Vətəndaş cəmiyyəti qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və rolu

 

 

 

Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə də vətəndaş cəmiyyətinin digər institutları mühüm rol oynayır. Azərbaycan dövləti də öz növbəsində vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, təşkilatlanmasına, habelə onların dövlət siyasətinin icra olunmasında yaxından iştirak etməsinə maraqlıdır. Buna görə də dövlət bu sahədə atdığı hər bir addımla QHT-lərin inkişaf etdirilməsində maraqlı olduğunu əyani sübut edir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının  yaradılması və bu qurumun həyata keçirdiyi addımlar, istərsə də gerçəkləşdirilən digər tədbirlər bu sektorun inkişafına əsaslandıraraq, onların cəmiyyətin inkişafında yaxından iştirak etməsinə şərait yaradıb.

Qeyd edək ki, bu yazının hazırlanmasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin bu sahədə olan araşdırmalarından istifadə edilib.

 

(Əvvəli 26 aprel sayımızda)

 

QHT-lər xüsusilə yoxsullar, işsizlər, qadınlar, gənclər, etnik azlıqlar və bu  kimi digər hədəf qruplarına texniki-peşə təhsili və təlimi xidmətləri göstərməklə bu qrupların dövlət tərəfindən təmin edilməyən və bazarda əldə edə bilmədiyi mal və  xidmətlərə olan ehtiyaclarını qarşılaya bilirlər. Daha çevik və ehtiyaclara yönəlik xarakteri ilə QHT-lər bu cür sosial xidmətləri innovativ üsullarla təqdim edə bilirlər.

 

Bacarıqların artırılması icmanı inkişaf proqramlarında iştiraka həvəsləndirmək və  səfərbər etmək QHT-lərin vacib vəzifələrindədir. Onlar icmanın bilik və bacarıqların artırılması və öz gücünə güvənməyə yönələn fəaliyyətlər həyata keçirməklə icmanın davamlı inkişafını təmin  edə bilirlər. İcmada böyük enerji olur ki, məlumatsızlıq, təhsilsizlik, ətalət və digər səbəblərdən istifadə edilməmiş qalır. 

 

Lakin bu ətaləti QHT-lər maariflənmə, bacarıqların artırılması və təşkilatlanma vasitəsilə qıra və icmaya potensialını reallaşdırmağa kömək edə bilirlər. İcma inkişafının kənar qüvvələrdən asılılığını azaltmaq üçün icma öz daxili resurslarına güvənməlidir. Əksər hallarda yerli icmaların müəyyən layihələrin həyata keçirilməsi üçün vacib olan peşəkar mütəxəssisləri və resursları olmur. Bu halda, QHT-lər yerli heyətə layihələrin hazırlanması və həyata keçirilməsində yardımçı ola bilirlər. İcma resurslarının və məlumatlılığın artmasına, layihələrdə iştiraka  motivasiyaya və ən nəhayət icma həyatının keyfiyyətinin  yüksəlməsinə yardım edirlər. Bacarıqların artırılması icma  potensialının aşkarlanması və artırılmasına töhfə verən davamlı inkişaf siyasəti kimi müəyyən edilib. Bacarıqların artırılması xidmətlərin icmanın ehtiyacları və xüsusiyyətləri haqqında az məlumatlı olan kənar ekspertlər tərəfindən həyata keçirildiyi proqramlardan daha səmərəlidir. Buna görə də bacarıqların artırılmasının vacib nəticəsi kimi davamlı inkişafa qabil və iqtisadi cəhətdən inkişaf etmiş icma görülür. Yardım və reabilitasiya bacarıqların artırılması, sosial xidmətlərin təminatı və  ictimai vəkillik strategiyaları nisbətən uzun müddətə nəticə verən fəaliyyətlərdir. Xüsusilə bu proqramlardan faydalana bilməyən xüsusi qruplar (yaşlılar, əlillər və s.) da var ki, onların bilavasitə  yardıma ehtiyacı olur. Bəzən təbii fəlakətlər, konfliktlər kimi  fövqəladə situasiyalarda QHT-lər tərəfindən müvəqqəti sığınacaq, ərzaq yardımı və s. kimi ənənəvi yardım və reabilitasiya proqramları xeyli dərəcədə əhəmiyyətli olur. QHT-lər belə hadisələrlə bağlı həyəcan təbili çalmaq, beynəlxalq yardımları cəlb etmək, çevik münasibət, yerli təşkilatlarla əməkdaşlıq və fəlakətlərə hazırlıq kimi qabiliyyətlərə malikdir.

 

QHT-lər və ictimai vəkillik

 

Demokratikləşmə istiqamətində artan qlobal meyllər QHT-lərin ictimai siyasət və strategiyaların hazırlanmasında iştirakı  üçün əlverişli imkanlar açır. İctimai vəkillik QHT-lərin  qərarvermə prosesinə təsir etmək, insanların, xüsusilə marginal qrupların səsinin və ehtiyaclarının qərarverənlərə çatdırılması üçün istifadə etdikləri ən effektiv vasitədir. Vətəndaş cəmiyyəti təşkilatları üçün bu pozitiv dəyişikliklərə aparan yerli və milli səviyyəli siyasətlərin və ya liderlərin dəstəklənməsi üçün öz üzvlərini və kütlələri səfərbər etmə mənasını daşıyır. Bəs belə bir fəaliyyət vətəndaş cəmiyyəti təşkilatlarına nə verir? Nə üçün onlar vəkilliklə məşğul olur və ya olmalıdırlar? Vətəndaş cəmiyyəti təşkilatlarının böyük bir əksəriyyəti cəmiyyətin pozitiv yöndə dəyişməsi və yaxşılaşması üçün yorulmadan çalışırlar. Onlar dərk edirlər ki, yerli, regional və milli səviyyədə qəbul edilən qərarlar ayrı-ayrılıqda hər bir kəsin, ümumilikdə isə hamının həyatına təsir edir; cəmiyyətə pozitiv dəyişiklikləri gətirən yol isə birbaşa bu qərarların və bənzər siyasətlərin yaxşılaşmasından və dəyişməsindən keçir; bu dəyişikliklərə nail olmaq isə hər zaman vətəndaş cəmiyyəti təşkilatlarının vərdiş etdikləri fəaliyyətlər - monitorinq, tədqiqat, layihə  üsulu və s. hesabına mümkün olmur. Elə bir fəaliyyət lazımdır ki, vətəndaşları bir araya gətirsin,  sistemli, planlı olsun və konkret hədəfi olsun. Belə ki, tək-tək  insanların zəif səsi qulaqardı edilsə də, vahid məqsəd üçün bir arada çalışan çoxluğun səsi diqqətdən kənarda qala bilməz. Vəkillik bu aspektdən çox kritikdir. Rəsmi siyasətlərə təsir etmək, onları yaxşılaşdırmaq üçün QHT-lər əsasən beş strategiyadan istifadə edirlər. Bunlar maarifləndirmə, inandırma, əməkdaşlıq, məhkəmə çəkişmələri və konfrontasiya strategiyalarıdır. Maarifləndirmə yolu ilə vətəndaş cəmiyyəti təşkilatları hökumətləri daha çox informasiya, təhlillər, innovativ yanaşmalar və alternativlərlə təchiz etməyə çalışırlar. Maarifləndirmə seminarlar, konfranslar, pilot layihələri tətbiq etmək vasitəsilə həyata keçirilir. Bu strategiya təkcə hökumətləri deyil, ümumilikdə ictimaiyyəti, medianı, millət vəkillərini, vətəndaş cəmiyyəti təşkilatlarını və icmaları da hədəf ala bilər. Vətəndaş cəmiyyəti təşkilatları inandırma strategiyasından istifadə edərkən, daha çox təzyiq qrupları kimi çıxış edir və təklif etdikləri ideyalara ictimai dəstəyi nümayiş etdirməyə çalışırlar. Burada məqsəd hökumətləri vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklədiyi siyasəti və ya təqdim etdiyi  dəyişiklikləri nəzərə almağa və qanunvericiliyə daxil etməyə sövq  etməkdir. Görüşlər, konfranslar, lobbiçilik və nümayişlər hökumətləri inandırmaq üçün ən effektiv üsullardır. Əməkdaşlıq strategiyasını tətbiq edərkən, vətəndaş cəmiyyəti təşkilatları hökumətlərlə əl-ələ işləməyə çalışırlar. Bu hökumət-vətəndaş cəmiyyəti təşkilatları münasibətlərinin  yaxşı və dostcasına olduğu halda, qarşılıqlı etimadın mövcudluğu, eyni zamanda hökumətlərin açıq və şəffaf olduğu şəraitdə mümkündür. Əlaqələrin qurulması, danışıqlar, konsultasiyalar yolu ilə tərəflər öz maraq, ehtiyac və istəklərini, məqsədlərini bir-birilə bölüşə bilir. Vətəndaş cəmiyyəti təşkilatlarının rəsmi siyasətlərdə dəyişiklik etmək üçün istifadə etdikləri daha bir vasitə məhkəmə çəkişmələridir. Qanunların  pozulduğuna və ya düzgün tətbiq edilmədiyinə əmin olduqda vətəndaş cəmiyyəti təşkilatları hökumətləri və ya başqa tərəfi məhkəməyə verə bilir.  Konfrontasiya strategiyası müxtəlif xarakterli etiraz tədbirlərini nəzərdə tutur. Bu, daha çox hökumətlə vətəndaş cəmiyyəti təşkilatları arasında münasibətlərin kəskin və barışmaz olduğu şəraitdə baş verir ki, bu zaman radikal tədbirlər, etiraz nümayişləri, kütləvi  yığıncaqlar  və s. təsir vasitəsi kimi seçilir.

 

QHT-lərin yaxşı idarəetmənin təşkilində rolu

 

Yaxşı idarəetmə məsələsi inkişaf problemlərinin mərkəzində dayanmaqla davamlı iqtisadi artım və yoxsulluğun azaldılmasına nail olmaq yolunda əsas faktorlardan biri kimi müəyyən edilib. Təcrübə göstərir ki, resursların bolluğuna, hətta hazırlanmış siyasətlərin keyfiyyətli olmasına baxmayaraq insanların rifahında və təqdim olunan xidmətlərin keyfiyyətlərində yaxşılaşma müşahidə olunmur, aclıq, xəstəlik və savadsızlıq bəlasından xilas olmaq mümkün olmur. Bütün bunlar effektiv hökumət strukturu və yaxşı idarəetmə məsələsini  aktuallaşdırır. Belə idarəetmənin əsas mexanizmləri kimi isə vətəndaş iştirakçılığı, hesabatlılıq və şəffaflıq alətləri çıxış edir. Vətəndaş iştirakçılığı - vətəndaşların cəmiyyətin idarə edilməsi və ictimai işlərin həll edilməsində iştirakı başa düşülür. Vətəndaş iştirakçılığı - ümumi maraqların birləşdirdiyi fərdlər və qrupların öz ehtiyac, istək və münasibətlərini fəal şəkildə qərarverənlərə çatdırması, onların həyatına təsir edən qərarların qəbulu və icra olunması prosesinə qoşulması, bu qərarlara təsir etmək və nəzarəti paylaşmaq vasitəsidir.  Hesabatlılıq - demokratiya və yaxşı idarəetmənin elə bir mexanizmidir ki, o dövləti və vətəndaşları əsasən nəticələr üzərində fokuslaşmaqla aydın vəzifələr müəyyənləşdirməyə, effektiv strategiyalar hazırlamağa və həyata keçirməyə, fəaliyyətin monitorinqini aparmağa, onun nəticələri haqda  obyektiv hesabatlar hazırlamağa və cəmiyyətlə paylaşmağa sövq edir.

 

(Ardı var)

Aqil

525-ci qəzet.- 2014.- 1 may.- S.6.