"Fazil Hüsnü Dağlarca
dühasının tənhalığı" təqdim olundu
"TOFİQ MƏLİKLİNİN
BU TƏDQİQATINDA HƏM ELMİLİK, HƏM
PUBLİSİSTİKA, HƏM DƏ EMOSİYA ÖZ
ƏKSİNİ TAPIB"
Ötən gün Azərbaycan Yazıçılar Birliyində
(AYB) ədəbiyyatşünas alim Tofiq Məliklinin
rus dilində qələmə aldığı
"Fazil Hüsnü
Dağlarca dühasının
tənhalığı" kitabının təqdimatı
keçirilib. Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar
Fazil Hüsnü Dağlarca haqqında fikirlərini bölüşüb:
"Fazil Hüsnü
Dağlarca çox orijinal, özünəməxsus
həyat və yaradıcılıq xətti
olan çox gözəl bir sənətkardır. Mən onu
tanıyırdım. Bakıda mənim
evimdə də qonaq olub, Türkiyədə
də dəfələrlə
görüşmüşük. Ömrünün son illərində də onunla görüşdüm, Türkiyədə
Atatürk mərkəzində
onun 90 illiyini qeyd edirdilər. Şairi əlil arabasında səhnəyə qaldırdılar.
O özü şeirlərini
oxumurdu, ora toplaşanlar onun şeirlərini oxuyurdular,
onun yaradıcılığını
hamı bilirdi və sevirdi. Mən də axırda səhnəyə qalxdım,
soruşdum, ustad məni tanıyırsız?
Dedi, Anar deyilsən? Məni tanıdığına təəccübləndim. Çingiz Bektaşla danışdıq,
onun evinə getdik. O demişdi ki, saat 4-ə qədər gəlin, çünki ona həmin saata qədər bir qadın xidmət edirdi, dörddən sonra qadın çıxıb gedirdi, o
isə qapını
bağlayır və evdən heç hara getmirdi. Atatürk Mərkəzindəki təntənədən
sonra o tənhalıq mənə çox acı təsir bağışladı. Tofiq isə
onu məndən qat-qat yaxından və daha çox
tanıyırdı. Həmişə Türkiyəyə gedəndə
birinci zəng elədiyi Fazil Hüsnü Dağlarca idi. Azərbaycana gələndə bir yerdə səyahət eləmişdilər,
rəhmətlik atam, Tofiq, Həmid Araslı və Fazil Hüsnü Dağlarca Gəncəyə,
Göyçaya getmişdilər.
Yəni,
bu şəxsi ünsiyyətin və ona olan vurğunluğun
nəticəsində belə
bir kitab ərsəyə gəlib.
Dağlarcanın üslubu, fəlsəfəsi
orada çox geniş şərh olunub. Fazil Hüsnü Dağlarcanın
danışığını başa düşmək olmurdu. Türk yazıçılarına deyirdim ki, mən
Fazil Hüsnü Dağlarcanın danışığının
50 faizini başa düşmürəm. Dedilər ki,
sən qoçaqsan ki, 50 faizini başa düşürsən,
o danışanda biz heç
bir faizini də başa düşmürük. Fazil Hüsnü
məşhur Asu haqqında danışanda
deyidi ki, Asu özləmdir, ümiddir, insandır, həm də insan deyil. Tofiqin kitabında oxudum ki, Asunu
bir az
Dağlarcanın sözlərindən,
bir az da
öz yanaşmasından
izah edir. Yenə də Asunun nə olduğunu tam başa düşmədim.
Bu fövqəlbəşərdi,
insandı, həm də insan deyil,
nəsə başqa bir dünyanın varlığıdı. Dağlarcanın yaradıcılığında
mistik motivlər də, lirik motivlər də çox güclüdür.
Bütün bunların təhlilil
çox ətraflı
və gözəl şəkildə Tofiqin kitabında öz əksini tapıb".
AYB-nin sədr müavini Nazim İbrahimov Tofiq Məliklinin 25 ildən bəri Moskvada "Ocaq" cəmiyyətinə
sədrlik etməsini vurğulayaraq bu cəmiyyətin mədəniyyətimizin
təbliği istiqamətindəki
böyük xidmətlərini
vurğulayıb. Tofiq Məliklinin sadə
dillə yazılmış
bu kitabında isə Fazil Hüsnü Dağlarca haqqında çox maraqlı fikirlər var. Tofiq müəllim 1969-cu ildən Dağlarca ilə şəxsən ünsiyyətdə olub.
Bu da kitabın
daha canlı və oxunaqlı olmasına öz təsirini göstərib".
Professor Vaqif Sultanlı Fazil Hüsnü Dağlarcanın yaradıcılığını
çox bəyəndiyini
dilə gətirib:
"Fazil Hüsnü
Dağlarcanın yaradıcılığı
ilə çoxdan tanışam. Onun şeirlərində sözlərin sıralanması
qeyri-adidir. Şeirlərinin
qısalığı, gözlənilməzliyi
və natamamlığın
yaratdığı bütövlük
hissi ,
həzinlik həmişə
oxucunun diqqətini çəkib. Tofiq Məliklinin tədqiqatı
çox orijinal tədqiqatdı. Müasir dövrün
problemlərindən biri
də elmin emosiyalardan məhrum edilməsidir. Ancaq Tofiq
Məliklinin sözügedən
tədqiqatında həm
elmilik, həm publisistika, həm də emosiya öz əksini tapıb".
V. Sultanlı kitab
müəllifinin insani
keyfiyətlərindən də
söz açaraq onun lazımi məqamlarda vətəndaşlıq
mövqeyi ortaya qoymasını yüksək
qiymətləndirib: "Tofiq
əqidə adamıdır,
yeri gələndə
cəsarət nümayiş
etdirir. Bu gün
Rusiyanın dünyanın
əsəbləri ilə
oynadığı bir
vaxtda Tofiq Məlikli Putinin siyasətini sərt tənqid edib. Biz həmişə bu cür ziyalılardan
öyrənməli, bəhrələnməliyik".
Professor Paşa Qəlbinur
Azərbaycanın sərhədlərindən
kənarda Tofiq Məlikli kimi Azərbaycan övladlarının
daha da çox
olmasını arzulayıb. Ölkəmizin mənafeyinin müdafiəsində
belə ziyalıların
rolunun vacibliyini önə çəkib.
AYB-nin katibi Rəşad
Məcid bildirib ki, təqdim olunan kitab çox
rahat oxunan bir əsərdir, dili axıcıdır:
"Biz Tofiq müəllimi
gənclik illərimizdən
tanıyırıq, uzaqdan-uzağa
görmüşük, rəğbətimiz
olub. Tofiq müəllim Moskvada
yaşamasına baxmayaraq,
Azərbaycandakı prosesləri
yaxından izləyir.
Tofiq müəllim bizim Moskvada yaşayan yazıçılarımızla bağlı da həssaslıq nümayiş
etdirir. Kiminsə tədbiri olursa,
hiss olunur ki, orada Yazıçılar Birliyinin Moskva bürosu olmaqdan əlavə ürəyindən
gələn istəklə
iştirak edir. Anar müəllimlə Tofiq müəllimin dostluğu
örnək olunası
dostluqdur. Arzu edirəm
ki, Anar müəllimlə birgə
75 illik yubileyinizə gələk ".
Xalq şairi Fikrət Qoca deyib ki,
Tofiq Məlikli böyük alimdir, gözəl şairdir:
"Tofiq uzun illər sovet uçurumu üstündən
Türkiyəyə açılan
bir körpü olub. O uçurum yoxa çıxandan sonra eşqinin sönəcəyini düşünürdüm.
Gördüm, yox, illərdir,
onun ürəyində
gəzdirdiyi çox şeylər var. İnanıram
ki, onun belə kitabları hələ çox çıxacaq. Hər şair
dünyaya gələn
gündən tənhadır.
Fazil Hüsnü Dağlarca isə bu tənhalığı
nəinki dağıtmaq
istəyib, əksinə
tənhalığını qoruya-qoruya yaşayıb".
Professor Əsgər Rəsulov
təqdim olunan kitabın məziyyətlərindən
danışıb, əsəri
bədii-publisistik üslubda
olsa da, bir monoqrafiya qədər elm verdiyini diqqətə çatdırıb.
Yazıçı Pərvin Nurəliyeva
çıxışında Tofiq Məliklini insanı öz düşüncələrilə yoluxduran sənətkar kimi səciyyələndirib:
"Düşünürəm ki, nə yaxşı
ki, belə insanlar var və
biz gənclər də
onlara baxıb örnək götürə
bilirik. Sonralar çox sevdiyim
şair Nazim Hikmətin yaradıcılığını
Tofiq müəllimin təqdimatında oxuyanda bu şairə də, müəllifə də marağım xeyli artdı. Biz dünən onunla
tədbirdə olanda mən gördüm ki, Tofiq müəllim
çıxışa başlayanda
hamı necə dəyişdi, bütün
insanların onun sözünün sehrinə
necə düşdüyünün
şahidi oldum və qürur duydum. Onun yanaşması əslində
nasir yanaşmasıdır,
nasir nitqidir. Dünən kitabı oxuyanda da gördüm ki, burada çox
sehirli aura, ovqat var ki, adamı
buraxmır, kitabı əlindən yerə qoymaq istəmirsən.
Tofiq müəllimin şeirləri
də çox gözəldir. Bu kitabdan
sonra mən deyirəm ki, Tofiq müəllim, siz nasirlərə də çox ciddi rəqib ola bilərsiz".
Publisist Gülxani Pənah kitabın Azərbaycan dilinə tərcümə
olunacağı təqdirdə
geniş oxucu kütləsi tərəfindən
maraqla qarşılanacağına
inamını ifadə
edib.
AYB-nin katibi Arif Əmrahoğlu kitabın əsasən üç müsbət keyfiyyətə malik olduğunu vurğulayıb: "Birinci, kitabın Fazil Hüsnü Dağlarcaya həsr olunmasıdır, ikinci Tofiq müəllimin yazmasıdır, üçüncüsü isə, ən başlıcası böyük bir yubileyə hələlik yeganə sanballı bir hədiyyə olmasıdır. Çünki bu il Dağlarcanın 100 illiyidir. Tofiq müəllim bu kitabla Dağlarcaya bir abidə ucaldıb. Biz də Yazıçılar Birliyi olaraq bu il Fazil Hüsnü Dağlarcanın 100 illiyini təntənəli şəkildə qeyd etmək niyyətindəyik".
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə müəlliflə 50 ildən artıq dostluq etdiyini bildirib, təqdimat mərasimində Tofiq Məlikli haqqında söylənilən fikirlərə görə fəxr etdiyini dilə gətirib.
Şair Azər Abdulla Tofiq Məliklinin yaradıcılığından söz açıb, onun Türkiyə ədəbiyyatının təbliği yönümündəki xidmətlərini önə çəkib.
Sonda Tofiq Məlikli çıxış edərək tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirib: "Bu cür tədbirlərdə adətən tərifin dozası yuxarı olur. Bu da təbiidir. İstəyirsən ki, təqdimatı keçirilən kitabın müəllifinin ruhu xoş olsun. Bəzən ona dozanı artıraraq yaxşı, gözəl sözlər deyilir. Özüm də gözəl bilirəm ki, bu sözlərin hamısı səmimidir, amma verdiyiniz qiymət, əlbəttə, bir az yüksəkdir. Amma ən azından türk şeirinin nəinki Rusiyada, Sovetlər Birliyində, dünyada tanıdılmasında azacıq rolum olduğuna görə özümü xoşbəxt sayıram".
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 2 may.- S.7.