Şair təbiəti, şeir sənəti

 

 

 

Böyük tənqidçi, görkəmli şeirşünas B.Belinski yazıb: “Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət var”. Mən 40 ildir Ağacəfərə “şair” deyə müraciət edirəm. Görəsən, bu sözün müqəddəsliyinə xələl gətirmirəm ki?! Ağacəfər həqiqətən şairdi və o, əzmlə bu sözün arxasında durmağı bacarır. O, təbiətən, fitrətən şairdi. 1992-ci ildə onunla İrana gedirdik. Cənubi Astaradan İrana gedən avtobusda həsrətlə Azərbaycan torpaqlarını seyr edirdik. Birdən Ağacəfər bizdən qabaqda oturan yaşıdımızla söhbətə başladı. Məlum oldu ki, Qum universitetinin müəllimidi, özü də ədəbiyyatçı. Ağacəfər birdən soruşdu ki, Füzulini tanıyırsan?! Qumlu müəllim “yox” cavabı verəndə Ağacəfər coşdu, ta Tehrana kimi dahi Füzulinin qəzəllərini əzbər dedi və açmasını, şərhini verdi. Bu, təkcə Ağacəfərin güclü, fenomenal hafizəsi deyil, həm də şeirə məhəbbəti, əsl şair istedadı idi. Ağacəfərin poeziyası dünyaya göz açdığı Lerikin balı kimi şipşirin, Lerikin təbiəti kimi kamil, gözəl və əsrarəngizdir. Ağacəfər poeziyasına müqəddəslik sanki Babagil ocağından, Cahangir pirindən – övliya nəfəsindən gəlir. Ağacəfər bu çətin dünyada ailəsinin və poeziyanın müqəddəsliyini inadkar bir inamla qoruyub saxlayır. Şair “Səsimdən yağan yağış” (1998) şeirlər kitabına ön sözündə əslində o poetik məramını, estetik qayəsini şərh edərək yazır: “Şeir şairin özü ilə mübarizəsidir: tam məğlubiyyəti, qəti qələbəsidir. Və cismani zülmdən, cəhənnəm əzabından əsl şeir yaranır. Fərq burasındadır ki, əgər cəhənnəm əzabında günahlar tərəziyə qoyulursa və bədən daşıdığı günahların müqabilində cəzaya məruz qalırsa, şeir könüllü əzabdır, dadlı, ləzzətli, bəlkə də şair üçün işıqlı dünyada misli-bərabəri olmayan, Allah tərəfindən təbii kəsilən cəza növüdür.

 

Mən kədərli görünmək naminə kədərin qulpundan yapışmıram. Kədər mənim mayamdı. Mayama haram qatıb başqa cür yaza bilmirəm”. Beləliklə, Ağacəfər, şair kimi, pirdən, həyatdan, 60 illik ömrünün əzablarından və həm də hamıdan çox sevdiyi dahi Füzulidən gəlir. Füzuli farsca qəzəllər “Divan”ındakı dibaçəsində belə yazıb “bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir”. Dərd, kədər Ağacəfərin içindədi. Onun içində həqiqi, istedadlı və sözə qarşı tələbkar, sözə urvat verən bir şair oturub. Və Ağacəfər hər şeydən öncə həm də öz içindən gəlir. Ağacəfər şair doğulub və şair doğub. F.Q. Lorkanın “Ən kədərli sevinc şair olmaqdır” sözləri Ağacəfərə yaxşı yaraşır.

 

 

Yəqin ya vulkandan, ya zəlzələdən,

 

Torpaqda yeraltı süxur yaranıb.

 

Mənim gözlərimi qazıb göz yaşı,

 

Dünyada ən dərin çuxur yaranıb.

 

 

Həqiqi şairlər kimi Ağacəfər şeirinin də predmeti şairin özüdür. Onun ən yaxşı şeirləri təsvirdən, tərənnümdən öncə özünütəhlildən yaranır. “Bir də özümə baş vurdum, özümü tanımaq üçün” – şairin poetik diqqəti özünü tanımağa yönəlir və nəticəsi budur: “Ömrü tərsinə çevirib, astarını yaşayıram”.

 

Vaxtilə Oskar Uayld deyirdi: “Sənət çəməndə olmayan çiçəklər bitirməyi, al sapla göydən Ayı yerə endirməyi bacarmalıdır”. Ağacəfər səsindən yağış yağdırır. Bu əsl poeziyadır. Mövcud olanların gerçəkliyini, təbiətin təsviri, cəmiyyətin təhlili nəsrin işidir. O şeyləri ki, insan öz idrakı ilə görür, dərk edir, onun təsvirinə səy göstərir, bu, nəsrə və dramaturgiyaya aid bir məsələdir. Xüsusilə lirika mistik, səmavi duyğuların məhsuludur. Lirika yerlə yox, göylə məşğul olur, bəsirət gözü ilə görünənləri vəsf edir.

 

Azərbaycan poeziyasının ən tutumlu lirik-fəlsəfi obrazlarından biri – “Daş”dır. M.Ə.Sabirin, Əli Kərimin məşhur “Daş” şeirləri var. Dahi Sabir “Daş qəlbli insanları” çarmıxa çəkdi. Onun müasiri, böyük romantik Hadi “Daşa dersəm eşidir, sonra verir əks-səda, daşa dönmüşlərə əks eyləmədi fəryadım” deyə səfil həyat keçirdi. Poeziyamızda M.Arazın “Vətən daşları” silsiləsi, “Bir qayaya söykənmişəm deyirəm kaş, bax beləcə daşa dönəm yavaş-yavaş”, yaxud “Gözünü sıx, hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır” misraları da var. Bu ənənəni özünəməxsus ləyaqətlə davam etdirən Ağacəfər daşı yaddaşla belə birləşdirir:

 

 

“İnanan daşa dönsün”

 

A daş, bəlkə insansan

 

Daşa dönmüsən,

 

Kaş, mən də daş olaydım.

 

Rahat bardaş quraydım.

 

A daş, necə barışırsan daşlığınla

 

Daşsan, bildim...

 

Məgər ürəyin də daşdı?

 

Suyun, çörəyin də daşdı,

 

“İnanan daşa dönsün”.

 

 

Bu şeirdə məşhur bir deyim “İnanan daşa dönsün” tamamilə yeni poetik məna kəsb edir, faktiki olaraq obraz yaratmaq funksiyası daşıyır.

 

Söz Ağacəfərin and yeridir: “And olsun sözə! Sözdən umduğumu doğmalardan ummamışam – deyir şair (“Ölüm yatağı”).

 

Elə bilirəm ki, bu gözəl anddır: And olsun haqq sözə! Söz Tanrıdan gəlir; “Sözə xor baxmaq olmaz; hər bir söz ərşdən gəlib hədiyyə bizə” və “İlahi feyzdən bir xəzinədir söz”, “Söz yaradanın mədhi-sənası, nəğməsidir” deyirdi Ağacəfərin sevdiyi, başdan-ayağa əzbər bildiyi dahi Füzuli.

 

Ağacəfər Füzulinin Məhəmməd əleyhissəlama həsr etdiyi “Su” qəsidəsini çox sevir və təbii ki, əzbərdən deyir. Və bəlkə də elə buna görə onun poetik obrazlarının içində “Su” xüsusi yer tutur.

 

 

Atlantik okeanında atılıb-düşən,

 

Sakit okeanda sakit uyuyan

 

Mülayim, səbrli su!

 

Mənzilin haradır –

 

Son mənzilin?

 

Adamı təşvişə salır sönməzliyin,

 

Dönməzliyin.

 

     (“Sönməz su”)

 

 

Şairin poetik etiraflarından biri belədi: “Dolu ürəyim başqadı, dolmuş gözüm başqa”. Onun 90-cı illərin sonunda çap olunmuş kitablarından isə biri belə adlanırdı: “Ürəyim döyünür – qapım döyülür”. Belə paralel psixologizmlər – dolu ürək – dolmuş göz; döyünən ürək – döyülən qapı Ağacəfərin şeirlərində qoşa addımlayan məntiqi-fəlsəfi obrazlar kimi poeziyanın canlı ritmini əks etdirir:

 

 

Cığır sarmaşır yola –

 

Qarmaqarışıq yola.

 

Çıxır sarmaşıq yola

 

Piyada rizdən ötrü.

 

 

Eləcə də “Ötrü” şeirinin sonrakı bəndində daşım, savaşım, bağrımın başı kimi deyimlər alletrasiya yaradaraq şeirin özünəməxsus ahəngini təmin edir.

 

Ağacəfərin şeirləri ovqat poeziyasıdır, o yaşadığı ovqatın lirik poeziyasını yaradır. Bu isə şeirləri daha da görüntülü edir. “Yad məmləkət” şeiri belə başlanır:

 

 

Yad məmləkətdə

 

ayağı bərk basa bilmirəm torpağa,

 

ayaqqabı dabanını sıxır.

 

Öyrəşmədiyim nəfəslərdən

 

nəfəsim tıncıxır.

 

Yad torpaqda

 

itlərin zingiltisi,

 

kilsə zənglərinin cingiltisi,

 

yaxşı heç nə vəd eləmir.

 

Hardasa bir keşişin

 

zəhrimar yağan sifətindən

 

müsəlman məscidi üşüyür.

 

 

İlk baxışdan uyğunsuz görünən bu zahiri detallar əslində şairin içini obrazlaşdırır, içindəki ovqatı çəkib çölə çıxarır: “ayağını bərk basa bilmirsən torpağa” – yadlıq, özgəlik bu obrazda yaxşı tapılıb. Bu uyğunsuzluqda semiotik bir vəhdət var: it zingiltisi, kilsə zənginin cingiltisi! – çox uzaq birləşmələr, poetik tamamlamalardır. Fəqət şair “mən”i bunların hər ikisində qabarıq görünür, ön plandadır. Ağacəfərin şeirlərində “üzünə tər gələn, adamsayağı nəfəs dərən... Vaxt başını aşağı salıb işini görür”. Bu da “vaxt”ın obrazıdır. O konkret bir şairin “üstünə şığıyan” vaxtın lirik, bədii-fəlsəfi obrazıdır.

 

Ağacəfər bir şair kimi XX əsrin önlərindən başlanıb gələn, fəqət orta çağlar poeziyasında güclü ənənələri olan fəlsəfi-intellektual poeziya təmayülünə mənsubdur. XX əsr şeirimizdə iki başlıca istiqamət müəyyənləşdirmək olar: o başında S.Vurğun və M.Müşfiq dayanan lirik-romantik istiqamət; 2.R.Rzanın rəhbərlik etdiyi fəlsəfi-intellektual istiqamət. Ağacəfər ikinci istiqamətin nümayəndəsidir. B.Vahabzadə, Ə.Kərim, M.Araz, F.Qoca, Ə.Salahzadə, R.Rövşən bu istiqamətin aparıcı nümayəndələridir. Tarixən poeziyanı məşğul etmiş cahan, insan, zaman münasibətləri Ağacəfərin də şeirlərində önəmli yer tutur:

 

 

Sənə güvəndiyim dünya –

 

Səni qədərincə sevdim,

 

Səni kədərimcə sevdim.

 

Bəslədim, qoydum göz üstə

 

Sonra qayğımı artırdın.

 

Qayığımı suda batırdın –

 

Səni sevməyə vaxtım olmadı,

 

Həvəsim qalmadı.

 

 

Şairin cahana münasibəti belədir. Bəs bu münasibətin sahibi, o özü kimdir?:

 

 

Ümidsiz qaytardı qapıdan,

 

dəfn etdim vəzifəli dostumu

 

diriykən ürəyimdə.

 

Hansı yaddaşdasa ismim hallanır,

 

cismim başdan-ayağa

 

dost məzarlığı.

 

Özüm də sağkən ölmüşəm,

 

yerdən götürənim yoxdur.

 

 

Mədəniyyətin bütün sahələri kimi poeziya da bu gün dünyada ən möhtəşəm tarixi proses olan qloballaşma ilə üz-üzə dayanıb. Əslində qloballaşma mədəniyyətlərin inteqrasiyası adı altında milli müəyyənliyə zərbələr vurur. Dünyanı dərk üçün yeni problemlər və onlara bab bədii idrak müstəviləri təklif edən bu proses şeirimizin, o cümlədən də, Lerikdən əlində diplomat çanta ilə Bakıya gəlib, oradan da dünyanın müxtəlif paytaxtlarına keçərək dünyanı aldatmaq istəyən, dünya ilə cəngi-cidalda olan 60 yaşlı Ağacəfərin də şeirlərinə təsirsiz qalmayıb. Çünki o, müasirliklə nəfəs alır, dünyanın poetik mənzərəsini ikiqat büküb həmişə cibində gəzdirdiyi ümumi dəftəri köçürməkdən yorulmur. O, ilhamını at kimi çapdırır, istedadını tıncıxana qədər yükləyir, sözə əlindən çıxmağa aman vermir. Ona görə də şairin poeziyası coşğun və ehtiraslıdır. “Ehtirassız dahiyanə heç nə yaradılmır!”deyirdi böyük filosof Hegel. Ehtirasın bədii-poetik iradəsinə pafos deyilir. Pafos lirik şeirin gəlinlik paltarıdır...

 

Ağacəfər Həsənlinin bu il çap olunmuş şeirlər toplusu “İlğım” adlanır. Həqiqətən poeziya mənəviyyat ilğımıdır, ilğımlardan, ilğımabənzər aldanışlardan keçən ömrün poetik təcəssümüdür. Mənim fikrimcə, özünü asanca aldada bilən adam xoşbəxtdir. Adam özünü aldada bilməyəndə ömür tükənir.

 

Əziz dostum, qardaşım, yoldaşım Ağacəfər – bir istedadlı şair ömrünün yükünü çəkərək gəlib 60-ın limanına daxil olur. Görəsən, qos-qoca gəmilər ona lövbər salmağa imkan verəcəkmi?!

 

 

Nizaməddin Şəmsizadə

professor

525-ci qəzet.- 2014.- 3 may.- S.28.