Özü kimi olmaq hüququ
ELÇİNİN
“ARZULAR, HƏYAT, ƏDƏBİYYAT” KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏR
Bu günlərdə “Təhsil” nəşriyyatı
Azərbaycan Xalq yazıçısı Elçinin müxtəlif illərdə yazdığı məqalə, esse, müsahibələrinin toplandığı “Arzular, həyat, ədəbiyyat” (“Meçta, jizn, literatura”)
kitabını çap edib. Tanınmış
yazıçı-publisist, millət vəkili Elmira Axundovanın
kitab haqqında düşüncələri “Kaspi” qəzetində
dərc olunub.
Maraqlı olacağını nəzərə
alıb, həmin yazını tərcümə edərək
oxucularımıza təqdim edirik.
İkinci
yazı
İllər ötür, mövzular, istiqamətlər,
ideologiyalar dəyişirdi. Amma Elçində bir
məqam dəyişməz qalırdı. Bu,
əsl yazıçının Azərbaycan ədəbiyyatının
bu günü və gələcəyi ilə bağlı
narahatlığı idi.
Yaxşı
yadımdadır, mən artıq “Literaturnaya qazeta”nın xüsusi müxbiri kimi Elçini
müsahibə verməyə razı salmaq üçün
sözün həqiqi mənasında xahiş eləyə-eləyə
qalmışdım (O vaxtlar o, müasir ədəbi proseslərdən
bir qədər uzaqlaşmışdı. Belə ki, artıq
bir il olardı, ölkənin bütün
humanitar sahəsi onun kurasiyasında idi. Müsahibə
üçün vaxtı nə gəzirdi). Amma nəhayət,
o, sevimli “Literaturka”sı üçün istisnalıq etdi və
“Keçid dövrünün komediyaları və dramları”
(1994-cü il) adlı müsahibə-söhbət
işıq üzü gördü. Yeri gəlmişkən,
həmin müsahibə də haqqında
yazdığımız ədəbi-tənqidi məqalələr
toplusuna daxil edilib. Həmin söhbətdə o vaxt cəmiyyəti
narahat edən xeyli məsələlərə toxunulub:
keçid dövrü hadisələrinin
işıqlandırılmasında müasir ədəbiyyatın
rolu və əhəmiyyəti, cəmiyyətin mənəvi həyatının
durumu, mürəkkəb proseslərdə ziyalıların
yeri, postsovet məkanında baş verənlər,
keçmişə münasibət və s. Bu söhbət yazıçını
yenidən sevimli qəzetinə qaytardı, ardı-arası kəsilməyən
məktublara və rəylərə zəmin yaratdı...
Sözün,
ədəbiyyatın taleyini düşünən yazıçı-patriot bu “ərazidə”
narahatlıq doğuran, bəzi hallarda isə neqativ proseslər
baş verdiyi bir zamanda heç cür kənarda qala bilməzdi.
Və budur, artıq XXI yüzillikdə yazıçı
özünəməxsus prinsipiallıq və qətiyyətlə
Azərbaycanda gedən ədəbi prosesləri təhlil etmək
və bizim “Danimarka krallığında” nəsə yerində
deyil, nəsə düz getmir kimi hökmlərini
çıxarmaq üçün yenidən qələmə
sarılır. Azərbaycan ədəbiyyatı
daha çox “Vaysman xəstəliyi”nə (Afaq Məsudun hekayələrindən
birinin qəhrəmanı) meyllənib. “Ədəbiyyatımızın
“Vaysman xəstəliyi” məqaləsi və bir neçə
il sonra dərc olunan “Azərbaycan ədəbi prosesində nə
baş verir?” adlı irihəcmli məqalə-monoqrafiya
istedadlı ədəbi qüvvələrin canlanmasına və
birləşməsinə rəvac verməklə bütün ədəbi
ictimaiyyəti sözün həqiqi mənasında silkələdi.
Prinsipcə, Elçinin yazıları da elə bu məqsədi
güdürdü. Keyfiyyətli əsərlərin sözün həqiqi mənasında
diletant, aşağı əyarlı məhsullar dəryasında
boğulduğu müasir ədəbi prosesin bu kədərli mənzərəsini
təhlil edərək Elçin birbaşa öz qələm
yoldaşlarına müraciət edir: bu gün üzərinizə gələn istedadsızlar
ordusu qarşısında çəkinməyin, “bozluğun” təsirinə
uymayın. Qrafomanlığa qarşı
tutarlı peyvənd kəşf olunmayana qədər peşəkar
tənqidin missiyası “ədəbiyyatın havasını təmizləməkdən”
ibarət olmalıdı. Əlləri
yuxarı qaldırıb təslim olmaq olmaz, bayağı,
bulantıq axına, bəsit mədhiyyələrə, saxta,
boğazdan yuxarı sözlərə qarşı getmək
lazımdı. Bu səbəbdən də
Elçin yekunda yeni, istedadlı nəsillə əl-ələ
verib ədəbi prosesləri ağır vəziyyətdən
çıxarmağa, öz peşəkar həmkarlarını
ədəbi tənqidə qayıtmağa
çağırır.
Bu çağırışın şəxsən mənim
özümü necə ilhamlandırdığı
yaxşı yadımdadı. Sanki mən
özüm də hansısa anda “ilkin” peşəmi – ədəbiyyatşünaslığı
və ədəbi tənqidi xatırladım. Məhz bundan sonra yenidən qələmimdən məqalələr
və resensiyalar çıxmağa başladı. Amma etiraf edim ki, mən yalnız istedadlı müəlliflərin
əsərləri haqqında yazırdım. Bu mənada, Elçinə həsr etdiyim və
özunun də yüksək qiymət verdiyi bir neçə məqaləm
çıxdı. Amma bununla belə, mənim
yazılarımdan biri hansısa aqressiv qrafomana həsr
olunmuşdu və mənim onun “yaradıcılığı”
haqqında çox neqativ bir rəyimdən sonra (məqalə
həmin “yazıçının” əsərlərinin dərc
olunduğu “Exo” qəzetində çıxmışdı)
ciddi qəzetlər öz qapılarını onun üzünə
bağladılar. Bəli, Elçin tamamilə
haqlıdı və gənc peşəkar tənqidçilər
ondan nümunə götürməlidirlər. Bizim ədəbiyyatı yalnız xalturaya
qarşı prinsipiallıq və dözümsüzlük
nümayiş etdirməklə xilas etmək olar.
Elçinin yazdığı kimi, “ədəbiyyata can
yandırmaq o deməkdir ki, gərək hər şeyi öz
adıyla çağırmağı bacarasan – yaxşıya
yaxşı dediyin kimi, eynən o şəkildə zərərli
olana da zərərli deyə biləsən”.
lll
... Son illər müasir ədəbi tənqidin ən əlamətdar,
novator nümunələrindən biri yazıçı
Elçinin yazıçı-tərcüməçi
Yaşarın suallarını cavablandırdığı
“Ədəbiyyat söhbəti”di. Yığcam kitab həcmində
olan dolğun müsahibə, həqiqətən də
özündə Şekspir genişliyi və mövzu
hüdudsuzluğu ehtiva edir – yazıçının
formalaşmasında mühitin rolu və bədii əsərin
insan taleyində rolu, “total” söz azadlığı dönəmində
bədii dəyərlərin aşağı düşməsi,
sənətkar və senzura, sənətkar və hakimiyyət
münasibətləri kimi əzəli və əbədi
mövzu, ədəbiyyat və internet, teatrın və klassik
kitab mədəniyyətinin gələcəyi, dünya ədəbiyyatı,
bədii tərcümənin problemləri və xeyli sayda digər
məsələlər.
Elçin də, Yaşar da həddən ziyadə
çox oxumuş adamlardı, dünya ədəbiyyatının
ən yaxşı nümunələrinin – özü də
klassika ilə yanaşı, həm də modern ədəbiyyatın
mükəmməl biliciləri və dəyərvericiləridi. Odur ki, bu, həqiqətən
də iki bərabərhüquqlu iştirakçının
söhbətidi və bu fikirləri oxuyarkən bəzən
istər-istəməz sanki özün də bu söhbətin
iştirakçısına çevrilirsən. Sən gözlərin önündə maraqlı
fikirlərin necə yarandığının sanki canlı
şahidi olursan və Yaşarı narahat edən suallara
dolğun, orijinal cavablardan sözün həqiqi mənasında
həzz alırsan. Elçinin cavabları
yalnız tutarlı olmaqla kifayətlənmir, bu cavablar kifayət
qədər dəlil-sübutludu, yazıçıların,
şairlərin, tənqidçilərin, əsərlərin
adlarıyla, ədəbi iqtibaslarla və reminissensiyalarla zəngindi.
Bu söhbət idrakın və ruhun əsl təntənəsi,
“ədəbiyyat qurmanları” üçün əsl
bayramdı. Bütün bunlarla yanaşı, bu söhbətin
əsas özəlliyi ədəbində və ziyasındadı
.
... Nəhəng erudisiyasından savayı Elçində
əsl yazıçıya xas çox əlamətdar bir
xüsusiyyət də var – o, tərəddüd tərəfdarıdı.
Elə bu mükəmməl söhbətin əvvəlində
olduğu kimi, sonunda da o, yenidən öz tərəddüdünü
ifadə edir: görəsən, bu sırf ədəbi dialoqdan
kimsə nəsə götürə biləcəkmi? Məncə,
söhbətə ön sözündə Yaşar bu sualın
çox dəqiq cavabını verə bilib: “İnanıram
ki, bu kitab əlinə qələm alan
neçə-neçə yazarın, həmçinin,
neçə-neçə oxucunun ədəbi
zövqünün formalaşmasına xidmət edəcək,
ona böyük ədəbiyyata gedən yolda, bələdçi
olacaq...” Öz tərəfimdən isə əlavə edərdim
ki, bu cür “ədəbi master-klasslar” böyük Sözə
məhəbbətin aşılanması üçün bizim
ali məktəblərin filologiya və
jurnalistika fakültələrində tədris olunmalıdır.
lll
Ədəbi-tənqidi yazılardan ibarət toplu
Elçinin bütün həyatı boyu eskizlər şəklində
qələmə aldığı qeydlərlə
yekunlaşır. Yadımdadı, Elçinin ədəbi
gündəlikləriylə tanışlıqdan sonra mən
(neçənci dəfə!) onun ədəbiyyat sahəsindəki
hərtərəfliyinə və həqiqi mənada ensiklopedik
təfəkkürünə heyrət etdim. Etiraf edim ki,
mütaliəni sevən və günü bu günəcən
kitab əlindən düşməyən bir oxucu kimi bu
gündəliklərin oxunuşu zamanı mənə az tanış olan, yaxud heç
tanımadığım imzalarla rastlaşırdım. Görkəmli və hətta sevimli imzaları isə
(elə həmin Tolstoy, Çexov, yaxud Cəlil Məmmədquluzadə)
Elçinin sayəsində yenidən, bəzən tamamilə
gözlənilməz tərəfdən kəşf edirdim.
Son 10-15
ildə biz daha az oxuyuruq: işlərin və
məsuliyyətin artması, vəzifənin tələb etdiyi
xeyli sayda dövrü mətbuatı izləmək zərurəti,
üstəgəl İnternetdən hər gün boylanan
operativ informasiyalar porsiyası ciddi,
düşündürücü mütaliəyə demək
olar ki, vaxt qoymur. Bu mənada, bütün
şüurlu həyatı boyu özünün əsas mənəvi
sərvətindən, kitabdan bir gün belə ayrı qalmayan
Elçin nümunəsi heyrətamiz və ibrətamizdi.
Onun gündəlik qeydlərini təkrar-təkrar
oxuduqca, qeyri-adi mənəvi rahatlığa, nura
büründüyünü, Ədəbiyyat adlı
böyük və əbədi aləmə toxunduğunu hiss
edirsən. Yazıçı Elçin
personajlara, əsərlərə, həmçinin, bu
personajları, bu əsərləri yaradan öz mənəvi
sələflərinin ölməz adlarına məhz bu cür
böyük hərflərlə, sonsuz hörmət və məhəbbətlə
yanaşır.
Elçinin
“Zaman və Söz” kitabında toplanan mini-esselər də
müxtəlif illərdə yazılıb: bəziləri
sovet dönəmində, bəziləri yenidənqurmanın
qarışıq illərində, aralarında son illərin
qeydləri də var. Elçin özü girişdə
yazır ki, aradan uzun illər keçdiyindən bu və ya digər
həyat, ədəbiyyat, incəsənət hadisələriylə
bağlı onun təsəvvürləri dəyişsə də,
qeydlərini “müasirləşdirmək” istəməyib və
onları oxucuların mühakiməsinə “daranmamış”
qiyafədə təqdim etməyi üstün tutub. Amma bununla
belə, burada bir məqam heyrətamizdi: bu esselərə rəğmən
deyə bilərik ki, təxminən yarım əsrlik
yazıçılıq fəaliyyəti dövründə
Elçinin ədəbi zövqü və şövqü dəyişməz
qalıb. Buna daha bir bariz nümunə: o, sovet dönəmində
də vulqar proletar ideologiyaya tamamilə yabançı idi, o,
sovet dönəmində də sovet konyukturasını rədd
edirdi, rədd edirdi və oradan çox-çox uzaqlarda
dayanıb ədəbiyyatı özünün misilsiz ədəbi
zövqüylə hiss edirdi.
Ümid etmək istərdim ki, Elçinin iki dildə dərc
olunan dərin məzmunlu esseləri qürurla özünü
“yazıçı” adlandıran gənc ədibləri ciddi,
düşündürücü mütaliəyə sövq edəcək. Çünki
Elçinin kitabı özündə məhz belə, peşəkar
mütaliəni ehtiva edən gözəl örnəkdi. Yeri gəlmişkən, Elçinin öz
kitablarını, işlərini, məqalələrini əsasən
iki dildə – Azərbaycan və rus dillərində dərc etməyə
üstünlük verir (uzaq xaricdə dərc olunan kitablar nəzərdə
tutulmur) və bu da məlum olduğu kimi, respublikamızda kifayət
qədər rusdilli insan olduğundan Elçinin oxucu
auditoriyasının artmasına zəmin yaradır.
Bədii
sözün sirri üzərində düşünərkən
Elçin belə bir qənaətə gəlir: zaman hər
şeyi keçmişə döndərir, onun
qarşısında bütün incə sənətlər
gücsüzdü... Ya da təxminən bütün... Çünki yazıçının qənaətincə,
“zaman kitab qarşısında gücsüzdü”. “Bəlkə elə Söz Zaman deməkdi?” Elçin sual edir. Yəqin ki, belədi. Həqiqətən
də axı, əzəl başdan Söz idi. Sözün sirlərinə bələd olduqca,
Sözün gözəlliyinə və sehrinə varid olduqca
insan Yaradana daha da yaxınlaşır. Yəqin
Sözün ilahi məğzinin sirri-xudası da elə
bundadı və Elçinin gözəl kitabı bu zaman sanki
Sözün himni kimi səslənir.
Nə vaxtsa bu resenziyanın müəllifi ilə söhbətlərindən birində mənim “Sizi bu qarışıq keçid dövründə hansı mənəvi dəyərlər qoruyur” sualıma Elçin belə cavab verdi:
“Bu barədə düşünərkən bəzən pessimizmə qapılır, hətta təlaş keçirirəm. Ən qədim əyyamlardan üzü bəri ədəbiyyat “müdriklik, xeyirxahlıq, əbədiyyətlik toxumları səpib”. Xeyirlə şərin əzəli mübarizəsində yazıçı təbii ki, Xeyirin yanında olub. Dünya ədəbiyyatı Homer, Şekspir, Füzuli, Höte, Tolstoy kimi nəhənglər yaradıb. Soruşa bilərsiz, nədən təlaş keçirirəm? Axı bu yer üzündə heç nə dəyişməyib. Və xeyirlə şərin döyüşünün də sonu görünmür. Ədəbiyyat öz-özlüyündə dünyada, yaxud da insan xislətində nəyisə dəyişmək iqtidarında deyil. Məni məyus edən də budu. Amma digər tərəfdən bir anlığa təsəvvür edin ki, bu yer üzündə nə Homer, nə Nizami, nə də Şekspir var. Onda nə olardı? Zülmət, boşluq, uçurum! Bilirsiz, həyatımın ən ağır dönəmlərində nədənsə, Don Kixotu yada salır və yüngülləşirəm. Bəli, ədəbiyyat bütün bəşəriyyəti xilas etmək gücündə deyil, amma bir insana köməyi dəyə bilər. Bu isə razılaşın ki, az deyil...”
Bizim həmin o söhbətin üstündən düz iyirmi il vaxt keçib. Və mən şadam ki, Elçin məşhurluq, şöhrət, uğurlu karyera sınaqlarından keçərək, gəncliyinin ədəbi prinsiplərinə, Sözə xidmət kimi bu əsas və coşqun məramına sadiq qalıb. Özünün şəxsi etirafına görə, yazmaq tələbatı onun üçün “yaşamaq” sözüylə sinonimdi. Və nə qədər ki, belədi, Azərbaycan ədəbi proseslərinin gələcəyinə olan inam ümidsiz görünmür...
Elmira Axundova
525-ci qəzet.-
2014.- 3 may.- S.14.