Tural Həsənli: "Rəssamlıq sənətini gəlir mənbəyi kimi seçməmişəm"

 

Mayın-2 də Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvanın 90 illiyinə həsr olunmuş Muxtar Respublika rəssamlarının rəsm sərgisi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə 23 rəssamın yüzə yaxın əsəri nümayiş olundu. Sərgidə hər kəsin diqqətini gənc, istedadlı rəssam Tural Həsənli çəkdi. Biz də gənc rəssama yaxınlaşıb onun yaradıcılığı ilə yaxından maraqlandıq.

T.Həsənli 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinə qəbul olunub, universiteti fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə isə həmin universitetin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirib. O, respublikadaxili sərgi və müsabiqələrdə iştirak edərək, bir sıra uğurlara nail olub. 2006-cı ildə Türkiyənin Van şəhərinin "100-cü yıl Universiteti"ndə və həmin ilin sonlarında Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri nümayiş olunub. 2009-cu ildə qonşu İran İslam Respublikasında hər il keçirilən müsəlman ölkələrinin ənənəvi 16-cı Beynəlxalq Vizual İncəsənət Festivalında ölkəmizi layiqincə təmsil edib. 2009-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Azərbaycan Mədəniyyəti günlərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət qarışıq sərgidə də iştirak edib. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin 40-cı ildönümü ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva və Novosibirsk şəhərlərində keçirilmiş yubiley sərgilərinin iştirakçısı olub. Rəssam karikatura sahəsində yaradıcılığı ilə də bir sıra beynəlxalq uğurlara nail olub.

2009, 2012 və 2014-cü illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindənlin ən gənc rəssamı" seçilən, Prezident təqaüdünə layiq görülən rəssam suallarımızı cavablandırdı.

- Sərgi yaddaşınızda necə qaldı?

- Sərgi cənab prezidentimizin Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə bağlı imzaladığı Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirildi. Çox maraqlı bir sərgi oldu. Bu mənim Naxçıvan rəssamlarının birgə təşkil etdiyi sayca üçüncü sərgidə iştirakımdır. Burada Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi iştirak edirəm. Mənim üçün sərgi əlamətdar hadisələrlə yadda qaldı. Əsərim akademik İsa Həbibbəyli tərəfindən bəyənildi və dəyərləndirildi. Bu da mənim gələcəkdə önəmli addımlar atmağıma bir stimul oldu. Bu rəsm əsərim tamaşaçılar tərəfindən də bəyənildi. Ən əsası da odur ki, tablolarım tamaşaçıların diqqətini çəkdi. Buna görə çox sevindim. Bundan sonrakı fəaliyyətimdə çalışacağam ki, yeni yaradıcılıq yolları tapım. Qarşımda böyük hədəflərim var. Əsas hədəfim tamaşaçıların zövqünü oxşayan yeni bir pəncərəni açmaq istiqamətində çalışmaqdır.

- Rəssamlığı bitirmisiniz, ancaq ikinci təhsil olaraq hüquq ixtisasını seçmisiniz. Buna səbəb nə idi?

- Rəssamlığı bitirəndən sonra gördüm ki, hüquq da mənim üçün maraqlıdır. Ona görə hüququ seçdim ki, gələcəkdə bir rəssam kimi öz hüquqlarımı daha yaxşı bilim. Hüququn mənimsənilməsi cəmiyyətdə özünə yer tutmaq baxımından mühüm rol oynayır. Bir tərəfdən də istənilən rəssam öz hüquqlarını bilməlidir deyə düşünürəm.

- Sizin karikaturalarınız nəinki yerli sərgilərdə, həm də xaricdə keçirilmiş müsabiqələrdə iştirak edib, kitablarda, jurnallarda dərc olunub. Ümumiyyətlə, karikaturanı seçməyinizdə məqsədiniz nədir?

- Sizə deyim ki, karikatura tənqid vasitəsi olsa da, təbliğat vasitəsi kimi də rol oynayır. Çəkdiyim karikaturaların məzmunu gənclər və onların sosial həyatdakı rolu və bu kimi mövzularla bağlıdır. Bir sözlə, müraciət etdiyim mövzularda məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları gələcəkdə sağlam cəmiyyət qurmaq istiqamətində faydalı işlərə səsləməkdir. Sevindirici haldır ki, bu sahədə fəaliyyətim əlamətdar uğurlarla yadda qalıb.

- Karikaturanı ciddi bir janr hesab edirsinizmi?

- Yaradıcılığımda əsas istiqamət boyakarlıqdır. Karikatura cəmiyyətə təbliğat vasitəsi kimi böyük rol oynayır. Karikatura ideya və mahiyyətinə görə öz təsdiqini tapır. Respublika əhəmiyyətli müsabiqələrə ilk dəfə 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə "Narkomaniyaya yox deyək!" devizi altında keçirilən bir müsabiqədə başlamışam. Mövzu da karikatura idi. Karikaturada özümü sınamaq üçün orada iştirak etdim. Həmin vaxt çəkdiyim karikaturam ciddi maraq doğurdu. Ondan sonra qərar verdim ki, özümü bu sahədə də sınayım. Ancaq iş elə gətirdi ki, beynəlxalq karikatura müsabiqəsində də iştirak etməli oldum və bu sahədə də böyük uğur qazandım. Eyni zamanda Portuqaliya, İran, Türkiyə, Almaniya, Serbiya, İtaliya, Hindistan, Çin kimi ölkələrdə keçirilən ənənəvi karikatura müsabiqələrinin, həmçinin Azərbaycanda hər il keçirilən "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqəsinin iştirakçısı olmuşam. Əsərlərim qeyd etdiyim müsabiqələrin kitab-kataloqunda nəşr olunub. "Molla Nəsrəddin" müsabiqəsində Azərbaycanın yeganə təmsilçisi kimi beynəlxalq mükafata layiq görüldüm. Qeyd edim ki, həmin müsabiqənin münsiflər heyəti xaricdən gəlmiş karikaturaçılardan ibarət idi.

- Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz?

- Natürmort, portret sahəsinə üstünlük verirəm. Tanıdığım insanların portretini çəkirəm. Natürmorta isə daxilimdən gələn hisslərə görə üstünlük verirəm. Son zamanlar da natürmort janrında çəkdiyim əsərlər tamaşaçıların daha çox marağına səbəb olur. Mən də belə qərara gəldim ki, bundan sonra özümü bu janrda daha da inkişaf etdirim.

- Bizə maraqlıdır, şarjlarınızın qəhrəmanları kimlərdir, məşhurlar, yoxsa sadə insanlar?

- Onlar sadə sənətkarlardır. Şarjlarımda heç zaman məşhurları və siyasi rəhbərləri hədəf tutmamışam. Şarjları yumoristik xarakterlərlə dostluq mənasında vermişəm. Mənim şarjlarım sadə insanlara həsr olunub. Misal üçün, bir aktyorun simasını vermişəm, onun bir əlində teatr simvolu olan maskalar, o biri əlində isə teatrda keçdiyi 40-50 illik ömür fəaliyyətini təsvir etmişəm.

- Çəkdiyiniz əsərləri satırsınızmı?

- Bəli, elə əsərlərim olub, satmışam. Bəzi əsərlərimi satmaqda tərəddüd də etmişəm. Onların içərisində elələri də olub ki, satmaq istəməmişəm, ancaq bəyəniblər deyə satmışam. Rəssamın əsəri bəyənilib müştəri tərəfindən alınırsa, bunu sevindirici hal kimi dəyərləndirmək olar. Yəqin alıcı onu bəyənib ki, alır. İndiyə qədər çəkdiyim rəsm əsərlərinin yarısının satılması mənim üçün böyük uğurdur.

- Bəs sifarişlə rəsm əsəri çəkmisinizmi?

- Sifarişlə çəkdiyim əsərlər ancaq portretlər olub.

- Xaricdə bir sıra sərgilərdə iştirak etmisiniz. Əsərləriniz həmin sərgilərə necə yol tapıb?

- Əsərlərim Bakıda keçirilmiş müxtəlif sərgilərdə nümayiş olunub. Bu sahəylə bildiyimiz kimi, kolleksiyaçılar və qalereya sahibləri məşğul olurlar. Onların vasitəsi ilə əlavə sərgilər də təşkil etmək mümkündür. Beynəlxalq sərgilərə əl işlərimizin gedib çıxması isə sənətkarın imzasından irəli gəlir. Əsərə baxıb dəyərləndirən kolleksiyaçı və təşkilatçılar həmin rəssamla əlaqə yaradır. Onun əsərlərinin ölkədən xaricə çıxarılmasını məqsədəuyğun hesab edir, uğur qazanacağı təqdirdə geniş əməkdaşlıq şərtləri təklif edirlər. Yəni bu qaydada mənim də əsərlərimin xarici ölkələrdə sərgilənməsi üçün təkliflər və çağırışlar gəlib. Amma hələ də təklifləri dəyərləndirməkdəyəm. Münasib zamanda xaricdə sərgi açacağam.

- Naxçıvanda gənc rəssamlara hansı imkanlar yaradılır?

- Naxçıvanda gənc rəssamlara qayğı yüksək səviyyədədir. Mütəmadi olaraq onların maddi vəziyyəti ilə maraqlanıb, hər il yaradıcılıq şəraitinin təmin olunması ilə bağlı emalatxanalar istifadəyə verilir. Bir il ərzində gənc rəssamlara təqaüdlər ayrılır. Həmin təqaüdlərin hesabına rəssam həm özünü təmin edir, həm də yaradıcılığında bir yenilik axtarmağa imkan tapır. Bu, gənc rəssam üçün hərtərəfli imkan yaradır. Belə ki, gənc rəssamın həm yaradıcılıq imkanları genişlənir, həm də sərgilərdə iştirak etmək üçün əlavə xərcləri təmin edə bilir. Bu, gənclərə göstərilən dövlət qayğısının göstəricisidir. Biz gənc rəssamlara göstərilən bu qayğıdan razıyıq.

- Rəssam olmağınıza görə heç peşmançılıq hissi keçirmisinizmi?

- Heç də peşman deyiləm, mən sənətimi çox sevirəm.

- Axı bu sənət elə də gəlirli sahə deyil...

- Rəssamlığı seçərkən ondan gəlir götürəcəyimi, bu sənətdən gəlir mənbəyi kimi istifadə edəcəyimi düşünməmişəm. Rəssamlığa bir sənət kimi yanaşmışam. Rəssamlıq o insanlara gəlir gətirir ki, onlar sənətdə özünü təsdiq ediblər, daha çox tanınırlar. Rəssamlıqla məşğul olmaq daxilimdən gələn bir istəkdir. Mən bu istək üçün yaşayıb-yaradıram. Çünki bu sənətin gözəlliyini sözlə ifadə etmək mümkün deyil.

 

Xəyalə RƏİS

525-ci qəzet.-2014.- 15 may. - S.8.