Sirli lələklərlə tarix yazan Səfəvi “mələkləri”

 

Tarixi biz yazmırıq, onu yaşayanlaryaradanlar verdiyi, məhv edənlər tökdüyü qanla yazırlar. Həm də biz istədiyimiz  kimi yox, mələklərin yazıya aldıqları kimi.

 

Düz 500 il öncə də yazılacaq bir tarixin təməli qoyuldu.1514-cü ilin baharında İsfəhanın Şahabad kəndində Səfəvi şahı I İsmayılın ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Bütün yenicə doğulan körpələr kimi, o da azacıq susub birdən ağladı. Bu, adi qışqırtı və göz yaşı deyildi: dövrün islam-türk dünyasının başının üstünü almış qara buludların gurultu və leysanı, qanlı-qadalı, ziddiyyətli olaylardan üzülmüş bütöv bir millətin fəryadı idi. Atası körpənin adını “sağlam, güclü” anlamını verən Təhmasib qoyanda yanılmamışdı; o elə uşaqlıqdan sağlam düşüncəli və güclü oldu, böyüdükdə isə bir hökmdar kimi bunu sübuta yetirdi. 

O, Çaldıran döyüşündən sonra Xorasana göndərilmiş, bir müddət Səbzivar və Heratda qalmış, xüsusi təhsilə yiyələnmiş, 1521-ci ildə atasının yanına – Sultaniyyəyə dönmüş, 1524-cü ildə isə şahın vəfatından sonra on yaşında taxta çıxmış, on dörd yaşında Özbək şahı ilə ilk döyüşdə qələbə qazanmışdır.

İranda Səfəvilərin ikinci Şahı I Təhmasib son illərəcən Şah I İsmayılın kölgəsində qalmış, ona xüsusi önəm verilməmişdir. Lakin yaxın dönəmdə reallaşan tarixi ədəbiyyat və yazıçı Mustafa Çəmənlinin “Ölüm Mələyi” romanı bizi də bir daha düşünməyə vadar etdi. Çünki  M.Çəmənli fərqli mövqedə, özəl  rəğbət və emosialarına qapılmadan tarixi qaynaqlara üz tutmuş, tarixi şəxsiyyət və hadisələrə tarixin öz gözüylə baxmışdır; istər acı olsun, istərsə şirin – bu, həqiqətdir, bizim tariximizdir. Axıcı, təbii, anlaşıqlı, dəbdəbədən uzaq bədii dillə yazılmış romanda nə qılınc zərbələri, at kişnərtisi, nə də döyüşçü nərəsi, yaralı fəryadını görürük. Amma dili dilindən, dini dinindən, qanı qanından olan adamların bir-birinə qənim kəsildiyini, taxt uğrunda hər şeydən, hər kəsdən keçməyə hazır olduqlarını sanki onların yanında imiş kimi görür, eşidir, duyuruq. Təkcə Səfəvi şahlarının deyil, qonşu dövlətlərin hökmdarları da mənbələrin gözüylə bədii şəkildə canlandırılmışdır. Tarixi şəxsiyyətlər, məkanlar və hadisələrin dolğunluqla ifadəsi bəzən tarixi ədəbiyyat və dərsliklərdən daha tez və asan anlaşılır, qavranılır. Olmuşları çözərək üç Səfəvi şahının iç dünyasına varan yazıçı oxucunu onlarla baş-başa qoyur. Əslində, kimdir Şah I Təhmasib?!

Daim kamilliyə can atan, nəfsinin qulu yox, ağası olmaq kimi ən böyük amala çatmaq istəyən ağıllı, gendüşüncəli bir insan. Taxta çıxdıqdan sonra xeyirxahlığı ilə savab işlər görmüş olan hökmdar. O, yetimxanalar, məktəblər, mədrəsələr açdırır, məscidlər, körpülər tikdirir, qədim təzkirələrin üzünü köçürtdürür, farscadan bəzi əsərləri türkcəyə çevirtdirir. Onun şahlığı dönəmində Şah kitabxanasında dörd mindən çox kitab var idi.

Gözəl nəqqaş, incəruhlu olduğu üçün sənətkarlara xüsusi dəyər verir, tamğa vergisini ləğv edib həm onların, həm də ticarətin inkişafına zəmin yaradır. “Şeyx Səfi” kimi xalını toxutdurmaqla azəri incəsənətini dünyaca məşhur edir. “Daim yuxuları çin olan və buna inanan Şahın elə güclü yaddaşı vardı ki, ordu və xidmətkarında olan minlərlə adamı adbaad tanıyır, bildiyi şeirləri günlərcə ardıcıl desəydi, çaşmaz, təkrar etməzmiş” kimi məziyyətini yazıçı xüsusi olaraq vurğulayır.

İyirmi yaşında Allahın qarşısında tövbə edib şərabxanaları, qumarxanaları, əxlaqsızlıq yuvalarını ləğv etdirir. Sənətinə vurğun olduğu nəqqaş Mövlana Həsəni düzəltdiyi qablara qızıl suyu ilə islama zidd şəkillər çəkdiyinə görə bağışlayıb, yenicə tikdirdiyi İmam Hüseyn məscidini bəzəməyi tapşırır. İşinə məftun olub onun əlini kəsdirmədiyinə və Haqq yoluna gətirdiyinə Şah sevinir. Amma vəziri Xuzanini xidmətçisi ilə eşqbazlıq etdiyinə görə məscidin minarəsindən asdırdığı qəfəsdə görk olsun deyə yandırtdırır.

Altı qadından doqquz  oğlu, səkkiz  qızı olan I Təhmasib bütün doğma və yaxınlarının hər birinə yerinə görə, özəl sevgi və hörmətlə yanaşmışdır. Tarixi hadisələrin dinamik inkişafını yazıçı elə məharətlə təqdim edir ki, burada tarixilik bəzən ədəbiliyi üstələyir, onun təkcə şəxsiyyət kimi özəlliklərini üzə çıxarmır, həm də əsl hökmdar kimi göstərir. Ətrafındakıların və ordunun “Pirim, mürşidim, sadağa olduğum! Şah, Allah!”deyərək (Əstəğfürullah!), onu da, atası kimi “Yer üzünün Allahı” olduğuna inandırmışdılar. Lakin bununla bahəm, Şah Ataya nisbətən Şah Oğul reallığa daha genmənalı baxmışdır. Bu, bəlkə də, ulularına daha dərin köklərlə bağlanmağından və uzunsürən hakimiyyətliliyindən irəli gəlirdi: 53 il 6 ay 26 gün – körpəlikdən  taxta oturub ahıllaşan Şah. Buna görə də çox şeylər eşitmiş, görmüş, ibrət almışdı.

Aşıq Qurbaninin “Şeyx oğlu Şahım” adlandırdığı I İsmayılı  hələ zamanında bir çox dövlət hökmdarları  eyni cür mənalandırsalar da, I Təhmasibi hər kəs Şah oğlu Şah kimi qəbul etmişlər. Şah I İsmayıl Səfəvilər dövlətinin əsasını qoymuşdursa, Şah I Təhmasib 1538-ci ildə qocaman Şirvanşahlar dövlətini, 1551-ci ildə Şəki hakimliyini tutmaqla ölkəni vahid dövlət halına gətirmiş, şahlığın ərazisini xeyli genişləndirmişdir. Buna görə də onun şahlıq illərini “möhkəmləndirmə dönəmi” adlandırmışlar.

Şah I Təhmasibin ömrünün son günlərini yazıçı “əldən sürüşüb suya düşən balığa” bənzədir. Doğrudan da, budaqda asıla qalmış son yarpaq kimi bir himə bənddir ki, qopub düşsün. Ötənləri andıqca etdiklərini təklikdə Allahına söyləməyə qüdrəti çatacağına özü kimi, müəllif də cavab axtarır. Lakin buna əmindir ki, Uca Rəbbimdən heç nəyi saxlamaq olmaz, xüsusilə, özü özünü belə bağışlaya bilməyəcək bir şeyi ki, oğlu şahzadə İsmayılı taxta iddialı olduğu üçün ömrünün ən gözəl çağlarını 19 il 6 ay 21 gün İranın ən qorxunc Qəhqəhə qalasında dustaq etmişdi. Qəlbi yansa da, onu əfv etmədi. Halbuki böyüklük edib onu gəncliyinə, igidliyinə bağışlaya bilərdi, amma qüruruna sığışdırmadı, sonucda bir şah kimi taxtını paylaşmaq istəmədi. Sultan Süleyman da eyni acını yaşamışdı: sonradan günlərlə icdivaya çəkilsə də, tələyə düşüb günahsız Şahzadə Mustafanı edam etdirmişdi.

Romanın növbəti hissələrində hadisələr I Təhmasibin ölümündən sonra baş versə də, sanki onun dolayısı müdaxiləsi duyulmaqdadır. I Təhmasibin və “birgünlük şah” Heydər Mirzənin ölümündən sonra bacısı Pərixanın köməkliyi ilə dustaqlıqdan azad olan şahzadə İsmayıl İran taxtının şahı olur. Dönüşündən sonra qoşuna atasından qalma borcları ödəyir. Ətrafına müxtəlif tayfalardan olan əsilzadələri toplayır, istəklərini onların əli ilə gerçəkləşdirir. Osmanlılarla sülhün ömrünü uzatmaq üçün zehnlərə hopmuş sünni-şiə məzhəb ayrılıqlarını qəfildən, aşkarcasına yox, daha ustalıqla, tədbirlə aradan qaldırmağa başlayır. Bununçün şiəliyin təsirini azaldıb, sünniləri alçaldan hərəkətlərin qarşısını alır. Peyğəmbərimizin (s.ə.s.) xanımı Ayişəyə olan tənələri nəinki qəbul etmir, ona və Rəşidi xəlifələrinə eyni sayğı ilə yanaşır. Pul sikkələrinin üstündəki Kəlmeyi-şəhadəti şeirlə əvəzlətdirir. Aciz və yoxsullara əl tutur, xalqla ədalətli olacağına söz verir.

Romanda Şah II İsmayıla gizli bir rəğbətlə yanaşan müəllif oxucunu öz təsir dairəsinə salmır, qəhrəmanı ilə yalnız buraxır. Lakin 7138 günlük dustaqlıq həyatı öz işini görmüşdü. Bəziləri Şah Atanı Şah Oğulun günahlarında qınamalı, bəziləri isə ona haqq qazandırmalı olur. Yüzilliklər sonra tarixi hadisələrə, orta əsrlərin “qanunlarına” boylananda, təbii ki, bu, birmənalı qarşılanmamalıdır.

Şah II İsmayılın ölümündən, yazıçının dediyi kimi, əhali nəfəsini dərdi. Qəribədir ki, taxta  onun təhlükə saymadığı yeganə qardaşı Məhəmməd Mirzə Xudabəndə çıxdı. Möhtəşəm yüzillikdə Səfəvilərdən “Cahan Padişahı” olmasa da, həmin dönəm tariximizə qüdrətli  Hökmdarlar bəxş etdi. Daha geniş anlamda İran taxtında yenə də türksoylu sülalə oturdu. Nə qədər ağrılı olsa da, fəxarət duyduğumuz  tarixi yazdılar.

 

Bu gün biz “Ölüm Mələyi” ilə birgə keçmişimizə bir daha boylandıq. Gah yazıçı Mustafa Çəmənlinin, gah da tariximizin gözü ilə. Zənnimcə, tarixi həqiqətlərə bir qədər də baş vuraraq  hadisələrin zaman və məkanını, çərçivəsini genişləndirməklə çox cazibəli və gərəkli tarixi bir film-serialın yaradılması yerinə düşərdi. Bu, türk dünyasına, soykökümüzə, keçmişimizə, qədim dövlətçilik ənənələrimizə, hökmdarlarımıza böyük sayğı və sevgimizin ifadəsi olardı. Qarşımızda belə dəyərli tarixi roman var ikən, bu işi başlamağa dəyməzmi? Həm də qocaman Şah I Təhmasibin beşyüzillik  doğum ilində...

 

Reyhan PİRİMOVA

525-ci qəzet.-2014.- 17 may. - S.16.