Sözün işığında...

 

 

Bir qul oğlanı könül mülkünə sultan elədim, Misr idi padişahın, Yusifi-Kənan etdim.

Məhəmməd Füzuli

Dünyanın ən müqəddəs, möcüzəli səmavi kitabı “Qurani-Kərim”in “Yusif” surəsində deyilir ki, Allah-Təala Yusifi öz nurunda yaratmışdı və ona daxili zənginlik, gözəllik bəxş eləmişdi. Eyni zamanda Yusifin iç gözəlliyi sifətinə, boy-buxununa çıxmışdı, çünki Tanrı sevib-seçdiyi bəndəsinə peyğəmbərlik vermişdi, onu ali mərtəbəyə qaldırmışdı. Bundan başqa, Yusif çətin sınaqlara düşərkən həm başqalarının, həm də özünün yuxularını qəribə tərzdə yozarmış, bu öncəgörmənin sirləri yalnız özünə bəlli imiş və bu peyğəmbərliyindən gəlirmiş. Onun izah elədiyi, yozduğu tərzdə çin çıxan yuxuları axırda bütün bədbəxtliklərin fonunda Yusifi xoşbəxtliyə çatdırır.

Bəlkə yuxular da məktublardır? Allahın bizə göndərdiyi, ərməğan etdiyi şifahi məktublar. Onlarda taleyimiz yazılıb, sadəcə biz Yusif peyğəmbər deyilik ki, həmin ötürülmüş, kodlaşdırılmış, şifrlənmiş fikirləri oxuyaq, yozaq, sonda nəticə çıxaraq. Bu ideya məşhur peyğəmbərin adaşı, hüquqşünas Yusif İldırımzadənin “Məktub” fəlsəfi düşüncələr toplusunu oxuyub başa çatdırandan sonra təfəkkürümdə canlandı və əlbəəl bu müqayisədən sonra kitab barədə duyğu və düşüncələrimi qələmə almaq niyyəti güddüm.

Dərhal dünya ədəbiyyatının klassiki, yəqin Yusif müəllimin də dəyər verdiyi və oxuduğu Nobelçi yazıçı Frans Kafkanın “Atasına məktubları” başlığı altında “namələr silsiləsi” gözümün önünə gəldi və yenə Yusif İldırımzadənin çox sevdiyi şair Ramiz Rövşənin “Məktub” şeirini xatırladım. Qəfildən yadıma düşdü ki, ey dili-qafil, axı, özümün də haçansa bu mövzuda qələmə aldığım bir poetik parça var.

 

... Təbiət bağlanıb daş-daş insana,

Binədən yad deyil dağ-daş insana.

Yazıb əski insan çağdaş insana –

Milyon il öncədən qaya-məktubu.

 

Payız ürəyimi bir yaz eyləyim,

Ən dərin suları dayaz eyləyim.

Nə ömrüm qalıb ki, pərvaz eyləyim,

Yetirim əlüstü Aya məktubu.

 

Yusif İldırımzadə təvazökarcasına və mərhəmanə surətdə kitabın girişində oxucunu “əziz dost” müraciəti ilə dindirir və ənənədən qaçır. İntizarla, məsuliyyətlə “Məktub”unun məqsədini, məramını açır...

“Ümidvaram ki, sənə ünvanladığım bu məktubu sonacan oxumağa hövsələn çatacaq. Bəlkə də əslində insan – biz hamımız bu yer üzünə göndərilən bir məktubuq. Allahın məktubu. Hər görüş, hər ayrılıq, bir-birimizə ötürdüyümüz hər xoş, hər naxoş xəbər əslində, üzbəsurət yazışmalardı, sadəcə vərəqə köçürülmür, taleyimizə köçür”. Bu maraqlı, orijinal, bənzərsiz “uzun məktub” – 220 səhifəlik bütöv namə isə hamıya ünvanlanıb.

Bəri başdan deyim ki, yazıçı Yaşarın redaktorluğu ilə “Şərq-Qərb” nəşriyyat evində nəfis çap olunan “Məktub” kitabını birnəfəsə oxudum. “Məktub”da toplanan irili-xırdalı əsərlərin şirin dili məni çəkib məftun elədi. “Ön söz əvəzi”, lakonik, pritça formasında qələmə alınmış “Anama məktublar” silsiləsi, “Esselər”, “Məqalələr”, “Müsahibələr”, “Prokurorun qeydləri” bir qəlbin izahasığmaz pıçıltılarıdır. Hələ bu yazıların bədii səviyyəsini qoyuram bir kənara, həqiqətən təmiz, saf Azərbaycan dilinin şəhdi-şirəsi sözbəsöz, cümləbəcümlə oxucunun ruhuna işləyir. Ən nəhayət, müəllifin bütün səmimiyyətinə xitabən “bu məktublar oyaq xatirələrin kükrəməsidir, ocaq yeri kimi soyumuş duyğuların közərməsidir”. Elə dilin hikməti, oxucunu dalınca salıb aparmağın qüdrəti də bundadır.

Həqiqi sözə biganə qalmayan, dəyər verə bilən insan daxilən anlayır ki, bu kitabın müsbət məziyyətləri nədən ibarətdir. Mənim fikrimcə isə Yusif İldırımzadənin ən böyük uğuru və qələbəsi etirafıdır. Etiraf – təkcə günahın və suçun etirafı deyil. Əgər insan müqəddəsliyi dərk etmək zirvəsinə qalxırsa və qarşısında səcdə qılmağı bacarırsa, etirafdır. Bu, xəfif yaz mehinin təbiətin ruhunu oyada biləcək etirafıdır, bir şəlalə zümzüməsinin ana laylası və oxşaması qədər etirafıdır, gülün kol dibində titrəyişidir, yarpağın ana budaq üstə pıçıltısıdır, dəryaya qovuşan ilahi suların əbədi yalvarışıdır.

Müəllifin ana fəryadları cəmi beş məktubdan ibarətdir. Yusif bəlkə səhvən onları məktub adlandırıb, əslində hər məktub ana məhəbbətini, ana nəvazişinin ülviliyini ifadə edən lirik şeirdir. Bu məktublar əbədiyyətə qovuşan, tənhalığı ilə birgə bizimlə olan, vücudumuza həmişəlik hopan, dünya durduqca varlığımıza hakim kəsilən, axarlı-baxarlı həyatımıza rəng qatan Ana haqqında həzin nəğmələrdir. Sanki bunlar qələmə alınmayıb, vərəqdən-vərəqə köçürülməyib, göz yaşına bələnmiş ağılardır, Yusif peyğəmbərin gördüyü yuxulardır. Ancaq məktublar cılız tərifnamələrdən, ucuz sızıltılardan uzaqdır, birnəfəsə diri sulara oxunmuş söz çələngidir, müqəddəs ana adına bağlanmış al-əlvan gül topasıdır.

“Birinci məktub”u oxuyarkən hisslər, duyğular o qədər möhtəşəm təsir bağışladı ki, elə bildim həmin isti sözlər öz anamın adına seçilib, yazılıb. İnsafsızcasına, müəllifə paxıllığım tutdu. Yadıma Məmməd Arazın iki misrası düşdü:

   

Bu axşam yamanca soyuqlamışam,

Bu axşam üstümü örtən olmayıb.

   

Yusif İldırımzadənin Ana obrazı əbədi qəhrəman səviyyəsinə yüksəlmiş obrazdır. Əslində “Məktub” ədəbi janr olmasa da, bir bədii formadır, bir ünvanlı qəlibdir. O, ustalıqla fikir və düşüncələrini, fəlsəfi etiraf və etirazlarını bu qəlibin çərçivəsində yerləşdirməyi bacarıb. Gah sakit-sakit məhəbbətini bölüşür, gah acizanə şəkildə ağrılarını ifadə edir, gah da vaxtsız köçən Ana ölümünə dözmür, xısın-xısın ağlayıb yas tutur, fələyin zülmünə qarşı tufan qoparır, sonda Allahın hökmüylə barışır...

Bu yerdə dahi alman filosofu İmmanuel Kantın (1724-1804) məşhur fikirlərinə haqq qazandırmamaq olmur: “İztirab fəaliyyətə çağırışdır. Yalnız iztirablar vaxtı biz həyatımızı hiss edirik”.

Əlbəttə, hamını dünyaya ana gətirib və bu qeyri-adi güclü, eyni zamanda zərif xarakterli məxluq hamı üçün doğmadır... C.Cabbarlı “Ana” şeirində deyir ki, o qadın qarşısında bir qul tək səcdədə durmaq mənə fəxarətdir. Yusifin hər beş məktubu onun analı çağlarının xatirələridir. Məhz heç kəsə bənzəməyən, nəcabətli, xanım-xatın Şəfiqə anayla bağlı bu ürək parçalayan nisgilli xatirə-məktublar bir vəfalı övlad sevgisinin məhsuludur, sözlə ifadəsini tapan musiqi simfoniyasıdır. Oxuyarkən bu simfoniya adamın ruhunu çəkir, heç bir artıq, dolaşıq kəlməyə rast gəlmirsən, müəllifin ustalığına heyran qalırsan.

Və nə yaxşı ki, sirli-soraqlı bu cahan mülkündə nəslin davamı var, bu davamiyyətdə təkcə adət-ənənələr sonrakı nəsillərə ötürülmür. Habelə, adlar nəvə və nəticələrə verilir, kötükçələrə ərməğan olunur, yəni nənələrin, babaların adları unudulmasın, zaman-zaman yaşasın. Müəllif məktubların birində ailənin yeganə qız övladı Səadət Əli qızının oğlu Əroldan söhbət açır. Nənə-nəvə məhəbbəti, Ərol-Şəfiqə sevgisi “Dördüncü məktub” boyunca şaxə atır. Şəfiqə nənə haqqa qovuşan kimi məhz ilk dəfə istəkli Ərolunun yuxusuna girir, yenicə ailə quran ali hüquq təhsilli nəvə dünyaya təşrif gətirən qız balasına Şəfiqə nənənin adını qoyur. Bu haqda müəllif hisslərini belə bölüşür:

“Gözümün nuru, əziz anam! Sevimli körpə Şəfiqə! Dünyaya bu dəfəki gəlişinlə Ərolun balası oldun, Səadətin nəvəsi, Əli İldırımoğlunun nəticəsi... Mənim üçünsə, elə anasan ki, ana! Gözəl anam, körpə Şəfiqəm! Gəlişinlə hamımıza, bütün ailəmizə toxtaqlıq, yeni ovqat, hüdudsuz sevinc gətirdin...”

   

Ürəyim təskinlik tapır anbaan,

Bal

aca anama isinməyimdə.

Daha yaddan çıxır çağıran zaman,

Adını çəkəndə... diksinməyim də.

   

Deyirəm, yanımda çıx iməklə bir

Çəkim ciyərimə doğma iyini.

Anamın ruhunu dirçəltməklə bir –

Devirdin canımın yetimliyini.

 

Ərolun həmin yuxusu sanki bir Ana məktubunun cavabıydı, axı, o bu qədər susa bilməzdi, dilli-dilavər Şəfiqə nənəyə susqunluq yaraşmırdı, məzar sükutu ruhuna yad idi. Eləcə də bu ilk yuxu, bu mistik rabitə, ilk körpü Yusif peyğəmbərin yatarkən gördüklərinin davamına oxşayırdı. Nə olsun ki, ortada neçə min illik məsafə vardı, əslində yuxular zaman məsafəsini asanca aradan qaldırır, ən qədim dövr, əski tarix müasirləşir, köhnə adam çağdaş zəmanənin Allah bəndəsinə çevrilir.

Kitab müəllifinin “Esselər” başlığı altında gedən yazıları özünütəkmilləşməyə, milli-mənəvi özünüdərkə, bütün bu bəşəri kriteriyaların fonunda ayrı-ayrı nümunə ola biləcək şəxsiyyətlərin işıqlı obrazlarının canlandırılmasına həsr edilib. Kimdi həmin qəhrəmanlar? Yusif İldırımzadənin atası, həyatda, cəmiyyətdə kişilik nümunəsi saydığımız halal qələm sahibi Əli İldırımoğlu (“Yaratmaq ölümü öldürmək deməkdir”), görkəmli ilahiyyatçı, ərəbşünas alim, Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Əhmədağa Əhmədov (“Allah adamı”), tanınmış hüquqşünas-alim Məmməd Xələfov (“Özünə oxşayan adam”) və başqaları. Müəllif özünəməxsus mühakimə yürüdür, bu şəxsiyyətlərin obrazlarını yaratmaq üçün müxtəlif detallardan istifadə edir, həyati misallar çəkir. Həmçinin “Biganəlik ruhun xərçəngidir” essesində ziyalı mövqeyində dayanan Yusif İldırımzadənin qarışıq, xaos məqamlarda millətin öndə gedənlərini, fəxrlərini ittiham edən bəzi dırnaqarası qəhrəmanlara, cahillərə ünvanladığı məntiqi cavabı daha maraqlıdır:

Sərrast məntiq, obraz yaratmaq bacarığı, bədii-publisistik yazılarda mühakimə yürütmək səriştəsi müəllifin dərin həyat təcrübəsindən, müşahidə qabiliyyətindən, zəkasından, yazıçılıq talantından irəli gəlir. Sözsüz, burda qan yaddaşının, gen-kök bağlılığının təsiri danılmazdır. Axı, Yusif İldırımzadə təpədən-dırnağa mayası söznən yoğrulan bizim qocaman ədibimiz (bu “qocaman” ifadəsini ona yaraşdırmazdım – müəllif). Əli İldırımoğlunun ailəsində doğulub, yetişib, ərsəyə çatıb. Bu da müəllifin daha bir səmimi etirafı: “Dünyaya atam Əlinin gözü ilə baxıram. Hansısa müsabiqədə birinciliyə iddialı deyiləm, amma tərəddüdsüz deyirəm ki, dünyanın hansısa bir yerində atasını ən çox sevən oğul müsabiqəsi keçirilsə, mən orda heç kimə uduzmaram” (“50 yaşın astanasında”).

Mərhəba, bu məhəbbətə, bu əxlaqa, bu tərbiyəyə, bu sonsuz sevgiyə!

“Hər yazı bir təcrübədi”. Yusif İldırımzadənin kitabında “Məqalələr”, “Müsahibələr”, “Prokurorun qeydləri” ümumi sərlövhələr altında gedən təmiz publisistik yazılarında da sözlər sapsağlam, cümlələr dipdiridir. Bir sözlə, müəllif özünü yazıb, rast gəldiyi həyat hadisələrini bir köynək özünə yaxınlaşdırmaq üçün ürəyinin səsiylə qələmə alıb. Dahi yazıçı və filosofların fikirləri, atalar sözləri, zərb-məsəllər, idiomatik ifadələr, sitatlar paltar kimi cümlələrin, abzasların əyninə biçilib.

Neçə il öncə Yusif İldırımzadə Məkkə ziyarətində olub, orda namaz qılıb, xaliqin dərgahına dualar oxuyub. İnanıram ki, Allahın o müqəddəs torpaqlarında, o göylərin ənginliklərində Yusif peyğəmbərin də ruhu xoşbəxtcəsinə dolaşırmış. Görəsən, hissiyyatlı, duyğulu Yusif Əli oğlunun ürəyinə bu haqda nəsə damdımı? Yusif adaşını gördümü? Məkkədə yuxu görərkən röyasını peyğəmbərə danışmaq istəyi könlündən keçdimi?

İki Yusifin yuxuları bir-birinə bənzəyirmi?

 

Ağacəfər Həsənli

525-ci qəzet.- 2014.- 29 mart.- S.25.