Mirzə Fətəli Axundzadənin
seçmə əsərləri Ukrayna
dilində çap edilib
Prezident
İlham Əliyevin Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin
qeyd olunması barədə sərəncamı
ilə əlaqədar
görülən işlər
çərçivəsində Azərbaycanın Ukraynadakı
səfirliyi dahi Azərbaycan yazıçısı
və mütəfəkkirinin
seçmə əsərlərini
Ukrayna dilində kitab şəklində nəşr etdirib. Bu barədə Azərbaycanın
Ukraynadakı səfirliyindən
məlumat verilib.
Kitaba M.F.Axundzadənin həyat və yaradıcılığı
barədə məqalələr,
dahi mütəfəkkirin
şeirləri, məktubları,
"Aldanmış kəvakib"
povesti, "Kəmalüddövlə
məktubları" və
bütün dram əsərləri
daxil olunub. Kitab Bakı Slavyan Universitetində müzakirə
edilib və tərcüməyə müsbət
rəy verilib, Azərbaycan Milli Elmlər Akademiyasının
akademik-katibi, Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, professor Kamal
Abdullayev əhatəli
"Ön söz"
yazıb. "Ön söz"də böyük dramaturq və mütəfəkkir
M.F.Axundzadənin Azərbaycan
dramaturgiyasında misilsiz
tarixi xidmətləri,
eləcə də bütövlükdə Azərbaycanın
ictimai-fəlsəfi fikrində
əhəmiyyətli rolu
vurğulanıb. Professor K.Abdullayev M.F.Axundzadənin
əsərlərinin Ukrayna
dilinə tərcümə
edilməsini təqdirəlayiq
hal kimi qiymətləndirmiş, bu
təşəbbüsə görə Azərbaycanın
Ukraynadakı səfirliyinə
təşəkkürünü bildirib, yeni nəşrin dost və bir-biri ilə sıx bağlı olan xalqlarımızın
mənəvi-mədəni əlaqələrinin
daha da inkişafına
töhfə verəcəyini
qeyd edib.
Kitabın tərcüməçisi tanınmış
Ukrayna tədqiqatçısı
Vasil Belotserkovski, redaktoru səfir Eynulla Mədətlidir.
Kitab Kiyevdə
"Dmitri Buraqo" nəşriyyatının
mətbəəsində nəfis
şəkildə çap
edilib. Nəşrin çapına tanınmış
azərbaycanlı iş
adamı, Ukraynanın
Sumı vilayət şurasının deputatı
Əfqan Salmanov maliyyə dəstəyi göstərib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 8 may.- S.7.