Vaqifin Vurğunu
Dünya
ədəbiyyatı tarixində
Molla Pənah Vaqiflə Səməd Vurğun kimi müxtəlif epoxalarda yaşayıb ruhən, poetexnologiya etibarilə bir- birinə bu qədər sıx bağlı olan iki böyük
şair təsəvvür eləmək,
yəqin ki, çox çətindir.
XVIII əsr Azərbaycan
poeziyasında yeni üslub- məktəb yaratmış, şeirin predmetini, ümumən gözəlliyini
göylərdən yerə
endirmiş sənətkarın
yaradıcılıq şəxsiyyətində
nə hikmət vardı ki, XX əsrin milli sosialist (kommunist!) şair- mütəfəkkirini
məftun etmişdi?
Səbəb yalnız o idimi
ki, Səməd Vurğun da Vaqifin doğulduğu, sözün geniş mənasında təhsil alıb dünyagörüşünün
formalaşdığı, böyük
söz sənətkarı
kimi püxtələşdiyi
mahalda, etnoqrafik (hətta, belə demək mümkünsə,
etnopoetik!) məkanda dünyaya gəlmişdi?..
Əlbəttə, yalnız bu
deyildi. Ancaq heç bir
şübhə yoxdur
ki, bu, çox
mühüm, bəlkə
də, əsas amil olmuşdur ki, XX əsrin şairi XVIII əsrdəki
sələfinə bu qədər inamla, müəyyən məqamlarda
təhtəlşüur bir
məhəbbətlə istinad
etsin.
Xalq, xüsusilə aşıq
poeziyasının yaradıcılıq
texnologiyalarını, demək
olar ki, zədələmədən bir
küll halında yazılı ədəbiyyata
gətirmiş, onu bir mahalın estetik zövqü miqyasından çıxarıb
bütövlükdə Azərbaycan
türklərinin
klassik bədii təfəkkürü səviyyəsinə
yüksəltmiş, milli
ruhu təzələmiş
Vaqif şeirdə yenilik (və millilik!) axtaran Səməd Vurğunu, təbii ki, gənc yaşlarından, özünə
ustad- müəllim axtardığı ilk illərdən
maraqlandırmış, hətta
sehrləmişdi. XX əsrin
20- ci illərində,
yəni yaradıcılığa
başladığı dövrdə
Səməd Vurğun
Vaqifi, sadəcə təqlid edirdisə, az sonra – 30- cu illərdə Vaqifə vurğunluq artıq etnoqrafik emosionallığını itirmədən,
dərk olunmuş, fəlsəfi- estetik məzmun qazanmış bir münasibət idi ki, bunun
tarixi təzahürü
bugünə qədər
müasir Azərbaycan
ədəbiyyatının ən
möhtəşəm (və
populyar) əsərlərindən
biri sayılan “Vaqif” dramı oldu.
Necə ki Vaqif ruhən
qidalandığı, pərvəriş
tapdığı torpağın
miqyasına sığmadı,
Səməd Vurğun
da o cür öz parlaq istedadını təqdim etmək üçün,
tamamilə təbi olaraq, geniş üfüqlər axtardı. Ancaq nə Vaqif, nə də Səməd Vurğun doğulub böyüdükləri
mahalın övladlığından
heç zaman imtina etmədilər... Yəni yaradıcılıq üçün
həmişə zəruri
olan yeniliyi, özünəməxsusluğu o yerdə aradılar ki, milli bədii
təfəkkür etnoqrafik
yaddaşını (Vətəni!)
itirməsin.
“Səməd Vurğunun, nə qədər milli olsa da,
sosialist (kommunist) bir şairin, yetişməsində Vaqifin
axı hansı xüsusi xidmətləri ola bilərdi?”
sualı o qədər
də yersiz və ya absurd deyil... Azərbaycanda patriarxal həyat tərzinin (və dünyagörüşünün) xeyli təcavüzkarcasına
və ya “hövsələsiz” olsa da, tamamilə haqlı olaraq, təqib edildiyi, aradan qaldırılmağa
çalışıldığı (və müqavimət göstərənlərin amansızcasına
cəzalandırıldığı) bir
dövrdə özünü
həmin dövrün şairi elan etmiş Səməd Vurğun “feodal dünyagörüşlü”
(həm də yerlisi olan!) XVIII əsr şairini hansı məntiqlə (və cəsarətlə!)
özünə ustad seçmişdi?... Nə üçün siyasi- ideoloji dedi- qoduların tüğyan eləməsinə
bu qədər imkan vermişdi?..
Düşünürəm ki, Səməd Vurğunun Vaqifə, mürəkkəb
tarixi şəraitə baxmayaraq, bu cür “təhlükəli”
bağlılığında, nə isə qaçılmaz, mistik məqamlar da yox deyildi.
Hərdən “şairlər ordusu
səf- səf düzlənsin, yoldaş
Mayakovski komandan olsun” desə də Səməd Vurğunun şair ruhunu canlandıran etnoqrafik köklərin təzahürü
– “Vaqifin şirin dili” idi. Və o, yeni dövrdə yaşamasına, Azərbaycanda
milli intibahın ən böyük nümayəndəsi
olmasına baxmayaraq, bizə gəlib çatan əsərlərində
bir dəfə də olsun nə
“Azərbaycan”, nə
“Azərbaycan (türk)
xalqı”, nə də “Azərbaycan (türk) dili” anlayışlarını işlətməmiş
şairin adını
ana dilinin adı kimi təqdim
etməkdən çəkinmirdi.
Çünki onun üçün XVIII əsr
şairinin xəlqi
leksikonu, qrammatikası,
üslubu və milli ruhu əsas
idi.
XX əsrin əvvəllərinin
müxtəlif üslubda
böyük Azərbaycan
şair- mütəfəkkirinin
hətta 30-
cu illərdə də
öz mövqeyini bu və ya
digər dərəcədə qoruyub saxlayan, bir sıra
hallarda yeni təzahürlərdə meydana
çıxan üslubları
Səməd Vurğunu
bir də ona görə qane etmirdi ki,
ona doğma olan Vaqif üslubunu
XIX əsrin
ortalarından gələn
bir axınla, faktiki olaraq, unutdurmuşdu. Və bu axın-
cəhd mövzulara,
ideyalara, qəhrəmanlara
qədər təsir göstərmiş, “Azərbaycan
sovet poeziyasının
banisi”ni “bəs mənim ölkəmin varlığı hanı?”
sualını verməyə
məcbur eləmişdi.
Səməd Vurğun sovet poeziyasında, ümumən
ədəbiyyatında, əgər
belə demək mümkünsə, Azərbaycan
konyukturlarını ən
yüksək səviyyədə
reallaşdırmış bir
sənətkar- ideoloq
olmuşdur ki, bu özünü Vaqif yaradıcılığına
münasibət məsələsində
də göstərir...
Heç şübhə
etmirəm ki, əgər Səməd Vurğunun Vaqifə elmi
təhlilə çətin
gələn bu cür intəhasız (artıq qeyd etdik ki, bir
sıra məqamlarda mistik!) məhəbbəti olmasaydı, XVIII əsrin böyük şairi sovet dövründə bu qədər rahat qəbul oluna, bu qədər
populyarlaşa bilərdi.
Məhz Səməd Vurğunun şəxsiyyəti, ideoloji-
ədəbi nüfuzu
inandırdı ki, Molla Pənah Vaqif də Nizami,
Füzuli kimi bizim müasirimizdir. Ancaq Allah tərəfi, bu cür “müasirliy”ə Vaqifin daha çox
haqqı vardı... Hər şeydən əvvəl ona görə ki, o, ana dilində
yazmışdı, həm
də XX əsrdəki
xələflərinin tamamilə
anlayacağı, eyni zamanda ədəbi hadisə olaraq zövq alacağı bir dildə yazmışdı.
Səməd Vurğunun Vaqifə xüsusi önəm verməsi, bir tərəfdən, onun ruhundan doğulması ilə bağlı idisə, digər tərəfdən, ədəbi- estetik ideallarını təsdiq etməsilə əlaqədar idi. Yəni müxtəlif istiqamətlərdən tənqidə məruz qalan şair sübut etmək istəyir (və demək olar ki, edirdi) ki, onun poetik üslubu kifayət qədər mötəbər köklərə malikdir ki, bunun da birincisi Vaqifin yaradıcılığıdır. Və o da təsadüfi deyildi ki, XX əsr şairini bəyənməyənlər, açıq və ya gizlin tənqid edənlər onun ustadına – XVIII əsr şairinə də hücum etməkdən çəkinmirdilər.
Səməd Vurğun dərindən bilirdi ki, sovet ədəbiyyatında Vaqifin yeri kifayət qədər paradoksal, ideya- estetik dərk baxımından xeyli dərəcədə ziddiyyətlidir... Belə ki, bir tərəfdən, bu böyük şairi xalq (zəhmətkeş kütlələr) arasından çıxdığına, “yadelli işğalçılara” qarşı mübarizə apardığına, hətta Rusiya tərəfdarı olduğuna (“beynəlmiləlçiliyinə!”) görə sovet ideologiyasına qəbul etdirmək o qədər də çətin deyil; digər tərəfdən isə, milli təfəkkürün (və dilin!) hələ XVIII əsrdə meydana çıxmış bu möhtəşəm hadisəsi elə bir mükəmməl yaddaş (və tarix!) təqdim edir ki, sabah və ya o biri gün sovet ideologiyası hər halda anlayacaq ki, bu təfəkkürün (və dilin) bugünkü daşıyıcılarını assimilyasiya etmək mümkün deyil, ona görə də Vaqifə (və nəticə etibarilə, Səməd Vurğuna!) ideoloji hücumlar qaçılmazdır.
Moskva bütün əsərlərini farsca yazmış dahi Nizaminin Azərbaycan şairi olduğunu “rəsmi olaraq” təsdiq edəndə əsas məqsəd heç də mənasız mübahisələrə son qoymaq, şairi öz xalqına qaytarmaq deyildi. Sovet ideoloqları bilirdilər ki, Nizami fars dilini bilməyən Azərbaycan türklərində milli yaddaşın oyanmasına çox az təsir edə bilər. Eləcə də dili çətin olan dahi Füzuli... “Dədə Qorqud” eposunu, təbii ki, qadağan etmək lazımdır. Vaqiflə nə edək?..
Patriarxal bir şairi, kiçik bir xanlığın “eşik ağası” miqyasından kənara çıxartmadan gözləyək. O zamana qədər ki, “novatorluq” axtarışları öz kosmopolit liberallığı ilə nəinki Vaqifi, hətta Səməd Vurğunu da tarixin arxivinə göndərəcəkdir.
Ancaq belə olmadı... Vaqifin (və Səməd Vurğunun!) “şirin dili”, bütün maneələrə rəğmən, müasir Azərbaycan ədəbi dilini formalaşdırdı, müasir ədəbiyyatın, elmin, publisistikanın ifadə- ünsiyyət vasitəsinə çevrildi, tarixin qırılmağa hesablanmış bağları (xronologiyası) bərpa edildi.
Əgər Vaqif yüz ildən çox sürən tərəddüdlərdən, üslub texnologiyası axtarışlarından sonra öz Vurğununu yetişdirməsəydi (və Səməd Vurğun Vaqifi daxilindən gələn romantik bir ehtirasla bu qədər yüksəldib ictimailəşdirməsəydi), görünür, həmin “axtarışlar” bugün də davam edəcəkdi.
Səməd Vurğun Vaqifi nə dərəcədə müasirləşdirdisə, Vaqif də Səməd Vurğunu o səviyyədə tarixiləşdirdi.
Nizami Cəfərov
525-ci qəzet.-
2014.- 29 mart.- S.16.