İnsan həşərat deyil...
Yazıçı
Elçin Hüseynbəylinin “Qəfil getdi” hekayəsi
haqqında təəssürat
Azərbaycan
dilində kişi sözünün
müsbət yöndə xüsusi anlamı var. Bu uca söz
yalnız cins mənasında işlənmir. Erkək
– nəsilartırandır. Bu hal (erkəklik)
kişinin iki vəzifəsindən biridir. Həm
də təbiətin buyurduğu təbii və adi vəzifədir.
Qeyri-adi olan ikinci vəzifə kişilik
sayılır. Evindən tutmuş elinin mənəvi və
coğrafi sərhədlərinin qeyrətini çəkənlər,
təhlükəsizliyini təmin edənlər cəmiyyət
tərəfindən “Kişi” adlı ali
xalq titulu ilə təltiflənirlər. Vay o günə ki,
yalnız erkək arı taleyi yaşayasan!..
Görkəmli
yazıçımız Elçin Hüseynbəyli “Qəfil
getdi” hekayəsinin (“Ədəbiyyat qəzeti”, 18 aprel
2014-cü il) ruhuna hopan bu fikirləri
öz oxucuları ilə bölüşür.
Mən ikinci dəfədir ki, Elçinin
yaradıcılığı barədə fikir bildirirəm. İlk dəfə
“Qarabağ həsrəti, Şahnisə nənə və
qurbanlıq Qaraca” hekayəsindən söz
açmışdım. İndi də
ruhumu silkələyən “Qəfil getdi” ilə üzləşdim.
Hər iki əsər yaralı vətən –
Qarabağ mövzuludur. Hər iki hekayədə
ermənilər tərəfindən baş vermiş ədalətsiz
müharibənin ədalətli sonu arzulanır. İşğal olunmuş torpaqlarımız ya
sülh, ya da müharibə yolu ilə azad olunmalıdır.
Cəmiyyət bunu gözləyir. Hələlik bu gözlənti arzu olaraq qalır.
Bəs məsələnin həlli uzananda?..
Bu sualın cavabını Elçin Hüseynbəyli
verir.
Mövzu
ilə əlaqədar bir az gəzişməyə
ehtiyac duyuram. Təbiətin içindən
doğan ağrı zəlzələlərdir. Bu ağrını yer qatı müxtəlif səviyyələrdə
yaşayır. Episentr haradadırsa,
ağrının da əsas yükü oradadır. Kim nə
deyir-desin, vətən ağrıları və onun
daşıyıcıları da belədir. Vətənə
vurulmuş yara hamımızındır. Ancaq
bu yaranın doğurduğu ağrının içi ilə
çölü eyni deyil. Bu günün vətən
ağrısını qarabağlılar, həmçinin
onların ziyalıları daha dərindən duyur. O
cümlədən də, yazıçı Elçin
Hüseynbəyli. Hamımız Qarabağ
savaşından yazırıq. Elçinin
Qarabağ mövzulu yazıları şəxsən mənim
yazılarımdan daha inandırıcı, daha
ağrılıdır. Ona görə ki,
Elçinin qələmi Qarabağ ağrısının
episentrində – mərkəzindədir.
Gəzişmə hələ bitməyib. İnsan cəmiyyətində
baş verən böyük olaylar, xüsusilə, dəhşətli
müharibələr hansı məqamda bədii ədəbiyyatın
malı olmalıdır? Zamanında,
yoxsa hadisə bitəndən, tarixə çevriləndən
sonra? Fikir birmənalı deyil. Kimi vaxtında tərpənmənin, kimi də
gözləmənin tərəfindədir. Mübahisə də davam edir, yaradıcılıq
da. Ağrı köynəyini qələminin əynindən
çıxarda bilməyən Elçin dünən də
Qarabağdan yazırdı, bu gün də yazır, sabah da yazacaqdır.
Artıq termin kimi qəbul olunmuş bir məsələyə
də münasibət bildirmək istərdim. Biz
qaçqın, köçkün sarıdan da “bol məhsul”a
malikik. Bu zümrənin sayı bir milyona
çatıb. Xaricilər pul sarıdan
milyonçu olanda, biz də didərginlərimizə görə
milyonçuyuq.
Bu milyonluq qaçqın, köçkün seli,
axını nə vaxt öz doğma yurdlarına,
ocaqlarına qayıdacaqdır? Deyilənlərə
inanmamağa haqqımız yoxdur. Hər gün oxuyuruq, hər
gün eşidirik: iqtisadiyyatımız yüksək templə
inkişaf edir, ordumuz bölgənin ən güclü
silahlı qüvvələridir. Düşməni
yerində oturtmaq, torpaqlarımızı işğaldan azad
etmək üçün elə bir maneə
görmürük. Hamı Ali Baş
Komandanın əmrini gözləyir. Bu əmr
veriləndə biləcəyik ki, “lazım gələrsə”
sözü boşuna deyilmirmiş. Görünür,
bizim bilmədiyimiz nəsnə də var. Məhz bu nəsnə
məsələnin həllini uzadır. Bəs
milyonluq qaçqın, köçkün ordusu bu nəsnəni
necə həzm edir? Oxucu bu sualın
cavabını “Qəfil getdi” hekayəsindən alır.
Ədəbiyyat müəyyən qədər şərtiliklə
bağlıdır. Surətlərin xüsusi adlar
daşıyıb-daşımaması da bu sıradandır.
E.Hüseynbəylinin “Qarabağ həsrəti,
Şahnisə nənə və qurbanlıq Qaraca” hekayəsində
göründüyü kimi, surətlər mənsub olduğu
adlarla çağırılır. “Qəfil
getdi”də isə belə deyil. Bu fərq
elə bir çatışmazlıq yaratmır. Sadəcə, yazıçı ədəbi
priyomlardan hərdən birinə üstünlük verir.
“Qəfil getdi”də əsrlərlə davam edən dərdimiz
Elçin qələmində bir daha qabardılır. Halal, doğma
torpaqlarımızın “biçilməsi”, işğal olunması
indi də davam etməkdədir. Getdikcə
sahəsi azalan vətən içinə
yığılmaqdadır. Öz evimizdə
– öz vətənimizdə ayağımızı rahat
uzatmağa imkanımız qalmayıb. Düşmən
isə tədricən “dənizdən-dənizə
böyük Ermənistan” xülyasını
reallaşdırmaqdadır. Bəs necə
etməli? Elə Elçin də
Qarabağ mövzulu yeni hekayəsində bu problemli məsələni
araşdırmaqdadır.
Elçinin yurdu yağmalanmış, isti ocağına
soyuq su əndərilmiş qəhrəmanı sənəd
adlı kimliyində yazılmış rəsmi adından
başqa, indiki halını ehtiva edən iki addan birinin
sahibidir – ya qaçqın, ya da köçkün. Artıq əsrin
dörddə biri keçir. Hələ ki,
sülh niyyətli rəsmilərin saysız-hesabsız
görüşlərindən bir nəticə yoxdur. Bu illər ərzində didərgin kimi yaşamaq əsər
qəhrəmanının qürurunu qüruba çəkir.
Yarışda oyunçu, hərbidə
döyüşçü, cəmiyyətdə fərd
çıxmazla üzləşəndə seytnot, depressiya
yaranır. Hər halda, çaşqınlıqdan,
ümidsizlikdən də bir çıxış yolu var – ya məqbul,
ya da qeyri-məqbul.
İri, canlı fildən və ya kiçik arıdan da
nəsə öyrənmək olar. Bəlkə, son
günün seçimini? Xüsusilə,
arı məişətindən, həyat tərzindən insan
çox şey öyrənə bilər, ancaq hər şey
nümunə kimi qəbul edilə bilməz. Məlumatlı, müşahidəli
yazıçı hekayəsinin qayəsi üçün
arıların yaşam qaydalarından bir açar kimi istifadə
etmişdir. Aşağıdakı sətirlər oxucuya
bələdçilik edir:
“Arılar barədə məqalə diqqətini çəkdi. Ona görə
ki, bəzi cümlələrin altından xətt çəkmişdi.
Öz əliylə. Dərhal
tanıdı. Pis xətti vardı. Sən demə, dişi arı erkəkdən
beçə tutduqdan sonra missiyasını başa vurur. Ana arılar və cavanlar onu yuvadan atırlar
bayıra. Ağıllı erkək
arılar isə başqa arı ailəsinə qoşulurlar.
Hə, bu da ona oxşayırdı. Amma onun başqa ailəyə qoşulmağa
imkanları yoxuydu. Beçə tutuzduran
vaxtı çoxdan ötmüşdü. Deməli, ən
yaxşısı sakitcə itmək idi...”.
Arının oxşarı olan qaçqın və ya
köçkün də iki vəzifənin
daşıyıcısıydı – erkəkliyin və
kişiliyin. Erkəkliyinin vədəsi keçsə də,
kişilik üçün zaman sərhəddi yoxdur. Kişi sözlə də, qılıncla da
kişiliyini sübuta yetirə bilər. Təki
şərait olsun. Şərait isə
onunla həmrəylik etmir. Bax belə olanda
kişilik çıxmaza dirənir.
Fərq olmasaydı, sənədlərdə, şəxsin
tərcümeyi-halında əks olunması vacib
sayılmazdı. İnsanın böyük vətənindən başqa,
doğulduğu, daha çox bağlandığı
kiçik yurdu da var. Atalar deyib: “Daş düşdüyü
yerdə ağır olur”. Gəncəli Kərəmin
dastanında da bu mövzu üçün xatırlanmalı
bir misra var: “Öz yerində sultan idin, xan idin”. Elçinin
qəhrəmanı da bu hisslərlə nəfəs alır.
Yazıçı adlaşmadan, kodlaşmadan yan durmaqla zəbt
olunmuş rayonlarımızın, ərazilərimizin oxşar
ağrılarının təmsilçisi sayılacaq
ümumiləşmiş bir qaçqın surəti yaratmaqla
oxucuya çatdıracağı mənanı daha da tutumlu
edir.
Vətəndən vətənə sığınan
adamın yeni şəraitində sosial cəhətdən, bəlkə
də, hər şeyi çatır. Ancaq onu vətəndaşlandıran
ilk yurdun sevgisini heç nə əvəzləmək
iqtidarında deyil. Doğulduğu,
boya-başa çatdığı, havasını udub suyunu içdiyi,
istiqanlı insanları ilə isti təmas qurduğu, vətəni,
torpağı sevməyin əlifbasını öyrəndiyi
evi bir mərtəbəli idi. Paytaxtda isə
on altı mərtəbəli binada məskunlaşıb.
Uyğunlaşa bilmədiyi bu yaşayış
tərzində böyük fərq vardı. O, kəndə
yerdən göyə baxırdı, şəhərdə
göydən yerə tamaşa edir. Elçinin qəhrəmanı
geri dönüb bu fərqi əvvəlki vəziyyətinə
qaytarmaq istəyir. Bu qoca
qaçqının arzunu gerçəyə çevirməyə
gücü çatacaqdımı? Onu həm
içindən yeyən, həm də ümidə
çevrilib yaşadan bu sualdır. Neçə
illərdir ki, o qayıdış yolunu arayır. Tapa bilmir. Axtarılan
tapılmayanda insan çaşır, özünü itirir.
O,
qayıtmaq ümidilə qaçqınlığı qəbul
etmişdi. Qoyub gəldiyi evi arxasınca
addımlaya bilməzdi. Kölgəsində
dincəldiyi ağaclar, qoxusunu burnuna aldığı güllər,
çiçəklər, yanğısını
söndürən, əl-üzünü yuyan bulaqlar, sinəsində
iz saldığı torpaqlar, yad qaraltısına miyoldayan
pişiklər, hürən itlər bu qaçışa
qoşula bilməzdilər. Onlar yerlərində
qalıb müvəqqəti tərki-vətən olan sahiblərini
həsrətlə gözləyirdilər. İnanırdılar
ki, sahib nə vaxtsa qayıdacaqdır. Haradasa oxunan kədərli
bir nəğmə onların fikrini dəqiq ifadə edirdi:
Gözləməkdən
göz yoruldu –
qayıtmadın.
Səsləməkdən
söz yoruldu –
qayıtmadın.
Qayıda bilmirsə, deməli, başqa
çıxış yolu axtarmağa məcburdur. O, şərəf
sayılmayacaq bu çıxış yolunun adını
beynindən qəlbinə bəyan etmişdi: İntihar!..
O, bir erkək
kimi birtəhər başını girləyə bilərdi.
Ancaq işğal altında olan torpağının təəssübünü
çəkən bir kişi kimi heç
kimin üzünə baxa bilmirdi. Tək
canına bir orduluq azadlıq müharibəsi aparmağa,
düşməndən qisas almağa gücü, əlverişli
məqama qədər dözməyə səbri
çatmırdı. Hesab edirdi ki, bu səbrin sahibini
heç kim bağışlamayacaq. Deməli, intihar – bu cür yaşamaqdansa,
özünə qəsd etmək labüddür. Qələm işində, kağız üzərində
Tanrı səlahiyyətli olan Elçin də
yaratdığı surətin qərarına
qarışmır.
İntihara söz yoxdur. İntəhası, bir iş var.
Ölümü necə icra etməli? Çeşidli
variantlar gözü önünə gəlir. Özünü Qız qalasından ata bilər.
Maşın qəzasına da düşmək
mümkündür. Ağacdan asılmaq
necə? Bu qərarı metroda,
qatarların vasitəsilə daha asan icra etmək olar. Dənizdə boğulmaq da ölümün bir
növüdür.
Bir məsələ didərgini çox
düşündürür. Deyəsən, vaxtilə
azad kəndində müəllim peşəsində işləmişdir.
Ölümünün elmi-pedaqoji tərəflərini
incələyir. Yazıçı qəhrəmanının
üzləşdiyi, yaşadığı halın psixoloji
çalarlarını ustalıqla açır: “Amma
özünü atsa, qohum-qonşu nə deyər? Deməzlərmi
ki, yəqin ailədə bir narazılıq olub ki, bu qoca kişi intihar edib. Hələ polislər... Doğmalarını o tərəf-bu tərəfə
o qədər çəkəcəklər ki, onun
ölümü də yaddan çıxacaqdı, hələ
bəlkə, söyüş, nifrət yiyəsi də
olacaqdı. Yox, bu, çox axmaq
ideyadı”.
Özündən sonra özgələrin halına yanmaq
alicənablıqdır.
İcra ləngiyirdi. Üstəlik, beynindəki
isti fikirlər də soyumuşdu. Ayaqları
qeyri-iradi olaraq onu evə – ailəsinin yanına çəkirdi.
Yəqin onun gecikməsindən narahat idilər.
Artıq gecə ömrünü
yarılamışdı. Onun qoynuna
sığınan didərgin isə hələ ki
yaşayırdı. Allah kəssin belə
yaşamağı!..
“Ehmalca, çəkinə-çəkinə
qapını döydü. Evə gec
qayıtmış uşaqlara bənzəyirdi. Utancaq və
günahkar cocuqlar kimi paltosunun qollarını
dartışdırdı...
Kimsə asta addımlarla qapıya gəldi. Yerişindən
qarısına oxşayırdı.
Arvadı gözlükdən çölə baxdı. O biriləri də gəldilər
və növbəylə gözlükdən baxdılar:
– Kimdir? –
deyə arvadı handan-hana, az qala
pıçıltıyla soruşdu.
Sualdan diksindi. Canından üşütmə
keçdi. Səsini içinə çəkib
dayandı. Sonra geriyə döndü və
ehmal addımlarla liftə tərəf getdi.
Erkək
arılar haqqında səhərki yazını
xatırladı və acı-acı gülümsündü...”.
“Kimdir?”. Ona verilən sualı özü də qəlbinin
dərinliyində təkrarladı: Doğrudan da indi o, kimdir? Həşərat
xislətli erkək, yoxsa qeyrət yüklü insan – kişi? Kişiliyini dərindən
dərk etdiyindən əvvəlki fikrinə dönməyə
şübhə yeri qalmır.
Əgər
o, intihar edəcəkdisə... Əgər o, intihar edəcəkdisə,
azadlıq haqqını, torpaq sərhəddini, təmsil etdiyi
vətənin bütövlüyünü tanıyan
dünyanın arxayın, hövsələli iri-iri dövlət
başçıları, palaz-palaz qətnamələr qəbul
edən ən yekə iclasxana – Birləşmiş Millətlər
Təşkilatı utanmalı, xəcalət çəkməli
və məsuliyyət daşımalıdır.
Qərib
Mehdi
525-ci qəzet.-2014.- 17 may. - S.19