On illik dostluğun tarixçəsi: Məmmədtağı
Sidqi və Cəlil Məmmədquluzadə
Məmmədtağı Sidqi ilə Cəlil Məmmədquluzadənin şəxsi tanışlığı Sidqinin Naxçıvanda "Tərbiyə" məktəbini təsis etdiyi vaxtdan - 1894-cü ildən başlayıb və tədricən əqidə və məslək dostluğuna çevrilib. O vaxt "Tərbiyə" məktəbi
Naxçıvanda ədəbi-mədəni fikrin əsas mərkəzlərindən
biri idi. Həmin məktəbi "yeniyetmə,
müəllim və ədiblər üçün
darülürfan" adlandıran C.Məmmədquluzadə də
digər ziyalılar kimi tez-tez Sidqinin ziyarətinə gedər
və onun mənalı söhbətlərini dinləyərdi.
Əlimizə çatan bəzi tarixi sənədlər,
bir sıra mətbu və qeyri-mətbu materiallar Sidqi ilə
C.Məmmədquluzadənin əlaqəsinə dair müəyyən
məlumatları özündə əks etdirir. Bu
materialların içərisində Sidqi, Qurbanəli Şərifzadə,
Cəlil Məmmədquluzadə və başqa şəxslərə
məxsus məktubların xüsusi əhəmiyyəti
vardır. Həmin məktublar hər iki məslək
dostunun maraq dairəsi, şəxsi keyfiyyətləri ilə
yanaşı, əməkdaşlıqları, yaradıcılıq
əlaqələri, fikir mübadilələri haqqında da
müəyyən bitkin təsəvvür yarada bilir. Fikrimizi əsaslandırmağa Sidqi və C.Məmmədquluzadənin
Q.Şərifzadəyə yazdıqları şərikli bir məktubdan
nümunə göstərməklə başlamaq istəyirik.
Məktubun ilk cümlələri Sidqinin xətti ilə
yazılıb: "Əzizim Məşədi Qurbanəli! Bu saat... cənab sərkar ağa Mirzə Cəlil əfəndim
həzrətlərinin masahibəti ilə sizin dükan üzrə
varid olduq. Bir halətdə ki, Məşədi Məhəmməd
kağız yazmağa məşğul idi, ikimiz də birdən
bir səs ilə dedik ki, sən allah, gəl
biz də kağız yazaq... Baxdıq
gördük ki, bir-birimizi allaha and vermişik, məəttəl
qalıb kağız yazdıq. İndi mən
deyirəm, kağızı qoy mən yazım, Mirzə Cəlil
deyir qoy mən yazım. Bir qədər cəngələşəndən
sonra axırı zorla qələmi alıb
başlamışam həminki bu əhvalatı yazmağa, indi
istəyirəm bu mətləbimi yazım, Mirzə Cəlil tələsir,
qoymur, bax qoymur ha! Qaldı, bax yazmadım!"
Məktub
sonra C.Məmmədquluzadənin xətti ilə davam etdirilir:
"Allah Məşədi Tağıya insaf versin! Nə qədər
dedim qoysun kaqızı əvvəl mən başlayım
yazım, nə qədər yalvardım qoymadı və
özü qələmi götürüb yazdı. Amma nə etmək. Dəxi dava-mərəkə
nə lazım. Elə ki, Məşədi Tağı
ağa qələmi götürüb başladı
yazmağı, mən sakit və samit guşədə əyləşib
və Sədinin "səbr" barəsində nəsihətini
yada salıb mat-mat baxıram Məşədinin
yazı-pozusuna".
Tanışlıqlarının ilk illərinin birində
(Ə.Şərifin fikrincə, məktub ya 1895, ya da
1896-cı ilin iyul ayında yazılmışdır) Q.Şərifzadəyə
yazdıqları bu məktubun başlanğıcı
onların çox tez bir zamanda səmimi bir dosta çevrildiklərini
göstərir. Sidqinin C.Məmmədquluzadəyə "cənab sərkar
ağa", "əfəndim",
"həzrət" kimi müraciətləri, "cəngələşəndən
sonra zorla qələmi ondan alması", Mirzə Cəlilin
isə ona "yalvarması" və bu, bir nəticə vermədikdə
məktubu yazmağa imkan verməməsi, Sidqinin "Qoymur, bax
qoymur ha!" harayı, nəticədə Mirzə Cəlilin
"dava-mərəkə"dən çəkinərək
"mat-mat Məşədinin yazı-pozusuna baxması"
haqqında məktubda yazılanları oxuduqca gözlərimiz
önündə bir səhnəcik canlanır. Bu səhnəciyin
qəhrəmanları arasında 15 il
yaş fərqi olsa da, münasibətlərindəki ərkyanalıq
və səmimilik bu yaş fərqini tamamilə silib aradan
aparır, hətta iş "cəngələşməyə"
gedib çıxır. Buna baxmayaraq, səhnəciyin
finalında Mirzə Cəlil milli dəyərləri
üstün tutaraq böyüyün üzünə ağ olmaqdansa, "dava-mərəkə"dən
əl çəkməyi üstün tutur.
Sidqi və C.Məmmədquluzadənin münasibətlərinin
müəyyən məqamları haqqında ayrı-ayrı
vaxtlarda həm özləri, həm də müxtəlif şəxslər
tərəfindən yazılmış məktublardan da bəzi
məlumatlar almaq mümkündür.
Müxtəlif məktublardan misal gətirdiyimiz bu
nümunələrdən aydın olur ki, Sidqi və C.Məmmədquluzadə,
harada olurlarsa olsunlar, həmişə bir-birindən soraq tutub,
bir-birinin dərd-sərinə şərik olublar. Lakin qəribə
burasıdır ki, onların öz aralarındakı məktublaşmalarda
bir tənbəllik və astagəllik özünü göstərib.
Sidqi bu vəziyyətin
yaranmasında öz payına düşən
"günahı" boynuna alaraq Q.Şərifzadəyə
göndərdiyi 25 iyun 1901-ci il tarixli məktubunda
yazırdı: "Əziz qardaşım, cənab Mirzə Cəlilin
xidmətinə ərzi-salamımı yetir. Onun
yazdığından beləməlum olur ki, o da
Naxçıvana gəlməlidir. Ümidvaram
ki, ikiniz birlikdə gələrsiniz. Mənim
salamımı o cənaba yetirməyi qəbul edin. Mən son dərəcədə ondan xəcalətəm.
Çünki iki-üç həftədir ki,
o, müfəssəl məktub yazıb ancaq mən hələ
cavab yazmağa başlamamışam".
Vəziyyətin
həqiqətən bu yerdə olması C.Məməmmədquluzadənin
Q.Şərifzadəyə göndərdiyi 22 mart 1902-ci il tarixli məktubunda da açıq-aşkar təsdiq
olunur: "Sidqi necədir? O cənabdan təvəqqe elə
özgələrinin namələrinin üstündə
notariusluq etməsin və mənə əlahiddə
kağızlar yazsın. Məgər o bilmir ki,
onun kağızları necə şirin töhfədir? Nə səbəbə müzayiqə edir?"
Bu sətirlərdə C.Məmmədquluzadə Sidqinin ona məktub
yazmamasını "özgələrinin namələrinin
üstündə notariusluq etməsi" (güman ki, Sidqinin
başqalarının məktubunda yazdığı C.Məmmədquluzadəyə
çatdırılmalı olan sözlərə işarə
edilir - F.X.) ilə əlaqələndirir və dərhal sonra
isə özünün ona məktub yazmamasını xoşagəlməz
bir bəhanə ilə "əsaslandırmağa"
çalışır: "Qoy o , məndən
kağız gözləməsin . Mənim
müsəlmanca yazmağa həvəsim azdır". Lakin bu o demək deyil ki, onların arasında nə
vaxtsa soyuqluq yaranmış və incik olduqları
üçün məktublaşmalarını
dayandırmışlar. Yox, belə deyil.
Çünki C.Məmmədquluzadənin həmin məktubda
sual şəklində yazdığı bir cümlə
("Məgər o bilmir ki, onun kağızları necə
şirin töhfədir?") sübut edir ki, Sidqinin ona
göndərdiyi belə "şirin töhfə"nin, obrazlı şəkildə desək,
dadı hələ damağından getməyib və o, yenə
ağzını şirin etmək istəyir.
Sidqinin C.Məmmədquluzadəyə yazdığı
heç bir məktubu ortada yoxdur. Mirzə Cəlilin isə ona
ünvanlanan bircə məktubu günümüzədək gəlib
çatmışdır. Bu məktub
C.Məmmədquluzadənin əsərlərinin demək olar
ki, bütün əsas nəşrlərinə daxil
edilmişdir. Lakin təəssüf ki, həmin
nəşrlərin heç birində məktubun yazılma
tarixi düzgün göstərilməmişdir. 2 yanvar
1901-ci ildə yazılması iddia olunan həmin məktub belə
başlayır: "Əzizi-mən Məşədi
Tağı! Sağ və salamat İrəvan şəhərində
varıq. Sənin İrəvana gəlmək məsələn
barəsində Məmmədqulu bəy və Məşədi
Qurbanəli ilə çox və bir neçə dəfə
söhbət eləmişik..." Sonra o, təfsilata keçərək
yazır: "...indi ilin ortası (dərs ilindən söhbət
gedir - F.X.) olmaq səbəbə heç bir vəchlə
mümkün olmur sənə yer eləmək... İrəvan
rus-müsəlman məktəbində mümkündür...
amma söz burasındadır ki, indi lazımdır ki, bais olmaq
müəllimlərin birisinin xaric olmasına... Məsləhət
belə görüldü ki, hələlik sən orada öz
işinlə məşğul olasan".
Sidqinin
İrəvana Q.Şərifzadəyə farsca
yazdığı 9 yanvar 1901-ci il tarixli məktubundan
da aydın olur ki, o, İrəvanda özünün münasib
bir işlə təmin olunması məsələsinə
çox cidd-cəhdlə yanaşırmış. Məktubda
yazılır: "Dünən gündüz kiçik
bağda Mirzə Cəlilə rast gəldim. Söhbət əsnasında
dedi ki, İrəvana gedir... Axşam getdim Mirzə
Cəlilin yanına, dörd saata qədər oturduq, hərtərəfli
söhbət etdik. Təfsilatı
özü sənə nəql edər".
Şübhə
etmirik ki, "dörd saata qədər "
davam edən bu söhbətdə Sidqinin hansı şərtlərlə
İrəvana gedib orada yerləşməsi və hər
hansı bir işlə təmin olunması məsələlərinin
detalları müzakirə olunmuş və müəyyən
razılaşma əldə edilmişdir. Məhz
buna görə də İrəvana gedəndən sonra bu
işin həlli ilə məşğul olmağa girişən
C.Məmmədquluzadə yuxarıda bəhs etdiyimiz məktub
vasitəsilə dostuna ilkin vəziyyət haqqında məlumat
vermişdir.
Sidqinin məktubunun tarixindən məlum olur ki, C.Məmmədquluzadə
8 yanvarda (məktub 9 yanvarda yazılıb. Sidqi" dünən... (yəni 8 yanvarda - F.X.) Mirzə Cəlilə
rast gəldim" yazır) Naxçıvanda imiş və
İrəvana getməyə hazırlaşırmış.
Deməli, C.Məmmədquluzadə 2 yanvar 1901-ci
ildə İrəvandan Sidqiyə məktub yaza bilməzdi.
Əgər bu tarixə inansaq, onda belə çıxır
ki, C.Məmmədquluzadə 2 yanvarda məktubu yazandan sonra
Naxçıvana qayıtmış, Sidqi ilə onun İrəvana
köçmək məsələsini müzakirə etmiş
və təzədən geriyə - İrəvana
dönmüşdür. Təbii olaraq qarşıya belə
bir sual çıxır: Əgər C.Məmmədquluzadə
İrəvana gedəndən dərhal sonra Naxçıvana
qayıdacaq idisə, 2 yanvarda Sidqiyə məktub yazmasına
ehtiyac var idimi? Şübhəsiz ki, yox! Bir də
ki Mirzə Cəlil nə üçün qısa müddət
ərzində bu uzaq məsafəli yolu iki dəfə gedib-gəlməli
idi?
Beləliklə, tam qətiyyətlə deyə bilərik
ki, C.Məmmədquluzadənin 1901-ci ildə Sidqiyə
ünvanladığı məktubun yanvarın 2-də
yazılmasını iddia etmək yanlış və məntiqsizdir.
Əslində həmin məktub professor Ə.Şərifin
göstərdiyi kimi 27 yanvar 1901-ci ildə
yazılmışdır (Ə.Şərif. Molla Nəsrəddin
necə yarandı. Bakı: Azərnəşr, 1986,
s.216). Deməli, bundan sonra haqqında söhbət
açdığımız məktub C.Məmmədquluzadənin
yeni nəşrlərinə daxil ediləndə onun yazılma
tarixi 27 yanvar 1901-ci il kimi göstərilməlidir.
Sidqi ilə C.Məmmədquluzadənin
yaradıcılıq əlaqələri də onların
dostluq tarixçəsinin maraqlı və əhəmiyyətli
səhifələrindəndir.
Məslək dostlarının yaradıcılıq sahəsində
ilk əməkdaşlığı Naxçıvan
teatrından başlayır. Təsadüfi deyil ki,
bu teatr haqqında özünün dediyi kimi risalə yazan
jurnalist R.Nəcəfov "Cəlil Məmmədquluzadə və
Azərbaycan səhnəsi" əsərinin bir bölməsini
"Naxçıvan teatr səhnəsi. Mirzə
Cəlil və Sidqinin bu işdə rolları"
adlandırmışdır. R.Nəcəfovun
yazdığına görə "1894-cü ildən 1899-cu
ilin axırlarına kimi, yəni Mirzə Cəlil sonuncu dəfə
olaraq Naxçıvanı tərk edərək biryolluq İrəvana
və sonra Tiflisə köçənədək bu həvəskar
dəstəsində (Naxçıvanın o vaxtkı müsəlman
dram cəmiyyətinin üzvləri nəzərdə tutulur -
F.X.) aşağıdakı gənclər və ziyalılar
iştirak edirdilər: C.Məmmədquluzadə, Məşədi
Tağı Sidqi... və başqaları". (Özü də
daxil olmaqla daha 19 nəfərin adını çəkir
-F.X.). R.Nəcəfov təsdiq edir ki,
"bu dəstədə Mirzə Cəlil rejissorluq edərək
baş rolları oynayır, Sidqi isə daimi suflyorluq və
rejissorluq vəzifəsini öhdəsinə
götürür".
Sidqi və C.Məmmədquluzadənin ədəbi
yaradıcılıq əlaqələri də maraqlı bir
mündəricəyə malikdir.
Əvvəla,
Sidqinin pedaqoji fəaliyyəti, təlim-tərbiyə ilə
bağlı düşüncələri, Tiflis, İrəvan,
Tehran, İstanbul, Qahirə, Kəlküttə və digər
yerlərdə nəşr olunan qəzetlərin sahibləri,
redaktorları və müəllifləri ilə əlaqələri
və münasibətləri, nəhayət, ədəbi-bədii
yaradıcılıq yolu C.Məmmədquluzadə
üçün bir örnək idi. Şübhəsiz
ki, o, bu örnəkdən kifayət qədər
faydalanmışdır. İkincisi, C.Məmmədquluzadənin
hər hansı bir əsərinin üzərində Sidqinin təsirini
axtarmaq perspektivsiz bir iş olsa da, bəzi məqamlarda onun
yazıları Sidqinin qələmindən çıxan əsərlərlə
müqayisə oluna bilər və bəlkə də onlarda
Sidqidən "bir duz" tapmaq olar. Məsələn, Sidqinin
"Sürəyya" qəzetinin 10 fevral 1900-cü il tarixli
13-cü nömrəsində Hacı Nəcmüddövlənin
təqviminin tənqidinə həsr olunan məqaləsini C.Məmmədquluzadənin
məşhur "Xatiratım" memuarının
"Sövm-orucluq" başlıqlı hissəsi ilə müqayisə etmək
olar. Necə ki, prof. Ə.Qədimov belə bir
müqayisəni aparmış və hər iki müəllifin
tənqid hədəfini ifşa edərkən oxşar
üsullara müraciət etmələrindən bəhs
etmişdir. Lakin Ə.Qədimovun
çıxardığı nəticə ilə
razılaşmaq olmaz. O yazır ki, bu məqalədə
"Sidqi də... qələm dostu C.Məmmədquluzadənin
yolu ilə gedir və yazırdı" (Ə.Qədimov. Məmmədtağı Sidqinin həyatı və
yaradıcılığı. Bakı:
Çaşıoğlu, 2004, s.131). Halbuki C.Məmmədquluzadə
həmin təqvimlə
bağlı sözləri Sidqidən 26 il sonra
yazmışdır. Belə olan surətdə bu
cümlədə Sidqi ilə C.Məmmədquluzadənin
adlarının yerini dəyişsək, daha düzgün və
məntiqli olar. Bax belə: "C.Məmmədquluzadə
də... qələm dostu Sidqinin yolu ilə gedir və
yazırdı".
Sidqinin Q.Şərifzadəyə
yazdığı 4 iyun və 25 avqust 1900-cü il
tarixli məktublarından isə onun C.Məmmədquluzadəyə
başqa bir istiqamətdə təsiri haqqında məlumat
alırıq.
4 iyun tarixli məktubdan: "Əhməd
bəy Ağayevin "İttihadi-islam" ünvanlı məqaləsini...
vermişəm Mirzə Cəlilə türkcəyə tərcümə
etsin".
25 avqust tarixli məktubdan: "Bu
günlər bir məqalə ki, cənab müstətab
Əhməd bəy Ağayev "İttihadi-müslimin"
adı ilə yazmışdı və ruscadan tükcəyə
Mirzə Cəlil tərcümə etmişdi, türkcədən
farscaya tərcümə edib "Pərvəriş" idarəsinə
göndərəcəyəm".
Faktlar göstərir ki, Sidqi də öz növbəsində
C.Məmmədquluzadənin bədii
yaradıcılığını izləmişdir. Dostunun
"Çay dəstgahı" alleqorik dramından xəbəri
olub-olmaması haqqında heç bir məlumat olmasa da,
"Kişmiş oyunu" pyesi və "Danabaş kəndinin
əhvalatları" ilə tanışlığı
şübhəsizdir. Bu şübhəsizliyi
təsdiq edən faktlar vardır.
Əvvəla, Sidqinin
"Kişmiş oyunu" pyesi ilə
tanışlığını təsdiq edən fakt
haqqında. AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunda bu əsərin qara mürəkkəblə
yazılmış 15 səhifəlik əlyazması
saxlanılır. Həmin mürəkkəblə
mətn üzərində bəzi təshihlər
aparılmışdır. İlk səhifənin lap
aşağısında C.Məmmədquluzadənin öz əli
ilə yazdığı belə bir cümlə vardır:
"Əziz dostum mərhum Sidqinin xətti ilə
yazılıbdır. Cəlil".
Akademik İ.Həbibbəylinin
fikrincə, "çox güman ki, Naxçıvan teatr həyatında
mühüm yer tutan M.Sidqi həvəskar aktyorlar arasında
oxunmaq məqsədi ilə əsərin üzünü
köçürmüşdür" (İ.Həbibbəyli. Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri.
Naxçıvan: Əcəmi, 2009, s.184). Əsər
üzərində aparılan kiçik redaktə işini isə
Sidqinin gənc qələm dostuna istiqamətverici bir məsləhəti
kimi qəbul etmək olar.
İkincisi, C.Məmmədquluzadə
yuxarıda bəhs etdiyimiz Sidqiyə ünvanladığı
27 yanvar 1901-ci il tarixli məktubunun sonunda
yazır: "Məhəmmədhəsən əminin
eşşəyi"ni istəyirəm yazıb göndərəm
senzor izn versin, İrəvanda çap etdirəm".
Bu sətirləri oxuyan həssas
oxucu o saat hiss edər ki, Sidqinin "Məhəmmədhəsən
əminin eşşəyi" əsərindən xəbəri
vardır. C.Məmmədquluzadənin cümləsinin
ifadə tərzi bu fikrə gəlməyə əsas verir.
Mirzə Cəlilin "Xatiratım"da yazdığı
başqa bir cümlə isə Sidqinin həmin əsərlə
tanış olması haqqındakı fikrə şübhə
yeri qoymur: "Məhəmmədhəsən əmi"nin
hekayəsi yoldaşlarımın içində
danışığa düşmüşdü".
Sidqi və C.Məmmədquluzadə
mövzusundan bəhs edərkən Mirzə Cəlilin 1904-cü
ildə Sidqinin vəfatı münasibəti ilə
yazdığı və "Şərqi-rus" qəzetində
dərc etdirdiyi məqaləsindən söz açmamaq olmaz.
Məqalənin yaxşı
düşünülmüş bir kompozisiyası vardır.
Bu kompozisiya beş bitkin tərkib hissəni
özündə birləşdirir. Müəllif ustalıqla bir tərkib hissədən
digərinə keçərək Sidqi haqqında oxucularda
bütöv təsəvvür yaratmağa nail olur.
Məqalənin
girişində Sidqinin vəfatından doğan ümumxalq kədəri,
intəhasız təəssüf hissləri və bunun səbəbləri
aydınlaşdırılır. Sonra əsas
diqqət Sidqinin tərcümeyi-halının mühüm
faktlarına yönəldilir. Onun
ardınca Sidqinin amalı və məsləkindən söz
salınır. Dördüncü hissədə oxucular
Sidqinin şəxsi keyfiyyətləri ilə tanış
edilir. Nəhayət, məqalənin sonuncu - nəticə hissəsində xalqın
Sidqiyə göstərdiyi hüsn-rəğbət əks
etdirilir.
C.Məmmədquluzadənin
ölçülüb-biçilərək yüksək sənətkarlıqla
yazılmış və nəinki təkcə
özünün, həm də Sidqini tanıyanların ürəklərinin
dərinliyindən gələn sevgini və təəssüf
hisslərini düşündürücü və
yanğılı sözlərlə ifadə etdiyi bu məqalə
ədəbiyyat tariximizdə dosta həsr olunmuş ən təsirli,
ibrətli və yeni tipli bir nekroloqdur.
C.Məmmədquluzadənin
Sidqinin vəfatından sonra onun oğlanlarından birini himayəyə
götürməsi, digərini isə əməkdaşlığa
dəvət etməsi də onun əziz və unudulmaz dostuna
sadiqliyinin, inamının və ehtiramının gözəl
nümunəsidir. Mirzə Cəlilin Sidqinin böyük
oğlu Məmmədəli Sidqiyə yazdığı məktublardan məktublarından
bu barədə daha ətraflı məlumat almaq olur: "...Məhəmmədhəsənin
(Sidqinin ikinci oğlu - F.X.) anasına de ki, ondan heç nigaran olmasın...
Məhəmmədhəsənin günü burada
Naxçıvan bəyzadə və xanzadələrinin
günündən yaxşı keçir... Heç
bir şey lazım deyil. Biz burada ölməmişik,
hələ sağıq. Sidqinin bircə nəfər
uşağına da baxmasaq, dəxi özümüzə necə
insan deyə bilərik?"
C.Məmmədquluzadə
Məmmədəli Sidqinin özünə isə daha
böyük etimad göstərmişdir. 1910-cu ilin iyun
ayında ona yazdığı məktubdan aydın olur ki, Mirzə
Cəlil Məmmədəli Sidqini "Molla Nəsrəddin"
jurnalının nəşrində özünə köməkçi
etmək arzusundadır: "...Güman edirəm ki, "Molla Nəsrəddin"
işlərində mənə yaxşı köməkçi
ola bilərsiniz... Mərhum
Sidqi bəradərimin oğlu ilə gələcəkdə
dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm".
Əgər belə demək
mümkündürsə, bu xoşbəxtlik C.Məmmədquluzadəyə
nəsib olub, yəni Məmmədəli Sidqi onun təklifini qəbul
edərək 1910-1911-ci illərdə "Molla Nəsrəddin"
jurnalının redaktor köməkçisi işləməklə
atasının dostunun dadına çatmış və
"onun səyi nəticəsində həmin dövrdə
mübariz jurnal öz vətəndaş simasını qoruyub
saxlamışdır" (İ.Həbibbəyli. Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri.
Naxçıvan: Əcəmi, 2009, s.269). Lakin
bütün bunlara baxmayaraq, Məmmədəli Sidqi C.Məmmədquluzadə
üçün atasının yerini verə bilməzdi.
Mirzə Cəlilin özü də ona ünvanladığı 11
dekabr 1910-cu il tarixli məktubunda bir qədər eyhamla, həm
də etika ilə buna işarə etmişdir: "Əzizim
Sidqi! Nə tövr oldusa bu dəfə
adını "Sidqi" yazdım, çünki
"Sidqi" çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada
salır. Heyf ki, "Sidqi"nin
axırına "zadə" qondarırsan və
"Sidqi"nin ləzzətini azaldırsan".
Məmmədtağı
Sidqi və Cəlil Məmmədquluzadənin on illik dostluq
münasibətləri və yaradıcılıq əlaqələrinin
qısa tarixçəsi bundan ibarətdir. Ümumiyyətlə, Sidqinin təkcə C.Məmmədquluzadə
ilə yox, digər müasirləri ilə əlaqələri
də ədəbiyyat tariximizin maraqlı səhifələrindəndir.
Bu istiqamətdə xüsusi
araşdırmaların aparılmasına ehtiyac vardır.
Fərman XƏLİLOV
filologiya üzrə elmlər doktoru
525-ci qəzet.-
2014.-2 may.- S.8.