Türkiyədə Əjdər Olun iki kitabı çap olunub
Bugünlərdə Türkiyədə Azərbaycanın
tanınmış yazıçı-publisisti
Əjdər Olun “Ölümlə oyun” və “Azərbaycan lətifələri” kitabı
işıq üzü
görüb. “İQ Kültür
Sanat Yayıncılık”
nəşriyyatında çap
edilmiş hər iki kitabı türkcəyə qardaş
ölkənin tanınmış
yazarı İmdat Avşar tərcümə
edib.
“Ölümlə oyun” kitabı ədib haqqında məlumatlarla açılır: “Əjdər
Ol 1980-ci illərdən
etibarən Azərbaycan
ədəbiyyatında öz
yerini tuta bilib. Çağdaş Azərbaycan ədəbiyyatının
tanınmış yazarı
olan Əjdər Ol eyni zamanda
ədəbi mühitə
istiqamət verən önəmli sənətkarlardandır.
“Dünənim də belə keçdi”, “Necə sevməyəcəksən”,
“Gələcəkdə yaşayıram”,
“Ölümlə oyun”,
“Alın yazıma düzəliş”, “Könül
vuruşu”, “Qrafoman”, “Günəbaxan zəmisi”,
“Portret hekayələri”,
“Azərbaycan lətifələri”
kitablarının müəllifi
Əjdər Ol bir çox beynəlxalq mükafatlara layiq görülüb. “Portret hekayələri”
2010-cu ildə Milli Kitab Mükafatını qazanıb,
2013-cü ildə isə
II Beynəlxalq Mahmud Kaşğari
hekayə müsabiqəsində
“Qəzənfər rəisin
Şuşaya yürüşü”
adlı əsəri birinci yerə sahib olub”.
Kitabda həmçinin
Əjdər Ol haqqında düşüncələr
də öz əksini tapıb. Tənqidçi
Tehran Əlişanoğlu yazıçının
yaradıcılığını belə xarakterizə edib: “Əjdər Ol hər şeydən
əvvəl realistdir.
Milli insanın xarakteri və milli həyatın
mənzərələri onun
diqqətini çəkir.
Bununla belə, klassik və müasir qərb hekayəçiliyi ilə
yanaşı milli hekayəçiliyin də
keçdiyi yola yaxşı bələd olan yazıçı insan xarakterlərinin və insan təsvirlərinin
usta müşahidəçisidir”.
İmdat
Avşar yazısında
Əjdər Olun aid olduğu cəmiyyəti və toplumda yaşayan fərdlərin psixologiyasını yaxşı
bildiyini önə çəkib: “O, eyni zamanda çox diqqətli bir müşahidəçi olduğundan
hekayələrində cızdığı
portretlər çox
real, dili və üslubu isə son dərəcə səmimi
və istidir. Milli məsələlərə
toxunduğu hekayələrində
Əjdər Ol həm unudulmaz qəhrəmanlar yaratmaqla , həm də
mətnin gedişatında
təsiredici mesajlar verməkdədir. Mənim fikrimcə,
bu xüsusiyyət Əjdər Olu müasirlərindən fərqləndirən
ən önəmli ədəbi özəlliyidir”.
Səlim
Babullaoğlu isə Əjdər Olun “Portret hekayələri”ni şah əsər hesab etdiyini vurğulayıb:
“Bu hekayələr eyni
zamanda Çexov sadəliyinin və Dovlatov səmimiyyətinin
də nümunələridir”.
Kitabın tərcüməçisi İmdat Avşar önsözdə Əjdər
Olun yaradıcılıq
məziyyətlərindən geniş bəhs edib: “Əjdər Ol 1980-cı illərin sonlarına doğru ömrünü tamamlayan və tarixin qaranlıq dəhlizlərində
itməyə başlayan
Sovetlər Birliyinin
son dönəmi ilə
Azərbaycanın ilk müstəqillik
illərinə şahidlik
edən bir sənətkardır. Bu səbəbdən söhbət
mövzusu olan o illər Əjdər Olun hekayələrinin ana vətənidir. O
eyni zamanda yaşadığı dönəmdəki
ağrılı ictimai
hadisələri, köklü
siyasi, iqtisadi və ictimai dəyişikliyi və bu dəyişiklik dalğasının sürətlə
sahilə sürüklədiyi
insanları sənətkarlara
xas həssaslıqla və diqqətlə müşahidə edən
bir yazardır.
Əjdər Ol əsərlərində
gerçək həyatdan
götürdüyü qəhrəmanları
fərqli yönləriylə
işləmək bacarığına
malik hekayəçidir. Əjdər Olun
son dərəcə real, səmimi
və uydurma olmayan, gerçək olayları və insanları anlatdığı
hekayələrini oxuyarkən
yuxarıda bəhs etdiyimiz tarixi dönəmlərə və
bu dönəmlərdə
yaşanan faciələrlə
dolu ictimai hadisələrin arxa planına hakim bir yüksəklikdən və
geniş pəncərədən
baxmaq mümkündür.
Bir tarixi zaman kəsiyinin yaratdığı qaranlıq
arxa planın önündəki səhnədə
isə Əjdər Olun bəzən dramatik, bəzən faciəvi, böyük bir dəyişikliyin dalğasıyla iti qayalara çırpılan
Azərbaycan insanı
var. Kitabda yer alan “Qəzənfər rəisin Şuşaya yürüşü”, “Komandirin meymunu”, “Şikayətçi”,
“Yusif ustanın kamançası”, “Namiq Abdullayevin sonu” kimi hekayələr təxminən 25 il öncə Azərbaycanda yaşanan fəlakətlər
və ictimai dəyişikliyin yaratdığı
sosial olaylara ədəbiyyat cəbhəsindən
tutulan güzgü kimidir. Son 25 ildə iqtisadi cəhətdən sosializmdən kapitalizmə
keçən, siyasi cəhətdən də Sovetlər Birliyindən qopub müstəqil ölkə olan Azərbaycanda ağrılı
dəyişiklik müddətini
və bu müddətdə Qarabağ
savaşını yaşayan,
içində yaşadığı
cəmiyyəti son dərəcə
yaxşı müşahidə
edən, əsərlərində
bu problemləri bacarıqla dilə gətirən Əjdər
Olun Türkiyədə
çap olunan sayca bu üçüncü
kitabının da bəyəniləcəyinə inanırıq”.
“Azərbaycan lətifələri” kitabında yazdığı təqdimatda isə İmdat Avşar Əjdər Olu Azərbaycan ədəbiyyatı və Azərbaycan sənətinin hafizəsi kimi səciyyələndirib: “Əhəmiyyətli vəzifədə olan biri kimi həm siyasət, həm ədəbiyyat, həm də sənət məclislərinin mərkəzində yer alan və daima xalqla iç-içə olan yazıçı eyni zamanda usta bir müşahidə qabiliyyətinə malikdir. Ətrafında baş verən hadisələri, cərəyan edən olayları, eşitdiyi və müşahidə etdiyi maraqlı durumları öncə zehninə yazan Əjdər Ol daha sonra bunları əsl tarixçi həssaslığıyla naxış-naxış işləyərək Azərbaycanın mədəni həyatına çox önəmli bir məxəz kimi bəxş edib. Əjdər Ol bu xidmətiylə Azərbaycan torpaqlarında yetişmiş müdrik siyasətçilər, ustad yazıçı və şairlər, dahi rəssam və sənətkarların hadisələr və durumlar qarşısında hər biri zərb-məsələ çevrilmiş sözlərini yumorun ölməz dilindən istifadə edərək əbədiləşdirib və gələcək nəsillərə çatdırıb. Bu kitabı oxuyarkən bəzən qəhqəhə ilə güləcək, bəzən hüznlənəcək, bəzən də acıyla təbəssüm edəcəksiniz. Millətimizin iti zəkasını, üstün qavrama və yumor qabiliyyətini ortaya qoyduğu üçün Əjdər Ola borcluyuq”.
Kitabda yer alan önsözdə Əjdər Ol Azərbaycan lətifələrini qələmə alma məqsədini açıqlayıb: “Sizə təqdim olunan bu əsər uzun illər öncə yazılmağa başlanmış və hələ də yazılan və ömrümüz olduqca yazılmağa davam edəcəyimiz bir əsərdir. Şən lətifələr, maraqlı olaylar, yerli-yerində deyilmiş sözlər və deyimləri özündə əks etdirən bu kitabdakı lətifələrdə insanların, heç unudulmayan, ən duyğulu, ən həssas, ən müdrik, ən hazırcavab, ən dünyagörüşlü və ən fəhmli olduğu anlar və durumlar ortaya qoyulmaqdadır. Bəzən dildən-dilə dolaşan sözləri, bəzən məclislərdə, toplantılarda və ya hər hansı bir ortamda qulağıma çatan lətifələri, yaşanmış hadisələri, mənbəyi bəlli deyimləri əlimə keçən kağızlara, əyri-üyrü əl yazısı ilə qeyd edib eynilə insanların qazandıqlarının bir hissəsinin qara gün üçün arxaya atdıqları kimi arxivimdə saxlamışdım. Bir gün bu yazıların yüzlərlə səhifəli bir kitaba dönüşəcəyini əsla təxmin etməmişdim. Bu kitabda görkəmli siyasətçi Heydər Əliyev, böyük elm adamı Ziya Bünyadov, rəngləri rəqs etdirən Səttar Bəhlulzadə, kamançanın piri, ustad Habil Əliyev, ürəyi millət sevgisiylə yanıb tutuşan şair Xəlil Rza və daha neçə-neçə dəyərli insanın ağzından çıxmış, yerində və zamanında söylənmiş deyimləri və yaşanmış olaylar əsnasında meydana gələn canlı lətifələri oxuyacaqsınız”.
Yazıçı ömür sürdükcə kitabı yazacağına söz verməklə yanaşı, nəşrlərin qardaş Türkiyədə yayımlanmasında böyük əməyi olan İmdat Avşara və Adəm Sarıgölə təşəkkürünü bildirib.
Kitab “Siyasətçilər və dövlət adamları”, “Yazarlar və elm adamları”, “Tanışlar, dostlar”, “Sənətkarlar” və “Habil Əliyevin lətifələri bölümlərindən ibarətdir.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 29 mart.- S.22.