Vətəndaş cəmiyyəti
qurumlarının sosial-iqtisadi inkişaf proseslərində iştirakı və
rolu
Demokratik ölkələr vətəndaş
cəmiyyətinin aparıcı
qüvvələrindən olan
qeyri-hökumət təşkilatlarının
inkişafına xüsusi
yer verir. Bunun nəticəsidir
ki, demokratik cəmiyyətlərdə QHT-lər,
eləcə də vətəndaş cəmiyyətinin
digər institutları
mühüm rol oynayır. Azərbaycan dövləti də
öz növbəsində
vətəndaş cəmiyyəti
institutlarının möhkəmlənməsinə,
təşkilatlanmasına, habelə
onların dövlət
siyasətinin icra olunmasında yaxından iştirak etməsinə maraqlıdır. Buna görə də dövlət bu sahədə atdığı
hər bir addımla QHT-lərin inkişaf etdirilməsində
maraqlı olduğunu əyani sübut edir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması
və bu qurumun həyata keçirdiyi addımlar, istərsə də gerçəkləşdirilən digər tədbirlər bu sektorun inkişafına
əsaslandıraraq, onların
cəmiyyətin inkişafında
yaxından iştirak etməsinə şərait
yaradıb.
Qeyd edək
ki, bu yazının
hazırlanmasında "Demokratiyanı
Öyrənmə" İctimai
Birliyinin bu sahədə olan araşdırmalarından istifadə
edilib.
(Əvvəli ötən sayımızda)
Şəffaflıq idarəetmə prosesi
ilə bağlı sərbəst informasiya dövriyyəsini (məlumatların
vətəndaşlara çatdırılması
və əks cavabların
alınması) nəzərdə
tutan açıqlıq
mexanizmidir. İdarəçilər
bir çox hallarda mövcud problemləri və çatışmazlıqları
görmədikdə və
yaxud da görmək istəmədikdə vətəndaşların
səsini ucaltması,
həyəcan siqnalı
çalması və problemin həllinə çalışması
cəmiyyətin inkişafı
üçün həyati əhəmiyyətə
malikdir. Sadalanan hər üç
mexanizmin işləkliyinin
təmin edilməsinə
vətəndaş cəmiyyəti
təşkilatları xeyli
töhfə verə bilirlər. Onlar cəmiyyət və
dövlət işlərinin
idarə olunmasına,
problemlərin aşkar
edilməsi və onların həlli prosesinə vətəndaşların
daha aktiv şəkildə cəlb olunmasını, onların
səfərbər edilməsini,
vətəndaş təşəbbüskarlığının
artırılmasını təşkil
edir. Problemlərin və ehtiyacların eşidilməsi və həlli üçün qərar qəbul edənlərin məlumatlandırılması,
onların diqqətinin
cəlb edilməsi üçün koalisiyaların
qurulması və koordinasiyasını, kampaniyaların aparılmasını
həyata keçirirlər.
Cəmiyyətin problemləri aşkarlanaraq
ictimailəşdirilmədikdə və onun həlli
uğrunda vətəndaş
təşəbbüsləri olmadıqda həmin cəmiyyətdə inkişafın
olması mümkünsüz
görünür. Nəzərə almaq lazımdır ki, iştirakçılığa,
hesabatlılığa və
şəffaflığa əsaslanan
idarəetmə asanlıqla
yaranmır. Heç
kim öz gücünü başqaları
ilə bölüşməyə
maraqlı deyil, onları buna sövq və ya məcbur etmək lazım gəlir. Xüsusilə qeyri-demokratik rejimlərdə,
seçki sistemlərinin
vətəndaşların idarəetmədə
effektiv iştirakına
imkan vermədiyi, vətəndaşların iştirak
imkan və bacarıqlarının zəif
olduğu şəraitdə
vətəndaş cəmiyyəti
təşkilatlarının rolu kritik xarakter
daşıyır. Bu şəraitdə
onlar hətta sosial-siyasi islahatların aparılması, siyasi repressiyaların
qarşısının alınması,
insan hüquq və azadlıqlarının
qorunması naminə təşkilatçılıq, səfərbərlik fəaliyyətlərini
həyata keçirirlər. Bundan başqa,
bu gün vətəndaş cəmiyyəti
təşkilatları inhisarçılıq,
bürokratiya, korrupsiya
kimi idarəetmə neqativləri ilə mübarizədə həlledici
aktyorlar kimi çıxış edirlər.
Bu zaman hökumətlər
problemin bir hissəsi olur, hətta antikorrupsiya strategiyaları həyata keçirmələrinə
baxmayaraq onlara etimad az olur.
Özəl sektor isə
bu problemlərin əsas qurbanlarından biri olsa da,
onun dərinləşməsində
əsas iştirakçılardan
birinə çevrilir.
Bu halda məhz
vətəndaş cəmiyyəti
təşkilatları yerli,
milli və hətta beynəlxalq səviyyədə korrupsiya
ilə mübarizənin
əsas hərəkətverici
qüvvəsi, lideri kimi çıxış edirlər. Onlar korrupsiyaya qarşı mübarizə üzrə
milli qanunvericiliyin və praktikanın təkmilləşdirilməsi, milli
və beynəlxalq hüquqi normalara hökumətlər və
biznes sektoru tərəfindən riayət
olunmasına nəzarət
və monitorinq həyata keçirir və
onun nəticələrini
maraqlı tərəflər
və cəmiyyətlə
bölüşürlər. Vətəndaş cəmiyyəti
təşkilatları dövlət
proqramlarının effektiv
həyata keçirilməsində,
vətəndaşların bu
proqramlar və onların icrası vəziyyəti ilə bağlı məlumatlandırılmasında,
bu proqramların hazırlanması
və icrasındakı
nöqsanların aşkarlanması
və aradan qaldırılmasında
əvəzsiz rol oynayırlar.
QHT-lər və Minilliyin İnkişaf Məqsədləri
2000-ci ildə
BMT Baş Assambleyasında
189 dövlət
Minilliyin Bəyannaməsini
imzalarkən alçaldıcı
və qeyri-insani yoxsulluq şəraitində
yaşayan 1 milyard kişi, qadın və uşağı bu vəziyyətdən təxirə salınmadan xilas etməyi qarşılarına məqsəd
qoymuşdular. Bəyannamənin
ana xəttini insan hüquqları, sülh, gender bərabərliyi,
ətraf mühit və ən az inkişaf
etmiş ölkələrin
təxirəsalınmaz problemlərinin
həlli təşkil
edirdi. Elə ilk başlanğıcdan bəyan edilmişdi ki, bu məqsədlərə
hökumətlərin, beynəlxalq
maliyyə institutlarının,
özəl sektorun, bütün səviyyələrdən
olan vətəndaş
birliklərinin birgə
səyləri nəticəsində
çatmaq mümkündür.
Üstəlik bu məqsədlərin
bəziləri vətəndaş
cəmiyyəti təşkilatlarının
elan etdikləri məqsədlərlə və
uğrunda çalışdıqları
problemlərin həlli
vəzifələri ilə
üst-üstə düşürdü.
Bu səbəbdən vətəndaş
cəmiyyəti təşkilatları
Minilliyin İnkişaf
Məqsədlərinə çatılmasında
əsas tərəfdaşlardan
biri kimi çıxış etməyə
başladı. Vətəndaş cəmiyyətinin məqsədlərə
reaksiyası birmənalı
deyildi. Onu imzalayan milli
hökumətlər cavabdehlik
daşıdığından bəziləri düşünürdü
ki, bu sadəcə
donor asılılığının güclənməsinə gətirib
çıxaracaq. Başqaları hesab edirdi ki,
bu öhdəliklər
də bir sıra digər beynəlxalq öhdəliklər
kimi tezliklə unudulacaq və yerinə yetirilməmiş
qalacaq. Vətəndaş cəmiyyəti təşkilatlarının
minilliyin kampaniyasında
iştiraka marağını
artıran bir sıra səbəblər
də mövcud idi. Məqsədlər
inkişaf etməkdə
olan ölkələrin
hökumətləri ilə
inkişaf məsələlərinə
dair müzakirələrin
əsas mövzusuna çevrilmişdi.
Yoxsulluğun azaldılması
üzrə strateji sənədi və milli səviyyəli
proqram və siyasətlərin yoxsulların
və təcrid olunmuş əhali qruplarının ehtiyaclarına
uyğunlaşdırılmasına çalışan vətəndaş
cəmiyyəti təşkilatları
məqsədləri milli
hökumətlərə və
beynəlxalq
maliyyə institutlarına
təsir etmək üçün əlverişli
rıçaq və alternativ istinad nöqtəsi hesab edirdilər. Məqsədlər
milli və yerli səviyyədə də aktual xarakter daşıyırdı.
Sadəcə qlobal məqsədləri
yerli kontekstə uyğunlaşdırmaqla sağlamlıq,
təhsil, yoxsulluğun
azaldılması, sülh
və ətraf mühit kimi vətəndaş cəmiyyəti
təşkilatlarının məşğul olduqları
əsas problemlərin
həlli imkanları artırdı. Minilliyin
kampaniyası yoxsulluğun
azaldılması və
ədalətli cəmiyyət
uğrunda daha geniş koalisiyaların qurulması təşəbbüslərini
də artırırdı.
Vətəndaş cəmiyyəti təşkilatları
gənclər qrupları,
həmkarlar ittifaqları,
sülh fəalları
və medianın timsalında yeni tərəfdaşlar qazandılar.
Bəs QHT-lər Minilliyin İnkişaf Məqsədlərinə çatılmasına necə töhfə verə bilirlər? Bir çox hallarda məqsədlərə nail olma yolunda əngəl kimi heç də maliyyə və ya texniki imkanların çatışmazlığı deyil, yetərli siyasi iradənin olmaması çıxış edir. Vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatları öz liderlərini və hökumətlərini Minilliyin İnkişaf Məqsədləri ilə ağlı daha hesabatlı davranmağa sövq etmək üçün milli kampaniyalar təşkil edirlər; Belə kampaniyalar vasitəsilə həm də ictimaiyyətin məlumatlandırılmasına, məmurların, medianın münasibət və davranışlarını dəyişməyə nail olunur; Minilliyin kampaniyası çərçivəsində həyata keçirilən milli və yerli proqram və layihələrin monitorinqini və qiymətləndirilməsini həyata keçirə bilirlər; Zəruri olduqda bu proqram və siyasətlərdə dəyişiklik edilməsi üçün təhlillər aparır, debatlar təşkil edir, təklif və tövsiyələri qərarverənlərə çatdırırlar.
Vətəndaş Cəmiyyəti üçün məhdudiyyətlər
Lakin Vətəndaş Cəmiyyətinin rolundan danışarkən onun fəaliyyətinə məhdudiyyətlər yaradan halları da nəzərdən qaçırmaq olmaz. Bunları əsasən aşağıdakı kimi təsnifləndirmək olar: İctimai maraqların qorunması və ictimai siyasətlərin inkişaf etdirilməsində vətəndaş cəmiyyətlərinin rolunun mühüm olmasına baxmayaraq, ictimai siyasətlərin istiqamətlərinin əsas müəyyənləşdiricisi və icrasına birbaşa cavabdeh dövlətdir. Vətəndaş cəmiyyəti təşkilatları isə rəsmi səlahiyyətlərə malik deyil və onun ictimai xidmətlərin təqdim olunmasında effektiv və hamını əhatə edən imkanları və resursları yoxdur. Xüsusilə qeyri-demokratik rejimlərdə Vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyəti mümkün olmur və bu onların işinin keyfiyyətinə mənfi təsir göstərir. Bəzən vətəndaş cəmiyyəti təşkilatları yetərli bilik, bacarıq və qabiliyyətlərə malik olmur ki, bu da onların qarşıya qoyulan məqsədlərə çatmasına mane olur.
AQİL
525-ci qəzet.-2014.-
2 may.- S.6.