Geriyə baxmağa dəyər

 

Hər bir şəxsiyyətin keçmişini onun ömür yolu, tale yolu adlandırmaq olar. Hər kəsə tale qismət olmur. O da əsər kimidir. İnsan yaşadığı illər və yaratdığı əməllərlə öz taleyini yaradır. Yalnız taleyi olan şəxsiyyətlər ömrün hansı bir anındasa dönüb geriyə baxır. Geridə şəxsiyyətin tarixi boylanır – qürur və fərəh dolu tarix. Vətən tarixinin bir parçası... Xalq yazıcısı İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”sı da belədir. O, böyük sənətkar ömrünün tarixindən bəhs edir.

Xalq yazıcısı İlyas Əfəndiyev XX əsrin böyük yazıçısı, bənzərsiz ədəbi-tarixi mövqeyə malik dramaturq – yarım əsr Azərbaycan  teatrının ağırlığını öz çiyinlərində şərəflə daşımış fədakar milli ziyalı və böyük şəxsiyyətdir. O təkcə Azərbaycan tarixini əbədiləşdirməklə  kifayətlənməmiş, həm də XX əsrin tarixini yaradanlardan biri olmuşdur. Çünki “ədəbiyyat – xalqın tarixinin mühüm bir tərəfidir” (V.Q.Belinski). Mənə elə gəlir ki, əsl yazıçı həmişə keçmişdən yazanda da, bu gündən yazanda da, gələcəkdən yazanda da keçmişlə gələcək arasında olur. Həqiqi yazıçının bir əli tarixdən üzülməməli, digər əli isə gələcəyin cod saçlarını sığallamalıdır. Qüdrətli yazıçının oğlu, Xalq yazıçısı, professor Elçinin İlyas müəllimin 7 cildlik “Seçilmiş əsərləri”nin birinci cildinə yazdığı “İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında  bir neçə söz” adlı  monoqrafik müqəddimədən  fikirlər bizim qənaətimizin təsdiqi ola bilər: “Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də əksinə idi, o, gələcəklə yaşayan  bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət – həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan  gəlirdi, amma bir cəhət də həqiqət idi: keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi.

İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Üçatılan” romanları, əslində, avtobioqrafik əsərlərdir və o romanlarda, eləcə də 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində yazdığı bir sıra xatirə-esselərdə, xüsusən  Çovğunlu bir qış günündə”, “Orfey quyudan çıxandan sonra nə gördü?..”, “Axund Molla Şükürün cənnət bağı necə oldu?”da həyatının ilkin mərhələləri, soyu-kökü haqqında ətraflı yazıb və bu əsərlər yalnız onun özünün həyatının yox, ümumiyyətlə, xalqımızın  yaxın keçmişdəki güzəranının, məişətinin, psixologiyasının, Qarabağ elatının etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi baxımından zəngin bir mənbədir”.

Elçinin “keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi” kimi dürüst deyilmiş  fikri bütövlükdə İlyas Əfəndiyev yaradıcılığında  tarixilik probleminə açar salmağa imkan verir.

Biz bu fikirdəyik ki, İ.Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatının ən müasir yazıçısıdır. Ədəbi-tarixi prosesin təcrübəsi göstərir ki, tarixə güvənməyən müasirlik estetik keyfiyyətə çevrilə bilmir, konyunktur məsələlərin şəbəkəsində ilişib qalır.

İlyas Əfəndiyev yaradıcılığında  tarixilik dünyaya baxış bucağı idi. O nə sərt reallıqdır, nə də sırf romantik, o realist həyatın romantik tərənnümçüsüdür. Onun qəhrəmanları öz dövrlərinin  tarixi ab-havası ilə nəfəs alan romantiklərdir.

Bununla belə müasirliyin irəli sürdüyü  suallara  İlyas Əfəndiyev əvvəlcə tarixdə cavab axtarır. Onun “Çovğunlu bir qış günündə” (1988) və “Orfey  quyudan çıxandan sonra nə gördü?” (1991) kimi sənədli publisistik yazıları yazıçının tarixə münasibətini izah etməyə maraqlı material verir. XX əsrin tarixi ədalətsizliyini öz taleyi prizmasından  təhlil edərək ədib yazır: “1934-cü ildə Bakıya gəlib Pedaqoji İnstitutun ədəbiyyat şöbəsinə girdim. Bizim ailəmiz çox çətin vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qalmışdı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtilə tikdirdiyi böyük evimizi əlimizdən almışdılar. Bizim doqquz baş adamdan ibarət ailəmizə öz evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar...

 

Kilim parçasını qaldırıb çadıra girəndə gördüm ki, atam arxa tərəfdə yataqda uzanıb, anam qazana  soğan doğrayır, uşaqlar da közlə dolu manqalın ətrafında halay vurub oturublar. Məni görəndə hamı sevinclə ayağa qalxdı və mənim onların bu sevincində hiss elədiyim kədər heç bir zaman  ürəyimdən silinib getmədi”.

Bu sətirlərdə təkcə bir insanın, bir ailənin, bir nəslin yox, taleyi XX əsrin  20-30-cu illərində yaşamaq nəsib olmuş bir xalqla, ulu bir millətin, xüsusilə də onun zadəgan zümrəsinin tarixi faciələri əksini tapıb. Təbii ki, yazıçı-sənətkar tarixçidən fərqli olaraq təkcə tarixi faktını yox, ruhunu qələmə alır. İlyas Əfəndiyevin cümlələrində kommunist rejiminə amansız bir qəzəb öz əksini tapır. Elçinin verdiyi səhih məlumata görə İ.Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII yüzilliyin sonunda Ərzurumun Qars mahalından Füzuliyə köçmüşdü. İslamşünas alim kimi məşhur olan və Qarabağda “Əfəndi uşağı” kimi nüfuz qazanan bu nəsil əslində dövrün tarixini  yaradırdı. İlyas Əfəndiyevin atası Məhəmməd Xoca Əfəndinin böyük nəticəsi Axund Molla Ağa Məhəmmədin böyük oğlu idi. O, Xoca Əhməd Əfəndinin dini ənənələrini pozub məşhur tacir olmuşdu.

İlyas Əfəndiyevin anası Bilqeyis xanım Qarabağda məşhur Bayram bəyin qızı idi.  İlyas Əfəndiyev yaradıcılığında tarixilik probleminə aydınlıq gətirən daha bir yaddaş vərəqini  çevirək: “Orfey quyudan çıxandan sonra nə gördü?” xatirə essesində böyük ədib yazır: “On birinci ordu Azərbaycanı istila edəndə atamın mağazaları, bütün var-yoxu əlindən çıxmışdı. Biz qorxub Qaryagin şəhərindən kəndə qaçmışdıq. Evlərimiz xalça-gəbə və mebellə dolu qalmışdı. On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Aralıq düzələndə, biz şəhərə – öz evimizə qayıdanda  gördük ki, var-yoxumuzdan heç nə qalmayıb. Əsgərlər atamın Peterburqdan gətirdiyi mebelləri sındırıb, taxtalarını ocaqda yandırmış, məxmərlərini də atlara çul etmişdilər”. İlyas Əfəndiyev nə bu ordu ilə, nə onun gətirdiyi sovet-kommunist rejimi ilə ömrünün sonuna qədər  barışmadı. Və heç bir əsərində totalitar sovet rejimini  tərənnüm etmədi. Əksinə, 1972-ci ildə tamaşaya qoyulmuş  Mahnı dağlarda qaldı” dramında Böyük bəyin simasında öz ana babası Bayram bəyin  obrazını yaratdı. Görkəmli ədəbiyyatşünas İlyas Əfəndiyev haqqında ən yaxşı məqalələrin müəllifi  AMEA-nın müxbir üzvü Yaşar Qarayev yazır:  “Qarabağın tarixi barədə  klassik sənədlər – yeddi  “Qarabağnamə” var. Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci “Qarabağnamə” hesab edirəm! Qarabağın taleyi və gələcəyi barədə  düşüncə, nigarançılıq və həsrət bu  “Qarabağnamə”dən həmişə eşidilib.

“Mahnı dağlarda qaldı!”bu mahnının dalınca,  zirvədə bitən boy çiçəyinin  və Xarı bülbülün dalınca səksən yaşlı ədib neçə ildir yol gedir. Zirvədən aşağı  boylananda göz qaralır. Ona görə də, ədib “Geriyə baxma, qoca” deyir, lakin əslində, yenə   geriyə – kökə, mənşəyə, əcdada baxa-baxa irəli hərəkət edir”. Maraqlı, həm də məntiqli bir sual ortaya çıxır: İ.Əfəndiyev niyə tarixə müraciət etdi?!

Obrazlı desək, müasir həyatın parlaq səhnələrini yaradan yazıçı  üçün geriyə baxmaq  vacib idimi? Bu suallara cavab vermək üçün “Geriyə baxma, qoca” romanından kiçik bir parçaya nəzər salaq: “Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə, elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: “Geriyə baxma, qoca”. Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, lakin yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq  istəyirəm. Bəlkə də mənim bu “nə isə”m o zaman babamla nənəmin, atamla anamın bir zamanlar yaşadıqları, xoşbəxt olduqları gözəl hissləri əzaba, kədərə, nifrətə  döndərən qəddar səbəbi bilmək arzum idi ki, indi də məndən əl çəkmirdi”. Beləliklə, tarix əslində  yaşanılmış günlər, aylar, illər, zaman tarixi deyil, real insan tarixidir. Yazıçı bu insanın tarixini əldə dəstəvuz edib tarixin bədii tarixini yaradır. “Geriyə baxma, qoca” romanında da belədir. İnsan geriyə baxıb tarixi öz gözlərinin foksuna toplayır, sonra isə əbədi saxlanca – yaddaşa ötürür: Tarix yaddaşın anasıdır, tarixə güvənməyən yaddaşın perspektivi – gələcəyi yoxdur. Müdrik Yaşar Qarayev “Geriyə baxma, qoca”nın qəhrəmanı Muradı təhlil edərək maraqlı nəticələrə gəlir: “Balaca Murad ədibin özü deyil, İlyas Əfəndiyevin özündən çox, İlyas Əfəndiyevin İlyas Əfəndiyev haqqında  təsəvvüründən ibarətdir. Bir obraz kimi o, həyatdan çox yaddaşdan süzülüb gəlib və ədibin uşaqlığı ilə  ağsaqqallığı arasındakı vəhdətdən doğulub. Daha doğrusu o, uşağın yox, uşaqlığına boylanan  ağsaqqalın düşüncəsidir...

Obrazın özü kimi, əsərin adı “Geriyə baxma, qoca” sözləri də şərti  səciyyə daşıyır. Axı İlyas Əfəndiyev həmişə irəlini görmək üçün geriyə baxmağın tərəfdarı olub, gələcəklə keçmiş arasında bir körpünün üzərində dayanaraq, həyata və insanlara buradan boylanıb, baxıb. Geriyə, kökə, əcdada boylanmayanda isə nə şəxsiyyət, nə də xalq  irəlini görə bilməz...”.  Beləliklə də əslində böyük nəzəriyyəçi Yaşar Qarayev İlyas Əfəndiyev yaradıcılığında tarix və müasirlik əlaqəsini ön plana çəkmiş olur.

Həqiqətən də İlyas Əfəndiyev sənətinin gücü, onun bədii-fəlsəfi mahiyyəti, əbədi yaşarlığı, yenilməzliyi, estetik təsir imkanları məhz tarixlə müasirliyin vəhdətindədir. O tarixə tarixən yanaşa bildiyi kimi müasirliyin strategiyasını da düzgün təyin edirdi.

İlyas Əfəndiyev yüzlərlə məqalənin müəllifidir. Lakin onun Azərbaycan yazıçılarının ikinci qurultayında 40 yaşında etdiyi  (1954) etdiyi  “Müasir dramaturgiyamız” adlı məruzəsindəki bir neçə detal maraq doğurur. S.Vurğunun “Vaqif” əsərini Cəfər Cabbarlıdan  sonra ikinci mühüm hadisə hesab edən dramaturq yazır: “Vaqif” pyesi xalqın arzusundan doğaraq, onun keçmişini coşqun bir ilhamla canlandırdı.

“Vaqif” pyesi Azərbaycan xalqının yadelli işğalçılara  yerli zülmkarlara qarşı apardığı mübarizəni, bu mübarizənin  yüksək qəhrəmanlıq pafosunu ifadə etdi. ...Bizcə “Vaqif” dramının bu şöhrətinə, ən birinci, ən başlıca səbəb onun  müasirliyində və xalq ruhunun bu əsərdə son dərəcə  dərin və real  bir təbiiliklə verilməsindədir. Burada kədər də, sevinc də, gülüş də, göz yaşı da xalqda olduğu kimi canlı və təbiidir.

“Vaqif” pyesinin müvəffəqiyyətinə ikinci səbəb ondakı realizmlə romantikanın vəhdətindəki ahəngdarlıqda, dövrünün tarixi-ictimai hadisələrin  dərin konflikt əsasında doğru və canlı təsvirində müəllifin yaratdığı xarakterlərdəndir”. Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin əsərlərindən sonra ən kamil mənzum tarixi dram olan “Vaqif” əsərinə verilən bu dəyər ümumən  İ.Əfəndiyevin tarixi mövzuya və tarixiliyə münasibətini  əks etdirir. Onun qənaətlərindən aydın bir tərzdə məlum olur ki, tarixi dramda tarixilik doğru tanınmış konfliktin xarakterlərin toqquşmasında  verilməsi sayəsində təzahür edir.

İlyas Əfəndiyev tarixiliyi müasirlik baxımından  dəyərli, faydalı hesab edirdi. Ədibin tarixi mövzuya müraciətini onun müasirlik konsepsiyası əsasında  izah etmək olar. “Böyük İlhamla” (1964) məqaləsində ədib yazır: “Bu gün də incəsənətimizin və ədəbiyyatımızın tərəqqisi hər şeydən əvvəl, müasir mövzuların nə dərəcədə müvəffəqiyyətlə  həll olunmasından asılıdır. Daha doğrusu, ətrafımızda baş verən böyük tarixi hadisələri nə qədər doğru, nə qədər sənətkaranə təsvir etməkdən, nə kimi dərin fikirlər irəli sürməkdən, nə kimi yeni psixoloji kəşflər etməkdən asılıdır. Şekspirin tarixi faciələrinin  qüdrəti, hər şeydən əvvəl onun müasirlik ruhunda idi”.

Beləliklə, həqiqi müasirlik əslində yaşadığın dövrün tarixi şəraitini düzgün təsvir etməkdir. Bu günün müasir reallığı obyektiv surətdə təsvir edilməsə sabah bundan tarixilik zərər çəkəcək. İ.Əfəndiyev totalitar sovet ideologiyasının dövründə həm tarixi, həm də müasirliyi – gələcəyi tarixini obyektiv həqiqətə imkan verən tarixilik prinsipi ilə təsvir etmişdir. İlyas Əfəndiyev XX əsrdə tarixə dərin hörmət bəsləyən, mövcud rejimlə hesablaşmayan müasir milli yazıçı idi.

Yazıçıların tarixi mövzulara müraciət etmələri təbii bir haldır. Lakin yazıçı tarix yaratmır, tarixi yaradan xalqdır. Yazıçı isə bu tarixi xalqın qəlbinə, mənəviyyatına köçürür və onu əbədiləşdirir. Bu mənada hər bir bədii əsər tarixi epoxanı, hadisə və  faktları təfərrüatı ilə öyrənməkdə qiymətli sənəd rolunu oynayır. Düzdür, bədii əsərlərdə tarixi faktlar xronoloji ardıcıllıq və elmilik baxımından heç də həmişə dəqiq və ardıcıl olmur. Çünki yazıcı tarixin özünü – faktını, sənədini, rəqəmini yox, ruhunu təsvir edir. Tarixi mövzuda yazılmış bədii əsərdə tarixin poetik obrazı – bədii surəti yaradılır. Tarixin ruhunu yaşatması ədəbiyyatın insanlığı, mənsub olduğu xalqa və millətə ən böyük xidmətidir. Vaxtilə F.Engels deyirdi ki, O.Balzakın əsərləri tarixə rəsmi tarixçilikdən daha böyük xidmətlər edib. İlyas Əfəndiyevin əsərləri də belədir: Əgər “Geriyə baxma, qoca” romanı, “Üçatılan” povesti avtobioqrafik səciyyə daşıyıb, ədibin taleyi prizmasından tarixə nəzər salırsa, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani” pyeslərində tarixi epoxaya bədii-fəlsəfi qiymət verilir. Tarixi öyrənib dərk etməkdə belə əsərlərin əhəmiyyəti böyük olduğundandır ki, yazıçılar tarixi mövzulara tez-tez müraciət etməli olurlar. Ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərləri ilə başlanan bu proses, sonrakı əsrlərdə də uğurla  davam etdirilmişdir.

Nizami və tarix xüsusi bir mövzudur. Biz bu fikirdəyik ki, Şeyx Nizaminin əsərlərinin dünya şöhrəti onların bədii-fəlsəfi, poetik dəyəri ilə bərabər, həm də tarixi mövzularda yazılması ilə bağlı idi. Məsələn, onsuz da bəşər tarixində məşhur olan fateh İsgəndərə özünün ən möhtəşəm dilogiyasının “Xəmsə”ni tamamlayan “İsgəndərnamə”ni həsr etməklə Şeyx Nizami həm İsgəndəri məzmunca tamamladı, həm də özünün şöhrətini ucaltdı. Tədqiqat göstərir ki, tarixə güvənməyən bədii ədəbiyyat, tarixiliyə əsaslanmayan elm (ictimai və humanitar) nüfuz qazana bilməz.

İstər dünya ədəbiyyatında, istərsə də Azərbaycan söz sənətində ən görkəmli əsərlərin mövzusu tarixdən götürülmüşdür. Rus ədəbiyyatında  “Hərb və sülh”, “Sakit Don”, “I Pyotr” və başqalarını göstərmək kifayətdir. Çağdaş Azərbaycan yazıçılarının “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Qan içində”, “Cavanşir”, “Od gəlini”, “Səhər”, “Vaqif”, “Dəli Kür”, “Pərvanə”, “Aləmdə  səsim var mənim”, “Boz atın belində” və onlarla başqa əsərlərdə xalqımızın həyat və mübarizəsinin müxtəlif tarixi epoxa və şəxsiyyətləri.

Maraqlı cəhət budur ki, İlyas Əfəndiyev yaradıcılığının son illərində tarixi mövzulara daha  tez-tez müraciət etmişdir. Ədibin “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgilərin cəhənnəmdə vüsalı”,  “Tənha iydə ağacı”, “Hökmdar və qızı” pyeslərində; eyni zamanda “Geriyə baxma, qoca”, “Üçatılan”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə  tarzən Sadıqcanın nağılı”, “Hacı Axundun cənnət bağı necə oldu?” kimi roman, povest və hekayələrində Azərbaycan xalqının mübarizələrlə dolu tarixinin parlaq səhifələri işıqlandırılmışdır. Həmin əsərlərdə təsvir edilən tarixi faktlar və hadisələr yazıçıya yaxşı tanış idi. Bunların çoxusunu ədib görmüş, duyub yaşamış, həyatda onlarla  rastlaşmışdır. İlyas Əfəndiyev bunları qələmə alarkən, ədəbiyyatın qüdrətinə arxalanaraq realist sənətkar kimi tarixi hadisələrə müasirlik  prizmasından nəzər salmış, müasir həyatla səsləşən  bədii əsərlər yarada  bilmişdir. Bu cəhətdən yazıçının “Geriyə baxma, qoca” romanı xüsusi maraq doğurur.

Hadisələr əsərin qəhrəmanının dili ilə nəql edilir, “Möhnət qocanın nağılları”, “Cavan Bayrmala Fatmanın əhvalatı”, “Muradın söylədikləri”, “Əfəndi baba və beşaçılan tüfəng”, “Qaçaq Xanmurad” və s. başlıqlar altında oxuculara təqdim olunur. Yazıçı öz yaradıcılıq ənənəsinə, yazı manerasına sadiq qalaraq lirik-psixoloji, mənəvi-əxlaqi məqamların təsvirinə xeyli yer ayırır.

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ professor

525-ci qəzet.-2014.- 17 may. - S.18.