Məhsəti Gəncəvi haqda ikiseriyalı yeni filmin ilk nümayişi olacaq

 

 

Film mayın 1-də və 2-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında göstəriləcək

Azərbaycan və  dünya ədəbiyyatının ən nadir simalarından olan Məhsəti Gəncəvinin 900 illiyi ötən il boyunca yalnız ölkəmizdə deyil, sərhədlərimizdən uzaqlarda da təntənə ilə bayram edildi. Həm də Məhsəti bayramları hələ davam etməkdədir - müxtəlif əcnəbi dillərdə şairə haqqında məqalələr çıxır, onun solmaz rübailəri yeni-yeni dillərə tərcümə edilir.

XII əsrin misilsiz sənətkarına marağın belə artması təsadüfi deyil. UNESCO-nun Məhsətinin 900 illiyini qeyd etmək haqda qərarı şairənin əbədi ömrünün əlamətdar hadisələrindən birinə çevrilib.

Orta əsrlər mühitində müstəsna istedadı ilə parlamış, ədəbi aləmdə azadfikirliliyin carçılarından olmuş, qadın qəlbinin hərarətini poeziyaya gətirmiş Azərbaycan şairəsini sanki dünya yenidən kəşf etməyə başladı.

"Azərbaycantelefilm"də ilk dəfə olaraq Məhsəti Gəncəvinin macəralı həyat yolu və rəngarəng yaradıcılığını əks etdirən iki hissəli film-esse çəkilib. Görkəmli ədbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun müəllifi olduğu bu filmin çəkilişləri Bakı və Gəncədə aparılıb.

Orta əsrlərin çeşidli yazılı məxəzləri əsasında filmdə şairə və onun məsləkdaşlarının həyat və mübarizə yolu gerçək təfərrüatları ilə təsvir edilir.

Filmdə Bakı və Gəncə teatrlarının 50-dən artıq aktyoru çəkilmişdir. Bu maraqlı kinoşəkildə Məhsətinin sözlərinə bəstəkar Rizvan Sədirxanovun yazdığı nəğmələr də ilk dəfə səslənir.

"Məhsəti zuirvəsi" adlanan bu filmin "Rübai sultanı" adlı birinci hissəsi mayın 1-də saat 20.45-də, "Qocalmaz sevgi" adlanan 2-ci hissəsi mayın 2-də yenə həmin saatda Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında ilk dəfə nümayiş etdiriləcək.

Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında Məhsəti Gəncəviyə həsr edilmiş bu filmin ayrıca təqdimat mərasimin keçirilməsi də nəzərdə tutulur.

 

FİRƏNGİZ

525-ci qəzet.- 2014.- 1 may.- S.7.