Çətin və asan- "Məşhurların
xanımları"
Rəhilə
Gülgün
Az-çox tanınan şairin, yazıçının, ümumiyyətlə, istənilən tanınmış adamın xanımı olmağı bizim nəslin gənclik dönəmində (söhbət yetmişinci illərdən gedir) hansı gənc qız arzulamazdı?! O cümlədən, mən. Adıma şeir qoşulmasını istəməmişəm desəm, yalan olar. Amma bu xəyalın gerçək olacağını ağlıma gətirməmişəm. Deməli, taleyim, alın yazım olub.
Nə az, nə çox, düz qırx bir ildi ki Vaqiflə bir yerdəyik. Bu iki igidin ömrüdü. Beş tələbəlik ilini çıxsaq qalan 35 il ailə payına düşür. Son nəfəsimə qədər davam edəcək həyat hekayəmin birgəlik tarixindən bir qəzet səhifəsinə sığan nə paylaşa bilərəm? Elə də böyük istedad sahibi deyiləm ki, balaca sözlə böyük dünya yaradım...
lll
Aranda, yurdumuzun ərazicə kiçik, həddən ziyadə isti bir yerində, payızda doğulmuşam. Valideynlərimdən çox payıza bənzəyirəm .
Zərdabın əlli evlik kəndində, sadə ailədə bəxtəvər körpəlik yaşamışam. Allah sevgisi ilə işıqlanan köhnə kərpic evimizdə nənə mərhəməti qanıma hopub. Babamın nağıllarından qanad taxıb uçmuşam. Dünyanın bütün xeyirxah və yaxşı adamları Safura nənəmdən, Şamil babamdan sonra gəlir. Bu sıralama son nəfəsim üzülənə qədər dəyişməz qalacaq. Bununla belə Allahın lütf edib verdiyi ömrümün bu günə qədərki hər anı yaxşı adamların arasında keçib.
Atam-anam da sağ olsun, yaradanın izni ilə məni bu dünyaya gətirib, cəfamı çəkiblər. Onlara borcluyam. Amma bu günümə qədər həyatda yaxşı nəyə nail olmuşamsa bir elin ağsaqqalı Şamil babamın, altı para kəndin ağbirçəyi, çoxlarının iman-güman yeri Səfurə nənəmin xidmətidir.. Nənə-baba yanında böyüməyin ləzzətini onu dadanlar bilir. Bəxtim onda gətirib ki, hər kəsə örnək nənə-baba ocağında böyümüşəm. Onların tutduğu yol, ailə təcrübəsi yerişimə çıraq tutub. Onlardan hər şeyə yaxşı yöndən baxmağı öyrəndiyim üçün həyatın ən çətin sınaqlarına tablaşdım. Hər cümə günü mələk misalında olan o insanları anmaq həyat tərzimdir. Onların ruhu yolumu aydınladır, gücümü artırır, həyata, ailəmə, uşaqlarıma, yaxşı olan nə varsa onlara bərk-bərk sarılıram. Nənəmə və babama bağlı xatirələrim onların ruhu qədər toxunulmaz, əyilməz və sınmazdır.
lll
İndi düşmən tapdağında inləyən Kəlbəcər bir vaxtlar aran camaatının yaylaq yeri olardı. May ayının sonundan avqustun axırınacan, rəhmətlik nənəmin dediyi kimi, allı-güllü yeylaxlarda- Ağcaqızın, Sariyerin dağ yamaclarında binə tutar, yayın dadını doya-doya çıxarardıq. On beş yaşadək hər yay o cənnət məkanın buz bulaqlarının suyundan içmişəm, sıldırım qayalara dırmaşıb dupduru səmaya əl yelləmişəm, dərələri, dağları, zümrüd meşələri, yamyaşıl məxmər yamacları əldən-dildən düşənəcən dolaşmışam, di gəl ki, doymamışam. Beçə balın,əmliyin dadı damağımda, kəklikotunun, qantəpərin, sarıçiçəyin, baldırğanın ətri indi də burnumdadı...
Bir Sara nənə obrazı yaşayır
uşaqlığımın yaddaşında. Ətli-əndamlı, zəhmli bir
arvad idi. Başına bağladığı
nimdaş yaylığının altından alnına sallanan
qıvırcıq, gümüşü saçları ona
vahiməli görkəm verir, ətəkləri topuğuna dəyən,
rəngini çoxdan itirmiş qat-qat paltarı həmişə
mer-meyvə, siqaret iyi verən konfetlə dolu, iri cibli
arxalığı onu küpəgirən qarıya bənzədirdi. Onu görən kimi
qorxur və qaçıb nənəmin böyrünə
qısılırdım. Mən Sara nənədən
qorxmurdum. Ondan xoşlamadığım iy
gəlirdi. Mən o,qoxudan
qaçırdım. Çox sonralar bunun
mal-davar qoxusu olduğunu anladım. Sara nənənin
xeyli inəyi, camışı vardı və nənəmin
dediyinə görə bu heyvanlar onların mudarası, yəni
dolanışıq yeriydi. Onlar bu
heyvanların südünü, qatığını,
qaymağını satmaqla dolanırdı.
Nənəmlə Sara nənə bacılıq
olmuşdular.
Evimizdən ona, nəvəsinə çoxlu
pay-pürüş aparardı. Sara nənə də əvəzində,bəlkə də təmənnasız hər
gün bizə təzə sağılan süd, beçə
balı və qaymaq gətirər, nənəm nə qədər
israr eləsə də pulunu almaz, məni göstərib deyərdi:
–Xətrimə
dəyirsən, seyid qızı, bax o balacaya nənə
payıdı. Uşağa fikir ver, bajı, bir dəri
bir sümükdü. Dünyagörmüş adamsan,
qarışdır balı qaymağa, doldur
isti təndir çörəyinin arasına, ver yesin, əmələ
gəlsin. Sara arvaddan qaçdığıma, onu həndəvərimə
buraxmadığıma görə nənəm məni məzəmmət
eləyər və deyərdi:
– Bala,
onun görünüşünə baxma, yaxşı
adamdı, mərd arvaddı, kişi
qızıdı...
O vədələr
bunları anlayacaq yaşda deyildim və mənə görə
o yenə də pis nağıl qoxusu verirdi.
Kürd qızı Sara
arvadın dərdli hekayətini illər sonra öyrəndim.
On beş yaşın içindəydim. El yenə yaylaqdaydı. Aranlılar
dağlılarla sarmaş-dolaş olmuşdular. Mənim gözüm Sara nənəni, onun, kəmağıl
məzəli oğlu Yaqubu, çiynindən səhəngi
heç düşməyən gəlini Qarateli, bir də onun
pırpızbaş oğlu yeganə yaylaq dostum Qurbanı
axtarırdı. Ona çoxlu kitab, Yaquba
saçaqlı konfet gətimişdim. Nənəm
yaylığının ucu ilə nəmli gözlərini siləndə
hər şeyi anladım. Sara nənə bir də
bulanıq gözləri ilə məni süzüb, nənəmə:
–Seyid
qızı, nəvən namxuda yaman yekələnif, qəşəhcə
qız oluf, gözün üstündə olsun,-deyib bir daha
göz vurmayacaqdı.
Doqquz oğuldan səkkizi nakam getmişdi bu dünyadan. Sonbeşiyi, Yaqubu
gözündən ayırmaz, onu kimsəyə, Yaqubdan on
yaş böyük arvadına belə etibar eləməz,
körpə uşaq kimi öz əli ilə yedirib içirər,hara getsə yanınca aparardı...Haqqın dərgahına
köçmüşdü mənim Sara nənəm. Çəmən-çiçək
solmuş, başı buludları dələn qoca dağlar
sisdən-dumandan görünməz olmuş, yaylaq
anlamını itirmişdi... Mən o yay Sara nənəni
bağrıma basıb doyunca öpəcək, qoxusunu dağ
havası kimi sinəmə çəkəcək, Sara nənə,
mən səni Səfurə nənəmi istədiyim qədər
istəyirəm,-deyəcəkdim. Bəxtəvər
yaddaşımda hələ də Kəlbəcər nisgili
yaşayır, böyüyür. Sara nənəmin ruhuna
and olsun ki, bu nisgil bitəcək! Kəlbəcərlilər
öz yurdlarına dönəcəklər. Nəvələrim
Nəzrinə, Səfərə, Elmiraya, İsgəndərə
və birdə balaca nənəm-nəvəm Səfurəyə
Kəlbəcərin gözü sayılan Taxtabaşında
Sara xatun dastanını nağıl söyləyəcəyəm...
lll
Böyük
şəhərə Vaqif şərqşünas, mən hüquqşünas
olmaq arzusu ilə gəlmişdik. Allah məni onun bəxtinə
yazdığı üçün, o, 1972-ci ildə müsabiqədən
keçə bilməmiş, növbəti il
mənimlə təkrar imtahana gəlmişdi. Başqa cür
necə ola bilərdi ki... Axı o mənim
alın yazımdı...
1973-cü
ildə hər ikimiz indiki Bakı Dövlət Universitetinin(o
zaman Azərbaycanda yeganə universitet idi) jurnalistika fakültəsinin
tələbəsi olduq.
Onu üçüncü kursadək demək olar ki,
görmədim, duymadım. Sadəcə hər kəs
kimi o da tələbə yoldaşım idi. Onun könlündə nə zaman yer almışam,
ürəyini nə zaman titrətmişəm, deyə bilmərəm.
Özü daha yaxşı bilir. Odlu-alovlu
bir eşq yaşadıqmı?.. Hə və
Yox!
Bir yaz günü dərs fasiləsində mənə
bükülü vərəq ötürdü. Haçan arxamdakı partada
oturduğunu hiss etməmişdim. Vərəqi açdım, zarafat sandım.
Biz heç dost da deyildik. Utancaq, söz deyəndə
qıpqırmızı qızaran oğlanın mənimlə
nə işi? Kağızda bir bənd
şeir vardı və o misralar könlümü yerindən
oynatmağa yetdi. Əgər belə demək
olarsa, həmin gündən siçan-pişik oyunumuz
başladı. Mən ondan, o məndən
qaçdı. Bir gün
baxışlarımız toqquşdu və siçan- pişik
oyunu bitdi. Nə zaman əl-ələ tutduq, nə zaman
eyni yolun yolçusu olduq, nə Vaqif xatırlayır, nə mən...
Bir də baxdıq oğul-uşaq sahibi, ev-eşik yiyəsiyik. Qırx ildən
çoxdu doğru bildiyimiz yolla əl-ələ,
çiyin-çiyinə əmin addımlarla gedirik. Ölüm bizi ayıranacan bu belə olacaq. O qədər
yaxınıq ki, indi mən onun yerinə nəinki vəd verə,
söz deyə, hətta and içə bilərəm.
Söz
yazmağa nə var ki... Su içmək qədər
asandır. Kəlmələri muncuq kimi
ard-arda düzürsən sıralanıb gedir. İlk baxışdan illər də asan yazılan kəlmələr
kimi sürətlə ötür. Gözünü
açıb-yummağa, geriyə boylanmağa macal tapmırsan.
Ən əsası isə budur ki, geriyə boylananda
keçdiyin yolda, yaşadığın ömürdə səni
utandıracaq,qəhr edəcək,
heç zaman arasını açmaq istəmədiyin bir səhifə
yoxsa, sənə dikilən gözlərə şəstlə
baxa bilirsənsə, demək ömrü bada verməmisən!
Asan yaşamamışıq. Enişlər, yoxuşlar, zamanın
acımasızlığı, maddi sıxıntılar,
evsizlik, kasıbçılıq... Bunlar bizim
iradəmizin, səbrimizin qarşısında heç nə
idi. Biz kirayədə
yaşadığımız nəmli zirzəmilərdə belə
yaşadığımız bol günəş
işığı düşən mənzilimizdəki qədər
xoşbəxt olmuşuq. Xoşbəxtlik ərmağan
verilmir. O qazanılır. O insandan əmək istəyir,
zəhmət istəyir. Hər kəs eşitsin və duysun;
Qapını döyüb başına tac
qoyan, səni süd gölündə üzdürən sehrli
qüvvə yoxdur və olmayacaq.
İstəkli bəndə olduğuma, mənə
könlünün xoş saatında həyat verdiyinə
inanıram. Allahımdan, taleyimdən razıyam. Nə yaxşı ki, Vaqifi mənim baxtıma
yazıb. Nənə-babamdan sonra, yalnız
onun simasında insanın dünyanın əşrəfi
olmasına dübarə inandım. Vaqif
böyük yanında böyükdü, uşaq yanında
uşaq, şeytan qarşısında isə həmişə
mələkdi. Qarışqanı
tapdamağa qıymaz. Ən yorğun, lap
üzgün vaxtında belə ürəyimi
qırdığını, baldan acı bir söz dediyini
xatırlamıram. Mərhəmətli,
gözü-könlü toxdu. Biri təzə ev tikər, ona sevinər, biri oğul evləndirər,
qız köçürər ona fərəhlənər. Geniş qəlbində hər kəsə yer var.
Dosta, qohuma, qardaşa...Mənim yerimsə fərqlidir.
İstəsəniz bunu
bir zarafat sayın, hər zarafatda bir gerçək
olduğunu isə yaddan çıxarmayın.
Bənzərsiz
insan Vaqifin üç övladının anası olmaqla
yanaşı, həm də Azərbaycan ədəbiyyatında
özünəməxsus yer alan, cəmiyyətdə
bir şəxsiyyət olaraq yaxşı görünən
dolğun bir şairin xanımıyam. Qürur
duymuram desəm, doğru olmaz. Onu sevənlər,
yaradıcılığına dəyər verib, şəxsiyyətinə
hörmətlə yanaşanlar sadəcə bir Vaqifi, şair
Vaqif Bəhmənlini tanıyırlar. Mənsə,
həm şair, həm insan Vaqifi ovcumun içi kimi
tanıyıram. Onunla dil tapmaq çox
asandı. Saçı boş yerə
ağartmamışam ki... İkicə dəqiqəyə
onu quzu balasına döndərə bilirəm. Amma bütün hallarda şair Vaqif Bəhmənliyə
baxıram və bu zaman görürəm ki, nəinki məni,
hətta qəribi ağlamaq tutur. Allaha and olsun ki,
şairlə yaşamaq çətin deyil, heç asan da
deyil... Çox istərdim ki, bu söhbətimiz
şair Vaqif Bəhmənlinin həqiqətən də
yalnız mənə yazıldığına
inandığım şeirləri ilə davam etsin.
Rəhilə
xanım üçün doqquz şeir
BİR
ƏBƏDİ SEVGİ
Bir əbədi
sevgim var –
dəyişmərəm ağrısını
dünyanın ən böyük
xoşbəxtliyinə.
Bir əbədi
sevgim var
ürəyimdə,
damarlarımda,
gicgahımda döyünər.
Bir əbədi
sevgim var;
qaranlığı
min qat
yaxşıdı
göy
üzünün
gülümsər aydınlığından,
kirpiklərinin kölgəsi
çox-çox sərindi
cənnət bağından...
Bir əbədi
sevgi –
yalanlardan
uzaq,
riyadan
uzaq...
Kəpənək
qanadları kimi
davamsız
röyadan uzaq.
Bir
gün ağlasam
gülləndirən
gözümün yaşlarını,
ölsəm bir gün
dilləndirən
qəbrimin daşlarını –
bir əbədi
sevgim var.
Bir əbədi
sevgi...
yaranışdan yaranıb
evimə,
eşiyimə,
ömrümə
nur
calamağa,
Səhərlər
oyadır
günəş telləri kimi
ilıq
barmaqlarıyla,
çay
dəmləyir mənə,
Sonra da
başlayır
oğlumun beşiyini
yırğalamağa
–
bir əbədi
sevgi...
UŞAQLAR
KƏNDDƏDİ
Sükut
hakim olur yola, dalana,
Evimiz boşalır bir dəfə ildə.
Əlüstü
deyirik xəbər alana:
Uşaqlar kənddədi, nənəsigildə.
Eyvanda səbətə
qalaqlanıb, bax
Yalançı tüfəng də, ayı da, fil də.
Ləzzətlə
dincəlir oyun-oyuncaq –
Uşaqlar kənddədi, nənəsigildə.
Rəhilə
unudur qazan asmağı,
Hikkəli kəlmələr cücərir dildə.
Bircə
səbəbi var qoşa susmağın;
Uşaqlar kənddədi, nənəsigildə.
Açıq
pəncərədən yola göz dikir
Pas tutmuş güldanın içində gül də.
Qarışır
beynimdə neçə söz, fikir –
Uşaqlar kənddədi, nənəsigildə.
Poçtda
xanımlara boğaz çəkirəm
–Ay
bacı, rayonu... telefon əldə.
Bu dərdi
beləcə, hər yaz çəkirəm...
Uşaqlar kənddədi, nənəsigildə.
HƏMİŞƏ
GÖZƏL
Paltar
vannasından çıxmayan əlin
qırışdı, desəm, incimə.
İşıq
saçan qızıl telin
qarışdı, desəm, incimə.
Güləş
gözün kədərlə
barışdı, desəm, incimə.
Çox
yaşıl gülümüzü
nə
olsun xəzəl eləyib;
Həyat
səni, əzizim,
bir az da
gözəl eləyib.
SƏNƏ
DƏRD DƏ YARAŞIR
Bizi
alqışın saxlar
Deyimmi, deməyimmi?
Gül
şaxısan, uşaqlar
Zərif kəpənəyindi.
Mələklər
köynək sərir
Cənnət
gülünə, sanam:
Səni
gözəl göstərir
Paltar yuduğun vanna.
Qismətin
bahar sənin
Püşkünə seçilibdir.
Dünyada
nə var sənin
Boyuna biçilibdi.
Gələr,
ya gözə gəlməz
Hardandı bu yaraşıq?
Sevincin
sözə gəlməz,
Sənə
dərd də yaraşır...
ÖZÜMÜZ
OLANDA
Sayı
min-min, qat
ı
çin-çin
Arzumuz olanda yaxşıydı.
Çəpər
dibində, çiçəyim,
İzimiz
olanda yaxşıydı...
Körpə
könlə qada salan,
Baxmaq ilə
oda salan
Bir
cüt şamı yada salan
Gözümüz olanda yaxşıydı.
Gecə
keçsin, kimdi yatan,
Kimdi bizdən xəbər tutan?
Kol
qanadan, tikan batan
Dizimiz olanda yaxşıydı.
Alışığı
sən gətirən,
Çırpısını
mən gətirən,
Gecəmizə
gün gətirən
Közümüz olanda yaxşıydı.
Qəm
piltəli iki çıraq...
Alışmağa
yoxdu maraq!
Basdı
bizi oğul-uşaq –
Özümüz
olanda yaxşıydı,
İkimiz olanda yaxşıydı.
HƏYAT
HAQQINDA
Nə
yaxşı ki, anam olub,
Nə
yaxşı ki, atam olub,
nə
yaxşı ki,
mən
olmuşam sonra da.
Nə
yaxşı ki, anan olub,
Nə
yaxşı ki, atan olub,
nə
yaxşı ki,
sən
olmusan sonra da.
Nə
yaxşı ki, Vətənimiz eynidi –
İlk yuvamız torpaq olub, yer olub.
Üstümüzə
qanad sərib göy üzü,
Nə yaxşı ki, günəşimiz bir olub.
Nə
yaxşı ki, uçmamışam qayadan,
Nə yaxşı ki, yanmamısan odda sən.
Nə
yaxşı ki, düşməmişəm ağacdan,
Nə yaxşı ki, batmamısan suda sən.
Bir
sevginin hərarəti, istisi
Beynimizi qarışdırıb nə yaxşı.
Dilim yanar
taleyimə pis desəm,
Tale bizi görüşdürüb nə yaxşı.
Bu səadət
ölənəcən bəsimdi
Sənin necə... arzun hələ çoxdumu?
Yanar qəlbə
sərinlikdi, nəsimdi
Nə yaxşı ki, səsi gəlir oğlumun.
Nə
yaxşı ki, bir ata var hardasa
Güclə dözən körpəsinin nazına.
Nə
yaxşı ki, bir ana var hardasa
Şirin-şirin
layla çalır qızına...
BARMAĞINI
QATLA GÖRÜM
Ürəyim
gül parçasıdı:
Hər nə edib, dilim edib.
İnsaf
kimi seçəsidi,
Kim kimə çox zülm edib??
Barmağını qatla görüm.
Hicran ki,
var şükür yenə...
Bu da bir növ ərmağandı.
Dağ
sinəmdə çatıb minə,
Əllərində
barmaq ondu –
Barmağını qatla görüm.
Mənə
yağan, məndən yağan
Acı
qalsın, şirini say.
Uşaqlığı
qoy qırağa,
On yeddidən
birini say –
Barmağını qatla görüm.
Qəm
düzündə xışı çəkən
Yaddan çıxıb dönüb yada.
Dərdi
məndən yaxşı çəkən
Adam varmı bu dünyada? –
Barmağını qatla görüm.
Aramızdan
nə yel əsib
Namərd olub duymamışam?
Yar yolunda
indiyəcən
Kim
özünü qurban kəsib,
Mən
canıma qıymamışam –
Barmağını qatla görüm?
BU
BİZİKMİ
Dörd
divarın soyuğundan
qar
yığırıq,
buz
çəkirik, əzizim,
Nə
ağrıdı, bu ağrılar
biz
çəkirik, əzizim?
Hanı,
hanı uçduğumuz –
uça-uça
göy
üzünü qucduğumuz, əzizim?
Bunca bizi
yoran nədi,
Gözümüzə
durub-durub
dizimizi
qıran nədi, əzizim?
Saçlarını
topa yığan
Bantın
hanı,
İçi
kitab, dəftər dolu
çantan hanı, əzizim?
Gül
bağından gül adına
gül
üzənin necoldu?
Sarı
sünbül saçlarına
gül
düzənin necoldu?
Əldə
qırıq acı badə,
Şirin
çağlar düşmür yada
Rüzgarların
caynağında
Dörd
cüt qanad getdi bada, əzizim...
Gəlmişikmi,
görmüşükmü,
olmuşuqmu bu dünyada, əzizim?
Yadlara
bax...
Qəşş
eləyir,
doğmalar da gülür bizə ?
Bu iki
deyingən qoca bizikmi
əyləşmişik diz-dizə?..
Allah,
ölüm ver bizə,
Allah,
ölüm ver bizə!..
lll
Çöldə tufan. Çölü kəsir –
Evim
çox-çox aralıda...
İçəridə
içim əsir;
Könül
qapım aralıdı...
Çöldə tufan. Mobil səsi –
Telefonda sənin adın.
Yad ellərdə
doğma kəsi
S
oruşacaq doğma qadın...
Qapım açıq. Çöldə tufan
Huşummu
var, Allah kəssin...
Durum
örtüm, uzaq yoldan
gələn səsin üşüməsin.
Hazırladı:
Məhəbbət HACIYEVA
525-ci qəzet.- 2014.-
9 may.- S.18-19