqaziyada
sülh məsələləri, aydındır ki, Zaqafqaziya
miqyasında həll olunmalıdır və məhz buna görə
də Zaqafqaziya Seymində mexaniki nümayəndələrin olmaması
zəruridir. Bir faktı qeyd etməliyəm ki, eser
partiyasının nümayəndələri bu məsələdən
partiya məsələsi düzəltmək və “Müsavat”
partiyasının burjua partiyası olduğunu, onlar aqrar məsələni
bütün torpaqları təmənnasız olaraq əməkçi
xalqa verməklə həll etməyə
çalışdıqları halda, bizim pay torpaqların
maksimal normasını müəyyənləşdirmək
niyyətində olduğumuzu nəzərə
çarpdırmaq istəyirdilər. Eserlər
aqrar məsələni özlərinə əlverişli mənada,
yəni torpağı sosialistləşdirmək mənasında
həll etmək istəyirlər, amma mən
düşünürəm ki, daha çox başqa
partiyanın – sosial-demokratlar partiyasının arxasınca gedən
Zaqafqaziya demokratiyasının mənafeyi eser
partiyasının maraqları ilə üst-üstə
düşmür. Bu mexaniki
çoxluğun Zaqafqaziyanın zərərinə, yoxsa xeyirinə
xidmət edəcəyini sos.-dem partiyası yaxşı bilir.
Torpaqların sosialistləşdirilməsi
eksperimenti belədir. Torpaqların sosialistləşdirilməsi
eksperimentinin Zaqafqaziya demokratiyasının xeyirinə
olub-olmaması məsələsinə mən bunun eser
partiyasına aidiyyatı olduğu qədər toxunacağam.
Eser partiyası həmişə deyir ki,
onları bu zaldan, yəni Zaqafqaziya Seymindən çölə
atmaq istəyirlər. Yox, heç kimi Zaqafqaziya Seymindən
çölə atmaq istəmirlər, sadəcə, onu mahiyyət
etibarilə buradakı iclaslarda iştirak etmək hüququna
malik olmayan çoxluqdan təmizləmək istəyirlər,
mövcud olmayan və seçiciləri olmayan cəbhənin
nümayəndələrini buraya buraxmaq istəmirlər. Mən həm də Zaqafqaziyanın müstəqilliyi
məsələsinə toxunacağam. Eser
partiyasının nümayəndələri vurğuladılar
ki, sülh məsələsində onların burada
iştirakı zəruridir və bu məsələ
ümumrusiya miqyasımda həll edilməlidir. Onlar istəyirlər ki, sülh məsələsi
Rusiyanın müttəfiqləri ilə birgə həll
olunsun. Axı elə bir vəziyyət
yaranıb ki, biz özümüz heç olmazsa sülh məsələsində
Petroqradın qərarına tabe olmamaq fikrinə gəlirik.
Sülh müqaviləsini özümüz
müstəqil bağlamalıyıq. Biz bu
sülh müqaviləsini bağlamağa
özümüzün səlahiyyətli olduğumuzu elan
etmişik.
Bizim fikrimizin əleyhinə olaraq Zaqafqaziyanın taleyini
və maraqlarını həll etmək niyyətində olan kəslər
zorla bizim sıralarımıza soxulmaq istəyirlərsə,
onda belə mexaniki çoxluğun yaradılması təbii
qüvvələr nisbətinin zərərinə olacaq. O qüvvələrin ki,
yalnız onlar Zaqafqaziyanın taleyini həll etməli olan
xalqların həmrəyliyinin təminatçısı ola bilərlər.
Müsavat
partiyasının fraksiyası və bitərəflər qrupu
məsələni bu şəkildə nəzərdən
keçirərək bəyan etməyi lazım bilir ki, cəbhənin
təmsilçiliyi məsələsi, yəni Zaqafqaziya Seymində
mexaniki çoxluq yaradılmasına vasitəçilik edəcək
nümayəndələr məsələsi müsbət həllini
taparsa, bu, Zaqafqaziya Seymində işin düzgün gedişini
ləngidəcək və bizi vadar edəcək ki, Zaqafqaziya
Seymində sonrakı mövqeyimiz məsələsini nəzərdən
keçirək.
8-ci iclas.
20 fevral 1918
Ölkədə hakimiyyətin təşkili məsələsini ilk növbədə bizim Zaqafqaziya Seyminə münasibətimiz baxımından nəzərdən keçirmək lazımdır. Bu seym əsl qanuni orqan, yəni parlamentdir, yoxsa Məclisi-Müəssisan? Bizim fikrimizcə, Zaqafqaziya Seymi Məclisi-Müəssisandır və bir Məclisi-Müəssisan kimi o, ilk növbədə öz səlahiyyətini, hansı məsələləri həll etməyə ixtiyarı olduğunu müəyyənləşdirməlidir. Deməli, öncə Zaqafqaziya Seyminin səlahiyyətini müəyyənləşdirmək lazımdır, neçə ki səlahiyyət müəyyənləşdirilməyib, Zaqafqaziyada qəti qaydada təşkil edilməli olan hakimiyyət formasını qəti qaydada qurmağa imkan olmayacaq. Əlbəttə, Məclisi-Müəssisan əsas məsələlərin həlli ilə, Zaqafqaziya Konstitusiyasını, federasiyanı hazırlamaqla, ayrı-ayrı ərazi vahidlərinin funksiyalarını müəyyənləşdirməklə məşğul olduğu müddətdə də Zaqafqaziya idarə edilməlidir. Deməli, indi təşkil edilməli olan hakimiyyət müvəqqəti xarakterdə olacaq. Əsl hakimiyyət gələcəkdə yaradılıcaq. İndi bizim yaratdığımız hakimiyyət Müvəqqəti Hökumət xarakteri daşımalıdır. Müvəqqəti Hökumətin tərkibinə, məqsəd və vəzifələri məsələsinə toxunmuram. “Bu hökumət anarxiya ilə mübarizə aparmalıdır, yol çəkməli, ərzaq təminatı ilə məşğul olmalıdır” deməklə onun funksiyalarını müəyyənləşdirmək istəmirəm. Bunlar məlum məsələlərdir. Hakimiyyətin başlıca funksiyası anarxiyaya qarşı mübarizə aparmaqdır. Bu cür ümumi məsələləri xüsusi vurğulamağa ehtiyac yoxdur. Aydındır ki, hakimiyyət bir demokratiya orqanı kimi demokratiyanın xeyirinə işləyəcək. Bu barədə söhbət gedə bilməz. Bu hakimiyyəti, bu icra orqanını kim tərtib etməlidir? Haqqında söhbət gedəcək vəziyyətin biz mahiyyətini anlamalıyıq. Mərkəzi ölkə hakimiyyətininin əsasını federativ hakimiyyət təşkil edir, deməli, biz bütün Zaqafqaziya xalqları federasiyasının əsaslarının mahiyyətini nəzərə almalıyıq. Hakimiyət koalisiyalı olmalıdır və Zaqafqaziya xalqlarının hamısının federasiyasını və koordinasiyasını təmin edə biləcək bütün digər elementlər bu koalisiyaya daxil edilməlidir. Buna görə də Məclisi-Müəssisanımızın səlahiyyətlərini müəyyənləşdirəndən sonra biz əsas partiyaları birləşdirəcək ümumi dil, ümumi düstur əldə edəcəyik. Bu bizə hakimiyyəti və onun tərkibini təşkil etməyə imkan verən yolu göstərəcək. Bax bu mövqedə dayanmaqla biz menşeviklər partiyasından olan nümayəndələrin burada irəli sürdükləri bəzi müddəalara münasibət bildirməliyik. Sülh və 1914-cü ildəki sərhəd Zaqafqaziya Seyminin və Zaqafqaziya hakimiyyətinin ən əsas mövcudluq bazası olmalıdır. Şübhəsiz, demokratik sülhün və 1914-cü il sərhədinin düsturlaşdırılması bizim siyasətimizin təməl daşı olmalıdır. Bir məsələni də vurğulamağı lazım bilirəm ki, bu düstura demokratik sülhün həqiqi anlamı daxil edilməlidir. Eləcə də aqrar məsələ mümkün qədər tez həllini tapmalı, bütün torpaqlar dərhal əməkçi xalqa verilməlidir. Zənnimcə, bu məsələdə Seymdəki ən əsas partiyalar arasında fikir ayrılığı olmayacaq. Zaqafqaziya xalqları arasında federativ həmrəylik həyatı yarada biləcək bir hakimiyyət qurmaq istəyiriksə, ilk növbədə mövqeyimiz belə olmalıdır ki, bizim Seym, bir Məclisi-Müəssisan kimi, öz səlahiyyətini müəyyənləşdirsin. O, səlahiyyətini müəyyənləşdirəndən və Məclisi-Müəssisan tərəfindən tanındıqdan sonra bizim həmrəy işləmək, ölkə hakimiyyəti təşkil etmək imkanımız olacaq. Hələliksə koalisiyalı və müvəqqəti olmalıdır (Müsavat fraksiyasının skamyalarından alqışlar).
... Zaqafqaziya Seyminin üzvü olan vətəndaşlar. Bəyannaməmizdən məlumdur ki, biz Zaqafqaziya Seyminə Məclisi-Müəssisan kimi, Seymin təşkil etdiyi hökumətə isə müvəqqəti hökumət kimi baxırıq. Zaqafqaziya Məclisi-Müəssisanı və müvəqqəti hökumət Zaqafqaziya konstitusiyasının əsaslarını və demokratik təminatları elə hazırlamalıdır ki, Zaqafqaziya xalqlarının həmrəy mövcudluğu mümkün olsun. Biz bu mövqedə dayanaraq hökumətin bu yöndə atacağı addımları var gücümüzlə dəstəkləyəcəyik. Şübhəsiz, Zaqafqaziyanın gələcək quruluşunun əsas dayaqlarını işləyib hazırlamalı, qurmalı və qorumalı olan müvəqqəti hökumət və Zaqafqaziya Seymi ilk növbədə azad Zaqafqaziyanın bütövlüyünün keşiyində dayanmalıdır. Bu nöqteyi-nəzərdən Zaqafqaziyanın bütün xalqları, Zaqafqaziya Seyminə daxil olan bütün partiyalar, o cümlədən Müsavat partiyası, göstərilən məqsədlərə çatmaq üçün Hökumətin atacağı bütün addımları dəstəkləyəcək. Bu mənada Zaqafqaziya xalqları bir nəfər kimi Zaqafqaziyanın azad müstəqil dövlətçiliyini təhdid edən bütün təhlükələri dəf etməyə hazırdırlar. İndi azad Zaqafqaziyanı daha çox xarici təhlükə narahat edir, lakin Zaqafqaziyanın müstəqilliyinin itirilməsi təhlükəsi təkcə xaricdən gəlmir. Zaqafqaziya Seyminin məsul fraksiyalarının bəyannaməsində ifadə olunub ki, şimalda siyasi vəziyyət irticaya gətirib çıxardarsa, onda biz bu qara irticaya qarşı mübarizə aparmağa məcbur olacağıq. Bu da Zaqafqaziya üçün xarici təhlükədir. Buna görə də bütün Zaqafqaziya xalqları səslərini ucaldaraq və Zaqafqaziyanın müdafiəsinə qalxaraq öz daxili psixikalarını kökündən dəyişməlidirlər. Daxili psixikanın bu cür dəyişməsi öz ifadəsini bunda tapmalıdır ki, biz “xarici təhlükə” deyəndə həm cənubu, həm də şimalı nəzərdə tuturuq. Biz xarici təhlükəyə bu yöndən yanaşmasaq, Zaqafqaziyanı müstəqil, vahid, azad, bütöv dövlət kimi təsəvvür etməsək, bu vəziyyət müdafiəmizin obyektinə çevrilməsə, gözlərimizi naməlum nöqtəyə zilləyərək xarici təhlükəni şərti olaraq qəbul etsək, mən belə düşünürəm ki, onda Zaqafqaziyadakı xalqların birliyinə və həmrəyliyinə nail ola bilməyəcəyik. Hökumətin bəyannaməsinə bu nöqteyi-nəzərdən yanaşanda biz tam əmin oluruq ki, həm müvəqqəti hökumət, həm də Zaqafqaziya Seymi öz məsul partiyalarının şəxsində Zaqafqaziyanın müstəqilliyini hər cür xarici təhlükədən birlikdə qoruyacaqlar. Əlimizdə belə yekdil həmrəylik qərarı və müstəqil, azad, vahid Zaqafqaziya olduğu təqdirdə biz bütün Zaqafqaziya xalqlarının onun müdafiəsinə qalxacağına təminat verə bilərik. Biz düşünürük ki, inqilabın Zaqafqaziya xalqlarının sərbəst inkişafını, əhalimizin demokratik təbəqələrinin hüquqlarını təmin edən bütün nailiyyətlərini mövcud şəraitdə, azad Zaqafqaziyanın olduğu bir durumda qoruyb saxlamaq mümkündür. Bu bizim siyasətimizin alfası və omeqası olmalıdır. Hökumət bəyannaməsini bu baxımdan nəzərdən keçirərək və hökumətin məhz bu yolla gedəcəyinə, Zaqafqaziyanın demokratik hüquqlarının qorunmasını bu yolda görəcəyinə inanaraq biz təşkil edilən hökuməti qətiyyətlə dəstəkləyəcəyimizi bəyan edirik.
“Müsavat”da Rəsulzadənin istefası yalandır
Son günlərdə “Müsavat” nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə cənablarının Zaqafqaziya Seymindən istefa verdigi həqqində bir xəbər çıxmışdır. Aldığımız mövsuq (mötəbər) və mühəqqəq xəbərlərə görə Məhəmməd Əmin əfəndi hal-hazırda sülh murəxxəslərilə bərabər Trabzondadır və Seym əzalığından istefa verməmişdir.
“Açıq söz”, 13 mart 1918, ¹700
(Ardı var)
M.Ə. Rəsulzadə
525-ci qəzet.-
2014.- 29 mart.- S.26-27.