Qadınlar zamanın yaddaş cədvəlində
(davamı)
Bu vaxt Medeya özü ilə götürdüyü
sevimli kiçik qardaşını öldürüb, onun cəsədini
xırda-xırda doğrayıb dənizə atdı. O, bilirdi ki, dərddən
ölməyə yaxın olan atası oğlunun cəsədini
götürüb aparmaq və dəfn etmək
üçün artıq onları izləməyəcəkdir.
Sədaqətli qadının məhəbbəti sevdiyi
kişini ən çətin vəziyyətlərdə də
xilas edir. Məhəbbət onun həyatını qoruyub
saxlayır və onu qələbəyə
çatdırır.
Belə məhəbbət, əlbəttə ki,
möcüzədir, bu möcüzə qadını cadugərə
də çevirir. Öz sevgilisi naminə sevən
qadının qarşısında gücü çata bilmədiyi
heç bir şey yoxdur. Elə bir dəhşətli
cinayət, xəyanət və hətta qardaş qətli
yoxdur ki, bu sevən qadın sevdiyi adamı xilas etmək
üçün ona əl atmasın. Elə
bir ağlasığmaz haqq yoxdur ki, qadın öz həyatı
və məhəbbəti naminə onu ödəməli olmasın.
Nəhayət,
məhəbbət ali məqsədinə
çatdı, Yasonla Medeya neytral bir adaya gəlib, orada evləndilər.
Sonra onlar Yasonun vətəninə qayıtdılar, lakin
qoca çar taxt-tacı vermək istəmədi. Onda Medeya növbəti bir
plan fikirləşib tapdı. O, çarın
qızlarının diqqətini ona cəlb etdi ki, ataları
artıq əldən düşmüşdür. Və onlar üçün əla bir cavanlaşma
vasitəsini açdı. Qoca keçini
götürüb kəsdi. Onun ətini
xırda hissələrə parçaladı, bu hissələri,
içinə bəzi otlar tökülmüş qaynar qazana
atdı və qazandan cəld hərəkət edən cavan bir
dıbır çıxdı. Qızlar bu təcrübənin
təsiri altında atalarını öldürüb, onu tikə-tikə
etdilər, qaynar qazana atdılar, lakin o,artıq
ölmüşdü və heç bir cavanlaşma baş verə
bilməzdi.
Medeya ərinə
xəbər verdi ki, taxt-tac artıq
boşdur, qızları qoca çarı özləri
öldürdülər.
Lakin ölkənin sakinləri bu
fırıldaqçının və onun cadugər
arvadının hərəkətlərindən hiddətləndilər. Yason Medeya ilə
birlikdə tezliklə vətənindən qaçmalı oldu
və o, artıq burada çar olmaq ümidini də itirdi.
Yüksək məhəbbətin işıqlı
poeziyası məhvedici ehtirasların qara bir faciəsinə
çevrildi.
Məhəbbətdə də ölçü
hissini bilmək lazımdır, çünki insanların
özlərinin qanunları, həmçinin ilahi qanunlar
vardır ki, onlara görə hətta məhəbbət də
cəzaya, dərdə, bəlaya çevrilə bilir. Bu
vaxt gəlib çatanda, kişi belə məhəbbətdən
azad olmağa can atır. Yason yerli çarın
qızına aşiq oldu və ona evlənmək qərarına
gəldi. Yeni cavan arvad, gələcəkdə
isə vərəsə kimi taxt-taca sahib olmaq ümidi meydana gəlmişdi.
O, artıq Medeyanı sevmirdi, bunun səbəbini də ona izah
edib, köhnə arvadını tərk etdi. Qədim yunan
qaydasında belə bir boşanma baş verdi.
Lakin Yason
kiminlə yaxın olduğunu və uzun bir müddət ərzində
onunla iş qurduğunu unutmuşdu. Medeya yeni evlənənlərə
hədiyyə kimi özünün toxuduğu gözəl
paltarı göndərdi. Gəlin sevinclə
bu paltarı geyinib, əynində yoxladıqda, onu alov
bürüdü və qız bir andaca diri-diri yandı.
Yason qisas almaq, Medeyanı cəzalandırmaq
üçün əvvəlki evinə gəlib
çıxdı. O, dəhşətli bir mənzərənin şahidi
oldu – Medeya ondan doğulmuş öz uşaqlarını
öldürmüşdü. Qadına əzab
verən ağrı hissi o qədər böyük, dərdi o
qədər güclü idi ki, onda qısqanclıq elə
alovlanmışdı ki, onun üçün bütün həyat
artıq öz mənasını itirmişdi. Ona yeganə bir fikir hakim kəsilmişdi ki,
keçmiş ərinə daha ağrılı olan bir zərbə
vursun.
Medeyasız, bu qadının məhəbbəti olmadan
Yason üçün də elə bil ki, bütün həyat
puç olmuşdu. Onu sevən, onun üçün hər
şeyi edənə xəyanət etməklə sən öz
şəxsi həyatının üstündən də xətt
çəkirsən.
Medeyanın həyatında olduğu kimi bədbəxtlik
apokaliptik miqyas kəsb etməsə də, digər mifik
personaj Ariadna da oxşar taleyi yaşamalı olmuşdu. Mifik Krit
çarı Minosun və Pasifayanın qızı, Fedranın
bacısı olan Ariadna Teseyə vurulub, Minotavrı
öldürməkdə və labirintdən xilas olmaqda ona
kömək etmişdi.
Çarın arvadı Pasifaya öküzlə cinsi əlaqədə
olmuş, bu yaxınlıqdan Minotavr (“Minosun öküzü” mənasını
verir) adlanan, yarı insan, yarı öküz şəklində
olan bir eybəcər məxluq doğmuşdu. Pasifiyanın əri
onu labirintdə saxlamağa göstəriş vermişdi.
Çar Minos qələbəsinə görə təzminat
kimi hər il Afinadan ona verilən gənc
afinalı oğlanları və qızları qidalanmaq
üçün Minotavra ötürürdü. Ona görə
də Afina çarının oğlu Tesey Minotavrı öldürmək qərarına
gəlmişdi. Bunu reallaşdırmaq isə digər
bir çətinliklə də əlaqədar idi. Minotavrı öldürdükdən sonra labirintdən
çıxmağın özü də müşkül bir
məsələ hesab olunurdu. Bu işdə ona Ariadna
köməklik göstərirdi, ona bir ucu labirintin
ağzında bağlanmış sap kələfini verdi. Minotavrı öldürməyə gedəndə
bu sap kələfdən çözələnirdi. Tesey Minotavr üzərində qələbə
çaldıqdan sonra həmin sapın izi ilə labirintdən
çıxa bildi. Ona görə də
çətinlikdən çıxmağa kömək edən
vasitələri “Ariadna sapı” adlandırırlar.
Tesey Ariadnanı özü ilə apardı və ona evlənməyi
vəd etdi. Lakin Naksos adasında o, xəyanət edib, Ariadna yatan
vaxt onu tərk etdi. Allah Dionis Ariadnaya
qayğı göstərib, onu özünə arvad etdi.
Medeya əhvalatında olduğu kimi,
qaçılmaz ölümdən xilas etdiyi Tesey Ariadnaya sədaqətsizlik
göstərdi, onu aldadıb, tək qoyub qaçdı.
Ariadnanın Medeyadan fərqli olaraq cadugərliyi olmasa da,
Teseyə onun bəslədiyi acı hisslər bu xain adama baha
başa gəlməməyə bilməzdi. Tesey Krit adasından
qayıtdıqda, Afinada olan atası Egeylə şərtləşdiyinə
uyğun olaraq, Minotavr üzərində çalınan qələbənin
əlaməti kimi qayığının üzərində ağ yelkən qaldırmalı idi. Tesey isə səhv edərək, qara yelkən
qaldırmışdı. Egey oğlunun
öldüyü barədə səhv bir nəticəyə gəldiyindən,
özünü dənizə atıb öldürdü. Buna görə də həmin dəniz onun adı ilə
Egey dənizi kimi tanınır.
Tesey amazonkalara qarşı yürüşdən
onların çariçası İppolittanı özü ilə
Afinaya gətirmişdi. Bu nikahdan onların İppolit adlı
oğlu qaldı. Onun ikinci arvadı,
Ariadnanın bacısı Fedra İppolitin
ölümünün baisi oldu, analığı onunla intim
yaxınlıq etmək istəmiş, İppolit isə buna
razılıq verməmişdi. Hiddətlənən
qadın ona böhtan atmışdı. Ahıl
yaşlarında Tesey Afinanı tərk etməyə məcbur
oldu, Skiros adasına çəkildi və orada da
öldürüldü.
Yunan mifologiyasının qəhrəmanları olan qadınlar
təcavüzə, xəyanətə də məruz
qalırdılar, lakin talelərinə düşən bədbəxtliklər
onları heç də bütünlüklə sıradan
çıxara bilmirdi. Onlarda həyat eşqi güclüydü,
bir qayda olaraq ən çətin anda da bədbinliyə
qapılmırdılar, sınaqların
ağırlığına baxmayaraq ruhdan düşmür,
yeni şəraitdə də özlərini təsdiq etməyi
bacarırdılar. Ona görə də min illər
keçsə də, bəşəriyyət bu örnək ola biləcək şəxsləri unutmur,
onların müsbət əməlləri, fədakarlıq
nümunələri, bir ibrət mənbəyi kimi yaşamaqda
davam edir. Onlar həm də öz məhəbbətlərinə,
ehtiraslarına hər şeyi qurban verməyə hazır idilər.
Mifologiyanın Yunanıstan ərazisində yaşayan əhalinin
davranışının əyri yola düşməsinə təsir
göstərməsini də inkar etmək olmaz. Axı yunan
allahları insanlara əxlaqi təmizlik barədə heç
bir yaxşı nümunə göstərməmişdilər,
əksinə, onlar əxlaq qaydalarının zəifləməsi
yollarına daş döşəmişdilər.
Bəzi ərazilərdə
isə adamlar əxlaqın təmizliyinə nail olmağı
bir məqsəd kimi qəbul etməyi heç lazım da
bilmirdilər. Məsələn, Spartada gənc
qızlar çılpaq şəkildə oğlanlarla güləşir,
idmanla birgə məşğul olurdular. Beləliklə,
qızlar sərbəstliyə öyrənirdilər, həm də
fiziki möhkəmlik qazanırdılar. Onlar
ərə getdikdən sonra da öz sərbəstliklərini
qoruyub saxlayırdılar, əxlaqın saflığı
boyunduruğuna tabe olmurdular. Kişilərlə cinsi əlaqəyə
girdikdə hansısa süni məhdudiyyətləri
tanımaq istəmirdilər, istənilən kişi
ilə yaxınlıq etməkdə özlərini tam azad hiss
edirdilər.
Sparta qadınları onunla öyünürdülər ki, bu sərbəstlik hesabına vətənlərinə belə cəsarətli və sədaqətli oğullar doğurlar. Axı zəif doğulan və ya xəstə körpənin böyüməsinə və fiziki möhkəmliyinə əminlik olmadıqda, ağsaqqalların qərarı ilə belə uşaqlar həyata lazımınca göz açmamışdan öldürülürdülər.
Sparta qadınları öz oğlanlarının ölümcül fədakarlıqlarından qürur duyurdular və onları döyüşə yola saldıqda, yeganə xeyir-duaları bu olurdu ki, “ya qalxanla, ya da qalxanın üstündə qayıt!” Bu o mənanı verirdi ki, ya düşmən üzərində çalınan qələbə ilə qayıt, yaxud da qəhrəmancasına həlak olmaq yolunu seç. Spartalı analar oğlanlarının meyidi döyüş cəbhəsindən gətirildikdə yaranın arxadan vurulduğunu gördükdə, cəsədi qəbul etməkdən və dəfn etməkdən imtina edirdilər. Çünki belə yara həlak olanın döyüş cəbhəsindən qaçmasının və biabırçılığının işarəsi hesab olunurdu.
Həqiqətən də spartalıların qəhrəmanlıqları tarixin səhifələrini bəzəyən ən unudulmaz əhvalatlardır. Bizim eradan əvvəl 480-ci ildə Fermopil keçidində Persiya çarı Kserksin 200 min nəfərlik ordusuna qarşı vuruşan 300 spartalı xeyli müddət düşmənin yolunu kəsdi və axırda bir nəfər kimi qəhrəmanlıqla həlak oldular.
Persiya sərkərdəsinin elçisi onları döyüşçülərinin çoxluğu ilə qorxutmaq üçün “nizələri göyə qaldırsaq, Günəşin qabağını tutarıq” sözlərinə, spartalılar istehzalı şəkildə, özlərinə məxsus lakonik qaydada cavab vermişdilər: “Nə eybi vardır, kölgədə də vuruşarıq”. Onlar həqiqətən də daim ölüm kölgəsi altında vuruşdular, həlak olsalar da, bəşəriyyətə qorxmazlıq və misli görünməmiş qəhrəmanlıq nümunəsi qoyub getdilər.
Sparta döyüşçülərinə başçılıq edən çar Leonid yaxşı demişdi ki, təbiət bizə həyat bəxş etmişdir, onu şərəfli və ya şərəfsiz yaşamaq isə bizdən asılıdır. Bu ölkənin qadınları kişilərdən fərqli olaraq döyüşdə vuruşmurdular, lakin onlar dünyaya belə igid insanlar gətirirdilər. Spartalıların qəhrəmanlıqlarından, heç şübhəsiz, onlara da pay düşür.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 3 may.- S.23.