“Dünyada hər nə ki olub... olacaq!..

 

PƏRVİNin təqdimatında

 

 

“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi

Yaman qonaqpərvərdi bizim Bakı. Amma bu gün özünü niyə belə aparır,  bilmirəm. Üz-gözün turşudub, acı küləyi və soyuğu adamın kələyini kəsir.

...Qız qalasını, İçərişəhəri seçib ilk qonağım. Qalanın yanına çatar-çatmaz zəng gəlir telefonuma: “Yuxarı tərəfdə, külək tutmayan bir yerdə gözləyin ki, soyuq olmasın, çatıram...” – deyir. Və mən bu heç də nərmənazik olmayan Qızın başına dolanıb yer axtarıram. Külək saçlarımı bir an belə rahat buraxmır. Bu boyda qalanın ətrafında daldalanmağa bir yer tapa bilmirəm və elə həmin an bunun səbəbini anlayıram. Axı bu Qız qalasıdı?! Qorumaq qız işi deyil, nə küləkdən, nə soyuqdan... Nə olsun boyu ucadı, enli kürəyindən nə fayda?! Qız qalasıdı... Min illərdi durub yerində – nazlanır! Nə isə, qoy nazlanmağında olsun, dalısıyca danışan deyiləm. Qadın həmrəyliyi baxımından da düz gəlməz...

Külək şəhərimizin eyninə də deyil, yəqin öyrəncəlidi – ona görə. Zaman sürətlə uçur burda, həyat dinamikdi. Ləngimə, tıxac yalnız yollarda ola bilir. Amma indi, xoşbəxtlikdən o da yoxdu, qonağımın gəlişi çox çəkməz. Aşağı – bulvara, yola, dənizə tərəf baxıram. Beynimdə yüz fikir var, düşüncələr sürətlə əvəzləyir bir-birini. Uzun illər televiziyadan seyr etdiyim sənətkarla seçdiyi bu məkanda, Bakının qədim olduğu qədər də müasir, səs-küylü guşəsində nədən danışacağımı, söhbətə hardan başlayacağımı götür-qoy edirəm. Və canlandırdığı rollar, daha doğrusu, insanlar bir-bir gəlib keçir gözümün önündən. Deputatlıqdan ötrü sinov gedən Salman bəy, toyuğu yalın əlləriylə parçalayıb arvadı “dögüb öldürmegnən” o dünyanın sorğu-sualından qurtulmağın mümkünlüyünə inandıran, Leyliylə Məcnunun vəfat gününü də dəqiq bilən Dərviş, milli, duzlu, istiotlu, zəncəfilli aerobika yaratmaq üçün ömrünü fəda eyləyən Rejissor Cahangir, oğlunu əsgərlikdən, özünü müflislikdən qorumaqdan ötrü hər şeyə hazır İzzət Nəfisli, Seda xanımın Jozef (f-sız) ətrindən məst olan Polis rəisi, hərəsi bir yandan danışır, fikrimi cəmləşdirməyə imkan vermirlər. Hələ bu arvad, ərinin fərasətsizliyindən əziyyət çəkən başı çadralı “gəlin” qulağımın dibində “Bacaracaq? Kömey eləməsə, yenə gəlim?” deyir və məni gülmək tutur. Başa düşürəm ki, deyəsən, bu gün bunlar rahat buraxmayacaqlar bizi.   

Yolun kənarında taksi dayanınca, yığışdırıram özümü, ciddiləşirəm,  fikirlərimdən ayrılıb pillələrlə aşağı enirəm. Yaxınlaşıb aktyor, rejissor Cahangir Novruzova “xoşgəldin” edir, söhbətə başlayıram. Uzun illərdir Türkiyədə yaşayan, Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışan sənətkarın ləhcəsi maraqlı gəlir mənə. Təmiz azəricə, hətta bir az da Bakı ləhcəsiylə danışır. Arada Türkiyə türkcəsində sözlər işlətsə də, tez  dilimizdəki qarşılığın tapır sözün. Bir az layihəmizdən, “Ulduz” dərgisindən, təzə və maraqlı olmaq istəklərimizdən söz açıram. İlk sualıma isə reaksiyası qəribə olur Cahangir müəllimin. Deyəsən, soyadının, fəxri adının, vəzifəsinin səhv yazılmasından, “özünüz haqda nə deyə bilərsiz?” suallarından xeyli yorulub aktyor. “Niyə məhz buranı seçdiniz?”deyirəm. Gözlərindəki təəccüb eynəyin altından da sezilir: “Demədiz, doğma məkan seçməliyəm? Buralıyam da... Bütün uşaqlığım burda keçib... Bundan doğma məkan?!” Gülümsəyirəm. Və bu məqamda  fikrimə bir səhnə gəlir. “Ac həriflər” tamaşasındakı aktyorun pıçıldaması: “A vot hirslənmək lazım deyildi...” (Yox, deyəsən, bunlar imkan verməyəcəklər axı?! Hə, nə isə, yenə fikirlərimdən qopub reallığa, küləkli, soyuq havada Qız qalası yanında Cahangir Novruzovla dialoqa qayıdıram.) Aktyor tarixə gedib bu məkanın ailəsi ilə bağlılığından danışır: “Bax bu Karvansara tapılmazdan əvvəl burda ev olub, bura mənim nənəmin ata evi idi. Yəni Nəsibə xanımın babasının evi. Bu yana keçəndə Mansurovların evidi, onlar da ata tərəfdən qohumumdular. Bir az aşağıda bulvar, orayla da bağlı uşaqlıq, gənclik xatirələrim sonsuzdu, bitib tükənməz. Muskomediya da yaxında. Ona görə məhz bu məhəlləni seçdim ki, həm sizə danışım bunlardan, həm də özüm qayıdım o illərə”.

– Çoxmu dəyişilib sizin Bakı? Ümumiyyətlə, uzaqdan necə görünür?

Deyəsən, sualımla Cahangir müəllimin yarasına duz basıram. Köks ötürür. Bir az qalaya, bulvara baxıb fikrə gedir. Çünki onun Bakısı, yəqin ki, “Bizim Cəbiş müəllim” filmində oyandığı yeniyetmənin, məhəllə uşağının Bakısıydı. İndi çox inkişaf etmişik, xeyli sığal-tumar da çəkmişik şəhərimizə. Bu da gözəldi, amma yenidi... Hər halda... onunku deyil. Və bunu açıq etiraf edir: “Əlbəttə, şəhərimiz çox gözəlləşib. Hər dəfə gələndə necə yeniləndiyini, müasirləşdiyini görürəm. Avropa şəhərlərindən geri qalmır. Əladı, amma bir az özgədi, yaddı. Bəzi yeniliklər xoş olur, ancaq köhnə İnturistin sökülməsini heç cür anlaya bilmirəm. Niyə sökdülər axı o binanı?! Nə qədər dəyərli, böyük adamların, sənətkarların xatirələri vardı orayla bağlı?! Uzaqdan baxanda öz Bakımı seyr eləyirəm sanki, gəlib görürəm başqalaşıb, yadlaşıb. Amma xəyalən tez-tez gedirəm oralara”.  Bu anlarda külək də astadan əsir, qanadlarını aram-aram çırpıb İçərişəhərin dar küçələrinə üz qoyur, uzaqlaşır sanki bizdən. Bəlkə, qonağın hüznü, kədəridi ona təsir edən, bilmirəm. Cahangir müəllim araya çökmüş sükutu pozmaq üçün qalanın önündə, bir az hündürə çıxıb bulvar tərəfi göstərir: “Bax, orda ilk dəfə qıza “svidani” vermişəm. İndiki kimi yadımdadı. 16 yaşım vardı, deyəsən”. Marağımı boğa bilməyib “Kim idi o qız? Sonra noldu?”soruşuram. Gülür, bir az utana-utana “əşi, nəyinizə gərəydi ey?” – deyir. Və elə bu məqamda tərz, intonasiya Salman bəyi gətirir gözümün önünə. “Ordan-burdan” tamaşasında Dumxanaya duptat seçilmək üçün ətey-ətey pul xərcləyən, hələ üstəlik cavan arvad da almaq istəyən Salman bəy.  Hələ də ayırd edə bilmirəm ki, bu Salman bəy mənfi obraz idi, ya yox. Məncə, o sadəlövh, savadsız idi, vəssalam. Amma pis adam deyildi. Gəzə-gəzə söhbətləşirik, Cahangir müəllim razılaşır mənimlə: “Yox, pis adam deyildi ki. Həm də Salman bəy sadəcə priyomdu. Dövrü, o vaxtın qaydalarını, maddiyyatla alınıb – satılan zəmanəni ifadə edir. Əsl sənət də belə olmalıdı. Eyiblərimizi göstərməlidi ayna kimi... Yəni aynaya baxdığımız zaman o qüsurlarımızı, yanlışlarımızı göstərməsə, biz bunları özümüz düzəltməsək, kənardakılara necə gülməli görünərik, düşünürsünüz? Ona görə sənətə  birtərəfli yanaşmaq düzgün deyil. O ki qaldı Salman bəyə, onda kişi xarakteri vardı. Görürsüz, hətta gizlətdiyi uşaqları da üzə çıxanda özünü kişi kimi aparır, “uşaqlarımdı da, səndə bir dənədi, məndə altı dənə...” – deyir.  Yazıq heç arvadının üzünü də fərli-başlı görməyib, çadrasını açan kimi vurulur ona...” Gülüşürük. Salman bəyin dillər əzbəri olmuş “mən gülün dərmişəm, sən gülabın çəkəcəksən...”, “lap elə belə də dedi? Ay onun əti tökülsün elə...”, “bu məni həmişə xəlvətə çəkəndə nəsə olur...” sözlərini yada salırıq. Amma birdən o da fikrimə gəlir ki, axı dediyi aynada sonralar başqa bir eybimizi göstərdi Cahangir Novruzov... İzzət Nəfislini!

– 80-lərin sonunda Salman bəyi, 90-ların ortasında İzzət Nəfislini əks etdirdiniz o aynada... Salman bəy İzzət Nəfislidən xeyli yaxşı, daha mərd adam idi. Ən azı pul, xərcləyə bilirdi kişi kimi... İzzət Nəfisli üçün vəzifəsindən və pullarından savayı müqəddəs heç nə yox idi.

– Elədir. Salman bəy İzzət Nəfislidən qat-qat üstün adamdı. Təəssüf ki, zamanla geri getdik. Amma gəlin çağdaş izzətlərə, salmanlara baxaq. Vallah Salman bəy də, lap elə İzzət Nəfislinin özü də bunlarla müqayisədə yaxşı kişilərdi.

Məhz bu yerdə Cahangir Novruzovun ağrılarını, əzablarını, gün-gündən maddiləşən, robotlaşan dünyayla, bayağılaşan sənətlə barışmazlığını hiss edirəm. Azərbaycan teatrının yaranması, inkişafında misilsiz xidmətləri olan babası Cahangir Zeynalovun, unudulmaz, böyük aktrisa Nəsibə Zeynalovanın ona miras qoyub getdiyi bu sənət üçün çox şeylər eləmək istəyir. Məsuliyyət, borc hissi rahatlıq vermir ona. Amma heyif ki, uzun illərdir Vətəndən uzaqda yaşayan sənətkar bir çox arzularını, ideyalarını həm rejissor, həm də aktyor kimi reallaşdıra bilmir. Türkiyə mühitində, ümumiyyətlə, ölkədən kənarda az qala Azərbaycan teatr sənətinin simvoluna çevrilib, ölkəmizin, mədəniyyətimizin  tanınması, təbliğatı üçün çox işlər görür. Canlı efirdə “Sarı gəlin” mahnısını ifa etməkdən tutmuş, Axundzadənin komediyasını türkcəyə çevirib quruluş verməyə, türk tələbələrinə Mirzə Cəlili öyrətməyə kimi... Amma yenə də hiss olunur ki, daha çox çalışmaq, parlaq, yaddaqalan nəticələr əldə eləmək arzusundadı Cahangir Novruzov. Yaşa, məsafələrə meydan oxuyur, çərçivələri sındırmaq sadədi ondan ötrü. Musiqili Komediya Teatrına doğru addımladıqca danışır və mən bütün bu pərakəndə söhbətimiz boyu gülüşün hüznlə, zarafatın kədərlə necə əvəzlənməsinə heyrət edirəm. Görünür, bunun özü də istedaddı. Cahangir müəllim də öz istedadını kifayət qədər dərk edən adamdı. Ona görə komplekssiz danışır: “İndi də istənilən rolun öhdəsindən gələ bilərəm. Rejissor dostum Ramiz Həsənoğlu Salman bəyi oynamağımı təklif edəndə gözlənilməz olmuşdu hər şey. Həm də tələsik. Amma görün necə uğurlu alındı. Çünki yanaşma çox peşəkar idi. Sonralar da Ramizlə xeyli işlədik. “Yaşıl eynəkli adam”da rejissoru oynadım, “Ac həriflər”də bir neçə rolum oldu... Bunların hamısı alındı, sevildi. Amma təəssüf ki, zəmanə, sənətə münasibət dəyişildi bir az. Çox istərdim ki, rejissorlar məni dramatik, faciəvi obrazlarda da görsünlər, çəksinlər...”

– Məsələn, Otello rolunda?

Həmsöhbətim sualımı göydə tutur və gülür. “Niyə də olmasın? Əgər mən bütün bu hissləri yaşamağa qadir kişiyəmsə, səhnədə, kinoda nədən canlandırmayım ki?”

– Bu il yubileyinizdir. 60 rəqəmi  qorxutmur sizi? İstənilən yükün altına girə bilərsiz?

Yenə yumorla cavab verir sualıma: “Əlbəttə, mən dəyərəm min cavana... 60 yaş nədi ki? Mən onu heç hiss eləmirəm. Nə fiziki mənada, nə də mənəvi cəhətdən heç bir məhdudiyyət yaratmır bu yaş mənə. Yaşamağı bacarmaq lazımdı...”

– Necə öyrənmisiz bunu? Yaşamağı?

Bəzən belə qəribə, bəlkə də cavabsız suallar yerinə düşür. Deyəsən, elə burda da Cahangir müəllimin özü, həyatı, yaşayışı, dünyaya baxışlarını bölüşməsinə imkan verir bu sual: “Sirrim çox sadədi. Zövq almadığım heç bir işi görmürəm. Yediyim yeməkdən, gördüyüm işdən, təmasda olduğum adamlardan, yaşadığım mühitdən və s. hamısından zövq almalıyam. Və məhz bu yanaşmamla öyrənmişəm zövqlə yaşamağı. Özümə və dostlarıma xəyanət eləmirəm heç vaxt. Zamanla, inkişafla ayaqlaşmağa çalışıram. Burda, Bakıda nə qədər dostlarım, doğmalarım var. Bəzən olub, 2 il gələ bilməmişəm bura. Ona görə interneti, yazışmaları öyrənmişəm, əzizlərimdən qırılmamaq, uzaqlaşmamaq üçün. Bütün bunlar bədbinlikdən qaçmaq üçün vasitədi, metoddu. İşimi sevirəm. Bu da çox önəmlidir. Bir il ərzində 80-dən çox əsər təhlil eləmişəm tələbələrimlə. İndi tələbələrim Türkiyədə məşhur aktyorlardı, sizlərin də burda baxdığınız, sevdiyiniz seriallarda çəkilirlər. Vətənimdən uzaqdayam uzun illərdir. Amma o Vətən mənim içimdədir. Ondan mənən uzaqlaşmamışam, onu şərəflə təmsil edirəm. Nəslimə, kökümə bağlıyam. Məgər doya-doya yaşamaq, həyatdan zövq almaq üçün bunlar yetməzmi?”

Musiqili Komediya Teatrına yaxınlaşdıqca söhbətimizin də istiqaməti dəyişilir. Daha doğrusu, mən nəsil, kök mövzusundan tutub söhbəti Nəsibə Zeynalova istiqamətinə yönəldirəm. Axı Nəsibə xanımın oğluyla qayınana-gəlin mövzusunda necə danışmayasan? Görəsən, bu Qayınana etalonumuz həyatda necə qayınana olub? Və bu məqamda Cahangir müəllim xeyli maraqlı bir etiraf edir: “Bilirsiz, qayınana-gəlin ədavəti olduqca təbii bir hadisədi. Amma mən o zaman biclik, yəni siyasət  işlətdim. Evlənənə yaxın və ondan sonra anamla münasibətimi soyutdum bir az. Yəni anam mənim həyat yoldaşımla daha yaxın, mehriban, isti münasibətdə oldu. Ona görə qısqanclığa da, qayınanalığa da lüzum qalmadı. Çünki onu, yəni yoldaşımı məndən çox sevdi. Vəssalam. Çox asan! (gülür) Bir də Nəsibə xanım sözün əsl mənasında Böyük idi. Həm sənətində, həm də həyatda. O boyda xalq sevgisinin, şöhrətin içində zərrə qədər təkəbbürü yox idi”. Və bu məqamda külək həmsöhbətimin sözlərini harasa uzaqlara aparır sanki... Bəlkə də yuxarılara, Nəsibə xanımın ruhunu şad etməkdən ötrü ona bir az da yaxına “daşıyır” bu sözləri, bilmirəm. Anasından uşaq kimi danışan oğulun səsindəki titrəyişi, kədəri də aydın hiss edirəm, eşidirəm. Ancaq elə ki ayağımızı teatrın kandarına qoyuruq, Cahangir müəllim tamam dəyişir, başqalaşır, ruhlanır elə bil. Qapıda gördüyümüz texniki işçilərdən tutmuş, aktyorlara, rejissora kimi hamıyla zarafatlaşır, deyib-gülür. Böyük aktyorumuz Lütvəli Abdullayevin yubileyinin məşqləri gedir burada. Cahangir Novruzov tədbirin aparıcısıdı. Daha doğrusu, yubileyi təşkil edən rejissor rolunu oynayır. Stolarxası məşqlər başlanır və mən bir kənarda oturub müşahidə edirəm. Bilmirəm, Cahangir müəllim həmişə belədi, ya sadəcə bu gün ovqatının xoş vaxtına düşmüşük... Aktyor həmkarlarını şux zarafatlarıyla, danışdığı lətifələrlə xeyli güldürür. Sirli bir sənət aurası yaranır burada. Şübhəsiz, mövzunun Lütvəli Abdullayev kimi böyük sənətkar olması da əsas şərtdi. Amma hər halda mən qonağımın iş prosesində necə dəyişilməsini, başqalaşmasını hiss edirəm. Yubileyə hazırlıqdan, texniki işçilərin, dekorasiyanın səviyyəsindən narazıdı Cahangir müəllimin yaradacağı obraz. Və elə məşq prosesində  “Yaşıl eynəkli adam”dakı millilik dəlisi olan, dəri gödəkcəli, əndrəbadi rejissor gəlib durur qarşımda... Və deyir: “Bu özfəaliyyətdi, yox, belə olmaz... Bu inqilabçını özbaşına qoysam, aləmi qatacaq bir-birinə... Bu nə rüsvayçılıqdı? Bu nədi, səndən soruşuram? Bu aerobikadan bizim qarlı dağların havası gəlir, ya gəlmir? Hanı bu aerobikanın duzu, hanı bu aerobikanın istiotu, hanı sumağı, zəfəranı, zəncəfili, hanı nanəsi, reyhanı, hanı sarıkökü?” Yazıq xoreoqraf nə desin ey buna? Elə mat-məttəl baxır və “Nooolub kii?”dən savayı söz tapmır. Və bu məqamda rəhmətlik Telman Adıgözəlovun heyrətdən böyümüş gözləri yadıma düşür, yenə gülmək tutur məni. Məşqi pozmaqdan ehtiyat edib yayındırıram fikrimi...

...Qız qalasının yanından başladılar “mane olmağa”, teatra çatdıq, hər şeydən danışdıq, amma yenə hamısı beynimdədi, yaddaşımdadı. Görünür, yaratdığı obrazlar Cahangir Novruzovun varlığına, ruhuna hopublar, ona görə. Bunlarsız, aynada əks etdirdiyi insanlarsız onu nə təsəvvürə gətirmək, nə danışmaq, nə də  müşahidə etmək mümkündü.

Bir az məşqə tamaşa edib aktyor və rejissor sənətinin çətinliyini düşünürəm. Həm də bir anlıq müqəddəsliyini, məsuliyyətini anlayıram. Mane olmamaqdan ötrü elə ilk fasilədə sağollaşıram Cahangir müəllimlə. Bir-iki gündən sonra Adanaya qayıdır. Bunu deyəndə üzündə maraqlı bir ifadə sezirəm, amma yoza bilmirəm. Bu haqda çox da düşünmək istəmirəm. “Maraqlı gəzintiyə və söhbətə görə təşəkkür edirəm. Amma bizi izləyənlər vardı, bilirsiz?” Təəccüblənir. “Eləmi?” – soruşur. “Bəli, Salman bəy, rejissor Cahangir, İzzət Nəfisli, Dərviş və başqaları, hər an bizimlə idilər”. Qəhqəhə çəkib gülür. “Onlar elə hamısı mənəm də... Mən indiyə kimi bir normal adam yaratmadım ki...”

Təzə təmirdən çıxmış teatrın “ütülü, sığallı” pillələrini enə-enə düşünürəm. Bir az da kədərlənirəm, deyəsən. Görəsən, Cahangir Novruzov getməsəydi, tərk eləməsəydi ölkəni, özünü, enerjisini müəllimliyə sərf eləməsəydi, daha hansı özü dediyi anormalları sevdirəcəkdi bizə?! Başqa da bu cür suallar beynimdə dolaşır. Və teatrın qapısından çıxınca diksinirəm. Dərviş xoruzunu qoltuğuna vurub durub qarşımda və deyir:

“Dünyada hər nə ki olub... olacaq!..

Və hər şey ki gərək olsun, elə heylə də olasıdı.

Və o şey ki gərək olaydı, gərək elə də olsun və olan şey olasıdı.

Olmayan şey də olmayacaq və ola da bilməz.

Və bir şey ki ola bilməz, o heç vaxt olmayacey”.

 

 

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 3 may.- S.20-21.