Dua
yağışları
XANIM İSMAYILQIZININ YENİ
ŞEİRLƏR KİTABI HAQQINDA
Xanım
İsmayılqızı...
Elə bilirəm, müasir Azərbaycanın sənət
mühiti üçün bu ad təzə deyil. Mahnılar
müəllifi, publisist, tərcüməçi və
...ŞAİR. Şəxsən mənim
üçün ən axırıncısı daha
üstündür.
Onun
şeirlərini çoxdandı oxuyuram və bu şeirləri
oxuduqca bugünkü böyük şeir meydanında Xanım
İsmayılqızının yerini, kiçik olsa da tutduğu məkanı
və o məkandan eşidilən səsini də aydınca
hiss edirəm.
Xanım
İsmayılqızı yeni şeirlər kitabının
adını "Dua yağışı" qoyub
.
Təbii ki, bu ad kitabdakı şeirlərin məna və
mahiyyətini qismən də olsa ifadə edir. Qismən ona
görə deyirəm ki, "Dua
yağışı"ndakı mətnlər
çoxvariasiyalıdır.
Dua eləmək diləməkdir, iltimas etməkdir,
yalvarmaqdır, Sirri-xudaya üz tutmaqdı, müraciətdi. Yəni
anlayışın hərfi mənası budur. Amma dua etmək təkcə dindarların və adi
insanların alnına yazılmayıb, dua, şairlərin də
şeir yaranandan bəri Allaha müraciətin ən məqbul
formasıdır. Və get-gedə, əsrlər
bir-birini əvəz etdikcə şairlərin şeirlərindəki
dualar ayrıca, müstəqil forma halına keçmişlər.
Klassik poeziyada bunu isbatı və sübutu
üçün yüzlərlə misallar gətirmək olar.
Bəs müasir poeziyada? Təbii
ki, sovet dönəmində bu mümkün deyildi. Amma sovet rejimində quruluşun və sosrealizmin
buzları əriyən kimi şeirimizdə duaların və
dua-şeirlərin sayı sürətlə artmağa
başladı. Bunun ən bariz nümunəsini
Vaqif Səmədoğlunun poeziyasında izləyə bilərik.
Xanım İsmayılqızının şeirlərindəki
DUA lokal səciyyə daşıyır. Əsasən
anlayışın hərfi mənasından doğur və
müəllif fikrinin daşıyıcısına
çevrilir:
Pərvərdigara,
Dünyanın
nə dərdi var,
Yüklə mənim belimə.
Bir əsa ver əlimə.
Bu dünyaya gücü çatan.
Dərd daşıyan gətirmisən.
Dizlərim
bükülsə birdən,
Mən
yerdən yox,
Təkcə sənin ətəyindən tutacağam.
Bir əlim
dərdin ucunda,
Bir əlim
Tanrı əlində
Gözləri dualı mən olacağam.
Xanım
İsmayılqızının şeirləri onun şair səciyyəsini
tam mənada açıqlayır və qətiyyətlə
deyə bilərəm ki, çox az
şair tapılar ki, onun şeirlərində şairin
özü hərfbəhərf, sətirbəsətir,
şeirbəşeir özü görünə bilsin. Və bir də onu deyim ki, Xanım
İsmayılqızının şeirləri həm də
oxucuların ürəyinə yaxındır, elə bil, onun
şeirlərindəki MƏN bizik, orada ifadə olunan hisslər
də bizimkidir.
Azərbaycan şairləri arasında (xüsusən son
iyirmi ildə) eləsini tapmaq olmaz ki, ruhdan və ölümdən
söz açmasın. Ruh həm şairlərin içində,
həm də ondan kənardadır, necə deyərlər, didərginlik
həyatı yaşayır.Ölüm isə çoxsaylı
mənalar ifadə edir və bu mənaların hər biri barədə
xeyli danışmaq olar. Ölümü bədbəxtlik
sayan da var, səadət sanan da. Ölümü
şeirlərində öldürən də var, dirildən də.
Xanımın şeirlərində, əgər belə
demək mümkünsə, bir RUH dolaşmaqdadır. O, şeirlərinin birində
yazır ki: "Səpələnən ruhumu, Toplamaqçün
yoldayam". Şeirlərini oxuduqca hiss edirsən ki, o ruh deyilən
nəsnə onunla doğrudan da ömrün sonuna və
ömrün sonundakı nəhayətsizliyə doğru yol
gedir. Daim onunladır, ruhu bədəndədir və
həm də ondan ayrıdır. Ruhu bədəndə,
cismində olanda deyir ki: "Ruhumu soyunub əlimə geyindim,
Yağıştək səpildim sözlərin üstünə.
Bədənim üşüdü, ürəyim titrədi".. Dualarının birində də Allaha üz
tutub deyir ki: Allah, sən məni "Ruh adamı bitirmisən,
Qucağına götürmüsən, Allah,seçib
gətirmisən, Yaddaşhından pozma məni". Başqa
bir misal: "Ruhumdan doğan buluddan, Cüt övlad gəldi
dünyaya. Biri şeir, biri nəğmə,
Uçub getdilər səmaya". Məsələ
burasındadır ki, Xanım İsmayılqızının
poetik anlamında bütün mənəvi atributlar ruhla bədən
arasında sakindirlər. Baxın:
Ayaq -cismimi
daşıyan,
Ürək-beynimə
aşiyan,
Ömür-bir
andı yaşıyan,
Ruhla bədən arasında.
Göy-yerin
üzünü görən,
Torpaq-yoxundan
bar dərən,
Ana-bətnindən
bar verən,
Ruhla bədən arasında.
Vətən-sənə
arxa olan,
Övlad-nəfəsini
alan,
Can-yol
ayrıcında qalan,
Ruhla bədən arasında.
Bəşər-milyonların
səsi,
Sevgi-varlığın
zirvəsi,
Allah-qoruyan
hər kəsi,
Ruhla bədən arasında.
O ki
qaldı Ölümə... Doğrusu, Xanım
İsmayılqızının şeirlərində nə
Ölümə tapınmaq var, nə də ondan çəkinmək..Bir sözlə, Ölümnamə yox. Sadəcə,
ölümün mahiyyətinə varmaq var. Ölüm cismin sona yetməsidir, Ruhun
yox. Xanım deyir ki: "Həyat eşqi varsa, ölüm
pusquda, Hərdən nəfəsini göstərir bizə. Bivaxt qonaq kimi döyüb qapını, Təki
soxulmasın mənzilimizə". Qardaşı
Qoşqarın vaxtsız vəfatına həsr etdiyi
üç şeirində də Xanım ölümnamədən
uzaqdır, ölümdən doğan pessimizmi yox,
ölümsüzlüyü intixab edir: "Saatdan ataraq dəqiqələri,
Bircə saniyəyə yükləndin, qardaş... Bu son səfərində
dua edərək, Yaxşı yol deməyə dilim gəlmir
heç... Qardaş, mən yubandım, mənim yerimə,
Atama, anama salam deyərsən".
Xanım
İsmayılqızının "Dua
yağışı" kitabına çox maraqlı bir
açıqlama yazan Afaq Məsud bir cəhəti dəqiq
vurğulayır ki, "bu dünya Xanıma
darıxdırıcı və cansıxıcı gəlir.Xanıma
şeirlər yazdırıb, mahnılar bəstələdən
də, əslində, elə budu... Bu
dünyanın görünən tərəfi-son ucu fanilik və
puçluqla bitən cazibədar al-əlvanlığı, nəfsdoyuran
şirinliyi bizim Xanımı cəlb etmir. Onu cəlb edən -bu dünyanın sıravi
gözlə görünməyən, anlaşılmayan
ayrı tərəfləridir. Daim
qulağına "bu, o deyil"-pıçıldayan ələgəlməz,
görünməz, yalnız qəlbin ehtiyacıyla duyulan sirli
həqiqətlər dünyasıdır".
Doğrudan da, Xanımın şeirlərində
darıxan bir ürəyin səsini eşidirik. Bu səs
qışqırıq deyil, nalə də deyil. Bu səs pıçıltı da deyil. Bəs nədir? Yalqızlıqdan, tənhalıqdan doğan
ahlarmı? Bu elə hamının eşidə
biləcəyi bir səsdir. Amma bu səsin
öz fizioloji anlamından fərqi budur ki, o səs insan kimi
canlıdı, onun da ruhu var.
Bir
küçə, bir adam, bir də
yalqızlıq,
Bir adam, bir ürək, bir də haqsızlıq.
Bir ürək, bir nifrət, bir də qansızlıq.
Bir nifrət, bir əzab, bir insafsızlıq.
Bir əzab, bir ölüm və vicdansızlıq.
Bir ölüm, bir küçə və
Adamsızlıq.
Ünlü
şair Ramiz Rövşən Xanım
İsmayılqızının "Dua
yağışı" kitabının təqdimat mərasimində
həmin bu şeiri öz səsiylə oxudu və dedi ki, bu, Xanımın ən gözəl şeirlərindən
biridir. Bu şeirdə Səsi hansı oktavada
dilləndirsən, o öz rəngini itirməyəcək.
Bəli, rəngini. Çünki
Xanımın şeirlərində Səslə rəng
bir-birindən ayrılmaz.. "Səsinin
rəngini gördüm, Gözünün səsin
eşitdim".
Səs, rəng,
yağış, qar, Günəş, Ay, gecə, payız,
qış, şam işığı, külək və nəhayət,
işıq...bunlar Xanım İsmayılqızının
şeirlərində maraqlı assosiasiyalar, uğurlu təşbeh
və metaforalar yaradan obrazlardır. "Bomboş
yağış yağır səsin gedəndən"- Səs
və Yağış bu misrada bədii təzad yaradır.
"Ömür dediyimiz ipdən asılıb, Fələyin
küləyi qopara bilər"- hər misrada uyarlı bir
metafora. İndi isə bir şeirdə təsadüf
etdiyimiz təşbehlər sırasına diqqət edin:
"Ölü bədən, yiyəsiz bir ev kimidi. Tifağı dağılmış ocaq, Kol-kos
basmış yurd kimidi. Susan ürək,
Kor olan ömür kimidi. Qapalı göz,
Dünyanın sonu kimidi. Canına əlvida
deyən, Ruhun son sözü kimidi". İddia
eləmirəm ki, buradakı təşbehlərin
hamısı uğurludur. Hər halda, təzədir.Yenə
bir metaforalar sırası: "Boz paltarlı səhər
açıb, Döydü günün qapısını. Sevinc gözlərimdən qaçıb,
Düyünlədi çatısını". Bir misal da: "Külək evində
durmur, Düşübdü küçələrə".Bu
misalların sayını səhifə-səhifə
artırmaq olar.
Xanım İsmayılqızının bir çox
şeirlərində rasionallıqla emosionallıq, fikirlə
hiss vəhdət təşkil edir. Müəyyən bir fikir onu şeirə
çəkir, daxilindəki "filosof"un
təkidilə bu fikri poetik şəkildə ifadə etməyə
çalışır. Olsun ki, bəzən buna
nail ola bilmir fikir var, amma onun hissi-emosional çaları
yox, yaxud da əksinə. Amma
aşağıdakı bir şeirə diqqət yetirin.
Görəcəksiniz ki, fikirlə hiss necə vəhdət təşkil
edib, böyük şairimiz Məmməd Araz demişkən:
"Şeir fikirlə hissin şərikli övladıdır.
Hansının ata, hansının ana olduğunu
demək çətindir. Yaxşı olar
ki, ürək ağıllı, ağıl isə ürəkli
olsun".
Dünyaya
doğulan gündən,
Hamı nə isə axtarır.
Kimsə
öz itirdiyini,
İtən kimisə axtarır.
Ürək-sevməyin yolunu.
Yıxılan
insan -qolunu,
Allah-sevdiyi
qulunu,
Səni də kimsə axtarır.
Kor kimi
divardan tutan,
Günah
dənizində batan,
Hər kəsin
yanında yatan,
Qəmi də kimsə axtarır.
Körpə-ananın
döşünü,
Fələk-qəfil
görüşünü,
Ruhlar-geri
dönüşünü,
Onu da kimsə axtarır.
Ümumiyyətlə, Xanımın şeirlərində
narahat bir ürəyin çırpıntıları öz əksini
tapır. O,
dünyaya, gerçəkliyə, yaşadığı
mühitə, mənəvi aləmə bəsirət
gözü ilə baxır. Narahat ruhun
axtarışları, həyəcanlı qəlbin
hissiyyatları onu ağacda bir yarpağın intihar etməsindən,
cəhənnəmin qapısının rənginə qədər
hər şey düşüncəyə qərq edir. Bu
narahat ruh və ürək sahibi deyəndə ki:
"Yıxılmaq istəyirəm, Kədərimin
başından. Yıxılmaq istəyirəm
Gözlərinin yaşından"- yıxılmaq istəyinin
səbəbinə də varırıq. Yıxılanda
dayağı kim olacaq? Axı, ayaqüstü
işlərin sonunda bir yıxılmaq da var. Sən demə, həyat,
olub-keçənlər, xatirələr onun üçün
bir yuxu imiş ki, deyir: "Dizimdə taqət var ikən,
Yuxudan gerçəyə qaçım".
"Dua yağışı" Xanım
İsmayılqızının təkcə hecada deyil, sərbəst
şeir məkanında da səriştəli olduğunu
sübut edir.
Ancaq hər ikisində fikir sərbəstliyi
açıq-aşkardır. Söz haqqında deyir ki:
"Sözə don geydirməyin, Nəfəsi çatlayacaq. Sözə azadlıq verin, Ürəyi
partlayacaq". Xanım
İsmayılqızı da azad sözün sahibidir. Bu
qədər.
Vaqif YUSİFLİ
525-ci qəzet.-2014.-
15 may. - S.7.