Bir əfsanə qadın vardı...

 

 

İlk dəfə Cahidə Sonkunun adını tanınmış türk kinoşünası, tənqidçi Atilla Dorsaydan eşitdim. Atilla Dorsay onun həyat və yaradıcılığından həvəslə, həm də ürək ağrısıyla danışdı. Söhbət məni yamanca tutmuşdu, türk kinosunun ilk qadın ulduzu Cahidə Sonkunun acı taleyindən duyğulanmış, mütəəssir olmuşdum. Sonradan aktrisanın həyat və yaradıcılığı ilə yaxından maraqlanmağa başladım. “Bəyaz pərdə” kitabımda Cahidə Sonku barədə söhbət açmışam. Bu yazım isə onun yaradıcılığına yeni bir baxış olacaq və elə bilirəm oxucular belə bir suala cavab tapmaqda çətinlik çəkməyəcəklər – kimdir Cahidə Sonku?

Əfsanə qadın – Türkiyədə Cahidə Sonkunu belə adlandırır, belə tanıyırdılar. Yox, o, əfsanələrdən gəlməmişdi, amma bir Əfsanə qadın idi. Türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüsseriydi. Bu gün də onu şükranla anır, aktrisadan xatirə qalmış filmlərə həvəslə baxırlar, inanırlar ki, türk kinosunun bir əfsanə qadını olub.

Onun əsl adı Cahidə Sərabdır. 1916-cı ildə Yəməndə anadan olub. Hələ uşaq çağlarından sənətə həvəsli olsa da, Cahidənin ağlına belə gəlməzdi ki, tezliklə tale onun üzünə güləcək, o, Türkiyənin bir nömrəli kino ulduzu olacaq. Əslində, belə fikirdən uzaq olması, sənətə əlçatmaz bir zirvə kimi baxması təsadüfi deyildi, ona görə ki, gənc qızın nəinki xüsusi təhsili, heç tam orta savadı belə yox idi. Kino haqqında düşünməsə də, teatra marağı böyük idi və ilk addımlarını da məhz bu sahədə atmağa qərar vermişdi. Əvvəl Xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərdi, epizodik rollarda çıxış elədi. Vilyam Şekspir, Lev Tolstoy, Çexov kimi ünlü yazıçıların əsərlərinin səhnə quruluşunda rol aldı. 1933-cü ildə rejissor Muhsin Ərtoğrulun “Yeddi kəndin Zeynəbi” tamaşasındakı roluyla aktrisa özünün nəyə qadir olduğunu göstərə bildi. Gənc qızın potensial imkanlarını qiymətləndirən Ərtoğrul, onu filmdə çəkilməyə dəvət edəndə bəzilərinin bu təklifə inamsız yanaşması belə rejissoru fikrindən döndərmədi. Sonradan Cahidənin kinodakı uğurları göstərdi ki, Ərtoğrul öz seçimində yanılmayıb.

Türk  kino tarixinə nəzər yetirəndə görürük ki, bir çox ünlü aktyor və aktrisaların sənətə gəlişi təsadüfi olub, adi bir təsadüf kimisə bir gündəcə ölkənin sənət ulduzuna çevirib. Bu ulduzlar arasında qəfildən parladığı kimi, bir göz qırpımında sönənlər də olub, bəziləri isə sənətdə öz sözünü axıradək deməyi bacarıb. O vaxtlar Türkiyədə xüsusi savad verən, teatr, kino sənətçiləri yetirən təhsil ocaqları yox idi, odur ki, sənətə aparan yol kiçik dərnəklərdən, kurslardan keçirdi. Bir də iş qalırdı hər kəsin öz bacarığı, öz istedadına. Məhz istedadına güvənənlər kəhkəşana aparan yolda büdrəmir, özlərində güc tapıb, sənət zirvəsinə qalxa bilirdilər.

Cahidə Sonkunun yaradıcılığı bir qədər fərqli və təzadlıdır. Görəsən, bu qadın sənətdə öz sözünü tam deyə bilmişdimi, demədiyi nələr qalıb? Aktrisanın sənət yolunun uzun sürməməsi nələrdən xəbər verirdi? Kimdir günahkar, onun özümü suçluydu, yoxsa, düşdüyü mühitmi? Hər halda, Cahidənin ölkənin kino dünyası adlanan Yaşılçamdan başlayıb, amma Yaşılçamda bitməyən, müəmmalarla dolu tale yolu macərasız keçməyib. Onun ömür yolu ölkənin məşhur kino aktrisalarını hardasa üşəndirib, xoflandırıb. Cahidənin taleyinə bənzər taleyi kimsə yaşamaq istəməyib. Əslində, Yaşılçam ulduzlarının bir çoxlarında tale oxşarlığı yox deyildir.

1992-ci ildə şair Məmməd İsmayılla Türkiyəyə dəvət edilmişdik. İstanbulun çox məşhur, qədim oteli sayılan “Pere palas”da qalırdıq. Dövrünün ən dəbdəbəli mehmanxanası sayılan bu oteldə dünyanın tanınmış dövlət xadimləri, yazıçılar, sənət adamları qalıblar: Qreta Qarbo, Aqata Kristi, Caklin Kennedi, Brodski, daha kimlər-kimlər... Otelin bir özəlliyi də budur ki, 19-cu əsrdən qalan mebellər qorunub saxlanılır – liftinəcən. Müştərilər qədimi çarpayılarda yatır, qədimi qab-qaşıqlarda nahar edirlər. “Pere palas” restoranı Cahidə Sonkunun da tez-tez baş çəkdiyi, əylənib şənləndiyi  yerlərdən olub. Deyilənə görə, ecazkar Cahidə restorana girəndə hamı ayağa qalxırmış, onu gülə-çiçəyə tuturmuşlar. Bu sarışın qızın gözəlliyi çoxlarının ağlını başından almışdı. Onun ayaqqabılarında şampan şərabı içməyi şərəf sayan pərəstişkarları da olub.

Gözüm mərmər sütunlu restorandakı masaları gəzirdi, deyirdim, görəsən, Cahidə Sonku bu masalardan hansının arxasında əyləşirmiş, kimlər onun şəninə söz söyləyirmiş?.. Türk kinosunun “Sarışın əfsanəsi” adlandırılan Cahidə Sonkunun filmlərinə, fotoşəkillərinə baxanda xalqın verdiyi bu ada haqq qazandırmaya bilmirsən. Türkiyədə sənət zirvəsinə aparan yol həm də gözəllikdən başlayır və heç şübhəsiz, Cahidə Sonku da istisna deyildi.  Cahidənin teatrdakı ilk addımları uğurlu sayıla bilməzdi. Bu təbiidir, gənc, təcrübəsiz qızın birdən-birə uğur qazana biləcəyi nə özünün, nə də başqalarının ağlına gəlmirdi. Kim bilir, rejissor Muhsin Ərtoğrul onu teatr tamaşalarında oynamağa, sonradan isə kinoda çəkilməyə dəvət etməsəydi, Cahidənin taleyi necə olacaqdı? Bu sual çoxlarının, o cümlədən, aktrisanın həyat və yaradıcılığını araşdıran tanınmış kinoşünaslardan Atilla Dorsayın,  Agah Özgücün və digərlərinin yazılarında da qoyulub, amma cavabsız qalıb. Bəlkə bu suala heç Cahidənin özü də cavab tapa bilməzdi. Hər halda, o, Muhsin Ərtoğrula minnətdar idi və bu insana öz şükranlığını heç vaxt gizlətmirdi. Kim bilir, bəlkə də həyatının ağır, acınacaqlı vaxtlarında başqa cür düşünüb, düşünüb ki, kaş heç sənətə gəlməyəydi, kaş məşhurlaşmayaydı, əfsanə qadın yox, öz evinin, ailəsinin qayğıları ilə yaşayan milyonlarla sadə türk xanımlarından biri olaydı.

Cahidə Sonkunun sənətə gəlişi kinonun yeni mərhələyə qədəm qoyduğu vaxta təsadüf edirdi. Səssiz kino dövrü artıq geridə qalmışdı. Otuzuncu illərin əvvəlində Türkiyədə ilk səsli filmlərin ekrana çıxması, təbii ki,  tamaşaçıların böyük marağına səbəb olmuşdu və yeni filmlər göstərirdi ki, kino çox vacib və aktual sənət növü kimi formalaşmaqdadır. Kino Türkiyəni türklərə tanıtdı, onlar ekranda öz həyatlarını, öz qayğılarını görürdülər. Əhalinin çox hissəsinin savadsız olduğu bir vaxtda bu sənət xüsusi əhəmiyyət və mahiyyət kəsb edirdi. Təbii ki, yeni kino yeni tələblərlə, yeni mövzularla gəlirdi və yeni kinoya istedadlar gərək idi. Yeni kinonu yeni nəsil irəli götürəcəkdi. Müsəlman dünyasına məxsus müəyyən məhdudiyyətlər, problemlər Cümhuriyyət quruluşunadək Türkiyə üçün də xarakterik idi. Şəriət qanunları müsəlman qızlarının səhnəyə çıxmasına izn vermirdi və bu cür məhdudiyyətlər iyirminci illərin əvvəllərində də özünü göstərməkdəydi. Qadınlar sənətdən kənarda qalırdılar. Qadın rollarının ifaçıları kişilər idi, bəzi hallarda isə yunan, erməni millətindən olan qızlar-qadınlar dəvət edilirdilər. Əlbəttə, bütün bunlar qənaətbəxş sayıla bilməzdi, müsəlman qadınının obrazına girmək, onların psixoloji aləmini açmaq, yaşadıqları hissləri tam mənasıyla tamaşaçıya çatdırmaq qeyri millətdən olan sənətçilər üçün asan iş deyildi. Təbii ki, bu cür hallar, tamaşıçının kinoya olan münasibətinə təsir göstərməyə bilmirdi, qadın rolunda kişiləri görən seyirçi bəyaz pərdədəkiləri o qədər də ciddi qəbul etmir, hardasa, özünü aldanmış kimi hiss eləyirdi. Kinonun qarşısında duran ən mühüm vəzifələrdən biri tamaşaçılarda bu sənətə inam oyatmaq idi.

Zaman keçdikcə kino öz qapısını türk qadınlarının da üzünə açdı. Cahidə Sonku Ərtoğrulun  daha bir tapıntısıydı və türk kino tarixinə ilk qadın kino ulduzu kimi onun adı yazıldı.

Cahidənin sənətə gəlişi təsadüf də sayıla bilməzdi, kinonun Cahidəyə, Cahidənin də kinoya ehtiyacı vardı. 1933-cü ildə ekranlara çıxan “Söz bir, allah bir” filmiylə sözünü deyən gənc aktrisanın üzünə kino öz qapılarını taybatay açdı. Cahidənin ilk rolundan razı qalan rejissor Muhsin Ərtoğrul tezliklə onu daha bir filmə dəvət etdi. 1934-cü ildə çəkilən “Bataqlı damın qızı Aysel” filmindəki oyunu ilə aktrisa tamaşaçıların sonsuz sevgisini qazandı. Bu uğurlar Cahidədə özünə olan inamı artırdı və o, öz həyatını ömürlük olaraq kinoya bağladı, başa düşdü ki, kino onun yalnız bu günü yox, həm də sabahı, gələcəyidir.

O vaxtlar Türkiyədə kino tənqidi formalaşmasa da, ayrı-ayrı yaradıcı insanların, yazıçı və jurnalistlərin məqalələrində filmlərə münasibət bildirilirdi. Təbii ki, bu məqalələrdə Cahidə Sonkunun oynadığı rollar da təhlil edilirdi. Qəzet və jurnalların səhifələrini sarışın, gözəl Cahidənin şəkilləri bəzəyirdi, onu məclislərin yaraşığı sayır, aktrisanı məşhur kino ulduzu Marlen Ditrixə bənzədirdilər. Çox qısa zamanda türk kinosunun Əfsanə qadınına çevrilməsi, şöhrət qazanması Cahidədə, necə deyərlər, “başgicəllənməsi” yaratdı. O, türk teatrının, türk kinosunun ərköyün, şıltaq sənətçisi kimi tanınırdı. Rejissorlar onun  şıltaqlığına dözürdülər, daha doğrusu, dözməyə məcbur idilər. Cahidənin adı filmlər üçün ən yaxşı reklam idi. Şöhrət girdabına yuvarlanan aktrisa isə artıq sabahıyla deyil, bu günüylə yaşayırdı. Bahalı villalar, təmtəraqlı restoranlar, saysız-hesabsız məclislər gözünü tutmuş, yalnız dünənini deyil, sabahını, gələcəyini də ona unutdurmuşdu. Qızıl portsiqar gəzdirir, ayaqqabılarını brilyant qaşlar bəzəyirdi, geyim-keçimini isə Parisin ən bahalı mağazalarından gətirirdilər. Dövrünün tütün kralı adlandırılan milyonçu İhsan Dorukla evliliyi aktrisanın ikinci nigahı idi. Bu evlilik də çox sürmür, onlar ayrılırlar, amma bir neçə illik ayrılıqdan sonra yenidən birləşirlər. Bir qız övladları dünyaya gəlir. Qayğısız yaşayan Cahidə irəlidə onu nələr gözlədiyindən hələ xəbərsiz idi. Türk kinosunun sarışın əfsanəsi həyatı da bir əfsanə bilir, bu xəyalla ömür-gün sürürdü. Beləcə, Əfsanə qadının əfsanə həyatı davam edirdi, o həyat ki, uzun illər sonra çoxseriyalı bir filmin mövzusu olacaqdı.

Ölümündən səkkiz il keçmişdi, Türkiyə televiziyası aktrisanın ruhu qarşısında borclu qalmaq istəməyib “Cahidə” çoxseriyalı filmini sifariş verdi. Qəzetlər bu xəbərə diqqətlə yanaşır, filmin çəkilişi barədə mütəmadi məlumatlar verirdilər. Tamaşaçılar əsərin mavi ekrana çıxmasını səbrsizliklə gözləyirdilər. Filmi istedadlı rejissor Ziya Öztan ekranlaşdırdı. Baş rolda populyar aktrisa Halə Soyqazi çəkildi. Halə Soyqazi çox filmlərdə oynayıb, sevdiyi ekran obrazları çoxdur, Cahidəninsə aktrisanın qəlbində öz xüsusi yeri vardı. Hələ, hər şeydən əvvəl, Cahidə Sonkunun keçdiyi həyat yolunu öyrəndi, onu şəxsən tanıyanların xatirələrini dinlədi, kitablardan oxudu. Vaxtıyla bütün Türkiyəni heyran edən, xatirələrdə yaşayan talesiz bir qadının taleyini ekranda yaşamaq elə də asan deyildi. Halə Soyqazi tamaşaçıları inandırmalıydı ki, ekrandakı aktrisa yox, Cahidə Sonkunun özüdür. Demək olar ki, aktrisa buna nail ola bilmişdi. Baş rolun ifaçısından çox şey asılıdır, hətta mən deyərdim ki, hardasa, bu, filmin taleyini həll edən əsas amillərdəndir. Rejissor Ziya Öztanı düşündürən başlıca fikir də bu idi. O, Cahidə roluna aktrisa axtaranda, qərara gəlmişdi ki, baş rolun ifaçısıyla Cahidənin zahiri bənzərliyi də olmalıdır. Bu da çox vacib idi və rejissorun məhz Soyqazinin üzərində dayanması da təsadüfi deyildi. Onların bir oxşarlığı da bundaydı ki, Halə Soyqazi də Cahidə kimi sənətə gözəlliyi sayəsində gəlmişdi. Gözəllik müsabiqəsinin qalibi olduqdan sonra gözlər Haləyə dikilmiş, onu kinoya çəkilişə dəvət etməyə başlamışdılar. Bir az da tale bənzərlikləri vardı – Halənin də ilk evliliyi uğursuz alınmışdı, o, həyat yoldaşından boşanıb, qeyri-rəsmi nigahla bir başqasıyla yaşayırdı. Yəqin ki, tale bənzərliyi də Cahidə obrazını bütün dolğunluğu ilə yaratmaqda aktrisaya yardımçı olmuşdu. Bir vaxtlar müxtəlif taleli, müxtəlif qismətli türk qadınlarının rolunu oynayan Cahidənin indi özünün taleyi oynanırdı ekranda...

Kino sənətində yalnız ünlü bir aktrisa kimi tanınıb sevilməklə kifayətlənməyən Cahidə Sonku özünü kinorejissorluqda da sınamaq istəyir. “Fədakar ana” filmiylə adını türk kino tarixinə ölkənin ilk qadın kinorecissoru kimi yazır. Qazandığı uğurlardan ruhlanan Cahidə “Sonku-film” şirkətini qurur. Keçmiş həyat yoldaşı Tələt Artemel və Sami Ayanoğlu ilə birlikdə “Vətən və Namik Kamal” filmini ekranlaşdırır. 1951-ci ildə “Ulduz” jurnalının keçirdiyi müsabiqədə əsər “Ən yaxşı film”, Cahidə isə “Ən yaxşı aktrisa” seçilir. Film maraqlı bir mövzuya toxunur. Cahidənin rejissor kimi belə bir mövzuya müraciət etməsi, yəqin ki, təsadüfi deyildi. Türk mədəniyyəti, maarifçiliyi və ədəbiyyatında böyük xidmətləri olmuş Namiq Kamalın həyatını ekrana gətirmək həm də böyük ustalıq və cəsarət tələb eləyirdi. Xalq Namiq Kamal sənətini çox sevir, yüksək qiymətləndirirdi. Elə bir vətənpərvər insanın ekran obrazını yaratmaq böyük məsuliyyət idi. Bəlkə də Cahidəyə qədər də bu mövzunu ekrana gətirmək istəyənlər olmuşdu, sadəcə, belə böyük məsuliyyəti boyunlarına götürməyə cürət etməmişdilər. Əlbəttə, Cahidənin  bu kino lenti nöqsansız olmasa da, hər halda, Namiq Kamal şəxsiyyətinə, yaradıcılığına göstərilən sayğı kimi başa düşülməlidir.

Cahidə Sonkunun yaradıcılığını öyrənəndə diqqətimi bir film də çəkdi – “Gözlənilən mahnı”. 1953-cü ildə çəkilən bu ekran əsərinin aktrisanın həyat və yaradıcılığında xüsusi yeri var. Filmin rejissoru da Cahidə özüdür. Rejissorun bu işi daha maraqlıdır, hadisələrin dramatizmi, kolliziya, konfliktlər və nəhayət musiqidən yerində və lazımınca faydalanmaq filmi baxımlı edir. Türk televiziya proqramlarında göstərilən bu film, yəqin ki, bizim tamaşaçılara da tanışdır. Filmdə Cahidə Sonku müğənni Zəki Mürənlə çəkilib, daha doğrusu, sənətdə ilk addımlarını atan, hələ tanınmayan gənc tələbə Zəkini baş rola Cahidə özü dəvət etmişdi. Süceti eşq, məhəbbət macəraları üzərində qurulan film Türkiyə kinosu üçün xarakterik nöqsanlardan xali olmasa da, tamaşaçıların rəğbətini qazana bilmişdi. Hər iki sənətkarın oyunu uğurlu alınıb, onlar öz oyunlarıyla bir-birlərini tamamlaya biliblər. “Gözlənilən mahnı” onların taleyinin mahnısıydı. Film Zəki Mürənin yaradıcılığında şöhrətə aparan yolun davamı, Cahidə Sonkunun həyatında isə sonun başlanğıcı idi.

Həyat yoldaşı İhsan Dorukdan ikinci ayrılığı, ondan sonra daha bir qeyri-rəsmi uğursuz evliliyi və yeganə ümid yeri, qibləgahı olan “Sonkufilm” şirkətinin yanıb məhv olması Cahidənin həyatını bütövlükdə dəyişdirdi. Xəyal qırıqlığına düşən Cahidənin içkiyə aludəçiliyi zaman-zaman onu sevdiyi işdən-məsləkdən ayırırdı.

İllər ötürdü. Artıq o gözəllik qalmamışdı, o dəvətlər, o təmtəraqlı məclislər, bahalı restoranlar xəyallara çevrilmiş, əlçatmaz uzaqlarda əriyib itmişdi. Bir vaxtlar onu türk kinosunun Əfsanə qadını eləyən, ölkənin kino dünyası sayılan Yaşılçam, Cahidənin simasında daha bir qurbanını görürdü. Yaşılçamın öz insafsız, amansız qanunları vardı: o, ən parlaq ulduzun parıltısını bir andaca söndürə bilirdi. Belə baxanda, bu amansızlığı Yaşılçamın ayağına yazmaq da doğru olmazdı, mən deyərdim bu, daha çox həyatın yazılmamış qanunlarıdı və heç kim bu qanunlardan qaça bilmir – Cahidə Sonku da istisna deyildi. Bir vaxtlar Cahidə Sonkunun Kleopatra kimi süd vannası qəbul etdiyinə həsəd aparanlar, Yaşılçamda onun brilyant qaşlı ayaqqabılarının səsinə qaçıb gələnlər indi ona qarşı soyuqqanlı davranır, özlərini görməzliyə vururdular. Bəli, Əfsanə qadın əfsanələrdə qalmışdı, uzaq və əlçatmaz əfsanələrdə. Həyatda isə çoxdan təravətini itirmiş, solub-soluxmuş, içkiylə gününü sovan kimsəsiz, tək-tənha bir Cahidə Sonku vardı. Səfalət içində yaşayan aktrisanın qapı-qapı düşüb kütləvi səhnələrdə rol almaq üçün onun-bunun minnətini götürməkdən savayı əlacı qalmamışdı. Ona əl tutanlar da olurdu, üz döndərənlər də.

Taleyin hökmünə bax: 1966-cı ildə rejissor Osman Sədən ilk dəfə “Çalı quşu” filmini çəkərkən baş rola iyirmi bir yaşlı Türkan Şorayı dəvət etmişdi. Cahidə Sonkuya isə kiçik, epizodik rol verilmişdi. Yaşılçamda yeni bir ulduz parlamaqdaydı – Türkan Şoray. Yaşılçam öz tacını indi başqasının başına qoymuşdu, Türkiyənin kino dünyası artıq yeni bir ulduzun nuruyla, şəfəqiylə işıqlanırdı. Cahidə Sonku isə öz kiçik rolunu oynadıqdan sonra yollanırdı ucuz yeməkxanalardan birinə, yarıqaranlıq küncə çəkilir, ilğıma dönmüş niskilli keçmişi və kövrək xatirələrilə baş-başa qalırdı. İndi onun yeganə həmdəmi  mey idi, içki idi...

Uzun illər idi Londonda yaşayan qızı Enderdən da xəbəri yox idi. Sarışın Ender anasından gözəllik əxz eləmişdi, onun kimi qədd-qamətli, yaraşıqlıydı. Varlı atasının ölümündən sonra Endere bir qəpik belə miras düşməmişdi. Uzun sürən məhkəmə prosesinin, hətta Doruk ailəsinə edilən xahiş-minnətin belə köməyi olmamışdı. İmkansızlıq üzündən təhsilini bitirə bilməyən gənc qız bir müddət ucuz restoranlarda işləyir, daha sonra nəhəng Londonun nəmli həyatında buz parçası təki əriyib itir, ondan xəbər tutan olmur...

İstanbul küçələrində nimdaş, yırtıq qondaralarını sürüyə-sürüyə, səntirləyə-səntirləyə gəzib dolaşan yaşlı, fəqir qadına fikir verən olmurdu, insanlar onun yanından etinasız ötüb keçirdilər. Heç kəs bilmirdi ki, bu kimsəsiz, səfil qadın bir vaxtlar bütün Türkiyəni heyran qoyan, türk kinosunun əfsanəsi Cahidə Sonkudur.

Bir dəfə o, küçədə yıxılır. Qolundan yapışıb qaldırmaq istəyənlərdən soruşur: bilirsiniz yıxılan kimdi?.. Mən Cahidə Sonkuyam... Adamlar heyrətdən quruyub qalırlar yerlərində, göz yaşlarını saxlaya bilmirlər...

Həyatın elə oyunları, elə işi-işdəhləri var ki... Cahidə Sonkunun da nəsibi beləymiş: keşməkeşli ömür yolu onu əlçatmaz uca zirvələrə də qaldırdı, həyatın dibinə də endirdi. Ayaqları brilyant qaşlı papuclar da gördü, cındır qaloşlar da. Sağlığında olduğu kimi ölümündən sonra onu sevənlər də oldu, söyənlər də...

“Bənzərimi aradım, tapa bilmədim...” – bu sözlər Cahidənindir, bir vaxtlar onun boyalı dodaqlarından qopub. Həyat ondan ötrü bir kinoydu sanki, qarışıq-dolaşıq kino, baş rolunu da özü oynayırdı. Və ağlına belə gətirmirdi ki, bütün kinoların axırında eyni sözlər yazılır – “Filmin sonu”. 

Cahidə Sonku 18 mart 1981-ci ildə, 64 yaşında dünyadan köçdü. O, sanki bu dünyanın insanı deyildi, sirli-sehrli bir nağıldan gəlmişdi, həyatın şirinini-acısını dadıb yaşadı və qayıdıb getdi öz nağılına. Onun nağılını hələ də danışırlar: “Biri vardı, biri yoxdu, bir Əfsanə qadın vardı....”

 

Kamil Əfsəroğlu

 

525-ci qəzet.- 2014.- 29 mart.- S.18-19.