Arif Məmmədov: "Gəncə şəhərinin
arxeoloji tədqiqində yeni mərhələ
başlayıb"
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər
arxeologiyası şöbəsinin müdiri, Gəncə
arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə elmlər
doktoru, professor Arif Məmmədov ilə söhbətimiz
Avropanın Gənclər paytaxtı elan olunan,
günü-gündən gözəlləşən Gəncə
şəhərinin arxeoloji tədqiqi sahəsindəki son
durumla bağlıdır.
- Arif müəllim, uzun illərdir,
Gəncə şəhərində arxeoloji tədqiqatlar
aparırsınız. Bu işlərin əvvəlki
elmi tədqiqatlardan fərqi nədədir? Hansı elmi yeniliklər var?
- Bu
gün Gəncədə geniş abadlıq və quruculuq
işləri aparılmaqdadır. Mövcud
prosesdə ən vacib məqam klassik üslubla müasirliyin
sintezidir. Bərpa işləri zamanı
tarixdə Gəncə hörgüsü adı ilə
tanınan Arran memarlıq üslubunun qorunması xüsusilə
təqdirəlayiqdir. Mövcud yanaşma qədim
Gəncənin hər səhifəsini əks etdirən şərəfli
tarixinin bundan sonra da qorunacağına zəmanət verir.
Gəncədə ilk sistemli tədqiqat işləri XX əsrin
əvvəllərində aparılıb. Bu
qazıntılar kəşfiyyat baxımından mühüm əhəmiyyət
kəsb etsə də, şəhərin yaranmasına dair
konkret fikir söyləməyə əsas vermir. 1981-ci ildən tarix elmləri namizədi Rəfail
Əhmədovun rəhbərliyi ilə yenidən fəaliyyətə
başlayan Gəncə arxeoloji ekspedisiyası şəhərin
orta əsrlər dövrünün öyrənilməsi sahəsində
xeyli işlər gördü. Ancaq onun
tarixi ərazilərinin dəqiqləşdirilməsi və qədim
dövr abidələrinin tədqiqinə diqqət yetirilmədi.
Real nəticələrə gəldikdə, Gəncə
arxeoloji ekspedisiyasının 2003-2013-cü illərdə
apardığı arxeoloji qazıntıların əhəmiyyəti
böyükdür. Əsas cəhət odur ki, arxeoloji tədqiqatlar
zamanı Gəncənin qədim tarixinin tədqiqinə
xüsusi diqqət yetirilib. Bu məqsədlə
təkcə orta əsr şəhər yeri deyil, həm də
qədim Gəncənin əraziləri hesab edilən ətrafdakı
arxeoloji abidələr tədqiqata cəlb edilib. Ekspedisiyanın fəaliyyəti zamanı daş
dövrünün yeni mərhələsinə (neolit
dövrü) aid daş baltanın və isgənənin
tapılması, Gillikdağ emalatxanasından və düşərgəsindən
dəvəgözü və çaxmaqdaşı alətlərinin
əldə edilməsi bu ərazidə yaşamış
insanların eramızdan əvvəl VII - VI minilliklərə
aid neolit mədəniyyətinin yaradıcılarından
olduğunu söyləməyə əsas verir. Gəncə
Dövlət Qoruğunun ərazisindəki Təndirli deyilən
yerdə eneolit dövrünə aid arxeoloji
tapıntıların varlığı sübut edir ki, burada
neolit dövründə başlamış həyat tərzi e.ə.
V minillikdə, eneolit dövründə də davam edib, yeni
iqtisadi inkişaf üçün zəmin yaranıb.
Arxeoloji tədqiqatlar
həmçinin e.ə
IV-III minilliklərdə Gəncənin dağətəyi
ərazilərində məskunlaşmanın
artdığını, yeni yaşayış yerlərinin
meydana gəldiyini sübuta yetirir. Bu dövrdə tuncun kəşfi
metallurgiya, metalişləmə və dulusçuluqda təkamülün
olduğunu da
isbatlayır. Məhz e.ə IV-III minilliklərdə Gəncə
eneolit mədəniyyəti əsasında yaranmış
ilk tunc dövrü mədəniyyəti - Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən
biri olub. Gəncə ətrafı kurqan abidələrində
aparılan arxeoloji tədqiqatlar burada dairəvi quyularda adi dəfnetmə
və kremasiya adətlərinin olduğunu izləməyə imkan
yaradır. Buradakı dəfn adətləri e.ə
III minillikdə bölgədə qədim tayfaların
yaşadıqlarını sübüt edən əyani dəlillərdir.
Gəncədə Kür-Araz mədəniyyəti
tayfalarının mənəvi mədəniyyəti burada tədqiq
edilən qəbir abidələrində izlənilib. Qədim
Gəncə tayfalarının dairəvi planlı quyu tipli qəbir
abidələrində adi dəfn adətləri ilə
yanaşı, kremasiya-ölülərin yandırılıb
basdırılması adətləri də müşahidə
olunub. Ətrafı və üstü daşlarla
örtülmüş bu tip qəbirlər həm Gəncə,
həm də Qarabağın qədim tayfaları
üçün səciyyəvidir. Xalqımızın
qədim mədəniyyətini özündə əks etdirən
dəfn adətlərindəki eynilik bu ərazilərdə
yaşamış tayfaların etnik mənsubiyyətcə də
yekcins olduqlarını göstərir.
Arxeoloji tədqiqatların
nəticələri e.ə IV-I minilliklərdə Yaxın
Şərq və Ön Asiyanın ticarət mərkəzini əlaqələndirən
əsas karvan yollarının da Gəncədən
keçdiyini göstərir ki, bu da Gəncənin bu ticarət
yolu üzərində inkişaf tapdığını və
bütün Cənubi Qafqazda mühüm mədəniyyət
mərkəzlərindən biri
olduğunu təsdiqləyir. Gəncə ətrafında
Makedoniyalı İsgəndərin adına
kəsilmiş gümüş pul dəfinəsinin
tapılması artıq antik dövrdə ərazidə yüksək
dərəcədə inkişaf etmiş sənətkarlıq
və ticarət mərkəzi kimi tanınan iri şəhərin
olduğunu isbat edir. Gəncə şəhərinin əsasının
e.ə IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən
qoyulması ilə bağlı əfsanəvi məlumatlar da
var. N.Gəncəvinin "İsgəndərnamə" poemasında
İsgəndərlə Nüşabənin
görüşü zamanı yeni bir şəhərin əsasının
qoyulduğu da bildirilir. Həmin dövrdə Bərdə
şəhəri mövcud olduğundan və Nüşabə
də onun hökmdarı kimi tanındığından, yeni əsası
qoyulan şəhərin Gəncə olduğunu ehtimal etmək
olar. Lakin Makedoniyalı İsgəndərin
Şimali Azərbaycanda olmadığı haqda məlumatları
əsas götürsək, onda bu fikir yalnız ehtimal xarakteri
daşıya bilər. Həm də həmin
dövrdə Gəncə artıq şəhər kimi
mövcud olduğundan, burada şəhərin əsasının
qoyulmasından yox, tam dağıntılara məruz
qalmış şəhərin yerdəyişməsindən,
yaxud bərpasından söhbət gedə bilər.
Gəncə arxeoloji ekspedisiyasının Gəncə
Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisinə
daxil olan Şəhər burnunda apardığı arxeoloji
qazıntıların nəticələri yazılı məlumatları
təsdiqləyir. Hələ eramızın əvvəllərində
yaşamış Strabonun məlumatlarını əsas
götürsək, antik dövrdə Kür çayı gəmiçilik
üçün yararlı olduğundan, bütün iri
yaşayış məntəqələri həmin çay
boyunca yerləşmişdi. Arxeoloji qazıntılar
zamanı çayda hərəkət edən gəmilərin
yan alması üçün "buxta"
qalıqlarının, müsafirlərin və yüklərin
yerləşdirilməsi üçün nəzərdə
tutulan hücrələrin, sənətkarlıq məmulatları
və alətlərinin tapılması deyilənlərin
sübutudur. Digər tərəfdən, ilk insanların məşğuliyyətində
ovçuluq və yığıcılıqla yanaşı
balıqçılığın da mühüm yer
tutduğunu və bunun üçün Kür çayı
sahillərindəki Gəncə Qoruğu ərazisində
bütün imkanlarının olduğunu, eləcə də
şəhərin yaranması və gələcəkdə
böyüməsi üçün geniş düzənlik ərazinin
vacibliyini nəzərə alsaq, qədim Gəncə
dağlıq yerlərdə deyil, məhz bu ərazilərdə
təşəkkül tapıb. Gəncə arxeoloji
ekspedisiyasının apardığı arxeoloji kəşfiyyat
işləri zamanı "Şəhər burnun"dan əvvəlki
Gəncənin yeri hesab etdiyimiz ərazi də müəyyənləşdirilib
ki, bu da onun antik dövrdən əvvəlki tarixinin dəqiqləşdirilməsi
baxımından önəmlidir. Yeni müəyyənləşdirilmiş
ərazidə arxeoloji tədqiqat işlərinə
başlanılması həm də antik və daha qədim
dövrlərdə Gəncənin ətrafına hasar çəkilməsi
ilə bağlı fikirlərə aydınlıq gətirməyə
imkan verəcək.
-
Sonrakı dövrdə Gəncənin arxeoloji tədqiqi ilə
bağlı hansı xüsusiyyətləri vurğulamaq
mümkündür?
- Ərəb işğalları dövründə Gəncə
Albaniyanın əsas şəhərlərindən biri kimi
öz mövqeyini saxlaya bildi. 943-944-cü illərdə
slavyanların hücumları nəticəsində Bərdə
şəhəri güclü dağıntılara məruz
qaldığından ticarət yolları şimaldan cənuba
keçmiş və Bərdə əlaqə nöqtəsi
kimi öz əhəmiyyətini itirdi. Həmin dövrdə
iqtisadi, siyasi və mədəni mərkəz kimi Gəncənin
mövqeyi artdı, onun ətraf qala divarları möhkəmləndirildi,
Keşikçi qala, Gülüstan qalası, Qızıl qala,
Balçılı qalası, Köşkü qalası və
s. kimi müdafiə istehkamları tikildi.XI əsrdə Şəddadilər
dövründə güclənən Gəncə Arranın nəhəng
şəhərinə çevrildi. XI-XII əsrlərdə Gəncə
ölkənin siyasi, iqtisadi və mədəni həyatında
mühüm rol oynayan şəhər kimi məşhurlaşdı.
Atabəylərin hakimiyyəti dövründə Gəncə
həm müsəlman, həm də xristian Alban İntibah mədəniyyətinin
mərkəzi oldu. Müsəlman İntibahının Əbül-üla Gəncəvi,
Nizami Gəncəvi, Qivami Gəncəvi, Məhsəti (Rəziyyə)
Gəncəvi, xristian alban mədəniyyətinin David Alavik,
Smbat Sparapet, Xetun Patmiç, Mxitar Qoş, Kirakos Gəncəli,
Böyük Vardan albanlı və s. kimi nümayəndələri
Gəncədə yaşayıb yaradıblar. Bu
dövrdə Alban katalikosluğunun mərkəzinin
Qarabağdakı Gəncəsər və Berdakur məbədlərindən,
Gəncə ətrafındakı dağlarda yerləşən
Mahrasa məbədinə köçürülməsi də
deyilənləri təsdiq edir.
Arxeoloji tədqiqatlar onu da sübut edir ki, monqol
işğalları dövründə Gəncə və ətraf
ərazilərdə əkinçiliyin tənəzzülü
və heyvandarlığın inkişafı ilə əlaqədar
tərəkəmələr xeyli varlandılar. Öz mal-qara
sürülərini monqollardan qorumağa çalışan tərəkəmə
elbəyiləri (feodalları) dağlıq ərazilərə
çəkilir, əlverişli yerlərdə özlərinə
qəsrlər tikdirir, əlavə müdafiə hasarları
çəkdirirdilər. XIII-XIV əsrlərdə
tikilmiş Zurnabad qalası da bu məqsədlə inşa
olunmuş qurğulardan hesab edilir.
Ümumən Gəncə arxeoloji ekspedisiyası 2003-2013-cü illərdə orta əsr Gəncə şəhəri ərazisində qala divarlarının daha qədim qalıqlarını, VII-VIII əsrlərə aid yeddi aşırımlı körpünün tağlarını, 4,5 m dərinlikdəki su kəməri xətti qalıqlarını və s. aşkarlayıb. Ekspedisiya həmçinin dulus və kərpic kürəxanalarında, N.Gəncəviyə hədiyyə edilən Həmidünya kəndinin yerləşdiyi Beşran təpəsində, Qızıl qalada, Çillikdağda, Təndirlidə, Zurnabad qalasında, Balçılı Qız qalasında, Keşikçidağ məbədlərində, mağaralarında, qulləsində və nekropolunda, Mahrasa məbədində, Göybulaq məbədində, Topal Hasanlı kəndində, İsgəndər təpəsində və s. ərazilərdə arxeoloji tədqiqat və kəşfiyyat işləri aparıb, şəhərin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət qalıqlarını üzə çıxara bilib.
Arxeoloji qazıntıların nəticələri Gəncə ərazisində neolit dövründən başlayaraq son orta əsrlərə qədərki dövrdə maddi-mədəniyyətdəki varisliliyi və ənənəviliyi izləməyə imkan verib, burada yaşayan əhalinin tərkibinin yekcins olduğunu təsdiqləyib. Habelə ortaya şəhərin daha qədim tarixinə dair yeni faktlar qoyub. Bütün bunlara görə qətiyyətlə demək mümkündür ki, Gəncə şəhərinin arxeoloji tədqiqində yeni mərhələ başlayıb.
- Gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar barədə nə deyə bilərsiniz?
- Arxeologiya lisenziyalı sahədir. Mərkəzləşmiş qaydada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzarəti ilə aparılır. Tarixçi hansısa arxiv sənədini işləyərkən səhvə yol versə, onu gələcəkdə başqası düzəldə bilər, ancaq arxeoloji abidə dağıldısa, onu yenidən bərpa etmək, öyrənmək mümkünsüzdür. Hələlik Gəncə arxeoloji ekspedisiyası hər il mövsümi olaraq fəaliyyətini davam etdirir. Gəncədə olan kadrlarımız arxeoloji tədqiqatlara cəlb olunurlar.
Aqil LƏTİFOV
525-ci qəzet.-
2014.- 1 may.- S.5.