Unudulmaz ədibimiz Tofiq
Abdin "Yazıçı" ilə yad edilib
"Oğuz Eli" qəzetinin
"Yazıçı" buraxılışının yeni
sayı dəyərli
ədibimiz, mərhum şair və publisist Tofiq Abdinə həsr olunub. Dərgi şairin
"Gəlin, tanış
olaq" şeiri ilə açılır:
...Çox vaxt yaxşılığa pislik
qazandım,
Ürək xal-xal oldu görən
olmadı.
Şeirdir məsləkim, şeirdir
andım,
Özümdən ucada tutdum bu adı-
Köhnə tanışlarçün mən ki dünənəm,
Gəlin,
tanış olaq, Tofiq Abdinəm!
Xalq yazıçısı Anar
"İnana bilmirəm"
yazısında şairin
ölümündən duyduğu
kədər hissini qələmə alıb:
"Acıdan acı bir xəbər -Tofiq Abdinin ölüm
xəbərini eşidəndə
əlillik tanışlığımızın,
yaradıcılıq ünsiyyətimizin,
ədəbi əlaqələrimizin,
"Qobustan"da birgə
çalışmağımızın müxtəlif səhnələri
bir-bir yaddaşıma
qayıtdı. Tofiq istedadlı
şair idi və eyni zamanda
çox iti və kəskin qələmi, orijinal üslubu olan, cəsarətli publisist yazılarıyla, maraqlı
müsahibələriylə mətbuatımızda geniş
tanınmış və
hörmət qazanmış
müəllif idi".
"İndi dəqiq
xatırlamıram, ancaq
nədənsə mənə
elə gəlir ki, biz Tofiqlə elə zarafat eləyə-eləyə, bir
xoş sevinc ovqatıyla tanış olmuşduq və əlli ildən sonra son telefon söhbətimiz də elə o həmin kökdə, həmin dəyişilməz havadaydı". Bu fikirlər Xalq şairi Sabir Rüstəmxanlının "Görüşərik" yazısındadır.
Akif Qəhrəmanlı "Qeyri-adiliyi
sadəliyində olan Tofiq Abdin" yazısında şairin xeyirxahlığını xüsusilə
vurğulayıb: "Xeyirxahlığını
ayrıca qeyd etmək də mənim boynumun borcudur. Qoy heç kəsin
xətrinə dəyməsin,
tanıdığım ziyalılar
içrəsində Tofiq
Abdindən xeyirxahı
olmayıb. Bu keyfiyyətinə görə
onu təkcə məşhur tərcüməçi
rəhmətlik Cəlil
Xəlilova ilə müqayisə etmək mümkün idi. Tofiq abi insanların ancaq yaxşı cəhətlərini görür,
qiymətləndirirdi".
"İndi sən zamansız, qorxusuz, ölümsüz bir yerdəsən..yox,
düz demədim, yerdə yox, yersizlikdəsən. Daha nə
şeytan var, nə ölüm, nə də ölüm qorxusu. Gözlərin aydın olsun, Tofiq Abdin,
ölüm qurtardı,
daha sənə ölüm yoxdu! Diriliyin mübarək, ölümsüzlüyün
mübarək!" Bu fikirləri isə "Tofiq Abdinin saatlı
Bombası" məqaləsində
yazıçı Fəxri
Uğurlu qələmə
alıb.
Kənan
Hacı "Tofiq Abdinin son zəngi" yazısında duyduğu acını ifadə edib: "Üz tutduğum ünvanlardan biri də azaldı.
Son dəfə nə vaxt ağladığımı
xatırlaya bilmirəm.
Amma ötən gecə evə çatıb hönkür- hönkür
ağladım. Duaların
həmişə mənimlədir,
Abi!..Görüşənədək..."
... Deyirsən, ayrılaq,
Bəsdir yaşadıq.
Ayrılaq, nə qədər gec deyil hələ.
Bəsdir
gözümüzdə həsrət
daşıdıq
Yoldan ötənlərə biz bilə-bilə...
Sevsəm
də mən səni, ayrılmalıyıq,
Niyə gizlədirik həsədimizi.
Unuda-unuda
yaşayırıq biz
Məgər görmürsənmi bir-birimizi?
"Tofiqin ölümü
ilə onun bu neçə illərdə yaratdığı
mozaik və qeyri-adi sütunları olan ədəbiyyat və incəsənət sarayının bir tərəfi çökdü. Ədəbiyyat və cəmiyyət müstəvisində böyük
bir uçurum yarandı". Dərgidəki bu qənaətin müəllifi isə Nemət Veysəllidir.
Saday Budaqlı "Heç kim inanmırdı
öləcək..." yazısında
mərhum şairlə
bağlı səmimi
duyğularını bölüşüb:
"Nəsə, belə-belə
işlər, Tofiq. Yenə sakitcə aradan çıxdın. Ancaq bu dəfə həmişəlik.
Dostlar arasında, işdə sənin yerin görünür, Zakirlə,
İlhamla sənin söhbətini eləyirik.
Sənin üçün
hər şey bitdi: oğlu sarıdan, nəvələrin
sarıdan narahatçılıqların,
başqa problemlərin
yoxa çıxdı...
Dünyanın bir böyük
sirri var ki, öləndə bizə agah olacaq. Sənə indi agah oldu. Bu sirrə
vaqif olmaq üçün ölməyə
dəyər".
"Ürək demişkən,
heç ürəyindən
şikayətlənməzdin Sən. Bəlkə də incidirmiş Səni, amma mən eşitməmişdim...Sən ürək sahibi idin, arxayın
idin o ürəyə...Amma çox vaxt arxayın olduqlarımız beləcə
yarıyolda buraxır
bizi... Gözümüz qapıda qalıb,
Tofiq abi. Demə, həyatımız
sənin dipdiri xatirələrinlə dopdolu
imiş.." Bu cümlələr isə Sevinc Mürvətqızının Tofiq
Abdin haqqında yazdığı "Gözümüz
qapıda qalıb, Tofiq abi" yazısındadır.
Nərgiz Cabbarlı şairi "Bizə xəbər edərsən..." yazısı
ilə anıb.
Nəşrin baş redaktoru,
şair Azər Abdulla
qələm dostunun fiziki yoxluğunu "Ölüb itmiş, bitmiş ölüm" yazısındakı kimi qarşılayıb: "Acı
xəbəri avtobusda eşidəndə səksəndim,
"yəqin kiminsə
zarafatıdı" - düşünüb
bu xəbəri özümdən genitməyə
çalışdım, Tofiq,
ancaq bu qara xəbər stəkanda dupduru, şəffaf suya düşüb aramla çökdükcə yayılan
qatı, yamyaşıl
damcı təkin yavaş-yavaş canıma,
qanıma hopmağa başladı. O sonsuz, əbədi dünya varsa, oralarda(!) Şahmar Hüseynov, Vidadi
Məmmədov, Tanqo (Tanrıqulu Əliyev), Natiq Səfərov, Aslan Qəhrəmanlını...
tapmasan da, dərhal özünə yeni dostlar tapacağına
əminəm. Sən
ünsiyyətcil, qonaqcıl,
insancıl idin..."
Dərgidə Xalq şairi Fikrət Qoca, Qulu Ağsəs, Xanəmir Telmanoğlu, Nəriman Əbdülrəhmanlı,
Orxan Aras, Fəthi Gədikli, Elçin İsgəndərzadə, Məzahir
Əhmədoğlu, Tofiq
Hüseyn, Ceyhun Musaoğlunun da yazıları, eləcə
də fotoşəkillər
və mərhum şairin şeirləri yer alıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 7 may.- S.7.