Aşıq Şəmşir yadigarı
Elə sənət adamları,
elə dahilər var ki, cismən həyatdan köçsələr də mənən qəlblərdə heykəlləşirlər. Belə şəxslərin əsl
həyat yolu ölümündən sonra
başlayır, adları
ölməzlik rəmzi
kimi insanların şüuruna həkk olur. Həqiqi, ölməz
sənət sahibləri...
Şair
Məmməd Araz bu barədə necə də gözəl deyib:
Şoruşdum birindən: şairəmmi
mən?
Özüm ki, özümü öyə bilmərəm.
Cavabı
asanca, qopdu dilindən:
" - Hələ ölməmisən,
deyə bilmərəm".
Ölümlə ölümsüzlüyə qovuşan, xalqın görən gözü, döyünən qəlbi,
düşünən beyni
olan, yaddaşlarda nağıllaşan, ürəklərdə
heykələ dönən
həqiqi sənət
korifeyləri az deyil.
Aşıq Şəmşir ömrünün
sazla köklənən
ecazkar sənət dünyası kimə bəlli deyil, kim onun
nəğmələrini dinləməyib,
sədəfli sazın
xoş sədaları
altında şirin röyalara dalmayıb, nağıllar aləminə
baş vurmayıb?
Onun aşıq
şeirinin müxtəlif
formalarında yazdığı
poeziya inciləri də xalqın əsl mənəvi sərvətinə çevrilib,
dillər əzbəri
olub. Lakin məqsədim aşığın
yaradıcılığını təhlil edib araşdırmaq deyil, onun son yadigarı olan, hələ mətbuat üzü görməyən bir təcnis və bir şəkli barədə istəkli oxuculara məlumat verməkdir. Bu yəqin ki, Şəmşir pərəstişkarları
üçün çox
maraqlı olardı.
Həmin unudulmaz yay günlərinin qısa təfsilatı belədir:
1975-ci ilin yayı. Azərbaycanın
dilbər guşələrindən
biri olan Şuşa şəhəri.
Həmin
isti yay günlərində şair
dostum İsa Şuşalının evində
idim. Başımız şirin söhbətə
qarışdığı zamanda xoş xəbər eşitdik.
Aşıq Şəmşir və qardaşı Qara bu evə,
bu ocağa təşrif buyurublar.
Gələnləri sonsuz sevinclə
qarşılayıb hal-əhval
tutduq.
Bir qədər
əvvələ qayıtmaq
istərdim.
Hələ 1970-ci illərdə institutda təhsil alarkən aşıq Şəmşirlə
bir neçə dəfə görüşlərimiz
olmuşdu. O vaxtlar "Cığır” adlı ədəbi poeziya və tərcümə dərnəyi fəaliyyət
göstərirdi. Ali məktəbin gənc yazarları da bu dərnəkdə öz şeir, hekayə və tərcümə nümunələrini
oxuyub, fikir mübadiləsi aparırdılar.
Bəyənilən əsərlər institutun "Bilik" qəzetində dərc olunurdu. Həmin dərnəyə mətbuatdan yaxşı tanıdığımız, gözəl
şeirlər müəllifi,
mərhum şairimiz Ənvər Rza rəhbərlik edirdi.
Bəzən dərnəyə respublikamızın tanınmış
şair və yazıçıları dəvət
olunur, onların fikir və düşüncələri,
məsləhətləri dinlənilirdi.
Gənc yazarlara bunun çox faydası olurdu. Belə görüşlərdən biri də aşıq
Şəmşirlə olmuşdu.
O, poeziyadan, sözün
qüdrətində bəhs
edərək bizə bu çətin yolda uğurlar diləmişdi. Eyni zamanda çox
incəliklə tənqid
və iradlarını
da bildirmişdi.
Bizi həqiqi tənqiddən nəticə çıxarmağa,
dözümlü olmağa
çağırmışdı. Yaxşı yadımdadır,
ustadın o vaxtlar
"Bilik" qəzetində
dərc olunmuş
"İnciməsin balalarım"
adlı nəsihətamiz
şeiri bizi xeyli kövrəltmişdi!
Həmin
şeiri sonralar heç bir mətbuat orqanında, habelə Dədə Şəmşirin müxtəlif
dövrlərdə çap
olunmuş şeirlər
kitablarında görə
bilmədim. Xoşbəxtlikdən o illərin əvəzolunmaz
yadigarı kimi həmin şeir indi də şəxsi
kitabxanamda qalmaqdadır.
Müasir həyatımızda hələ də aktuallığını və
tərbiyəvi əhəmiyyətini
itirməyən bu şeir yəqin ki, oxucular üçün
də maraqlı olardı. Ulu sənətkarımızın gənc yazarlara öyüd-nəsihət kimi
ünvanlandırdığı bu ibrətamiz misralar indi də
diqqətəlayiqdir və
yüksək məziyyətlərilə
fərqlənməkdədir.
İnciməsin balalarım
İnciməsin balalarım, nəsihətdi
ata sözü,
Fəramuşla unutmasın, çıxarmasın
xəyalından.
Çətin olar yaxşı
oğul sağ əlindən ata sözü,
Fərasəti tez faş olur
duyğusundan, kamalından.
Yaxşısını yaxşı anlar, sən də yaxşı deyən zaman,
Nəsihəti eşidənlər elə
həlim olsun gərək.
Baş əyər yol göstərənə bu möhtəşəm, bu mehriban,
Bildirər öz simasını lütvəsi pak olan ürək.
Nizamilər, Füzulilər nə
gətirib asimandan,
Bizə lazım nədir, ancaq gəlin bilək bu torpağı.
Şeirin
öz mənzili var, axtarmayaq çox o yandan
Vurğun deyib, yaxşı olur hər tərlanın
öz oylağı.
Məsləhətdi, nəsihətdi
gəlin şeiri belə yazaq,
Halal əmək
sahibidi, deyək fəal ölkəmizdən.
Hər gözəllik Bakıdadır,
niyə çıxaq
ərşə uzaq,
Sülhü, rəhmi, səadəti qoy öyrənsin hamı bizdən.
Yolun düşsə Qarabağa
"ağ-gümüşə" yetir nəzər,
Təzə, cavan üzüm bağlı, al-yaşıllı
düzlərə bax.
Qara qızıl yanındasan, sellənər hər yanı bəzər,
Tamam sərvət
məskənidir bizim aran, bizim bu
dağ.
Aşıq Şəmşir Qurban
oğlu,
17 oktyabr 1968-ci il.
İndi Qarabağın dilbər guşəsi olan Şuşada yenidən onunla görüşəndə
olub-keçənləri xatırladım. Dədə
Şəmşirin gülə-gülə,
bir az
da zarafatyana dediyi bu sözləri
indi də xatırlayıram: "Bala,
adamın dəyəcək
yerləri çox, qalacaq yeri bir
olar. Bu evin
qapısını açmağım
da təsadüfi deyildir. İsagil həm ərk
yerim, həm də görk yerimdir. Bu yüz
illərin sınağından
çıxmış müdrik
babalarımızın ağıl
və düşüncəsinə
ehtiramdan irəli gəlir. Müdriklər səhvlərində də səhvsiz olurlar".
Sonra bildim ki, Şuşaya gələndə həmişə
İsagildə müsafir
olurmuş. Yol deyəsən onu
yormuşdu. Çünki Dədə Şəmşirin
doğma kəndi Ağdabanla Şuşanın
arası xeyli məsafə idi, həm də yaş o yaş deyildi. Bir az dincini
aldıqdan sonra Dədə Şəmşir
kağız-qələm istədi.
Elə oradaca bədahətən söylədiyi "Təzə
anam məni" təcnisi kağıza köçürüldü. Həmin təcnisi uzun illərdən sonra oxuculara təqdim etməyi özümə borc bildim, həm
də bir növ mənəvi ehtiyac duydum.
Təzə anam məni
(təcnis)
Bu xoş səadətli görüşümüzdə,
Elə bil doğmuşdu təzə
anam məni.
Yanında tiflisli Dilsuzu gördüm,
Gözəl sevindirdi təzə nam məni.
Fərhad
Bisutunu bir baxdı, yardı,
Şuşa da çiçəkli
bir bax, diyardı,
İsa şuşalı da bir bəxtiyardı,
Əcəb qarşıladı təzə
ənam məni.
Xəstə meyli hər an istər ayə nar,
İqbal
şəmi tərəqqidə
ay yanar,
Şəmşir, indi səni yəqin ay anar,
Telli saz üstündə təzanəm
məni.
Aşıq Şəmşir, Şuşa şəhəri,
9 iyul 1975-ci il.
İsagilə gələn qonum-qonşular,
eşidib bilənlər
Dədə Şəmşirlə
görüşüb hal-əhval
tuturdular. Bu xəbər
Rayon Partiya Komitəsinə
də çatmışdı.
O vaxtlar mərhum Qəşəm Aslanov Şuşa rayon PK-nin birinci katibi
işləyirdi.
Şuşada, eləcə də respublikamızda kifayət qədər nüfuza malik olan Qəşəm Aslanov sözün əsl mənasında, nurlu ziyalılarımızdan idi. Sözə, sənətkara böyük qiymət verirdi. Vaxt məhdudiyyətinə baxmayaraq, bizi RP komitəsinə dəvət etdi. Onunla maraqlı və yaddaqalan söhbətlərimiz oldu. Şuşa Mədəniyyət Evində Dədə Şəmşirlə sazın, sözün işığında maraqlı görüş keçirildi. Həmin görüş ömrümüzə yazılan görüşlərdən oldu.
İndi o illərdən bizi 40 ilə yaxın zaman ayırır. Dədə Şəmşir artıq aramızda yoxdur. Təəssüf etsək də, bu bir həqiqətdir. Laylalarla, bayatılarla həzinləşən, sazla-sözlə köklənən bir ömrün mənası, bax beləcə başa çatır. Yox, deyəsən, yersiz oldu bu ifadə! Dədə Şəmşir ölməyib, əbədiyyətə qovuşub. Onun ölməzlik timsalı olan sazlı-sözlü dünyası yenə də Vətən torpağını bəzəyir..
Artıq o illər arxada qalıb. Təəssüflənirəm ki, ulu sənətkarın böyüyüb boya-başa çatdığı Kəlbəcərə - doğma Ağdaban kəndinə təşrif buyurmaq mənə qismət olmadı.
"Bala, imkan daxilində yolunu hərdən bizim obalara da sal, bir az da Ağdabanda dərdləşək" kəlmələrini indi də unuda bilmirəm. Onun ölüm xəbəri məni qəlbən sarsıtdı. Hardasa özümü qınadım. Sağlığında Dədə Şəmşirin dəvətinə əməl edə bilmədim.
Ölümlə ölümsüzlük sərhəddində həm də bir nəhayətsizlik gördüm. Nədənsə qəlbimdən qəribə bir hiss keçdi. İnsan da uca dağlar kimidir. Dağların cığırları, gədikləri, duman-çəni... olduğu kimi insan ömrünün də günləri, ayları, illəri, ağlı-qaralı həyat yolları var. Hamı zirvəyə can ata bilər, ancaq o zirvəyə ucalmaq, həmin zirvədə qərar tutmaq hər adamın işi deyil. Məhz bu zirvədə Dədə Şəmşir kimi əsl sənət adamları qərar tuta bilər.
P. S. İndi Qarabağın dilbər guşəsi Şuşa da, min bir dərdin dərmanı Kəlbəcər torpaqları da erməni qəsbkarlarının nəzarətindədir. El-obamız, dağlarımız, bulaqlarımız, meşələrimiz... kimi qəbirlərimiz də düşmən əsarətindədir.
Dədə Şəmşirin qəbri kimi. Onların müqəddəs ruhu, əsirlikdə, əsarətdə necə rahat ola bilər?!
Dilsuz MUSAYEV
525-ci qəzet.-
2014.- 1 may.- S.7.